• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

“Böyük İpək yolu” pilot turizm layihəsinin perspektivləri

11.03.17 12:30 1955
“Böyük İpək yolu” pilot turizm  layihəsinin perspektivləri
Bu ilin aprelində Türk Şurası çərçivəsindəTürkiyə,Azərbaycan, Qazaxıstan vəQırğızıstandan keçən "Böyük İpək yolu" pilot turizm layihəsi işə salınacaq. Bu barədəQazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev "facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bu layihə on iki gün davam edəcək. Həmçinin qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcəklər. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcəklər. "Böyük İpək yolu” marşrutunun ölkəmizdən keçən hissənin Azərbaycan üçün hansı perspektivləri olduğunu, bu xəttin turizm sektoruna nələr qazandıracağını və xəttin hansı regionlardan keçəcəyini aydınlaşdırmağa çalışdıq.
Gəncə, Şəki, Şamaxı, Bakı...
Mədəniyyət və turizm nazirliyinin turizm şöbəsinin marketinq sektorunun məsləhətçisi Azər Orucov bildirdi ki, bu təklif Türk Şurası tərəfindən irəli sürülüb və Azərbaycan da layihədə iştirak edir. "Bizim turizm şirkətləri layihədə olan digər ölkələrin şirkətləri ilə tərəfdaşlıq edirlər. İşçi qrupunun İstanbuldakı onuncu görüşündə bu layihə ilə bağlı müzakirələr aparılmışdır. Yəni hər bir ölkədə hansı abidələrə, obyektlərə baxılacaq, həmçinin nəqliyyat məsələləri üzərində danışıqlar gedib. Azərbaycan üzrə dörd günlük proqram təklif olunub. Turistlər Gəncədən başlayaraq Şəki, Şamaxı Bakı şəhərlərinə baş çəkəcəklər. Həmin bölgələrin tarixi və mədəni abidələri ilə tanış olacaqlar. Layihə həyata keçirilməzdən əvvəl info-tur təşkil olunacaq.
Turizm sahəsi müasirləşməyə doğru gedir
Millət vəkili Azər Badamovdeyir ki, turizm sahəsində keçirilən hər bir layihəni uğurlu hesab etmək olar. "Çünki bir çox ölkələrinin inkişafında turizm sektorunun rolu böyükdür. Azərbaycanda da bu sahəni inkişaf etdirməliyik. Həyata keçirilən layihələrin ölkəmizə turist cəlb olunması baxımından böyük əhəmiyyəti var. Bizim dövlətimizdə də turizm sahəsi müasirləşməyə doğru gedir. Həm də turizm imkanları da genişlənir. Düşünürəm ki, bu cür layihələr Azərbaycanın turizm potensialını qaldıracaq, və tranzit imkanlarını genişləndirək”.
Azərbaycan - Şərq və Qərb arasında körpü
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviriMüzəffər Ağakərimov "İpək yolu” layihəsinin çoxdan ön planda olduğunu bildirdi və vurğuladı ki, bu layihənin həyata keçirilməsində turizm nazirliyi yüksək səviyyədə işlər görür. "Böyük İpək yolu layihəsi ümumiyyətlə, Çindən başlayıb Türkiyə ərazisində bitir. İpək yolunun bir neçə marşrutu var. Həmin dörd türk ölkəsi də bu xəttə daxilidir. İpək yolu marşrutu ölkələr arasında turist mübadiləsinin genişlənməsində, türkdilli xalqların əlaqələrinin artmasında və yeni proqramların, pilot layihələrin təşkil olunmasında böyük rol oynayır. Azərbaycan da ipək yolu xəttində böyük əhəmiyyətə malikdir. Ölkənin iqlimi, yerləşdiyi coğrafi şərait buna əyani sübutdur. Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oynayır. Layihə nə qədər tez həyata keçirilsə, turist axını bir o qədər sürətlənər. İstərdik ki, turizmlə bağlı layihələr köhnəlməmiş həyata keçirilsin. Layihənin həyata keçirilməsində turizm üzrə mütəxəssislər və ekspertlər iştirak etməlidir.
M. Ağakərimov qeyd etdi ki, gələn turistlər istədikləri otellərdə yerləşdirilməlidir. "Çünki elə qonaqlar ola bilər ki, beşulduzlu oteldə qalmaq istəyər. Düşünürəm ki, turistlərə təkcə bir neçə şəhəri yox, mümkün olduqca Azərbaycanın bütün dilbər guşələrini göstərmək lazımdır. Gələnlər bilməlidirlər ki, təkcə paytaxtımız yox, bütün şəhərlərimiz inkişaf etmiş infrastruktura malikdir. Hər bir ölkə özünün ən gözəl ənənəsini, tarixini, mətbəxini, musiqisini təqdim etməyə çalışır. Bunun daha geniş , yüksək səviyyədə həyata keçirilməsinə çalışmaq lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər