AZE | RUS | ENG |

“Bütün yazdıqlarımda mən varam, sevgimdən bir zərrə var”

“Bütün yazdıqlarımda mən varam, sevgimdən bir zərrə var”
Elşad Ərşadoğlu: “Ölüm, sadəcə, bizə ayrılan vaxtın bitməsi və gəldiyimiz yerə yenidən qayıtmağımızdır”

–  Şairlər, adətən, dövlət işlərində çalışanda yazmağa o qədər də vaxtları qalmır. Nazirlik sistemində işləməyiniz yaradıcılığınıza mane olmur ki?
–  Əslində, işimlə əlaqədar olaraq kino sahəsi ilə daha çox maraqlanıram, buna görə də ədəbiyyatla məşğul olmağa çox az vaxtım qalır. Amma həmişə düşünürdüm ki, maddi baxımdan həyatımı təmin edəcək bir sahədə işləyim və şeirlərimi qazanc mənbəyinə çevirməyə məcbur olmayım. Onsuz da bizdə ancaq yaradıcılıqla məşğul olub, maddi ehtiyaclarını qarşılamaq çətin məsələdir. Şükürlər olsun ki, işlədiyim sahə incəsənətlə bağlıdır. Kinonun da, ədəbiyyatın da mayasında söz dayanır. Kinoda ədəbiyyat da var, teatr da, musiqi də, rəssamlıq da. Ona görə də özümü kino sahəsində çox rahat hiss edirəm. 
 
– İllər əvvəl mətbuatda şair kimi təmsil olunsanız da, son illərdə daha çox kino sahəsi ilə bağlı çıxış edirsiniz. Kino adamı kimi kimliyiniz şair kimliyinizi kölgədə qoymur ki?
– Xeyr, kölgədə qoymur. Hətta deyə bilərəm ki, bu mənə müəyyən mənada üstünlük də qazandırır. Hər halda, kinoda şairlərin, ədəbiyyatda isə kino adamlarının sayı çox azdır. Amma ədəbiyyatın 20 ilə yaxın bir doğmalığını da inkar edə bilmərəm. 
 
– Şeirlərinizdə ölümə ironiya ilə yanaşırsınız...
– Bəli. Mənə elə gəlir, ölüm bizim qəbul etdiyimiz kimi qorxulu deyil. Ölüm, sadəcə, bizə ayrılan vaxtın bitməsi və gəldiyimiz yerə yenidən qayıtmağımızdır. Ölümü bu qədər ciddiyə alıb, ona qorxulu məfhum kimi nifrətlə, ənənəvi sentimental yanaşmanın tərəfdarı deyiləm. 
 
– AYB-nin Gənclər Şurasının sədrisiniz. Orada işlərinizi hansı istiqamətdə qurubsunuz və konkret olaraq sizin öhdənizə hansı vəzifələrin icrası düşür?
– AYB-dəki işim ştatla deyil, ictimai əsaslarladır. Gənclər üçün layihələr, tədbirlər təşkil edirik. Əsasən, Mədəniyyət və Turizm Nazirliyindəki gənclərlə bağlı layihələrdə yazarların da iştirakına kömək etməyə, bir növ gənc yazarların nazirlikdəki təmsilçisi olmağa çalışıram.
 
– Şeirlərinizdə ənənəvi üslub var, yəqin özünüifadə sizə bu cür daha rahatdır. Ancaq zaman və müasirlik baxımından bu sualı sizə ünvanlayıram: Müasir şeirin istiqamətini necə görürsünüz?
– Düzü, şeirdə forma mənim üçün əsas deyil: orijinal, maraqlı fikir varsa, formasının elə də önəmi yoxdur. Mənim fikrimcə, ədəbiyyat 4 pillədən ibarətdir: Birincisi, ancaq oxumaq üçün olan ədəbiyyat. Bu qismə vaxt keçirmək məqsədilə mütaliə etdiyimiz detektiv, belletristika aiddir. İkincisi, əzbərləmək üçün olan ədəbiyyatdır. Buraya standart qəliblərə və müəyyən qafiyə sisteminə malik, heç bir yeni fikir, məzmun daşıyıcısı olmayan mətnlər daxildir. Üçüncüsü, dərk olunmaq üçün olan düşüncə ədəbiyyatıdır. Ən üst – dördüncü qat isə hiss etmək üçün olan ədəbiyyatdır. Məncə, bu, ədəbiyyatın ən ali, ruhani qatıdır. Məsələn, Vaqif Bayatlı Odərin "Ağlaya-ağlaya top-top oynayan qardaşımın üzü köməyim olsun” misrasını ağılla tam dərk etmək, təhlil etmək mümkün deyil, bu cür misraları ancaq ruhunla hiss etməlisən.
 
– Müsahibələrinizdən birində sərbəst şeiri ard-arda misraları yazmaq kimi anlayanlardan gileylənibsiniz. Necə düşünürsünüz, sizin bu formada yazdığınız şeirlər digərlərindən nə ilə fərqlənir?
– Bilirsiniz, sərbəst şeirin özündə belə daxili ritm, ahəngdarlıq olmalıdır. Sadəcə, qafiyə məsələsi belədir ki, onun sayəsində şeirin yadda saxlanılması asanlaşır, insanlar daha tez qəbul edir.
 
– Müasir poeziyada iki əsas istiqamət var: lirik şeir və antilirik şeir. Şeirlərinizdən görünür ki, siz antilirik şeirin təmsilçisi deyilsiniz. Ancaq bir tendensiya kimi antilirik, sosial şeirə münasibətiniz necədir?
– Qayəsində sözün həqiqi mənasında poeziya olan hər fikrə münasibətim yaxşıdır. Düşünürəm ki, təkcə ədəbiyyatın yox, incəsənətin bütün sahələrinin ictimai, sosial məzmunu, yükü olmalıdır. 
 
– Bildiyim qədər ilə çoxlu ssenarilər oxuyursunuz, şeirinizdə oxuduqlarınızdan təsir varmı, yəni yazdıqlarınızda kino müşahidələri, "ekran gözü” yaranıbmı, yaxud təfəkkürcə hansısa şeirinizdə ssenari sxematikliyi duyubsunuzmu?
– Bu mənada ədəbiyyat kino fəaliyyətimə daha çox təsir edib, hətta bu təsir nəticəsində ssenarilər də yazmağa başlamışam. Amma kinonun şeirlərimə təsirinə tam olaraq nail ola bilməmişəm. 
 
– Şeirlərinizdə tez-tez fonetik dialektlərə rast gəlirik. Bu sizin üçün şeiri səmimi edən vasitələrdən biridirmi?
– Mənim üçün istənilən sahədə, xüsusən də, sənətdə səmimilik vacib məsələdir. Hesab edirəm ki, bəzi məqamlarda dialektlər şeirlərimin "can”ını quruluqdan, sxematiklikdən uzaqlaşdırır. Bu mənada, bəli, səmimi edən vasitələrdəndir.  
 
– Şeirlərinizdən birində "Çevirirəm sözə sevgimi, Gücüm buna çatır mənim” misralarına rast gəldim. Ümumiyyətlə, lirikanızın böyük bir hissəsi bu hiss üzərində qurulub. Bəs Elşad Ərşadoğlu necə düşünür,  hansı misrası sevgini ifadə etməyə tam qadir olub? 
– Düzü, bu məqamda konkret olaraq hansısa misramı göstərə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bütün yazdıqlarımda mən varam, mənim sevgimdən bir zərrə var.
 
– "Eşqə doğru”dakı bir şeirdə "Ölsəm, yenə əyilmərəm dərdə mən” misraları düşündürdü məni. Kitabın adı və əvvəlində bizi qarşılayan Yunis Əmrə, Mövlanə misraları kitab barədə çox şey deyir. Bəs dərdə əyilmədən eşqə qovuşmaq mümkündürmü? 
– Əlbəttə. Məncə, eşqə qovuşmaq heç vaxt dərd ola bilməz. Bu qovuşma sevgi ilə olmalıdır. Ümumiyyətlə, bir halda ki, söhbət qovuşmadan gedir, demək burada dərd artıqdır. 
 
– "Nə dərdim var, ürək açıq, əl açıq,
Sevgi böyük, vüsal sonsuz, yol açıq...  
İlk dəfədir, nabələdəm, yola çıx,
30 ildir Sənə tərəf gəlirəm...”
"İlk dəfədir” deyirsiniz. Bir də dünyaya gələcəyinizə inanırsınız?
– Əlbəttə. Bu dünya birdəfəlik istifadə üçün ola bilməz. Hökmən gələcəyəm, buna bütün varlığımla inanıram. "Bu dünyaya gələcəyəm bir də mən, bir sevginin ətəyindən yapışıb...”
 
– Şeirlərinizdən birində "Azala-azala yox olur adam” misralarına rast gəldim. Bu misralar Ramiz Rövşənin məşhur "Başını dik tutub gəzdiyi yerdə içindən yıxılır adam”ı xatırladır. Deyəsən, az da olsa, şairdən  təsirlənmə var...
– Bəli var. Sadəcə, mənim misram Ramiz Rövşən ifadəsinin bir növ əvvəli səciyyəsini daşıyır. Öz içində azala-azala yox olan insan günlərin bir günü tükənir və qəfil yıxılır... Şeirlərdən birində yazmışdım ki, "Çoxusu ömrünün sonuna qalmır, içində çürüyüb gedir adamlar...” Əslində, ətrafımızda o qədər içində çürüyüb getmiş, müqəvvası qalan adamlar var ki. Biz onların yoxluğundan ancaq qəfil yıxılanda xəbər tuturuq...
 
– Bəs hansı ağırdır? Qəfil yıxılmaq, yoxsa azala-azala yox olmaq? 
– Yəqin ki, azala-azala yox olmaq. Qəfil yıxılmaq, bəlkə də xilasdır.
 
–  Şərif Ağayar "Xürrəm” hekayəsində yazır ki, "Məncə, insan bədəninin ən yazıq əzası ayaqlardır. Ürəkdən də yazıq. Ürəyi şairlər şişirdir, inan mənə! Ürək vəfasız qadınlar kimidir. Amma ayaqlar... Ayaqlarıma baxanda kədərlənirəm”. Düşünürəm, Elşad Ərşadoğlu şair olsa da, ürəyi şişirtmir. Onu bütün həsrətlərin, ayrılıqların açarı bilib, hətta unutmağın, "mayası getməkdən yoğurulan ayaqlardan başladığını” hesab edir. Maraqlıdır, bəs sizin üçün ürək nədir?
–  Mənim üçün ürəklə ruhun sərhədlərini müəyyənləşdirmək çətin olsa da, ruh mənə görə ürəkdən daha qiymətlidir. Təəssüf ki, müasir dövrümüzdə ruhun, ürəyin rolu o qədər azalıb ki, hər tərəf demək olar düşünən robotlardan ibarətdir. Ürəyinin yerini bilməyən adamlar ciblərinin yerini əzbər bilirlər. Ən dəhşətlisi isə ürəksiz adamların arasında ürəklə yaşamaqdır. Bu, çox çətindir... 
 
– Misralardakı "tale”yinizə baxdıqda "Bəxtinizə leş kimi düşən adamlarla qarşılaşırıq”. Hər zərərdə bir xeyir, hər yaramazda bir hikmət var bəlkə də...
– Əslində, bəxtimizə leş kimi düşən adamlar bizi çox da incitmir. Çünki onların bir çoxu bizim üçün o qədər də önəm kəsb etmirlər. Bizə ən çox əzab verən misal çəkdiyiniz şeirin digər hissəsində yazdığım "gözümüzdən yaş kimi düşən adamlar”dır... 
 
Söhbətləşdi: Aysu Kərimova, Aytac Quliyeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191