• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

“Böyük ideyalar”dan “pendir söhbəti”nə mühacirət

14.03.19 18:04 687
“Böyük ideyalar”dan “pendir söhbəti”nə mühacirət
Sosial şəbəkənin "siyasi mühacir” seqmentində pul, qrant, mövqe davası yenidən qızışıb. Onlar arasındakı "qitələrarası mübarizə” artıq "pendir söhbəti”nə qədər cılızlaşıb. Əlbəttə ki, burada söhbət özünü "mühacir müxalifətin” aparıcı "simaları” hesab edən Orduxan Teymurxan, Səid Nuri və Məhəmməd Mirzəli və digərlərindən gedir. Sosial şəbəkə "qəhrəmanları” olan bu "iaşə müxalifəti”nin xaricdəki mərkəzlər tərəfindən ayrılan qrantlar üzərində gedən davasına bir neçə dəfə şahidlik etmişik. Ermənipərəst dairələrin əlində siyasi alətə çevrilən anti-Azərbaycan şəbəkəsinin üzvləri olan bu insanlar bir-birlərini rüsvay etməkdən də çəkinmirlər. Artıq neçə vaxtdır icazəsiz mitinqlə bağlı sosial şəbəkədə mübahisə edən qrant ovçuları arasındakı münasibətlər qarşılıqlı təhqirlərin səsləndirilməsinə qədər eybəcərləşib. Avropada səfil həyatı sürən Orduxanın mitinq keçirilməsinin əleyhinə çıxması və bunu dəstəkləyən həmkarlarını təhqir edərək, "hansı adla keçirirsiniz, bu pendir mitinqidir” deməsi, artıq onların necə bir əxlaqa sahib olduğunu göstərir. Amma "ağzı söyüşlü” olan digərlərinin, yəni Məhəmməd Mirzəlinin və Səid Nurinin Orduxana cavabı gecikməyəcəkdi. Əlbəttə ki, Orduxanın bu "cütlüyü” təhqir etməsi qarşı tərəfin də öz "tərbiyələr”ini nümayiş etdirmələri üçün imkan yaratdı və necə deyərlər, gözlərini yumub, üfunətli ağızlarını açdılar.
İnsanları itaətsizliyə və qeyri-qanuni mitinqlərə çağıran Səid Nurinin jarqonla "Orduxan böyük zibil-zaddır?!”, Məhəmməd Mirzəlinin isə "Avropada qrant üstündə oturubsunuz bizim fəaliyyətimizi həmişə gözdən salırsınız, çünki xain və paxılsınız”, "Avropada əllərinə kamera alıb, orada-burada bambılılıq edirlər” deməsi, bu simasızların əsl mahiyyətini bir daha ortaya qoyur. Təbii ki, onların hədəfi Orduxandır və hansı ki, əxlaqi dəyərləri aşağıdır. Lakin onunla eyni "siyasi düşüncəni” bölüşən və anti-Azərbaycan şəbəkəsindən maliyyələşən Səid Nuri və Məhəmməd Mirzəlinin də kimlikləri hər kəsə bəllidir.
Kimliklərini açıb ortaya qoyan və sadəcə "böyük ideyalar”dan başlayıb "pendir söhbəti”nə keçən bu insanların ardınca hansı cəmiyyət gedər? Azərbaycan ictimaiyyəti çox gözəl bilir ki, savadsız, psixologiyasında, əxlaqında problemləri olan Məhəmməd Mirzəli, Səid Nuri, Orduxan Teymurxan kimiləri bir qarın yemək üçün vətənin maraqlarını satmaq yolunu tutublar. Onları satın alan xaricdəki mərkəzlər də 5-10 manat müqabilində belələrindən bu gün "birdəfəlik əşya” kimi istifadə edirlər, sabah isə lazımsız əşya kimi tullayacaqlar.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov bildirdi ki, son vaxtlar sosial şəbəkələrdə anti-Azərbaycan qüvvələrə xidmət edən və özünü "mühacir müxalifət” adlandıran bir qrup şəxs tərəfindən stabilliyi pozmağa yönəlik fəaliyyətin şahidi oluruq: "Onlar martın 19-da icazəsiz aksiyalar keçirmək üçün sosial şəbəkələrdə çağırışlar edirlər. Təbii ki, bu şəxslərin xaricdəki müxtəlif mərkəzlər tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil. Onlar sosial şəbəkələrdən istifadə edərək Azərbaycan dövlətinə, xalqına qarşı durmadan fəaliyyət göstərir, eləcə də insanları təhqir edirlər. Amma maraqlı məqam ondan ibarətdir ki, bu mitinq məsələsində dünənə qədər bir şəbəkədə olan, maliyyələşən tərəflər indi "silahı” bir-birilərinə qarşı çeviriblər. Dünənə qədər başqalarını təhqir etməyə, aşağılamağa vərdiş edənlər bu gün eyni "taktikanı” özlərinə tətbiq edirlər. Buradan anlaşılır ki, onlar xaricdə müxtəlif qüvvələr tərəfindən maliyyələşir və tərəflərdən biri həmin mərkəzdən ya sifariş almayıb, ya da ki, qrantı gəlib çatmayıb. Elə buna görə də, küsüb, aksiyanın adına "pendir mitinqi” deyirlər. Yəni bu insanların davası, dəfələrlə şahidi olduğumuz kimi, pul davasıdır. Biri-birilərini təhqir etmələri isə onların əsl mahiyyətini açıb göstərir. Onlar məqsədi, məramı bəlli olmayan, xarici qüvvələr tərəfindən alət kimi istifadə olunan sərgərdan adamlardır. Onların heç biri Avropada işləmirlər. Amma orada yaşamaq üçün kifayət qədər pul olmalıdır. Elə ona görə də, asan qazanc üçün xaricdəki mərkəzlərin, xüsusi xidmət orqanların sifarişlərini yerinə yetirirlər”.
A.Xəlilov qeyd etdi ki, orduxanlar, səidlər, məhəmmədlər Avropada oturub öz şəxsi mənafelərini düşünən və anti-Azərbaycan şəbəkəsinin əlində fiqura çevrilən insanlardır: "Onları xaricdə dəstəkləyən bir sıra mərkəzlər isə erməni təəssübkeşliyindən çıxış edirlər. Elə ona görədir ki, Azərbaycanın bölgədə artan nüfuzu onları narahat edir. Bu səbəbdən də çalışırlar ki, Azərbaycanda siyasi sabitliyi pozsunlar. Buna ümid edənlər qalib ola bilməyəcəklər, çünki Azərbaycan xalqı heç vaxt belə anti-milli ünsürləri dəstəkləməyəcək”.
AZAD
banner

Oxşar Xəbərlər