• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

“Bütün xəstəlikləri müalicə etmək mümkün olsaydı...” - Portret

14.07.14 15:30 1723
“Bütün xəstəlikləri müalicə etmək mümkün olsaydı...” - Portret
Cavad Heyət Azərbaycanı çox sevir. Deyir ki, dünyanı dərk etməyə başlayandan Bakının həsrəti ilə yaşayıb. 1971-ci ildə ilk dəfə Bakıya gəlişindən sonra əlaqələri sıxlaşıb - Bakını da özünə Vətən sayıb. O vaxtdan İranla Azərbaycan arasında dostluq körpüsü yaratmağa başlayıb. Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, dünya şöhrətli cərrah Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru seçilib. O, tibb sahəsindəki böyük xidməti ilə, çoxsaylı titulları ilə yanaşı, dünyada Azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi ilə bağlı yüksək səviyyəli əsərlərin müəllifi kimi də tanınır.
Məşhur cərrahın Azərbaycana hər gəlişi təkcə bu torpağa və onun insanlarına olan sevgisi ilə bağlı deyil, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara kömək etmək istəyidir.
Son günlər onun Bakıya gəlişi və elə çox sevdiyi bu torpaqda da dünyasını dəyişməsi ilə bağlı yayılan və şükür ki, özünü doğrultmayan xəbərlər bizi yenidən görkəmli doktorun örnək olan həyat yoluna nəzər salmağa məcbur etdi.
“Varlıq” jurnalının övladları

Düz 89 il bundan öncə - 1925-ci il mayın 24-də Təbriz şəhərində dünyaya göz açıb Cavad Heyət. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından biri, Azərbaycanın məşhur maarifpərvəri, “İttihadi-islam” cəmiyyətinin qurucusu olub. Cavad Heyət orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il çalışdıqdan sonra təhsilini Fransada Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.
Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz klinikası ilə yanaşı, Tehran-Pars xəstəxanasında da çalışır. Məhz doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Doktor Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olub.
1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Onun “Tromboflebit və müalicəsi” monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s. kitabları bu gün də İranda tibbi təhsil alan tələbələrin mükəmməl dərs vəsaitidir. O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.
Cavad Heyət çoxşaxəli fəaliyyətə malik şəxsiyyət kimi dünya təbabətinə xidməti ilə yanaşı, Güney azəri türklüyünə və ümumtürk dünyasına tarixi xidmətlər göstərib. 1979-cu il İran İslam İnqilabından bəhrələnərək Güney türklərinin ilk mətbu orqanı kimi məşhur "Varlıq" dərgisini nəşr etdirməyə başlayıb. 30 ildən artıqdır ki, türk və fars dillərində dərc olunan ədəbi-mədəni dərgi "Varlıq"-ın baş redaktorudur. İldə 4 nömrə olmaqla 2 min nüsxə işıq üzü görən dərgi Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. “Varlıq” qürbətdə yaşayan həmyerlilərimiz üçün bir məktəbdir. Dünyaya səpələnən azərbaycanlılara dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatımızı, onun müasir vəziyyətini, tariximizi öyrədir. “Varlıq”dan söz düşəndə qoca alimin üzünə sanki işıq qonur: “Mən xalqımızın dilinə, ədəbiyyatına hər şeydən çox bağlıyam. Pəhləvilər dövründə xalqımızın dili qadağan idi. Mən bundan əzab çəkirdim. İslam inqilabından sonra bizə dil sərbəstliyi verildi. Bu sərbəstlikdən faydalandım və “Varlıq” jurnalını çıxarmağa başladım. Artıq 30 ildən çoxdur ki, bu işimizə davam edirik. İndi "Varlıq" bir məktəb olub. Bizdə 50-yə yaxın qəzet və dərgi çıxır. Onlar hamısı "Varlıq" jurnalının övladları sayılır”.
Doktor Cavad Heyət həm də ədəbiyyatımızın böyük tədqiqatçısı, ümumtürk ədəbiyyat tarixinin araşdırıcısı, Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan biridir. Filologiya və türkologiya elminə “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kimi dəyərli kitablar bəxş edib. Doktor Cavad Heyət yalnız Azərbaycan dili, ədəbiyyatı və onun tarixi ilə kifayətlənməyib, həmçinin bütün dünya türklərinin tarixi, dilləri və qədim ədəbiyyatına da nəzər yetirib, bir çox məqalələr çap edib, elmi əsərlər yazıb.
Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı Türkiyə Cümhuriyyətində, ürəyi və canıyla bağlı olduğu Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin elm və mədəniyyət mərkəzlərində də xalqımızın fəxr etdiyi nadir şəxsiyyətlərdən biri kimi tanınır. O, həmişə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi özünə şərəf bilir və azərbaycanlı olduğu üçün hər zaman qürur hissi keçirir.
Görkəmli alim Azərbaycan elm və mədəniyyətinin inkişafındakı, İran-Azərbaycan ədəbi-mədəni, ictimai əlaqələrinin möhkəmləndirilməsindəki böyük xidmətlərinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin “M.F.Axundov adına mükafat”ına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb. Cavad Heyət həmin mükafatlardan aldığı pulu qaçqınlara paylayıb.
Həkimlik insan peşəsidir

Bir neçə il bundan əvvəl görkəmli cərrahla görüşüb müsahibə alanda “Necə oldu ki, təbabəti seçdiniz? Bu sizin öz seçiminiz idi?”- deyə ilk sualıma “Bu, mənim öz seçimim idi. Əvvəla, təbabəti sevmişəm, daha sonra kimsəyə möhtac olmamaq üçün həkimliyi seçmişəm. Azad olmaq istəmişəm. Sərbəst yaşamaq üçün həkimliyi ən uyğun peşə görmüşəm. Həkim xəstələrə nə qədər yaxşı baxsa, nə qədər dərin bilgisi olsa, o qədər də onun şöhrəti artar, kimsəyə ehtiyacı olmaz - nə hökumətə, nə mərdə, nə də namərdə. Ona görə, alim həkim olmaq yaxşı həkim olmaq demək deyil. Həkimlik insan peşəsidir. Yaxşı insan olmadan yaxşı həkim olmaq mümkün deyil. Yaxşı həkim xalqın dəyərini duyar, xalqı bir vasitə hesab eləməz. Xalqın dərdi ilə dərdləşib, xalqın şəfası ilə fərəhlənər”- deyə cavab verdi.
Görkəmli alim gəzib gördüyü yerlərin ona həm peşə sarıdan, həm də insanlıq sarıdan müsbət keyfiyyətlər aşıladığını deyir: “Qərb dünyasını gəzərkən peşə tərəfdən çox şeylər öyrənmişəm. Çünki mənim bugünkü həkimliyim Qərbin həkimliyidir. Əskidən həkimlik bizdə qadağan olmuşdu. Sonra nəticədə sönmüşdü. Avropa intibahından sonra isə həkimlik qərblilərin əlinə keçmişdir. Qərb ölkələrini əsasən həkimlik üçün gəzmişəm və çox şeylər öyrənmişəm. Amma orda mədəniyyət də görmüşəm. Hətta insaniyyət də görmüşəm. Şərqi də əlimdən gələn qədər gəzmişəm. Şərqi sevmişəm, amma bəyənməmişəm. Sevmişəm, çünki mənimdir, mən şərqliyəm. Bəyənməmişəm, çünki geri qalmışıq, əxlaqımız da pozulub. Əlbəttə, gözəl ənənələrimiz hələ də qalır. Məsələn, mehribanlıq, qonaqpərvərlik, yaşlılara, ata-anaya məhəbbət, vəfa - bunlar qalır. Həyatda bunlar olmadan yaşamaq mümkün deyil. Mənim üçün məhəbbət, vəfa hər şeydən üstündür”.
Cavad Heyətin son dövrlər insanların daha tez-tez xəstələnməsini, xəstəliklərin sayının daha da çoxalmasını onların öz günahı hesab edir. Deyir ki, indi xəstəlik yox, xəstələr çoxalıb. Yaşayış şəraitinin dəyişməsi, çətinləşməsi, stressin çoxalması, sivilizasiyanın özü, insanların şəhərlərdə mədəni yaşamaları, bürokratik yaşayış, masa arxasında idmansız, hərəkətsiz oturmaq, avtomobilə minib evdən idarəyə, idarədən evə dönmələri, bədənin fiziki hərəkətsizliyi insanların ruhuna zərbə vurur. “Bir də ki, elmin inkişafı diaqnostikanın inkişafına səbəb olub. Ona görə xəstəliklər daha çox aşkar olunur və xəstə kimi qələmə verilir. İndi insanlar daha çox xəstələnir. Çünki həyat şəraitləri pozulub”- deyir.
Cavad Heyəti həm də Azərbaycana bağlayan dostluq telləri olub. Ədəbiyyatçı, dilçi dostları ilə həmişə münasibətlərini qoruyub saxlayıb. Rəhmətlik Mirzə İbrahimovla, Yaşar Qarayevlə, Bəxtiyar Vahabzadə, Məmməd Arazla dost olub. İndi isə Xalq yazıçısı Anarla, Elçin Əfəndiyevlə, Kamil Vəliyevlə, Sabir Rüstəmxanlı ilə dostluq edir: “Hər dəfə gələndə də onların hamısını görə bilmirəm. Çünki vaxt olmur. Vaxtım çatdıqca isə hamısını görməyə çalışıram” - deyir.
Cavad Heyət Azərbaycan Musiqisinin, poeziyasının vurğunudur. Deyir ki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biridir: “Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Zeynəb xanımı və başqalarını çox sevmişəm. Rəşid Behbudovla dost olmuşam. Mən Azərbaycan musiqisinə heyranam, həm mahnılarını, həm də muğamlarını çox sevirəm. Eyni zamanda, poeziyanızı da sevirəm. Bir zamanlar farsca Mövləvi, Hafiz və b. şairlərin 5 min şerini əzbərləmişdim. Sonra türkcə, Azərbaycan türkcəsində şerlər öyrəndim. Füzulini, Nəsimini çox sevmişəm. Ruhumun dincəlməsi, qidalanması üçün vaxtım imkan verdikcə poeziya ilə, ədəbiyyatla məşğul olmuşam”.
Son günlər görkəmli cərrahın Bakıya - ikinci vətəninə yenidən gəlişi və çox sevdiyi bu torpaqda dünyasını dəyişməsi xəbəri yayılıb. Şükür Allaha ki, xəbər təsdiqini tapmayıb. Amma 89 yaşlı alim dünyanı dərk etdiyindən ölümü labüd sayır. Vaxtilə mənimlə söhbətində dediyi kimi: «Əgər bütün xəstəlikləri müalicə etmək mümkün olsaydı, kimsə ölməzdi. İnsan elə xəlq olunub ki, əbədi deyil. Bir gün gəlib, bir gün də gedəcək...»
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər