• cümə axşamı, 18 aprel, 05:03
  • Baku Bakı 15°C

“Böyük bacarıqları formalaşdırmaq insanın özündən asılıdır” - Reportaj

28.12.18 11:00 3173
“Böyük bacarıqları formalaşdırmaq insanın özündən asılıdır” - Reportaj
Liderlik nədir? Anlayış və ya empati liderlərə nə kimi kömək edə bilər? Liderlik üçün İQ, yoxsa EQ daha vacibdir? Liderlik düşüncəsində "3 mərtəbə” yanaşması nə deməkdir? X, Y, Z nəsilləri ilə işləyə bilmək bacarığı nə üçün önəmlidir? Liderliklə bağlı zaman-zaman insanı düşündürən bu kimi suallar olur. Elanında bu suallara cavab veriləcəyi ilə bağlı qeyd olan təlimə gələnləri də yəqin ki, bunlar maraqlandırırdı.

Sosial Biznes Gənclər Mərkəzi tərəfindən təşkil olunan təlimin adı "Liderlik düşüncəsini necə inkişaf etdirək?” idi. Əslində, bu cümlə artıq özlüyündə "lider kimi doğulmaq lazımdır, yoxsa bu, sonradan qazanıla bilir” sualına müəyyən dərəcədə cavab verir. Bu düşüncənin necə formalaşdırması təlimini aparan spiker Fəxri Məmmədli idi.

Məlumat üçün qeyd edək ki, 10 ildən artıq təlimçilik təcrübəsinə malik F.Məmmədli TEDx spikerdir. Müxtəlif dövlət qurumlarında çalışıb. Hazırda bir neçə şirkətin və QHT-nin idarə heyətində məsləhətçi kimi fəaliyyət göstərir. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.

Oxusun, anlasın və tətbiq etsin

F.Məmmədli təlimə liderlik xüsusiyyətinin günümüzdə nə dərəcədə vacib olması məsələsi ilə başladı. Bildirdi ki, hələ öz işini qurmaq, onun rəhbəri olmaq bir tərəfə, bu gün hansısa işə gedəndə də işəgötürənlərin kadrlarda önəm verdiyi xüsusiyyətlərdən biri də budur. İşinlə bağlı nəzəri ixtisaslaşmış biliklərlə yanaşı, sənin komanda ilə işləmək, liderlik, təşkilatçılıq, prosesi idarə edə bilmək, prosesə təsir göstərmək bacarığın da artıq işəgötürən üçün vacibdir.

Daha sonra F.Məmmədli mövzunun effektivliyinin izahı üçün məşhur "3 mərtəbə” prinsipindən danışdı. Bunu misallarla izah etdi: "Kitab oxumağı götürək. Burda birinci mərhələ oxumaqdır. Kitab oxuyan çox ola bilər, amma həm də oxuduqlarını anlamaq lazımdır. Adam var həyatı boyu oxumaq dövründə - birinci mərhələdə qalır. Anlamaq isə ikinci mərhələdir. Müəyyən dövrdən sonra oxuduqlarını anlayırsan. Bundan sonra isə üçüncü mərhələ - oxuduqlarını tətbiq etmək gəlir. Adam da var oxuyur, anlayır, amma tətbiq etmir, o, ikinci mərhlədə qalmış olur. Müasir dövrdə liderə xas xüsusiyyətlərdən biri odur ki, oxusun, anlasın və tətbiq etsin. İşə gəlincə, biz bir işi başlanğıcda öz bildiyimiz kimi görürük. Amma "3 mərtəbə” prinsipində artıq bu yanaşma dəyişməlidir. Birinci, müşahidə mərhələsidir. Yəni, işini görə-görə həm də müşahidə etməlisən. Tutaq ki, sən bir işdə bir neçə dəfə iştirakçı olandan sonra artıq səndə o mövzuda analiz qabiliyyəti formalaşmağa başlayır. İkinci, artıq "məncə” mərhələsidir. Yəni, müşahidələr düşüncəyə çevirilir, "məncə, belə olmalıdır” deyirsən. Üçüncü mərtəbə isə "məncələr”i tətbiqə keçirməkdir. Yəni, müşahidə aparırsan, analiz edirsən, sonra da bunu tətbiq edirsən”.


Bu, arvaddan qorxmaq yox, prosesi idarə etmək deməkdir

Liderlikdə önəmli məqamlardan biri də prosesi idarə etməkdir. Çünki yeri gələndə doğru qərar verməklə vəziyyəti idarə etmək heç də asan olmur. Təlimçi mövzunu misalla açmağa çalışdı: "Münasibətləri çox yaxşı davam edən bir ailə - ər-arvad olur. Evli olduqları 3 il ərzində bir dəfə də olsa, dava etmirlər. Ətrafdakılar bunun səbəbini soruşurlar. Kişi deyir ki, bir-birimizi çox yaxşı anlayırıq. Mən yorğun və gərgin olanda, evə çatıb qapını döyəndə fəsin (papaq) ipini irəliyə çəkirəm (fəsin ipi adətən arxada olur). Evə girəndə xanım bilir ki, qanım qaradır, həmin gün mənə heç bir sual vermir. Xanım əsəbi olanda isə, xalatın ipini düyünləyir, bu zaman da mən ona sual vermirəm. Yemək hazır olmasa belə, bunu soruşmuram, öz işimlə məşğul oluram. Sual verirlər ki, bəs siz fəsin ipini qabağa atıb içəri girəndə, xanımın da xalatın ipini düyünlədiyini görsəniz, onda necə olur? Deyir ki, heç nə, fəsin ipini arxaya atıram. Bu, arvaddan qorxmaq yox, prosesi idarə etmək deməkdir. Bəzən sənin bir addım geri atmış kimi görünməyin əslində prosesi idarə etməyin ola bilər”.


Səni nə qədər çox insan tanıyırsa...

X, Y və Z nəsillərə gəlincə, F.Məmmədli bildirdi ki, liderlik düşüncəsini formalaşdırmaq üçün bu 3 qrupla da dil tapmaq lazımdır: "1961-79-cu illərdə doğulanlar X, 1981-99-cu illərdə dünyaya göz açanlar Y, 2000-dən sonra anadan olanlar isə Z nəsli hesab edilir. Dünyaya gəlmə dövrü onların davranışlarına, dünyagörüşlərinə də təsir göstərir. X nəsli daha çox kitabdan öyrənməyə üstünlük verir. Onlar "böyük nə məsləhət bilsə, odur” - deyirlər. Y qrupun adamları prosesi özləri idarə etmək, özləri qərar vermək kimi düşüncədə olurlar. Narahat olurlar, hər şeyin yaxşı olması üçün çalışırlar. Y nəsli müəllimin dərsi daha yaxşı izah etməli olduğunu düşünürsə, Z qrupundan olanlar müəllimi o nəsil qədər vacib hesab etmir. Mövzunu liderliyə bağlasaq, ətrafımızdakı insanların əksəriyyəti də məhz bu üç nəsil qrupunu əhatə edir. Hər qrupun öz istəyi, tələbatı, baxışları var. Müasir dövrdə liderliyin qəbul olunan normalarından biri də budur ki, ayrı-ayrı qrupların baxışlarının ortaq cəhətlərini özündə tapmaq məsələləri həll etməkdir. Lider bunların üçünün də ortaq tərəflərini tapmalıdır. Yəni, liderlik düşüncəsinə sahib adam qızıl ortanı tapmağı bacarmalıdır. Əks halda prosesi idarə etmək çətindir”.

Söhbətin bir hissəsi yekunlaşan kimi, təlimçi auditoriyada hər kəsi hərəkətli oyun üçün ayağa qaldırdı. Bildirdi ki, uzun müddət hərəkətsiz qalanda insanın mənimsəmə qabiliyyəti zəifləyir. Həm də belə oyunlar şəbəkələşmə, auditoriyada olan digər adamları tanımaq üçün önəmlidir. Hətta bu mövzuda Sokratdan bir fikir də bölüşdü: "Deyir ki, səni nə qədər çox insan tanıyırsa, sənin bilik və bacarığın haqqında daha çox adam məlumatlı olacaq”.


Böyük bacarıqları formalaşdırmaq insanın özündən asılıdır

"Onun İQ səviyyəsi mənimki ilə eyni deyil” – deyə başqalarına rişxəndlə yanaşanları yəqin ki, görmüsünüz, amma EQ ilə bağlı öz üstünlüyünü vurğulayanları isə çətin. Çünki hər zaman nədənsə İQ-nün əsas olduğunu deyiblər. Lakin təlimçi liderlik üçün EQ-nün əhəmiyyətinin böyük olduğunu bildirdi: "Təcrübə göstərir ki, insanın uğur əldə etməsində onun intellektual zəkasının rolu 10-20 faizdir. Qeyri-adi adlandırdığımız İQ elə də qeyri-adi deyil. Amma nə isə əldə etmək üçün adamın İQ-sü yüksək olmaya da bilər. Loru dildə desək, İQ savaddır, EQ ağıl. Bəzən deyirlər ki, savadlıdır, ağlı yoxdur, yaxud ağıllıdır, savadı yoxdur. Emosional zəka həyat hadisələrini, həyəcanımızı başa düşüb onu idarə edə bilməkdir. Özünün və başqalarının hiss və emosiyalarını anlayıb ona uyğun davranmaq liderə xas xüsusiyyətdir. Bu, robot olmaq, yeri gələndə gülməmək, əsəbləşməmək demək deyil. Emosional zəka bütün dünyada vacib atributlardan biri kimi qiymətləndirilir və liderlərə keçirilən dərslərdən biridir. Düzdür, bəzi məsələlər genetikdir, amma böyük bacarıqları formalaşdırmaq insanın özündən asılıdır”.


Dinləmək də artıq yetərli deyil

Liderlik həm də auditoriya, insanlar qarşısında çıxış etmə qabiliyyəti tələb edir. Amma bundan qorxan öz sahəsinin peşəkarları da az deyil. F.Məmmədli bildirdi ki, adətən yaxşını fikirləşmək metodu işə yarasa da, burda ən pisi düşünmək yaxşı effekt göstərə bilir: "Belə fikir var, deyir, əgər çıxış etməkdən qorxursansa, çalış çıxış et. Həll etmək istədiyiniz prosesin üzərinə getmək lazımdır. Problemin kökü məlumatlı olmaqla bağlıdır, ilk olaraq oxumaq, araşdırıb öyrənmək lazımdır. Bir məlumatı nə qədər dərin bilsən, özgüvən formalaşır. İkincisi, özünü psixoloji hazırlamalısan. Heç cür alınmırsa, ən pisi fikirləş. Nə ola bilər ki? Prosesə soyuqqanlı yanaşmaq lazımdır. Məsələn, özünə de ki, çıxış edəndə ən pis nə ola bilər? Auditoriya sənə gülə bilər? Bu elə də dəhşətli bir şey deyil. Amma çıxış etdikcə insan alışır, həyəcanı yenir, buna öyrəşir”.

Özünü qarşındakının yerinə qoymaq – empatiya. F.Məmmədli deyir ki, liderlik düşüncəsinin bir parçası da budur: "İşdə, hansısa qarışıq məqam olanda qarşı tərəfi mütləq dinləmək lazımdır. Çünki bir şeyin hekayəsini, məğzini biləndən sonra bizim baş verənlərə münasibətimiz dəyişə bilər. Amma ümumilikdə, dinləmək də artıq yetərli deyil, həm də özünü qarşındakının yerinə qoyub düşünməlisən. Mən bu situasiyada olsaydım, neyləyərdim? Çünki bu halda qarşındakını daha yaxşı başa düºə bilərsən”.


Liderlik insanları birbaşa idarə etmək demək deyil

Təlimçi deyir ki, hər gün baş verənlərin özümüz üçün analizinə vaxt ayırmalıyıq: "Eyvandan aşağı baxanda, iki uşağın dava etdiyini görürsünüz. Davadan sonra kimin döydüyünü soruşsan, hər ikisi "mən” deyəcək. Amma siz eyvandan baxanda, kimin daha yaxşı döydüyünü biləcəksiniz. Çünki prosesə yuxarıdan baxırsınız. Öz davranış və hərəkətlərimizə bir addım yuxarıdan baxmalıyıq. Hər gün açıq havada, sakit yerdə piyada gəzmək və bu zaman gün ərzində baş verən prosesi təhlil etmək lazımdır. Bu gün filan situasiyada necə davrandım? Düz etdim? Empati quraraq fikirləşin”.

Təlimçi sonda bizimlə söhbətində bildirdi ki, liderlik birbaşa insanları idarə etmək deyil: "Liderlik, prosesi idarə etməkdən öncə özümüzü idarə etməkdir. Öz potensialımız, gücümüz haqqında məlumatlı olmalıyıq. Özünü yaxşı anladığın üçün cəmiyyəti, insanları anlaya, onlara təsir göstərə bilirsən. Yoxsa liderlik insanları birbaşa idarə etmək demək deyil. Sən dolayısı ilə bunu edə, təsir göstərə bilərsən”.

Təlimdən gəlinən qənaət belə oldu ki, "sabah lider olacağam” deməklə heç də bu, olmur. Bunlar hamısı düşüncə olaraq toplanır və nəticə əldə olunmasına kömək edir.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər