AZE | RUS | ENG |

Böyük amallar uğrunda çarpışan iki mübariz

Böyük amallar uğrunda çarpışan iki mübariz
İsmayıl bəy Qaspıralı və Cəlil Məmmədquluzadə türk xalqlarının maariflənməsində, düşüncə yüksəlişində əvəzsiz xidmətlər göstərmişlər

Tarix boyu mütərəqqi ideyalar, böyük amallar uğrunda çalışan insanlar fəaliyyətləri ilə yalnız öz ölkələrində deyil, başqa məmləkətlərdə də şöhrət tapmışlar. İsmayıl bəy Qaspıralı (1851-1914) və Cəlil Məmmədquluzadə (1869-1932)  belə şəxsiyyətlərdəndir. Onlar mübariz ruhları, mütərəqqi və maarifpərvər fəaliyyətləri ilə türk xalqları arasında böyük nüfuz qazanmışlar.

İsmayıl bəy Qaspıralının naşiri olduğu, 1883-cü ildən çapdan çıxan "Tərcüman” qəzeti, XIX əsrin sonu, XX əsrin əvvəllərində türk xalqlarının düşüncəsində əzəmətli yer tutur. "Tərcüman” qəzetini İsmayıl bəy Qaspıralının ən böyük əsəri ad­landıran böyük mütəfəkkir Yusif bəy Akçura yazmışdır: "Tərcüman” qəzeti otuz ildir məsləyini, fikrini əsla dəyişdirmədən, fasiləsiz davam edir. Otuz il əv­vəl Bağçasarayda çıxmağa başlayan bu kiçik qəzet, "Tərcüman”dır. "Tərcüman”ın baş redaktoru və naşiri isə Krım mirzələrindən  İsmayıl bəy Qaspıralıdır. İsmayıl bəy, bütün türk aləmini göz önündə tu­taraq, ona görə çalışdı. "Tərcüman” məhəlli türk ləhçələrinin  üstündə ümu­mi bir türk dilinin öyrənilməsini tövsiyə edir. 

Türkiyənin görkəmli ictimai xadimi Ziya Göyalp İsmayıl bəy Qaspıralını  Rusiyada  yetişən böyük türkçü adlandırmışdır. Krımda "Tərcüman”  qəzetini  çıxaran   İ.Qaspıralının  türkçülükdəki  prinsipi  "dildə,  düşüncədə  və  işdə  bir­lik”  idi. Bütün türklərin eyni dildə birləşə biləcəyinə, bu qəzetin varlığı canlı bir arqumentdir”.  

AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov  "Tərcüman” qəzetinin nəşrinin ilk dövr­lə­rində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları və s. bu kimi  məsələləri təbliğ etdiyi üçün  rəğbət qazandığını qeyd et­miş­dir. Alim, qə­zetin müsəlmanlar arasında geniş yayıldığını, Azərbaycan haq­qında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firudin bəy Köçərli, Ömər Faiq olduğunu yazmışdır. 

İ.Qaspıralı 1905-ci ildə - bəziləri buna islahat, bəziləri inqilab  de­yir - məşruti idarəyə keçiddən, bəzi hürriyyətlərin tanınmasından son­ra  yazılarında dü­şün­cələrini, fikirlərini və hazırlanmasını istədiyi şeyləri daha açıq bir şə­kildə yaymağa başlamışdır. O tarixə qədər rusca çıxardığı bir sə­hi­fə­ni də ixtisar edərək, bütün "Tərcüman”ı türkcə çap etdirmişdir. İ.Qaspıralı etmək istədiyini, ideallarının nə olduğunu, han­sı hədəfə varmaq istədiyini yazılarında açıqca, dəfələrlə bildirmiş, is­rar­la anlatmışdır.

Sabri Arıkan, İsmayıl bəy Qaspıralının dil birliyi məsələsi üzərində ge­niş dayandığını göstərmişdir. Alim, fikrini əsaslandır­maq üçün "Tərcüman” qəzetinin "Rusiya müsəlmanlarının tə­rəq­qi­si” adlı məqaləsini təqdim etmişdir: "Ümumi ədəbi dili olmayan mil­lət, millət sayılmır. Türk övladlarından olan tarançe, sart, özbək, qır­ğız, qazax, kumuk, noqay, Azərbaycan və sair tayfalar türkcə da­nış­dıq­ları halda, şivələri başqadır. Bir-birlərini çətinliklə anlarlar. Bu hal bir­ləşməyə, birliyə, bilgilərin, elmlərin hər kəsə duyurulmasına, tərəqqiyə, ədəbiyyata, dostluğa və qaynaşmağa əngəldir.

Buna görə, ən əvvəl və ən ziyadə hamımız üçün ehtiyac və lü­zumlu olan, ümumi dil, ədəbi türkcə dildir. Buyurun, mərhəmət edin qar­daşlar, buna ayrıca əzmlə çalışaq. Bu iş lap o qədər qalibiyyət de­yilsə də, çarəsi tapılmaz və müşkül də deyildir. "Tərcüman” qəzeti Bağçasaraydan ta Kaşğara qədər oxunduğu, yəni anlaşıldığı,  dillə bir­ləşmənin mümkün olduğuna böyük dəlildir”. 

Göründüyü kimi, İ.Qaspıralının dərc etdiyi "Tərcüman” qəzeti müasirləri tərəfindən yaxşı qarşılanmış və təbliğ edilmişdir. Bu, öncə onların da eyni amal, məqsəd uğurunda çalışmaları, türk xalqlarının düşüncə tarixində böyük xidmət göstərmələri ilə əlaqədardır. 

Bu baxımdan Azərbaycanın ictimai xadimi, yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin fəaliyyəti diqqətəlayiqdir. Onun redaktorluğu ilə çapdan çıxan "Molla Nəsrəddin” jurnalının  XX əsr Azərbaycan mədəniyyəti  və mətbuatı  tarixində  əvəzsiz  yeri  vardır. C.Məmmədquluzadə Azərbaycanın şərqşünas alimi, ictimai xadimi Məhəmməd ağa  Şahtaxtlı (1846-1931) tərəfindən Tiflisdə Azərbaycan dilində 1903-1905 illərdə çap olunan "Şərqi-Rus” və Bakıda 1881-1919 illərdə rus dilində çap edilən "Kaspi” qəzetlərində Məhəmməd ağa  Şahtaxtlı, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli  və baş­qa ziyalılarla birgə çıxış etmişdir. 

Cəlil Məmmədquluzadə  ""Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” yazmaqla jurnalın 1906-cı ildə Tiflisdə təşkil olun­ma­sı­nın səbəbini belə izah edirdi: "Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə, bu şəhər Qafqaz türklərinin mər­kəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir gü­nə  İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib ça­tır­san. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın  Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir”.

Bu  ölkələrdə türklərin yaşadığını və dillərinin də bizim da­nış­dı­ğımız türkcə olduğunu bildirən Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin” jurnalının  bu xüsusiyyətinə görə Kürü və Arazı keçdiyini, bəl­kə Xəzər və Qara  dəryaları da vurub Türkiyəyə, Türküstana, Gilana, uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza, Krıma və sair türk ölkələrinə keçdiyini qeyd etmişdir.

Cəlil Məmmədquluzadə irsinin görkəmli araşdırıcısı, akademik İsa Həbibbəyli "Molla Nəsrəddin” jurnalında Azərbaycan xalqı ilə yanaşı, Qafqaz xalqlarının, Avropa və Şərq ölkələrinin həyatı, milli azadlıq mübarizəsinin əksini tapdığını qeyd etmişdir.  

Cəlil Məmmədquluzadənin yaradıcılığında müasirlərinin fəaliyyətləri ilə əlaqədar əsərlər də mövcuddur. O, Əhməd bəy Ağaoğlunu və Əli bəy Hüseynzadəni Bakının birinci jurnalistlərindən  olduqlarını bil­dir­mişdir. Cəlil Məmmədquluzadə  ilə Əhməd  bəy  Ağaoğlu eyni məq­səd uğrunda, yəni xalqın elmi-mədəni tərəqqisinə çalışsalar da, onlar ara­sında fikir ayrılığı olmuşdur. Görkəmli yazıçı bunu 1906-cı ildə "Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi "Cavab. Əhməd bəy Ağayev cənablarına” məqaləsində də ifadə etmişdir. 

"Molla Nəsrəddin” jurnalının açıq və sadə dildə yazması Əli bəy Hüseynzadə tərəfindən də yüksək dəyərləndirilmişdir. Cəlil Məmmədquluzadə bununla əlaqədar göstərmişdir ki, Əli bəy Bakıdan axı­rıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi, idarəmizə təş­rif gətirdi. Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: "Yaxşı yazırsınız”.  Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxs­dən eşidilən bir sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz he­sab edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi, hə­mi­şə adət etdiyi kimi, başını aşağı salıb  guya öz-özünə yenə dedi: "Açıq yazmağı” da bacarmaq lazımdır. 

Mətbuat tariximizdə yeri olan "Zənbur” jurnalı (1909-1910 illər) Əhməd  bəy  Ağaoğlunun yaradıcılığını tən­qid etmiş, 1909-cu ilin ortalarında onun İstanbula köçməyinə istehza ilə yanaşaraq Türkiyə sultanı qarşısında səfil və müti bir və­ziy­yət­də rəsmini vermişdi. Bu barədə yazan professor İslam Ağayev həmin rəsmin çapından sonra Əhməd bəyin tə­rəf­dar­larının "Tərəqqi” qəzetində "Zənbur” jurnalının mövqeyinə qarşı çıxdıqlarını, Əhməd bəy Ağayevi tərif edərək, onun "millət mücahidi” kimi qiymətləndirildiyini bildirmişdir. 

Üzeyir bəy Hacıbəyov "Zənbur” jurnalının üz qabığında Əhməd bəyin nalayiq çəkilən şəklinə etiraz edərək yazmışdır ki, məzhəkə yazan jurnallar, əslində, hər bir kəsi hər bir tövrdə çəkməyə muxtardırlar. Buna bir sözümüz yox, lakin bir şəxsi özgə jurnallarda çəkməyə ümumi mənafe nöqteyi-nəzərincə bir bəhanə, bir səbəb lazımdır. Jurnalda o adamın şəklini çəkərlər ki, onun gördüyü işlər, tutduğu yol və məslək ümumi camaatın mənafeyinə, hüququna, tərəqqisinə zidd və müxalifdir. Əcəba, Əhməd bəy nə iş görübdür və nə iş görür ondan camaata zərər gəlsin? Əhməd bəyin qəbahəti nədir?

Bu məqamda Üzeyir bəy "Molla Nəsrəddin” jurnalı ilə "Zənbur” jurnalını müqayisə etmişdir: "Möhtərəm "Molla Nəsrəddin” jurnalı tərəqqi və yüksəlişimizə mane olan bütün qəbahətləri ən gözəl ədibanə və ləzzətli, dadlı, duzlu sözləri ilə yazmaqla, bütün xalqın, hətta, ondan incik olanların belə, istəklisi olubdur; çünki bu jurnal bir dənə olsun tərbiyəsiz və ədəbsiz sözü özünə rəva görmədi. "Zənbur” jurnalında insanın ləzzət alıb, zövqünün artacağı bir dənə də olsun məqalə çıxmayıbdır”. 

Üzeyir bəy Hacıbəyov Əhməd bəyi müdafiə etdiyi üçün "Zənbur” jurnalı dahi bəstəkarı qarabağlı kimi yerliçilikdə təqsirləndirərək hücum etmişlər. Xalqı parçalamağa gətirib çıxaran yerliçiliyə qarşı çıxan C.Məmmədquluzadə qarabağlı, bakılı məsələsinin tənqidi ilə əlaqədar "Molla Nəsrəddin” jurnalının 1909-cu ildə Lağlağı imzası ilə çap olunan "Tərəkəmə” felyetonunda bunu  göstərmişdir.

"Molla Nəsrəddin” jurnalında türk xalqlarının tərəqqisinə və birliyinə xidmət edənlərin fəaliyyətlərini əks etdirən məsələlərə, əlamətdar tarixi hadisələrə geniş yer verilmişdir. Bu mənada C.Məmmədquluzadənin "Tərcüman” qəzetinin çapının 25 il­li­yi münasibətilə 1908-ci ildə "Molla Nəsrəddin” jurnalında dərc edil­miş "Milli bayram” adlı məqaləsi təqdirəlayiqdir.  Məqalədə "bir müsəlman qə­zetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəx­ti­yar­lıq­lardan” olduğu bildirilmişdir. İsmayıl bəy Qaspıralının mətbuat ta­ri­xində xidmətini yüksək qiymətləndirən C.Məmmədquluzadə onun adı­nın tarixdə qızıl xətlə yazılacağını qeyd etmişdir. Görkəmli yazıçı gös­tərmişdir ki,  mətbuat aləmində 25 il qələm çalan böyük yolda­şı­mız  İ.Qaspıralı həqiqətən bəxtiyardır. İsmayıl bəy 25 il ça­lışıb min zəhmətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla gö­rür: "İsmayıl bəyin millətimizə, insaniyyətə etdiyi böyük-böyük xid­mət­ləri burada saymaq bizim üçün çox çətindir. İsmayıl bəy mahir həkim kimi millətimizin dirilməyini məktəbdə, maarifin nəşrində gördü: qüvvətinin ən çoxunu bu yolda sərf etdi”.

 İ.Qaspıralının mədəniyyət ta­ri­xindəki fəaliyyətini yüksək qiymətləndirən C.Məmmədquluzadə qeyd etmişdir: "İndiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda ça­lı­şan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı. İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı tədbir edəcək  və adı­nı qızıl xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə çatacaq”.

Türk xalqlarının maariflənməsində, düşüncəsinin yüksəlişində İsmayıl bəy Qaspıralı və Cəlil Məmmədquluzadə əvəzsiz xidmətlər göstərmiş və böyük amallar uğrunda çalışaraq mübariz şəxsiyyətlər kimi tarixdə özünəməxsus iz qoymuşlar.  

Aytək Zakirqızı (Məmmədova),
fəlsəfə doktoru, dosent


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946