• cümə, 19 Aprel, 07:00
  • Baku Bakı 13°C

Böyük hədəflərə doğru

05.06.14 08:33 1643
Böyük hədəflərə doğru
Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla hər il iyun ayının 5-nin su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı qeyd olunacaq. Müqəddəs iş görüb savab qazanan “Azərsu” ASC-nin 12 mindən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd etməyə hazırlaşır. Bundan bir neçə gün sonra, daha doğrusu iyunun 11-də “Azərsu” ASC-nin yaradılmasının 10 ili tamam olur. Əlamətdar günlər ərəfəsində son bu sahədə görülmüş işlər və qazanılmış uğurlara qısaca nəzər salmaq yerinə düşər.
Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub və bu layihələrin böyük bir qismi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə istiamara verilmiş Kür su kəmərləri sistemi, Ceyranbatan sutəmizləyici qurğularının 3-cü növbəsi, 1970-80-ci illərdə Hövsan Aerasiya Stansiyası, bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları ümummilli liderin rəhbərliyi altında reallaşdırımışdır. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. 1997-ci ildə Dünya Bankı ilə Avropa yenidənqurma və inkişaf bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün mərkəzi nasos stansiyalarında reablitasiya tədbirləri görüldü.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.
2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondunda maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı.
Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
“Azərsu” ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə – Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, fiziki və mənəvi aşınmış avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.
Regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev regionların, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar verib. Regionların 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013 və 2014-2016-cı illərdə sosoial-iqtidisadi inkişafı, həmçinin 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb.
Proqramların icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər əsas götürülüb. Master Planın hazırlanması ilə paralel görüləcək işlərin layihələndirilməsi və tikintisinə başlanıldı. Səndə əsasən Abşeron yarımadasında 550 km uzunluğunda magistral, 8100 km paylayıcı su xətləri, həcmi 1150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları, 6400 km kanalizasiya, 3400 km yağış kanalizasiya şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu layihələndirilib.
Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu, həmçinin layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə Abşeron yarımadasının su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Unikallığı ilə seçilən bu layihənin icrası nəticəsində yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni salınmış yaşayış massivlərinin su problemi birdəfəlik həll ediləcək.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində su təminatı zəif olan ərazilər əsas götürülməklə 1340 km uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan su anbarları tikilib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Bununla da paytaxtda xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz içməli su ilə təmin olunub.
“Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlarının krediti hesabına 13, dövlət büdcəsi vəsaiti hesabına isə 11 şəhərdə infrastruktur yenidən qurulur. Bu layihələr 350-dən artıq kəndin su probleminin həllini də nəzərdə tutur. Bu şəhərlərdən 1-də Qubada işlər yekunlaşmış və hazırda ətraf qəsəbələr də daxil olmaqla şəhər 24 saat fasiləsiz su alır. Ötən müddətdə 10 şəhərə yeni mənbələrdən suyun verilməsi də təmin edilmişdir. Ümumilikdə görülmüş işlər nəticəsində rayon mərkəzlərində yaşayan 300 mindən artıq insanın su təminatı yaxşılaşıb.
İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan qrup su kəmərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə təməli qoyulan bu layihədən 5 şəhər və 121 kəndin 470 min sakini faydalanacaq. Azərsu ASC-nin əməkdaşlarının əzmkarlığı nəticəsində 107 km uzunluğunda Hacıqabul-Biləsuvar kəməri 1 il ərzində tikilərək istismara verilib. Bu gün Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən su alır. Növbəti mərhələdə Salyan və Neftçala şəhərlərinin, həmçinin kəndlərin Şirvan-Muğan qrup su kəmərinə qoşulması təmin olunacaq.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Layihə çərçivəsində Girdmançayın yatağında suqəbuledici qurğu, anbar kompleksi tikilmiş, Zərdab şəhərinə 72, Kürdəmir şəhərinə 27, Ucar şəhərinə 57, Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilmişdir. Hər 4 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilmiş, Zərdab və Kürdəmir şəhərlərinə suyun verilməsi mərasimlərində ölkə başçısı iştirak etmişdir. İşlər tam başa çatandan sonra ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər bu layihədən faydalanacaq.
“Azərsu” ASC şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz, və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də layihələri həyata keçirilib. Hazırda Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23, Yardımlı rayonunun isə 17 yaşayış məntəqəsinin su təminatı layihələri icra edilir.
Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bu baxımdan yeni Mərkəzi Laboratoriyanın yaradılması xüsusi vurğulanmalıdır. Laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür. Mərkəzi Laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələri də alınmışdır. Səyyar laboratoriyaların texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə tam imkan verir.
Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Artan tələbatı qarşılamaq və işçilərin peşə hazırlığını yüksəltmək üçün təlim proqramlarının icrasına başlanılıb. Son illər cəmiyyətin 1600-dən artıq əməkdaşı yerli və xarici təlimlərə cəlb olunub. Bunların 250-dən çoxu xarici ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak edib.
“Azərsu” ASC ilə Təhsil Nazirliyi arasında imzalanmış “İlk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə” əməkdaşlıq, Bakı Dövlət Universiteti ilə imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” memorandumlar, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqavilə kadr potensialının gücləndirilməsinə töhfə verməkdədir.
“Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış müqavilə cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək. Müqaviləyə əsasən Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzi inşa ediləcək, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq.
Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son 3 ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac, bundan başqa kol və bəzək bitkiləri əkilib.
Beynəlxalq əlaqələri genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi- konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirildi. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisində 23 ölkədən 70-dən çox şirkətin təmsil olunması tədbirə marağın böyük olmasından xəbər veirir. Sərgi ilə paralel təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılıb. Bütün bunlar isə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir.
“Azərsu”ASC Dünya Su Şurasının və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib.
Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Eyni zamanda bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töfhələr verir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.
Fuad QƏHRƏMANLI

banner

Oxşar Xəbərlər