• cümə axşamı, 25 aprel, 04:14
  • Baku Bakı 19°C

Böyük aktyor sonuncu rolunu oynadı

28.06.13 09:35 2891
Böyük aktyor sonuncu rolunu oynadı
Azərbaycan xalqının sevimlisi, Xalq artisti, məşhur aktyor Siyavuş Aslan uzun müddətdi yataq xəstəsi idi. Hər gün mətbuatda vəziyyətinin ağır olduğu barədə məlumatlar yayılsa da, onun dünyadan köçəcəyinə heç kim inanmırdı, sanki. Amma srağagün səhər saat 04:00 radələrində, təəssüf ki, aktyor gözlərini həyata əbədi yumdu. Bununla əlaqədar olaraq dünən saat 13:00-dan 15:00-dək Akademik Milli Dram Teatrında (AMDT) aktyorla vida mərasimi keçirildi.
AMDT-nin qarşısında Siyavuş Aslanın həmkarları, sənət dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları ilə qarşılaşdıq. Onlar teatrın binasına daxil olur, görkəmli sənətkarın qarşısında son borclarını yerinə yetirməyə çalışırdılar.
Vida tədbirində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Akademik Milli Dram Teatrının tarixində iki böyük aktyoru tanıdığını, onlardan birinin Lütfi Məmmədbəyov, digərinin isə Siyavuş Aslan olduğunu söylədi: “Siyavuş Aslan ciddi ailə problemləri, səhhətində bir sıra nasazlıqlar yaranmasına baxmayaraq, nikbin insan idi. O, bütün dövrlərdə Azərbaycan dövləti tərəfindən layiqli qiymətini alan aktyorlar sırasındadır. İki gün öncə prezidentimiz Azərbaycan teatrının 140 illiyi ilə bağlı görkəmli sənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim etdi. Onların sırasında Siyavuş Aslan da var idi. Prezidentimiz tərəfindən aktyor “Şərəf” ordeninə layiq görüldü. Siyavuş Aslan cismən dünyasını dəyişsə də, onun yaratdığı obrazlar hər kəsin qəlbində yaşayacaq. Onunla 90-cı illərdə, hələ Sovetlər Birliyi dönəmində ilk dəfə olaraq AMDT ilə Türkiyəyə qastrol səfərinə getmişdik. İstanbulda və Ankarada keçirilən festivalda Siyavuş Aslanın “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasındakı obrazına görə, qısa zaman ərzində Türkiyənin ən tanınan aktyorları ilə adı bir sırada çəkilməyə başladı. Bütün Türkiyə qəzetləri onun obrazından yazırdı. Biz bu gün elə bir aktyoru itirdik”.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov aktyorun istər səhnədə, istərsə də televiziyadakı obrazları ilə yaddaşlarda həkk olunduğunu və obrazlarının uzun müddət xalqın yaddaşından silinməyəcəyini söylədi: “40 ilə yaxındır ki, mən Siyavuş Aslanla dostluq edirdim. Siyavuş Aslan nəhəng bir aktyor kimi böyük rollara imza atıb. Çoxları onu komik aktyor kimi tanıyırdı. Onun “Mənim sevimli dəlim” tamaşasında faciəvi obrazının şahidi oldum. Gördüm ki, aktyor həm də faciəvi obrazları gözəl canlandırır. Onun ölümü böyük itkidir. Siyavuş Aslanın ailəsinə və bütün teatrsevərlərə başsağlığı verirəm”.
Xalq artisti Nurəddin Mehdixanlı Siyavuş Aslanın teatr və kino sahəsində çalışan xoşbəxt sənətkarlar siyahısında olduğunu və çəkildiyi filmlər və tamaşalara baxdıqca hər zaman böyük, nəhəng, əvəzolunmaz aktyor kimi xatırlanacağını söylədi: “Bəlkə də onu tamaşaçılara bu qədər çox sevdirən aktyorun səmimi insan olması idi. O, içindəki hissləri insanlarla paylaşmağı bacarırdı. Siyavuş Aslanda təkəbbür deyilən bir şey yox idi. O, Azərbaycan kinosunda və teatrında yeri doldurula bilməyəcək bir sənətkar idi. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Yalandır! Bu yanlış yanaşmadır. Heç kim Siyavuş Aslanı əvəz edə bilməyəcək. O, Azərbaycan teatrının və kinosunun elə bir səhifəsidir ki, o səhifə bir daha vərəqlənməyəcək. O imza ancaq Siyavuş Aslana məxsusdur. Onun yeri hər zaman boş qalacaq”.
Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu bizimlə söhbəti zamanı aktyorun oynadığı filmlər və tamaşaların pərəstişkarları üçün canlı abidə olduğunu söylədi: “Mən onunla tanış olanda, o, məşhur aktyor idi, mən isə gənc bir rejissor. O hər obraza hazır idi. Həyat müvəqqətidir. Bu dünyaya gələn bir gün onu tərk edəcək. Siyavuş Aslan kimi aktyorlar təkrarolunmazdır. O, heç kəsə bənzəməyən, öz dəst-xətti ilə seçilən bir aktyordur. Bu da istedadın bir təzahürü idi”.
Xalq artisti Rafael Dadaşov Siyavuş Aslanın sənətdə öz möhürünü vurmuş sənətkar olduğunu və aktyorla bir səhnəni bölüşdüyü üçün özünü xoşbəxt hiss etdiyini söylədi: “Qəlbində isə paxıllıq yox idi. Sevinirdi ki, onun tərəf-müqabili və yaxud digər aktyorlar da yaxşı oynayır. Biz onunla Trabzona qastrol səfərinə getmişdik. Oteldə mənə söylədi ki, hansısa rejissor səninlə maraqlanırdı. Daha sonra həmin rejissoru görəndə sevincək halda məni rejissora təqdim etdi. Rejissorla söhbətim zamanı gördüm ki, o məndən daha çox sevinir. Siyavuş hər kəsin problemlərindən ötrü özünü fəda edəcək bir insan idi. Biz istəyirdik ki, o sağalsın və yenidən onunla bir səhnəni bölüşək. Amma qismət olmadı. Onun ölümü ilə Azərbaycan teatrı böyük bir zərini və zərgərini itirdi. Siyavuşun yaradıcılığı sanki bir məktəb idi. Bundan sonra Siyavuş Aslan haqqında geniş-geniş məqalələr yazılacaq, elmi müdafiələr olacaq və s. Amma gərək onu vaxtında öyrənəydik. Çox heyf. Teatr heç nə itirmədi, xalqımız itirdi”.
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov mərhumun ən məhsuldar dövrünün AMDT-nın səhnəsinə təsadüf etdiyini və teatrda olduğu kimi, televiziya filmlərində də öz sözünü deməyə nail olduğunu söylədi: “Onun yaratdığı parlaq obrazlar teatrsevərlərin qəlbində və o cümlədən, teatrımızın tarixində əbədi olaraq qalacaq. Mənim xatirəmdə Siyavuş Aslan Musiqili Dram Teatrının səhnəsində canlandırdığı “Hicran” tamaşasında üçlüyün bir üzvü kimi qalıb. Orada əsas obrazları canlandıran sənətkarlardan Hacıbaba Bağırov, Nəsibə Zeynalova dünyasını dəyişmişdi, bu gün də sonuncu qəhrəmanı itirdik. Bu bizim teatr sənətimiz üçün ağır itkidir. Ümid edirəm ki, bununla yaranan boşluğu zamanla yeni gələn nəslin hesabına doldurmaq mümkün olacaq”.
Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov bizimlə söhbətində son bir neçə ildə AMDT-nın çox böyük itkilər verdiyini və bundan sonra bu tipli aktyorlar yetişdirmək amalında olduğunu qeyd etdi. Professorun sözlərinə görə, aktyorun itkisi Azərbaycan teatrı üçün çox ağırdır, onun yeri uzun müddət həm səhnədə, həm də insanların qəlbində boş qalacaq: “Siyavuş Aslanın sevilməyinin əsas sirri onun zəif obrazının olmaması idi. O, Azərbaycan komediya janrında öz sözünü demiş sənətkarlardandır. Siyavuş Aslan 70 yaşında da səhnəyə çıxıb obrazını tamlıqla tamaşaçıya təqdim edə bilirdi. Bir neçə il xəstə olmasına baxmayaraq, truppamızda onun nəfəsi duyulurdu. Mərhum bizim teatrda bir çox baş rollar oynayıb. İstəyərdim ki, onun oynadığı tamaşalardan birini yenidən bərpa edək. Aktyor söyləyirdi ki, tamaşada elə mizanlar var ki, artıq mən onu fiziki cəhətdən yerinə yetirə bilməyəcəm. Əgər aktyor tamaşanı fiziki cəhətdən göstərə bilməyəcəksə, demək ki, o tamaşa yoxdur. Siyavuşu sonuncu dəfə xəstəxanada görmüşəm. Əməliyyat olunan zaman gözünü açanda başının üstündə mən var idim. Son dönəmlər mətbuatda aktyorun yanına heç kimin getmədiyi kimi yanlış informasiyalar yayımlanmağa başlandı. Əslində bu belə deyil. Hər həftə teatrın 2-3 aktyor-aktrisası onu ziyarət edirdi və ona ümid verirdik ki, yenidən səhnəyə qayıdacaqsan və sənin üçün xüsusi tamaşa hazırlanacaq”...
Mərasim bitdikdən sonra aktyorun cənazəsini teatrdan alqış sədaları altında çıxardılar. Beləcə, Siyavuş Aslan həmişə olduğu kimi, teatrdakı son obrazına görə də alqışlarla qarşılandı və alqışlarla yola salındı... Ailə üzvlərinin və sənət dostlarının çiynində ikinci Fəxri Xiyabana aparılan aktyor, burada torpağa tapşırıldı. Allah rəhmət eləsin!
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər