• cümə, 19 Aprel, 11:44
  • Baku Bakı 13°C

Bütöv zaman

26.09.19 10:00 792
Bütöv zaman
Hər şeyin anti-materiyası var. Təkcə fəlsəfədən başqa. Çünki fəlsəfə materiya deyil. Buradakı "anti” kəlməsi materiyanın ziddi demək deyil. Onun tərs üzü, içi, mahiyyəti, bəlkə də ruhu deməkdir. "Anti” kəlməsi doğru olmaya da bilər. Ancaq həqiqətdə anti-materiya materiya olmayandır.
Bəs o zaman materiya olmayan necə materiyada ola bilir? Bəlkə əksinə, materiya anti-materiyadadır? Onlar birləşmiş vəziyyətdədir, yoxsa ayrı? Biri olmadan digərinin varlığı, fəaliyyəti və ümumiyyətlə, mövcudiyyəti nə dərəcədə mümkündür? Fəlsəfi mətnlərdən fərqli olaraq, burada suallar ritorik deyil. Biz də bilməsək, onların mütləq bir cavabı var.
Ancaq doğulan suallar məntiqin yaratdığı məfkurə hamiləliyinin nəticəsidir. Sualı, sadəcə sual verməyi xoşlayan filosoflar kimi sual xətrinə verməsək, onun mütləq bir cavabı olacaq. Zatən, hərəkətin mühərriki suallara tapılan cavablardan doğulan yeni suallarla işləyir. Yenə də sual yarana bilər ki, bəs, əgər hər tapılan cavab yeni bir sual doğurursa, o zaman hansı məntiqdən və hansı nəticədən söhbət gedə bilər? Haqsız sualdır. Çünki, səfsəfədir, yəni beynəlmiləl dildə desək, sofistikadır. Sofistlər hər zaman məntiqsizlikdən qidalandıqları üçün, bilə-bilə, qəsdən tamamlanan hərəkətin eyni nöqtəyə gəlmədiyini inkar edirlər. Yəni həqiqət budur ki, bəli, hər cavab yeni bir sual doğurur. Ancaq bu sual, göründüyü kimi, yenidir və irəliyə doğru atılan addımdır.
Fəlsəfə isə nəyə görəsə, səfsəfə ilə həmqafiyə gəlir mənə! Bəli, fəlsəfənin anti-maddəsi yoxdur. Dediyimiz kimi, fəlsəfə özü maddə olmadığı üçün, onun batini də yoxdur. Onda belə çıxır ki, anti-materiya batin deməkdir. Çünki materiya hər zaman zahirdir, yəni izhar olunandır, görünəndir, anlaşılandır. Fəlsəfədə isə nə anlaşılan var, nə anlaşılmayan. Çünki filosoflar belə istəyir. Hər hansı bir fəlsəfəni anlamaq da onu bitirəcək, anlamamaq da. Daha dəqiq ifadə etsək, anlayan tanıyacaq, anlamayan uzaqlaşacaq. Tanınan şey tükətilən qida kimidir. Bir dəfə yeyildikdən sonra, ikinci dəfə ona maraq olmur. Anlaşılmazlıq isə tənbəlliyə meylli olan insan beynini yorur. Beləliklə də, filosoflar gündəmdən düşməmək üçün bəşəriyyəti hər zaman anlamaqla anlamamaq arasında tutmağa çalışıblar. Fəlsəfə özünü Günəş kimi aparır; necə deyərlər, yaxınlaşsan yanarsan, uzaqlaşsan donarsan. Lakin həqiqi Günəşdən fərqli olaraq, fəlsəfə bəzən işıq deyil, qaranlıq saçır! O, bəzən, həyatın deyil, ölümün mənbəyinə çevrilir. Ən sevdiyim, bəlkə də tək sevdiyim şair, rəhmətlik İskəndər demişkən: "Felsefe ağaç olsa, hangi meyveyi verirdi?”
Cavab isə birdir – fəlsəfə meyvəsiz ağacdır.
Hər şey bir bütövdür. Ancaq bu bütövün içərisində zamanın şəkli necədir? Bu bütövə nisbətdə zaman nisbidir, yoxsa mütləq? Məsələ burasındadır ki, zamanın ən müxtəlif nəzəri tərifləri məkanın, yəni hər şeyin bir bütöv olduğu anlaşılıb qəbul edilmədiyi vaxtlarda ortaya çıxmışdı. Zatən, hər şeyin ayrı zamanı olduğunu deyənlər, bütövlüyü qəbul edə bilməzdilər. Bu, uzaq tarix deyil. Yəni bütövlük hələ də sual altındadır. Lakin məsələ tamamilə fərqli və qəlizdir. Yeni fikir isə ondan ibarətdir ki, zamanın mütləqiliyi ilə məkanın bütövlüyü tamamilə ayrı-ayrı şeylərdir. Yəni Yerin ayrı, Marsın ayrı, yeməyin ayrı, yuxunun ayrı zamanının olması onların bütövlüyü ilə tərs mütənasib deyil. Dolayısı ilə, onların bütöv olması da zamanın mütləq olması anlamına gəlmir.
Bütövlük dərkin gerçəkliyidir. Həm də bir mənada gerçəkliyin dərkidir. Bunlar isə başqa-başqa məfhumlardır. Bir az incələsək, görərik ki, dərk etmək ayrıca bir gerçəklikdir. İdrak gerçəkləşməyənə qədər gerçəklik idrak edilə bilməz. Bəs idrakın gerçəkləşməsi nə deməkdir? Haqlı sualdır. Yəni bir cavabı vardır. Elə başlayaq bütövdən. Bütövün gerçəyi, Qalileyin termini ilə desək, gerçəyin diaqrammasdır. Lakin var olan heç nə dərk olunmadan gerçək deyil. Çünki idrak fərdidir və ona yalnızca daxildən müdaxilə etmək mümkündür. Kobud bir misal çəkək. Məsələn, tutaq ki, bizim uzaq yerdə bir qardaşımız və ya övladımız var. Ancaq biz onu nəinki tanımırıq, hətta onun varlığından belə xəbərimiz yoxdur. Bu zaman o, bizim qardaşımız və ya övladımız deyil. O, sadəcə mövcuddur. Yalnız onu tanıdığımız zaman biz belə bir varlığın mövcudiyyətindən xəbər tuturuq. Yəni idrakımız gerçəkləşdiyi zaman biz həmin gerçəyi idrak edə bilirik. Dərkimiz aləmdən asılı olduğu kimi, aləm də dərkimizdən asılıdır. Bütövlük deyə bir şey varsa, onun varlığı heç bir məna kəsb etməyəcək - biz onu görməyənə qədər. Çünki mənanın özünün mənası özündən çıxıb başqalarına nüfuz etməkdir. Gerçəklik gerçəklərə nüfuz etmirsə, o, gerçək deyil. Bu mənada kainat da bizim idrakımıza bağlı bir məfhumdur. Həzrət Əlidən nəql edilən bir kəlam var: "Elm bir nöqtə idi, cahillər onu parçaladı”. Bəli, kəsrət öncə bizim idrakımızda baş verir. İdrakımız parçalandığı zaman biz nə etsək də, bütövlüyü görə bilmirik. Halbuki, o, bir bütövdür. O, bizim sistem anlayışımızın kənarında mövcud olan bir sistemdir. Anlayışımızın müəllifi isə bizik. Ona görə də, yuxarıda işlətdiyim ifadəyə bir də qayıdaraq, demək istərdim ki, idraka kənar müdaxilə mümkün deyil. Bizə müəllimlik edənlərin ustadı elə bizik. Biz tələb etməsək, onlar müəllim ola bilməz. Əslində isə bilmək istədiyimiz şeyləri biz çoxdan bilirik. Sadəcə, bu bilgi bizim materiyamızın alt qatında gizlənən anti-materiyanın içərisindədir. Bəlkə də elə anti-materiya bu bilginin özüdür?!
Bizim kainatla bütövləşdiyimiz anlar olur. O anları gördüyümüz zaman idrakımız gerçəkləşir və dediyimiz kimi, gerçəyi idrak etmiş oluruq. An məsələsi, əslində bütöv zaman deməkdir. Çünki bütövün parçası olmur. Sadəcə həcmi və kütləsi olur. Yəni, laboratoriyadakı dəniz suyu ilə balinaların yaşadığı bir dəniz suyu arasında heç bir fərq yoxdur. Kütlənin və həcmin müxtəlifliyi isə heç nəyi dəyişdirmir. Bu barədə çox demişik, çox yazmışıq. Lakin bu gün hədəfimiz bütöv məkan yox, bütöv zamandır.
Biz düşünürük ki, zaman nə nisbidir, nə də mütləq. Zaman bəlkə də üçüncü bir şeydir, yəni bütövdür. Çünki ən azından, digər ikisinin cavabı tapılmayıb və elmi isbatı hələ ki, ortada yoxdur. Yəni alimlər hələ dəqiq müəyyən edə bilmirlər ki, zaman nisbidir, yoxsa mütləq. Bunların hər ikisinə ayrı-ayrılıqda inananlar var. Ancaq elmdəki inancla dindəki inancın prinsipcə ciddi bir fərqi yoxdur - əgər ortada dəlil-sübut, yəni idrakın gerçəkləşməsi ilə baş tutan gerçəyin idrak edilməsi prosesi yoxdursa. Elə bu boşluqdan istifadə edib, bir fərziyyəni də biz ortaya ataq. O da bundan ibarət olsun ki, görünən, görünməyən, idrak edilən, edilməyən hər şey, yəni bütün materiya, dolayısı ilə məkan bir bütövdən ibarətdirsə, deməli, zaman da bütöv ola bilər. Nə deməkdir bütöv zaman? Məsələn, çox sadə, keçmiş var, bu gün var, gələcək var. Bu, zamanın köhnə tərifidir. Yeni tərif isə bundan ibarətdir ki, nə keçmiş var, nə bu gün var, nə gələcək var. Yanlış anlaşılmasın, mən İstanbulun Bəyoğlundakı işsiz fəlsəfə klublarının bir üzvü deyiləm. Deyəcəklərim çox daha fərqli şeylərdir. Məsələn, belə düşünək; keçmişdən olanlar və gələcəkdə olacaqlar indi baş verir. Daha doğrusu, birlikdə baş verir (çünki "indi”nin özü də zaman bölünməsidir). Astrofizikada zaman bükülməsi deyə bir anlayış var. Bu, bir azacıq ona bənzəyir. Tutaq ki, hər kəsə məlum olduğu üzrə, qalaktikalarda elə ulduzlar var, məsələn, yüz min il bundan öncə sönüb və qara dəliyə çevrilib. Ancaq o bizdən yüz min işıq ili uzaqda olduğuna görə, ona baxanda bu günü yox, yüz min il öncəni görürük. Bu gerçəklikdən çıxış edərək, gələcəyi də yaşamaq olar və yaşayırıq da. Bizim bəzən hiss etdiyimiz şeylər, əslində hiss deyil, gerçək yaşantıdır. Məsələn, bir hadisənin olacağını bədənimizdəki ağrılardan, ürək sıxıntılarından, hətta yuxulardan-filandan anlayırıq. Hətta iş o yerə çatır ki, bu şeylər yüz dəfələrlə, min dəfələrlə təkrar olur və biz artıq ondan əmin oluruq. Və buna "hiss etmək” deyirik. Halbuki, hiss çox kiçik bir məfhumdur. Biz həmin gələcəyi olduğu kimi yaşayırıq. Sadəcə bundan xəbərsiz oluruq. Yəni idrak etmirik, daha dəqiqi, idrakımız gerçəkləşmir.
İdrakın gerçəkləşməsinin insanlığın ruhi-mənəvi intellekt tarixində bir çox nəzəri və əməli örnəkləri mövcuddur -Katarsisdən tutmuş, "Ənəlhəqq”ə qədər!
Məşhur Nikola Teslanın zamanda səyahət fərziyyəsi müəyyən mənada həqiqətə yaxın bir şeydir. Lakin onun "səyahət” dediyi şey bütöv zaman anlayışını qarşılamır, çünki bu səyahətin özü də zamanın parçalanmağı deməkdir. Məkanda bütövlük təşkil edən anlayışın fərqli və dəyişkən zamana sahib olması ağlasığan deyil. Məsələn, tarixdə "kahin”, "peyğəmbər”, "övliya” adını almış çox kimsələrin öncəgörmələri, əslində öncəgörmə deyil, zamanın bütövlüyünün dərkidir. Sadəcə, onların bəziləri bu dərkin özünü dərk etməyiblər, bəziləri isə bunu başqalarına izah etməkdə çətinlik çəkiblər. Bəli, dərkin də bir dərki var. Dərk etdiyi şeyi deyil, məhz etdiyini dərk edənlər daha böyük idrak sahibləridir. İnsan bəzən bir şeyi anladığının fərqində olmur. Beyində ümumiləşmiş, yəni bütövləşmiş bir mənzərə yaranmır. İnsanın materiyası coxhüceyrəli olsa da, hər şey kimi onun da anti-materiyası təkhüceyrəlidir. Çünki bu da bilinən bir həqiqətdir ki, hər hansı bir şey parçalanmasa üzə çıxmaz. Yəni zahir kəsrətin, batin isə vəhdətin əlamətidir. Bu mənada bütöv zaman həm də vahid zaman deməkdir. Təkhüceyrəli, yəni təkməkanlı anti-materiya həm də təkzamanlıdır.
Bəs o zaman necə etmək olar ki, materiya anti-materiyanı gizlətməsin? Yəni biz bizə necə mane olmaya bilərik? Əgər materiyanı öldürsək, o zaman anti-materiyanın da bir mənası qalmır. Çünki yuxarıda dediyimiz kimi, mənanın da öz mənası var ki, bunlardan biri də vəhdətin, yəni batinin kəsrətdəki, yəni zahirdəki dərkidir. Materiya anti-materiyanın bədəni kimidir. O ruhun kimə mənsub olması çox önəmli olduğu üçün, həmin kimliyin yoxluğu o ruhun da yoxluğu deməkdir. Bəli, fani dediyimiz bu dünyanın yaradılış və israrlı davamiyyətinin mənası və mahiyyəti məhz elə bundan ibarətdir!
Şərqdə və Qərbdə bəzi inanc və fəlsəfələrə görə, maddi bədən də ölmür. Dolayısı ilə, başqa şəkildə yenidən həyata qayıdır. Əlbəttə, bu, sadəcə bir inancdır, ən yaxşı və aktiv halda fəlsəfədir. Lakin fəlsəfə və xüsusilə də, inanc sistemi, insan beynini, insan idrakını heç zaman qane etməyib. Yəni "bütün bunlar yalandır” demirik, onları dərk etmək, yaşamaq istəyirik. Bəli, gerçək olan yaşantıdır. Fəlsəfə məhz buna görə ölüdür. "Əməli fəlsəfə” deyə bir şey yoxdur və ola da bilməz. Çünki fəlsəfə ayrı şeydir, əməl ayrı şey. Fəlsəfə hər şeyin içində vardır. Hər şeyin içində olan isə ayrılıqda mövcud ola bilməz. Olsa, səfsəfədir, fəlsəfə deyil. Fəlsəfə həm də əməlin bitdiyi yerdə başlayır. Hər hansı bir dahiyanə incəsənət əsəri idrakın gerçəkliyinə bəs edir. Ona fəlsəfə yükləmək, sadəcə olaraq, onun yükünü artırır, onu daşımağı çətinləşdirir. İncəsənət əməldir, fəlsəfə deyil!
Zamanın bütövləşdiyi bir şüur öz sahibini əbədiyyətə qovuşdurur. İmadəddin Nəsiminin sığmadığı şeylərdən biri də zaman idi! Nədir sığmazlıq? Əlbəttə ki, ilk növbədə sığmadığı o şeyin inkarı! Ancaq Nəsimi zamanı inkar etmirdi, onun bölünməsini inkar edirdi. Üstəlik, bu qəzəldəki həmin ifadə "dəhrü zəmanə sığmazam” şəklindədir. "dəhr” dünyadır. dünyaya və zamana sığmazılıq, əslində bütövdən ayrılmış dünyadakı zamana və parçalanmış zamanın içindəki dünyaya sığmazlıq deməkdir. Sığmaq isə birbaşa bölünmək, parçalanmaq, yəni kəsrət anlamına gəlir. Bir şeyə sığan üçün yalnız o şey vardır. Başqaları onun üçün əhəmiyyət daşımır, çünki sığdığı şey yalnız onun məkanı və sığdığı zaman da yalnız onun zamanıdır. Bu məkan da, bu zaman da ona məxsusdur, onunla məhdudlaşır. Sığmaq doğuluş, ölüm, yəni qısacası, fanilik deməkdir. Zamanın bütöv olduğunu dərk etmək, həmin zamanda var olmaq isə əbədiyyətdir! Bəli, dərk etmək, eyni zamanda, var olmaqdır. Yəni nəyi dərk ediriksə, varlığımız da ondan ibarətdir. Dərk etmədiyimiz şeyin içərisində yoxuq, çünki, dərk etmədiyimiz üçün o da yoxdur. Yoxun içərisində var olmaq mümkün deyil.
Elə bütün bunlara görə də, zaman-zaman düşünmüşəm; görəsən, Tanrını dərk etmək mümkün deyilsə, O, bizim üçün, necə, hansı şəkildə vardır?! Çünki biz Onun yoxluğunu daha tez və daha asan dərk edirik, nəinki varlığını – etiraf etsək də, etməsək də, bu, belədir...
Gəlinən nəticə isə budur ki, Tanrı da daxil olmaqla hər şey - əgər dərk ediriksə, vardır, dərk etmiriksə, yoxdur.
Ancaq bütün bunlar, bir simfoniyanı başdan-ayağa dinləmədən, sadəcə onun son notlarını eşitməyə bənzəməsin, lütfən!

Fəxrəddin Salim

banner

Oxşar Xəbərlər