• cümə, 29 Mart, 14:47
  • Baku Bakı 14°C

Bütün varlığı ilə cümhuriyyətçi olan ədib

28.12.16 14:00 2299
Bütün varlığı ilə cümhuriyyətçi olan ədib
"Haqqını sən mübarizə ilə alarsan” söyləyən Hüseyn Cavid (şairin şeiri 1918-ci ildə "Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı” qəzetində çap edilib) azad söz, azad cəmiyyət uğrunda mübarizə apararaq, "Füyuzat”dan Azərbaycan Xalq Cümhuriyyətinə doğru yüksələn və ona əsas olan milli ədəbi hərəkatın ən yaxın təbliğatçısı olmuşdur.
Bütün insanlıq Cavidin estetik-fəlsəfi platformasının daxilindədir
Amma bu gün də belə düşünənlər var ki, H.Cavid cümhuriyyətçi olmamış, ona əsərlər ithaf etməmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaşamamışdır.
Doğrudur, H.Cavid Azərbaycan Xalq Cümhuriyyətinə ayrıca əsər yazmasa da, bu dövrdə ictimai, mədəni işlərdə çox yaxından köməklik edərək, bir daha sübut edib ki, o, Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini alqışlamış və onun təbliğatçısı olmuşdur. Əslində, Azərbaycan yazarlarının çoxu Cümhuriyyətin qurulması prosesində yalnız əsərləri ilə deyil, şəxsi fəaliyyətləri ilə də yaxından iştirak etmiş, onun ideyalarını dəstəkləmişlər. Məsələn, Abdulla Şaiq və Hüseyn Cavid daha çox ictimai işlərdə, ədəbi birliklərin yaranmasında, xeyriyyə cəmiyyətlərinin tədbirlərində, məktəblərin milliləşdirilməsində, dərsliklərin yazılmasında fəallıq göstərmişlər. Azərbaycan Xalq Cümhuriyyəti qələbə çalanda da, ondan bir necə ay sonra da, H.Cavid Naxçıvanda siyasi mühitdən kənarda yaşamışdır.
Yaradıcılığını başdan-ayağa türkçülük, turançılıq, müstəqillik, azadlıq ideyalarının təbliğinə həsr edən, heç bir məhdudiyyət bilməyən, bəşəri qlobal problemləri qaldırmağa çalışan, bu problemlərin həlli yollarını axtaran böyük filosof hər zaman zülm altında əzilən sinfi müdafiə etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə istiqlal mövzusunda mühüm əsərlər yazmadığına görə, H.Cavidi qınamaq olmaz. Azərbaycan istiqlal məfkurəsinin formalaşmasında, müstəqil dövlətçilik ənənələrinin inkişafında mətbuatın apardığı mübarizəni sona kimi dəstəkləyən və onun bütün ictimai-siyasi tədbirlərində fəallıq göstərən, türk amalı, türk qanlı H.Cavid türklərin tarixindən yazanda da, Azərbaycanı, onun istiqlalını, azadlığını unutmurdu. Əslində, H.Cavid o qədər dahi bir sənətkar idi ki, yalnız Azərbaycan, türk dünyası, möhtəşəm Şərq deyil, bütün insanlıq Cavidin estetik-fəlsəfi platformasının daxilindədir.
Məhz bu dövrdə yaradıcılığı məktəb proqramlarına daxil edilmişdir
Tədqiqatçıların əksəriyyəti H.Cavidin "Azərbaycan Xalq Cümhuriyyəti dönəmi yaradıcılığının öyrənilməsinə məhz bu prizmadan baxmaq lazım olduğunu söyləyirlər. Milli istiqlalımızın ideoloqu M.Ə.Rəsulzadə də bu fikirdə olmuş və Cavid əfəndinin adını Azərbaycanın istiqlal mücahidləri ilə bir çəkərək "Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində şəxsiyyətinə və yaradıcılığına xüsusi məhəbbətlə yanaşmışdır. Bu haqda rəsulzadəşünaslar yazırdı: "Cavidi müasir həyatın nəbzini tuta bilməməkdə təqsirləndirən sovet tənqidçilərindən fərqli olaraq, o, müəllifin tarixi və bəşəri mövzulara müraciətini məqsədyönlü hesab edirdi. M.Ə.Rəsulzadə H.Cavidin "Topal Teymur” pyesini türk tarixini səhnəyə gətirməklə, "milliyyət” hissini təbliğ edən bir əsər kimi qiymətləndirirdi”.
"H.Cavid cümhuriyyət dövründə tamamilə susaraq, bir kənara çəkilmişdir” demək düzgün olmazdı. Çünki H.Cavid döyüşkən, mübariz, hürriyyəti, azadlığı sevən, coşqun bir şair idi. O, bu illərdə ədəbi mühitdən tam uzaqlaşmamış, ölkədə baş verən ədəbi-mədəni, ictimai hadisələrdə yaxından iştirak etmişdir. Bunu o zaman Bakıda çap olunan dövrü mətbuatda verilən məqalələr, informasiyalar, xatirələr, arxiv sənədləri də sübut edir.
O, ölkədə yeni yaranan "Yaşıl qələm” ədəbi cəmiyyətinin yaranmasına yardımçı olmaqla yanaşı, o zaman fəaliyyətdə olan ədəbi komissiyaların işində fəallıq göstərmiş, Azərbaycan müəllimlərinin iclasında idarə heyətinə üzv seçilmiş, iki ay sonra isə pedaqoji fəaliyyətindəki fəallığı nəzərə alınaraq, Azərbaycan Müəllimlər Konfransında idarə heyətinə seçilmiş, Bakıda hazırlıq kurslarında ədəbiyyatdan dərs demiş, az bir müddət qız məktəbində şəriət müəllimi işləmiş, Darülmüəllimin- Bakı Müəllimlər Seminariyasında dərs vermiş, A.Şaiqlə birlikdə 1919-cu ildə "Ədəbiyyat dərsləri” adlı dərslik yazaraq, hökumət mətbəəsində çap etdirmişdir. Məhz bu dövrdə H.Cavidin yaradıcılığı məktəb proqramlarına daxil edilmişdir.
Qaldı ki, H.Cavidin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaşamamasına, o, hələ milli hökumət qələbə çalmamışdan əvvəl H.Cavid 1918-ci ilin Mart faciəsi zamanı əsir düşmüş və xoşbəxtlikdən sağ qalaraq, Bakını tərk edib İrana, oradan da Naxçıvana getmişdir. Bu haqda onun ən yaxın dostu Abdulla Şaiq "Xatirələrim”də yazırdı: "Cavid Bakıda köhnə Nikolayevski kücəsində yerləşən "Təbriz” otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı: "Mart hadisəsinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək, getmək istəmirdim. "Nə edəcəksiniz burada edin” dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxub yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra "qalxın” əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq. Bu hadisədən olduqca mütəəssir oldum. İndi biz Hüseyn Sadıq ilə Ənzəliyə qaçmağa qərar vermişik. Bura çox təhlükəlidir. Sənə də burada qalmamağı məsləhət görürəm”.
A.Şaiq daha sonra qeyd edirdi: "Hüseyn Sadıqla Cavid iki gün sonra Ənzəliyə getdilər. Cavid oradan Təbrizə, Təbrizdən isə Naxçıvana getmişdi”.
Həmin vaxt Cavidin Naxçıvanda olması haqqında illər sonra ömür-gün yoldaşı Müşgünaz xanımın xatirələrindən oxuyuruq: "Biz 1918-ci ilin avqust ayında evləndik. Cavid həmin vaxt Naxçıvanda dərs deyirdi. Bir neçə aydan sonra Maarif idarəsindən onu Bakıya dərs deməyə dəvət etdilər”.
Ədibin 1918-ci ilin ortalarından 1919-cu ilin əvvəllərinə kimi Naxçıvanda - "Rüşdiyyə” məktəbində dərs deməsi haqqında Lətif Hüseynzadənin də xatirələrində məlumat verilir: "Mən Naxçıvanda "Rüşdiyyə” məktəbində oxuyurdum. H.Cavid bu məktəbdə dərs deyirdi. O, zahirən çox sakit və mülayim təbiətli idi. Lakin həmişə dalğın və fikirli görünərdi”.
"Azərbaycanın bənam şairi” kimi təqdim edilirdi
Cümhuriyyət dövründə istər Naxçıvanda, Tiflisdə, istərsə də Bakıda olan ədib yalnız yazmaqla deyil, həm də ədəbi-ictimai tədbirlərdə, cəmiyyətlərdə çox yaxından iştirak etməklə, pedaqoji fəaliyyətlə məşğul olmaqla da, cümhuriyyətin ideyalarının təbliğatçısı idi. Heç də təsadüfi deyil ki, akademik Yaşar Qarayev onun adını "Cümhuriyyəti ürəkdən dəstəkləyən və alqışlayan” ədiblərlə birlikdə çəkirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, elə cümhuriyyətin dövründə parlamentin qəzeti olan "Azərbaycan” da fəxrlə onu "Azərbaycanın bənam şairi” kimi oxucularına təqdim edirdi. H.Cavidin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıya ilk gəlişini də oxucularına xəbər verən "Azərbaycan” qəzeti olub. Qəzet 9 mart 1919-cu il tarixli sayında "Hüseyn Cavid əfəndinin vürudu” adlı məqaləsində yazırdı: "...Bir sənəyə yaxın müddətdən bəri biz arzusunda olduğumuz məşhur şair Hüseyn Cavid əfəndi həzrətləri yenidən şəhərimizə vürud etmiş və dün idarəmizə təşrif gətirmişdi”. Deməli, ədib Bakıya gələrkən ilk üz tutduğu yer də məhz "Azərbaycan”ın redaksiyası olub.
Qəzet sonralar da ədibin fəaliyyəti haqqında müntəzəm olaraq oxucularına məlumat verib. Məsələn, "Azərbaycan”ın 5 aprel 1919-cu il tarixli sayından oxuyuruq: "Qurtuluş” məcmuəsi yenidən nəşrə başlamış və aprelin birində birinci sayısı çıxmışdır. Müqtədir şairlərimizdən Hüseyn Cavid, Səlman Mümtaz və qeyriləri kimi aləmi ədəbiyyat və mətbuatımızda mühüm mövqe tutan əfəndilərin gözəl əsərləri məcmuə sütunlarını təzyin edir”.
Bütün bunlardan sonra qətiyyən irad tutmaq olmaz ki, H.Cavid Azərbaycan Xalq Cümhuriyyəti dövründə susmuşdur. Bildiyimiz kimi, bu dövrdə siyasi partiyalar arasında çox gərgin mübarizə gedirdi. Milli muxtariyyət uğrunda mübarizə aparan ziyalılar, milli ideoloqlar əks ideologiyanın nümayəndələrinin müqavimətləri ilə qarşılaşırdılar. Doğrudur, Cavid heç bir siyasi hərəkata qoşulmasa da, heç bir siyasi partiyanın üzvü olmasa da Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini ürəkdən, şadyanalıqla alqışlayanlardan idi. "Hürriyyət! Ah, o məncə fəqət dadlı bir xəyal... Dünyada varmı hürr əcabə? İştə bir sual!..” söyləyən ədib bir il sonra xəyal etdiyi hürriyyəti daddı, yaşadı. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Belə bir qələbəni H.Cavid kimi azadlıq aşiqi necə alqışlamaya bilərdi?!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər