AZE | RUS | ENG |

BVF-nin icmalı qlobal böhrandan xəbər verir?

BVF-nin icmalı qlobal böhrandan xəbər verir?
Ekspertlər deyir ki, dünya iqtisadiyyatının artım tempi indiki dövr üçün qaneedicidir

Bu günlərdə Beynəlxalq Valyuta Fondunun «Dünya maliyyə sabitliyi» icmalında qeyd edilib ki, son zamanlar dünya iqtisadiyyatında qeydə alınan bir sıra amillər mənfi tendensiyaların yaranmasına səbəb ola bilər. Bu amillərin növbəti iqtisadi böhrana səbəb olacağı müzakirə mövzusuna çevrilib. Beynəlxalq Valyuta Fondu hesab edir ki, indi dünya iqtisadiyyatında təhlükələr atır və bu, ilk növbədə riskli aktivlərin qiymət və kotirovkaların artması ilə bağlıdır. İcmalda o da vurğulanır ki, son 6 ay ərzində dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında risklərin azalması müşahidə olunur və nəticədə bazarlarda investorlar tərəfindən risk «istəyi» artıb. Fondun icmalında bildirilib ki, psixoloji amillə yanaşı, konkret seqmentlər müşahidə olunur ki, bunların sırasında rekord səviyyədə aşağı olan faiz dərəcələrini misal göstərmək olar. Dünya iqtisadiyyatına əksər ölkələrdə böhrandan çıxış tam bərpa olunandan sonra mərkəzi banklar faiz dərəcələrini tədricən qaldırmağa başlayır. Monetar siyasətlərin bu cür tədricən sərtləşdirilməsi mərkəzi banklardan taraz yanaşma tələb edir. Əks halda, maliyyə bazarlarında natarazlıq yarana bilər. Bu zaman ya investorlar itkilərlə üzləşə bilər, ya da dünyanın müxtəlif yerlərində və bazar seqmentlərində «köpüklərin» partlaması baş verər. Fondun fikrincə, hazırda bir sıra riskli aktivlərin qiymətləri həddən artıq şişirdilib. Bu qiymət artımının əsaslı və ya əsassız olduğu heç də vacib deyil, əhəmiyyətli olan nəticədir. Çünki yenidən dəyərləndirmə nəticəsində riskli aktivlərin qiymətləri əvvəl-axır aşağı düşərək, normal səviyyəyə qayıdacaq. Bu isə yeni dünya böhranına gətirib çıxara bilər. 

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, dünya iqtisadiyyatında risklər həmişə var: "İndiki situasiyada risklər bir neçə faktordan qaynaqlanır. Əsas səbəblərdən biri kimi maliyyə və ipoteka bazarlarında balonların formalaşmasını qeyd etmək lazımdır. Bu tendensiya hazırda daha çox Çindən qaynaqlanır. Çində bu istiqamətdə ciddi balonlar formalaşıb. Digər bir səbəb isə geopolitik siyasi  məsələlərlə bağlıdır. Xüsusilə ABŞ-ın xarici ticarət prinsiplərini yenidən formalaşdırmağa çalışması cəhdi qlobal ticarət üçün müəyyən risklər yaradır. Həmçinin, son dövrlərdə enerji bazarlarında qiymətlərin bahalaşması iqtisadiyyatı enerjidən asılı olan ölkələr üçün müəyyən mənada əlavə maliyyə yükü formalaşdırır və xərcləri artırır. Bu isə həmin ölkələrin istehsal etdiyi məhsulların dünya bazarlarında rəqabətliliyinə neqativ təsir göstərir. Son nəticədə də ölkələrin iqtisadiyyatında artım tempinin zəifləməsi ehtimalları yüksəlir. Bu baxımdan, dünya iqtisadiyyatı üçün hər zaman müəyyən risklər ehtimal olunur. Bu gün də bu risklər müşahidə olunmaqdadır. Amma düşünmürəm ki, hazırda dünya iqtisadiyyatı qlobal böhranın astanasındadır. Bu heç də belə deyil. Dünya iqtisadiyyatının artım tempi indiki dövr üçün qaneedicidir. Müəyyən mənada Çin iqtisadiyyatının artımı əvvəlki səviyyədə olmasa da, orta göstəricinin üzərindədir. 2018-ci il üçün proqnozlar 6,5-7 faiz arasında dəyişir. Bu baxımdan, qlobal oyunçuların daha məsuliyyətli yanaşması və xüsusilə də mərkəzi bankların pul siyasətində korrektələr etməsi cəhdi böhran ehtimallarını zəiflədən əsas təsirlərdəndir. Bütün bu faktorları nəzərə alsaq, deyə bilərik ki, hələlik belə bir təhlükə gözlənilmir”. 

İqtisadçı deyir ki, Azərbaycanın iqtisadiyyatında risklər  daha çox enerji bazarlarında baş verən proseslərdən asılıdır: "Azərbaycan iqtisadiyyatı da öz növbəsində dünya iqtisadiyyatına inteqrasiya olunub. Qlobal böhran olacağı təqdirdə, ilk növbədə enerji bazarlarında tələbin həcminə əhəmiyyətli təsir göstərəcək və neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Neftin qiymətinin ucuzlaşması isə son nəticədə Azərbaycan üçün arzu olunmayan çağırışların formalaşmasına səbəb ola bilər. Çünki biz iqtisadiyyatımızın neftdən asılılığını hələ də sıfıra endirə bilməmişik. İstehlak iqtisadiyyatı hələlik Azərbaycanda böyük paya malikdir. Bütövlükdə götürdükdə isə böhran Azərbaycanın xarici ticarət tərəfdaşlarının valyuta bazarlarında valyuta məzənnəsinə, həmçinin bu ölkələrin alıcılıq gücünə mənfi təsir göstərə bilər. Amma riskin əsas mənbəyi valyuta bazarlarında ABŞ dollarının mövqeyi, enerji bazarında isə neftin qiyməti hesab olunur. Amma bu gün üçün qeyd edilən risklər hələlik gözlənilmir”. 

İqtisadçı millət vəkili Azər Badamovqeyd etdi ki, iqtisadiyyatda qlobal böhranın təsirləri hələ də hiss olunmaqdadır: "Bir çox ölkələr bu böhranın nəticələrini hələ də aradan qaldıra bilməyiblər. Azərbaycan onlardan fərqli olaraq vaxtında görülmüş tədbirlər nəticəsində böhranın nəticələrini minimuma endirə bilib. Azərbaycan iqtisadiyyatı qlobal böhran risklərinin təsirindən daha az zərər çəkdi. 2015-2016-cı illərdə baş verən proseslərdən sonra ölkə başçısının düşünülmüş iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının diversifikasiyası həyata keçirildi. Azərbaycan iqtisadiyyatının neft sektoru üzərindən qeyri-neft sektoruna keçilməsi prosesi sürətlə davam etməkdədir. Bu gün Azərbaycanın qeyri-neft sektoru iqtisadiyyatımızda kifayət qədər payı olan bir sahəyə çevrilib. Böhranın olacağı tədbirdə onun ölkəmizə təsirlərinin cüzi olacağını demək olar. Çünki iqtisadiyyatımızın inkişaf tempi qorunub saxlanmaqdadır”.

Şəbnəm Mehdizadə
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000