• şənbə, 20 Aprel, 10:30
  • Baku Bakı 14°C

Buyurun, imtahanın gedişini izləyin

16.01.20 20:04 707
Buyurun, imtahanın gedişini izləyin
Azərbaycan Dillər Universitetində media tur təşkil olundu

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə media tur təşkil olunub. Media turda KİV nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri və tələbələrin valideynləri iştirak edirdi.
Universitetin rektoru, akademik, Kamal Abdulla qonaqları salamlayaraq bəzi məqamlara diqqət çəkdi: "Qarşıda görüləsi işlər, planlar çoxdur. Məqsədimiz tələbələrimizi peşəkar kadr kimi yetişdirib, iş həyatına atılmasını təmin etməkdir. Hal-hazırda istehsalat təcrübəsi ilə bağlı müxtəlif planlarımız var. Müəllimlik ixtisası üzrə təhsil alan tələbələr təkcə Bakı məktəblərinə deyil, o cümlədən köçkün məktəblərinə də təcrübəyə göndərilir. Tələbələr özləri də bu məsələdə fəallıq nümayiş etdirir. Bu, sevindirici haldır. Çalışırıq ki, onlar təcrübə prosesində iş həyatını mənimsəyə bilsinlər. Mən özüm də onlara bunu tövsiyə edirəm. Universitetin imici kifayət qədər yüksəkdir. Bu məsələdə bir çox şirkətlər bizimlə əməkdaşlıq edə bilər”.
ADU-nun prorektoru Novruz Məmmədov bildirdi ki, hal-hazırda universitetin yetişdirdiyi kadrlara əmək bazarında böyük ehtiyac var: "İmtahan, tədrisin formalaşmasında ən vacib elementlərdən biridir. Biz istərdik ki, siz də imtahanların gedişini izləyib öz fikirlərinizi bildirəsiniz. İmtahan həm də çox böyük məsuliyyət tələb edir. Hər bir xalqın ən böyük sərvəti onun xalqıdır. Xalqın təhsilli olması isə ölkənin qüdrəti, inkişafı deməkdir. Çalışırıq ki, universitetimiz müasir təhsil sisteminin çağırışlarına cavab versin”.
Təhsil eksperti Şahlar Əsgərov söylədi ki, imtahanların şəffaf şəkildə keçirilməsi çox vacibdir: "Haqq-ədalət hər şeydən üstündür. Xüsusilə, təhsil sahəsində kimlərinsə marağını müdafiə etmək lazım deyil. Son illər təhsil sahəsində bəzi xoşagəlməz hallar müşahidə olunur. Təhsil ictimai mənafenin maraqlarından çıxış etməlidir. Sevindirici haldır ki, hal-hazırda universitetlərimizdə təhsil mühiti xeyli yaxşılaşdırılıb. Müəyyən inkişaf hiss olunur. Bu universitetlərin siyahısında ADU-nun da adını çəkmək olar. Amma hələ də bəzi problemlər qalmaqdadır. Təhsil elə bir sahədir ki, burada islahat aparmaq çox çətin məsələdir. Bu gün tələbələrə yüksək səviyyədə ali təhsil verən universitetlərimiz çoxdur. Amma orta məktəblər haqqında eyni şeyi deyə bilməyəcəyəm”.
Daha sonra jurnalistlər, təhsil ekspertləri, tələbələrin valideynləri imtahan otaqlarına baş çəkərək imtahanların gedişini izlədi. Ekspertlər öz təklif və iradlarını bildirərək tələbələrin imtahanlar haqda fikirlərini soruşdular. Diqqət çəkən məqamlardan biri də imtahan proqramlarının yüksək səviyyədə hazırlanması oldu. Bir neçə ixtisas üzrə təşkil olunan imtahanlara baxış keçirildikdən sonra KİV nümayəndələri imtahan nəticələrinin yoxlanıldığı mərkəzdə də oldu. Müəllimlərin fikirləri dinlənildikdən sonra nəticələrin yoxlanılması zamanı hansı meyarların əsas götürüldüyü müzakirə edildi”.
Media tur başa çatdıqdan sonra təhsil ekspertləri, jurnalistlər, tələbələrin valideynlərinin sualları cavablandırılıb. Yekunda görüləsi işlər, qarşıya qoyulan hədəflər haqqında KİV nümayəndələrinə məlumat verildi.
Qeyd edək ki, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 30 dekabr 2019-cu ildən 1 fevral 2020-ci ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin, imtahanda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi nəzərdə tutulub”.

Şəbnəm







banner

Oxşar Xəbərlər