• şənbə, 20 Aprel, 01:10
  • Baku Bakı 15°C

Böyük əksəriyyət İlham Əliyevin namizədliyini dəstəkləyir

01.08.13 12:43 1394
Böyük əksəriyyət İlham Əliyevin namizədliyini dəstəkləyir
Seçki marafonunun rəsmən elan olunmasına az qalıb və tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına start verəcək. Hələlik bu günədək Azərbaycan prezidenti postuna üç iddiaçının namizədliyi irəli sürülüb. Bu, hazırkı dövlət başçısı İlham Əliyev, Müsavat başqanı İsa Qəmbər və kinodramaturq Rüstəm İbrahimbəyovdur. Hərçənd bu siyahının dəyişib-dəyişməyəcəyi və son olaraq namizədlər sırasında kimlərin yer alacağı sentyabrda, MSK tərəfindən namizədlərin qeydiyyatı başa çatanda bilinəcək. Bəs vətəndaşlar seçkiyə hansı əhvalla gedir, onlar necə köklənib, kimə üstünlük verirlər? Bu və digər bu kimi suallara “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı cavab verilib.
Sorğunun nəticələrindən bəlli olur ki, respondentlərin böyük əksəriyyəti Milli Şuranın mövcudluğundan xəbərsizdirlər. Yalnız rəyi soruşulanların 11,7%-i tam əminliklə müxalifət düşərgəsində “Milli Şuranın mövcudluğundan xəbərim var” - deyə bildirib. Respondentlərin 17,2% isə “bu barədə nəsə eşitmişəm” deyib. Bir faktı da qeyd edək ki, qeyd olunan 17,2 faiz sorğu iştirakçılarının cəmi 30%-ə yaxınını təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir. Bu zaman rəyi soruşulanların 74,2%-i onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən dolaşıb qalıb və Milli Şura üzvlərindən heç olmazsa üçünün belə adını çəkə bilməyib. Rüstəm İbrahimbəyovun “müxalifətin vahid namizədi” kimi irəli sürülməsindən isə seçicilərin 86,1%-i xəbərsizdir. Üstəlik rəyi soruşulanların 91,1%-i bilmir ki, müxalifətin planına görə seçkidə qələbə qazanacağı təqdirdə “vahid namizəd” prezident kürsüsündə iki ildən artıq oturmayacaq. Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti Milli Şuranın yaradılması və R. İbrahimbəyovun müxalifətin “vahid namizədi” kimi irəli sürülməsi də daxil olmaqla bütün bu çoxgedişli kombinasiyalardan xəbərsizdir.
“Prezidentliyə namizədin irəli sürülməsi sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?” sualını cavablandırarkən respondentlərin yalnız 1%-i R. İbrahimbəyovun adını çəkib (özü də Bakıda bu rəqəm 1,5% olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8% təşkil edib).Yeri gəlmişkən, bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6% isə Əli Kərimlinin namizədliyini irəli sürərdi. “Bu namizədlərdən hansına səs verərdiniz?” sualına cavabda isə rəyi soruşulanların 81,2%-i İlham Əliyevin, 2%-dən az hissəsi İsa Qəmbərin və təxminən 1%-i Əli Kərimlinin adını çəkib. Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Tədqiqatın nisbi xətası - 3% təşkil edir.
Beləliklə, sorğunun nəticələri bir daha göstərmiş oldu ki, əhalinin böyük əksəriyyəti, daha dəqiq desək, 81,2 faizi dövlət başçısı İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini müdafiə edəcək. Aparılan islahatlar, quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik addımlar nəticəsiz qalmır. Hər bir Azərbaycan vətəndaşı bu addımları öz həyatında hiss etməyə başlayır. Əhali yeridilən xarici və daxili siyasəti düzgün qiymətləndirərək səslərinin böyük əksəriyyətini hazırkı dövlət başçısına verib. Ortaya qoyulan nəticə də bunu bir daha göstərmiş oldu.
O ki qaldı müxalifət namizədlərin göstəricilərinə - ortaya qoyulan rəqəmlərdə təəccüb doğuracaq bir nəsə yoxdur. 20 ildən artıq bir müddətdə keçirilən seçkilərdə heç bir nailiyyət əldə edə bilməyən müxalifət sonda Milli Şura adlanan bir qurum yaratmaqla böhranlı vəziyyətdən çıxmağa çalışsa da, bu da elə bir effektiv verməyib. Bu dəfə çıxış yolunu isə heç kimin tanımadığı və nüfuza malik olman bir şəxsin - Rüstəm İbrahimbəyovun üzərində qurdu. Vahid namizədin irəli sürülməsindən xeyli vaxt keçsə də, əhali ondan xəbərsizdir. Bunun kökündə nələrin dayandığı isə bəllidir. Müxalifət partiyaları sırasında pərakəndəlik, bir-birinə güzəştə getməmək bu dəfə də özünü qabarıq formada göstərmiş olur.
Elə vahid namizədin müəyyən olunması məsələsində də bunu müşahidə etmək olar. Hətta müxalifət partiyalarının nümayəndələri də bunu açıq şəkildə bildirirlər. Milli Şuranın Tbilisi toplantısını “fiasko” adlandıran müxalifət qəzetləri vahid namizəd kimi irəli sürülən Rüstəm İbrahimbəyovu qorxaqlıqda belə günahlandırmaqdan çəkinmir. Onu qeyri-ciddi açıqlamalar verməkdə, müxalifətə inanmamaqda günahlandırır. Sorğuda maraqlı bir məqam Rüstəm İbrahimbəyovla yanaşı, müxalifətin digər liderlərinə də respondentlərin inamının olmamasıdır. Beləliklə də, əldə olunan nəticə, proseslərin gedişi bir daha göstərir ki, bütün seçkilərdə olduğu kimi, oktyabrda keçiriləcək prezident seçkiləri də müxalifətin tam şəkildə fiaskosu ilə nəticələnəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər