• cümə axşamı, 18 aprel, 10:07
  • Baku Bakı 12°C

BVF-nin Azərbaycanla bağlı nikbin proqnozu

04.05.18 10:00 678
BVF-nin Azərbaycanla bağlı nikbin proqnozu
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə Fondun "Regional Economic Outlook: Middle East and Central Asia Update” hesabatında deyilir. Proqnozlara əsasən, bu İl Azərbaycanın ÜDM-i 45,5 milyard dollara çatacaq. Gələn il bu göstəricinin 47,9 milyard təşkil edəcəyi gözlənilir. Analitiklərin fikrincə, 2018-ci ildə Azərbaycan hökumətinin gəlirləri ÜDM-in 38 faizini və ya 17,3 milyard dollara yaxın, xərcləri isə 36,6 faizini (16,65 milyard dollar) təşkil edəcək. 2019-cu ildə gəlirlər ÜDM-in 39 faizi (18,68 milyard dollar), xərclər ÜDM-in 37,8 faizini (18,1 milyard dollar) təşkil edəcək.Eyni zamanda BVF-in proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanın ixracatı 22,4, 2019-cu ildə 23,6 milyard dollara bərabər olacaq. Yaxın iki il ərzində Azərbaycanda cari əməliyyatların profisiti 2,6 milyard və 3,3 milyard dollar təşkil edəcək.

BVF-nin proqnozlar nə dərəcədə reallığı əks etdirir? Ümumiyyətlə, beynəlxalq maliyyə qurumlarının Azərbaycan haqqında müsbət rəyləri nəyin təzahürüdür?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyir ki, bu göstəricilər görülən işlərin nəticəsi kimi qiymətləndirilə bilər: "2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektorunda ciddi artım əldə olunub. Ümumiyyətlə, ölkə başçısının apardığı iqtisadi strategiyanın başlıca məqsədi iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək və qeyri-neft sektorunun şaxələndirilmiş inkişafını təmin etməkdir. Bu məqsədlə, 2016-cı ilin sonlarında böyük təhlillərə söykənən strateji yol xəritəsi tərtib olundu. Ölkənin ümumilikdə iqtisadi inkişaf hədəfləri və eləcə də ixrac potensialı müəyyənləşdirildi. Qısa müddət ərzində artıq xeyli uğurlara imza atmışıq. Kənd təsərrüfatı, turizm, İKT və digər sahələrdə çox mühüm uğurlar əldə olunub. Artıq ölkənin ixrac potensialı artır. Daxili tələbatın ödənilməsi üçün digər mühüm işlər öz həllini tapır. Görülən işlər və əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2018-ci ildə qeyri-neft sektorundan ən azı 3 faizə yaxın artım əldə olunacaq. BVF kimi maliyyə qurumları bütün ölkələrdə iqtisadi prosesləri yaxından izləyir və statistik göstəriciləri diqqətdə saxlayır. Azərbaycan artıq öz hesabatlarını dünya statistikalarına uyğun tərzdə həyata keçirir. Beynəlxalq standartlara uyğun olan mühasibatlıq sisteminə keçid etmişik. Əldə olunan nəticələrin statistik göstəriciləri iri maliyyə qurumları tərəfindən öyrənilərək təhlil edilir. Faktlar və görülən işlər əsasında təhlillər aparılır. Belə qurumların bizim haqqımızda müsbət rəy verməsi əlbəttə, sevindiricidir. Bu təhlillər tamamilə reallığı əks etdirir. Müsbət qiymətləndirmələr ölkəyə investisiya qoyuluşunun həcminə də yaxşı təsir göstərir.BVF-nin Azərbaycanla bağlı nikbin proqnozları ölkəyə investisiya axınının təmin edən ən başlıca faktorlar sırasında dayanır”.

İqtisadçı-alim Vüqar Bayramovda proqnozların reallığı əks etdirdiyini bildirdi: "Fond nəzərdə tutulan proqnozlarında dəyişiklik etdi və Azərbaycan üçün inkişaf proqnozunu daha da artırdı. Təkcə qeyri-neft sektoru üçün deyil, həm də bütövlükdə ÜDM-ə aid edilən proqnozlar artırıldı. Azərbaycan iqtisadiyyatının indiki durumu neftin dünya bazarındakı qiymətinin stabil qalması və qeyri-neft sektorunun dinamik inkişafı imkan verir ki, Azərbaycan fondun proqnozlaşdırdığı kimi artıma nail ola bilsin. Hesab edirəm ki, artım proqnozları indiki şərtlər daxilində real görünür. 2018-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft ixracatında 35 faiz artım əldə olunub. Azərbaycanın dövlət ehtiyatları 2,2 milyard dollar həcmində artıb. Bütün bunlar ondan xəbər verir ki, qeyri-neft sektorundakı artım 2018 və növbəti illərdə də daha sürətli artım üçün zəmin formalaşıb. Neftin dünya bazarında qiymətinin stabil qalması bizim üçün çox vacibdir. Çünki neftin qiyməti ölkəyə daxil olan vəsaitlərin həcmini müəyyənləşdirən ən əsas faktorlardandır. Neftin qiyməti Azərbaycanda ÜDM həcmində olan artım tempini müəyyənləşdirən mühüm faktorlardan sırasındadır. Neft sahəsi ilə yanaşı, qeyri-neft sahəsi də hal-hazırda böyük əhəmiyyət kəsb edir. Artım tempinin qorunub saxlanması və həcminin genişləndirilməsi bizim üçün çox mühümdür. BVF daxil olmaqla, digər maliyyə qurumlarının da proqnozlaşdırdığı kimi, 2018 və növbəti illərdə Azərbaycanda daha yüksək iqtisadi artıma nail olmaq imkanları kifayət qədər genişdir. Son illər ölkə üçün iqtisadi artım təkcə Azərbaycan hökuməti tərəfindən deyil, eyni zamanda bütün maliyyə qurumları tərəfindən proqnoz edilir. Belə qurumların Azərbaycan haqında yüksək qiymətləndirilmələri təqdirəlayiq haldır. Bu mənada, artım proqnozlarının verilməsi nəticə etibarı ilə Azərbaycanda, xüsusilə qeyri-neft sektorunda inkişaf tempinin qorunub saxlanacağından xəbər verir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər