Böyük hədəfləri reallaşdıracaq “kiçik sehrbaz” - Portret
Futbol üzrə Braziliya millisi qatıldığı bütün yarışların favoritidir.
Bu il Rusiyada keçiriləcək dünya çempionatı da bu cəhətdən istisna olmayacaq.
2014-cü ildə keçirilən dünya çempionatında Braziliya seçməsi yarımfinala kimi
irəliləsə də, bu mərhələdə sonradan dünya kubokunu qazanacaq Almaniyaya biabırçı
- 1:7 hesabı ilə uduzaraq, çempionluqdan əlini üzmüşdü. Əslində,
pentakampeonların çıxışının "biabırçılıq” kimi dəyərləndirilməsinə əsas səbəb,
gələcək çempiona doğma meydanda uduzması yox, bu cür biabırçı hesabla məğlub
olması idi. 1:7 hesabı Braziliya futbolu üçün "ləkə”yə çevrilib. Rusiyada
keçiriləcək mundialda Braziliya millisinin üzvləri bu "ləkə”ni təmizləməlidirlər.
Əslində, "sarı-yaşılllar”ın
heyətində bu missiyanı yerinə yetirmək üçün yetərincə ulduz var -
Neymar, Roberto Firmino, Qabriel Jezus, Vilian, Marselo və s. Ancaq
"sambaçılar”ın heyətində bir futbolçu da var ki, son bir həftə ərzində bütün
futbolu dünyası ondan danışır. Söhbət cəmi bir neçə gün öncə 160 milyon avro
(!) qarşılığında "Liverpul”dan "Barselona”ya transfer olunan Filippe
Koutinyodan gedir. 25 yaşlı futbolçu braziliyalı futbol azarkeşlərinin əsas
ümidlərindəndir. Son illərdə Braziliya millisinin də əsas üzvlərindən birinə
çevrilən Koutinyonu bir az da yaxından tanıyaq.
Kasıb uşaqlar üçün "mayak”
- "Marakana”
Filippe Koutinyo 12 iyun 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro
şəhərində, kasıb ailədə dünyaya gəlib. O, ailənin 3-cü və ən kiçik övladı idi.
Koutinyo ailəsi Rio-de-Janeyronun gecəqondular məhəlləsi kimi tanınan Roxa
bölgəsində yaşayırdı. Ancaq səfalətin hökm sürdüyü bu yerləri gözəlləşdirən bir
şey var idi - "Marakana” stadionu. Nəhəng arena Koutinyonun yaşadığı evin yaxınlığında
yerləşirdi. Stadion sanki burda böyüyən uşaqlar üçün ümid abidəsi, səfillikdən
xilas olmaları üçün yön göstərən "mayak” rolunu oynayırdı.
Utancaq istedad
Kasıblıqdan əziyyət çəkən bir çox braziliyalı uşaq kimi, Filippenin
də əsas arzusu gələcəkdə güclü futbolçu olaraq, bu səfillikdən xilas olmaq idi.
Ancaq onu tanıyanlardan kimsə çətin ki, Koutinyonun gələcəyin futbol ulduzu
olacağını düşünərdi. Filippe uşaq vaxtı çox utancaq idi. Görmək istəmədiyi bir
işə məcbur ediləndə isə bütün gün ağlayırdı. Çətin ki, bu dəymədüşər uşaqdan,
çətinliklərə sinə gərərək zirvələrə yüksələcək futbolçu çıxardı...
Balaca Koutinyo hər bir braziliyalı uşaq kimi futbolu sevirdi. Lakin
o, gecəqondu məhəlləsində futbol oynamaqdan daha çox, böyük qardaşları
Kristiano və Leonardonun oyununu izləməyi üstün tuturdu.
Ancaq vaxt gəldi və Filippe özü də asfalt üzərində top qovmaq
sevdasına düşdü. Əsas istəyi qardaşları kimi yaxşı futbol oynamaq idi. Lakin
hələ ki, gecəqondu məhəlləsinin asfalt meydançasında top qovan uşaqların
arasında ən yaxşı olduğunun fərqində deyildi. Onun istedadı 6 yaşında üzə
çıxdı. Artıq məhəllədəki digər uşaqlardan seçildiyi aşkar görünürdü. Atası Xose
Karlosun dostları, tanışları uşağın istedadı olduğunu, bu istedadın gecəqonduda
"xərclənməsi”nin doğru olmadığını deyirdilər.
Nəhayət, Filippenin atası tanışların məsləhətlərinə qulaq asdı və onu
futbola yazdırmaq qərarına gəldi. O, Koutinyonu evlərinə ən yaxın olan futbol
qrupuna yazdırdı. Balaca Filippe burda özünü o qədər də yad hesab etmirdi.
Çünki komanda yoldaşlarının bir çoxu elə məhəllə uşaqları idi. Onun istedadı,
bacarıqlı seleksiyaçıların diqqətini çox tez çəkdi. "Vasko da Qama” klubunun
məşqçiləri yerli turnirlərin birində Koutinyonu bəyəndi və onun bacarığına daha
yaxından bələd olmaq üçün çıxış etdiyi komandanın məşqçilərinə oyun keçirmək
təklif etdilər. Lakin bu məqamda yenə də Koutinyonun düzəlmək bilməyən şakəri
özünü göstərdi. O, çoxlu tamaşaçı qarşısında, tanımadığı insanların gözü önündə
futbol oynamağa utanırdı. Məşqçilərin də yardımı ilə bu fobiyanın öhdəsindən
gələn balaca Filippe, "Vasko da Qama”nın çalışdırıcılarının rəğbətini qazanır.
O, cəmi 7 yaşında klubun akademiyasına yazılır.
"Kiçik sehrbaz”
Koutinyo burda da məşqçilərin, tamaşaçıların sevimlisinə çevrilir.
Hətta "Vasko”da çıxış etdiyi zaman ləqəb də qazanır - "kiçik sehrbaz”. Zaman bu
"kiçik sehrbaz”ın "böyük işlər”in öhdəsindən gələ biləcəyini sübut etdi.
Braziliyada həmyaşıdlarından fərqlənmək çox çətindir. Çünki burda səninlə birgə
top qovan hamı istedadlıdır. Həmin oyunçuların arasında fərqlənmək üçün
qeyri-adi nə isə etməli, öz oyununu hər keçən gün bir az da inkişaf
etdirməlisən. Məhz bu gerçəkliyi dərk edən Filippe, hər gün öz üzərində çalışır
və yaxşı mənada yaşıdlarından fərqlənməyə çalışırdı. O, hətta öz oyun
keyfiyyətini yüksəltmək üçün bir ara futzalla da məşğul olub. Kiçik meydançada
oynamaq onu daha cəld, hərəkətli edib.
Ailənin xilaskarı
Onun bu çalışqanlığı öz bəhrəsini verir. İtaliya nəhəngi "İnter”in
seleksiyaçıları gənc istedadın izinə düşürlər. "Neradzurra” "Vasko da Qama”
rəhbərliyi ilə razılığa gəlir. Milan təmsilçisi 16 yaşlı istedadın keçidi üçün
"Vasko”ya 3,8 milyon avro ödəyir. Ancaq Koutinyonun daha çox təcrübə toplaması
üçün onun keçidini 18 yaşına kimi təxirə salır. 18 yaşı tamam olduqdan sonra
isə Koutinyo "İnter”ə yollanır. Artıq onun üçün yeni - Avropa macərası
başlamışdı. Filippenin "İnter”ə keçməsi həm də, Koutinyo ailəsinin səfil
həyatının sonu oldu. Ailənin ən kiçik üzvü onları kasıb həyatdan xilas edir.
Gənc futbolçunun "İnter”də əsas heyətə düşməsi heç də asan deyildi.
İtaliya nəhəngində bir çox təcrübəli futbolçu çıxış edirdi ki, Koutinyonun
onları ehtiyata göndərməsi o qədər də real görünmürdü. Bundan əlavə, daim
texnikalı, hücum futbolu görmüş Filippe üçün İtaliyadakı müdafiəyəmeyilli və
arxa xətt oyunçularının çox sərt oyun tərzinə uyğunlaşmaq heç də asan deyildi.
Lakin buna baxmayaraq, o, az da olsa şans qazanır, meydana çıxdığı
qarşılaşmalarda isə ən fəallardan olurdu.
Barselonaya ilk səfər,
Bakıda "siftə”
2011/12 mövsümündə Koutinyo "Espanyol”a icarəyə verilir. O, sonradan
müsahibəsi zamanı İspaniyaya yollandıqdan sonra özünü meydanda daha rahat hiss
etməyə başladığını deyir. Barselona təmsilçisindən qayıtdıqdan sonra isə
"İnter”də yarım mövsüm keçirir. Koutinyo bu müddətdə "neradzurra”nın heyətində
Avropa Liqasının qrup mərhələsində çıxış edir. Həmin vaxt "İnter”lə bir qrupda
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələdə çıxış edən "Neftçi” də var
idi. Yeri gəlmişkən, həmin mövsümdə avrokuboklarda ilk qoluna imza atan
Filippe, məhz təmsilçimizin qapı torunu titrətmişdi. O, Bakıda, Tofiq Bəhramov
adına Respublika stadionunda baş tutan matçın 10-cu dəqiqəsində hesabı açaraq,
komandasının 3:1-lik qələbəsinə töhfə vermişdi.
Braziliyalı futbolçu "İnter”də çox çalışır, meydanda bütün qüvvəsini
səfərbər edirdi, ancaq Milan təmsilçisinin rəhbərliyinin onun böyük istedad
olacağına inamı itmişdi. Elə məhz buna görə, Koutinyo 2013-cü ilin qışında,
cəmisi 13 milyon avro qarşılığında "Liverpul”a satılır.
"Enfild”də yüksəliş,
Barselonaya qayıdış
"Qırmızılar”a keçidi onu çox inkişaf etdirir. O, artıq əvvəlkindən
daha sürətli oyun nümayiş etdirməyə başlayır. Koutinyonun özünü tapmasında
möhtəşəm "Enfild”in də böyük rolu olur. Braziliyalı futbolçunu daim irəli
səsləyən azarkeşlər, onda özünəinamın formalaşmasında böyük rol oynayırlar.
Koutinyo "qırmızılar”da çıxış etdiyi vaxtda nəinki komandanın ən fəal
üzvlərindən birinə, hətta liderinə çevrilir. Yüksələn oyun səviyyəsi onun
qiymətinə də təsir edir. Tezliklə, Avropanın başqa nəhəng klubları da Koutinyoya
"elçi düşürlər”.
"Barselona” ötən ilin yayında bir neçə dəfə Koutinyonu transfer
etməyə cəhd etsə də, son anda keçid alınmamışdı. Hətta "Barsa”ya keçidinin
alınmamasından təəssüflənən Filippe bir müddət yaşıl meydanlarda görünməmişdi.
Ancaq nəhayət, bu mövsümün qış transfer pəncərəsində Koutinyo arzusuna çatır.
"Barselona” 25 yaşlı futbolçunun transferi üçün "Liverpul”a nə az, nə çox, düz
160 milyon (!) avro ödəyir.
Reallaşan xəyal
Ancaq onun transferi "qırmızılar”ın bəzi qatı fanatlarının ürəyincə olmur.
Onlar doğma komandasını pula dəyişən Koutinyoya etiraz olaraq, onun adı
yazılmış formaları yandırırlar. Bundan sonra Filippe sosial şəbəkədəki
hesabında azarkeşlərə müraciət ünvanlayır:
"Liverpul”a keçdikdə, mən və ailəm burda çox isti qarşılandı. Həm
meydanda, həm də kənarda klubun azarkeşlərinin dəstəyini tam hiss etdim.
"Liverpul”un böyüklüyünü və tarixini yaxşı bilirəm. Burda illər ərzində çox
şeylər öyrəndim. "Liverpul”dan ayrıldım, çünki "Barselona” mənim xəyalım idi.
Vaxtilə eyni hadisə "Liverpul”la bağlı da baş vermişdi. Mən bu komandada 5 il
çıxış etdim. Bir futbolçunun karyerası elə də uzun deyil, "Barselona”da oynamaq
şansını əldən verə bilməzdim”.
İdeal ailə başçısı
Koutinyonu ideal ailə başçısı saymaq olar. Çox gənc yaşlarından
ailəsinin yükünü öz çiyinləri üzərinə götürən Filippe, özü də çox erkən ailə
qurub. O, hələ "Vasko da Qama”da top qovduğu zamandan sevgili olduğu Aine
münasibətləri rəsmiləşdirib. Cütlüyün
maraqlı tanışlıq hekayəsi var. Belə ki, Aine ilə Filippe partidə tanış olublar.
Lakin Koutinyonun ənənəvi utancaqlığı ürəyini Aineyə açmasına mane olurdu. Belə
olan təqdirdə, bütün məsuliyyəti Aine üzərinə götürüb. Cütlüyün elə həmin vaxt
başlayan münasibəti 2012-ci ildə nikahla nəticələnib. Filippe cəmi 20 yaşında ailə
başçısı olub. Hazırda cütlüyün bir qızı var.
Ailəsinə bağlı olan Koutinyonu barlarda, gecə gəzintilərində görmək
mümkün deyil. O, hətta spirtli içki də qəbul etmir. Onun bədənindəki tatular diqqət
cəlb edir. Koutinyo bu döymələrin hər birində ailəsinə olan sevgini nümayiş
etdirib.
Onun sevimli oyunçusunun Ronaldinyo olduğunu desək, heç kim təəccüblənməz.
Ötən ilin ilin yayına kimi "Barselona”nın əsas simalarından olan Neymar isə
Filippenin uşaqlıq dostudur. Maraqlıdır ki, keçmiş dostların yolu Barselonada
kəsişmədi. Neymar "Barsa”dan ayrıldıqdan 6 ay sonra Koutinyo Kataloniya
paytaxtına yollandı.
İlk dəfə mundialda
Filippe Braziliya millisinin aşağı yaş qruplarından U-17 və U-20
komandalarında çıxış edib. Əsas millidə debütü isə 2010-cu ildə, İranla
yoldaşlıq görüşündə baş tutub. İlk qolunu isə bir qədər gec - bundan 5 il
sonra, 2015-ci ildə Meksika ilə yoldaşlıq görüşündə (1:0) vurub. Ümumilikdə isə
Braziliya millisində 31 oyun keçirmiş Koutinyo, 8 dəfə rəqib torunu titrədib.
Bu il o, karyerası ərzində ilk dəfə dünya çempionatının final
mərhələsində çıxış edə bilər.
Portret
Hazırda zədəli olan Koutinyo yanvarın sonlarında yaşıl meydanlara
qayıdacaq. "Barselona”lı futbol azarkeşləri onun "Nou Kamp”ın yaşıl örtüyün
üzərinə çıxacağı günü səbirsizliklə gözləyirlər. Braziliyalı fanatlar isə
gözlərini yaydakı mundiala dikiblər. O isə fanatların ümidlərini doğrultmaq
üçün daim öz üzərində çalışır. Elə bu günə kimi əldə etdiyi uğurların demək
olar, hamısını məhz çalışqanlığı hesabına əldə edib. 2013-cü ilin qışında cəmi
13 milyona Liverpula yollanan "kiçik sehrbaz”, 5 il ərzində öz qiymətini
dəfələrlə yüksəltməyi bacardı.
Ancaq o, hələ yolun əvvəlindədir. Onun hələ cəmisi 25 yaşı var.
"Kiçik sehrbaz” yaşıl meydanlardakı əsl "fokus”unu hələ göstərməyib.
Elnur