“Bütün uğurlarımı 6 yaşımda simi əlimi kəsən kamançaya borcluyam”

“Bütün uğurlarımı 6 yaşımda simi əlimi kəsən kamançaya borcluyam”

Müsahibə
14 Sentyabr 2019, 10:00 932
Heydər Əliyev Mərkəzində keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimindəki konsert proqramı bu gün də diqqət mərkəzindədir. 45 dəqiqəlik konsert proqramından 3 kompozisiya "Youtube” üzərindən paylaşılıb. Onlardan Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırlanmış yeddi dəqiqəlik kompozisiya daha çox gündəmi zəbt edib. İfa zamanı Sami Yusufu 57 nəfərlik böyük bir komanda müşayiət edib. Bu günlərdə hər kəs bu kompozisiyadan danışır, ifaçıların ünvanına "əhsən” kimi ifadələr işlədir. Qeyd edək ki, "Nəsimi” kompozisiyasından öncə paylaşılan "Şirvanşah Palace” kompozisiyası da kifayət qədər diqqət çəkdi. Konsertdə kamança qrupunun rəhbəri, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin ifası da xüsusi seçilirdi. "Kaspi”nin qonağı olan T.Əsədullayev bu kompozisiyaların hazırlanması prosesindən və uğurlu nəticədən danışdı: 
 
- Dostum, əməkdar artist Sahib Paşazadə ansamblın rəhbəri idi. Mənə bu layihədə iştirak etməyi o, məsləhət görmüşdü. YUNESKO-nun qeyri-maddi, mənəvi irs siyahısına düşmüş musiqi alətlərimiz konsertdə nümayiş olunurdu. Bu konsertdə tarımız, kamançamız və digər milli musiqi alətlərimiz çox aydın şəkildə görünür. Nəinki milli musiqi alətlərimiz, eyni zamanda Qobustanın, Şəkinin tarixi və bu günü konsert proqramı çərçivəsində əks olunmuşdu. Çox gərgin məşqlər gedirdi. Bütün işlərimizi kənara qoyub, bu konsertə hazırlaşırdıq. Gecə saat birə qədər məşq edirdik. Əməkdar artist Sahib Paşazadə tar qrupuna, mən kamança qrupuna, xalq artisti Mircavad Cəfərov ud qrupuna, Çinarə Mütəllimova kanon qrupuna, əməkdar artist Fazilə Rəhimova cəng, əməkdar artist Şirzad Fətəliyev balaban, Kamran Kərimov nağara, aşıq Samirə saz qrupuna rəhbərlik edirdi. Ümumi ansamblın rəhbəri isə Sahib Paşazadə idi. Sevindirici hal ondan ibarət idi ki, komandanın bütün üzvləri azərbaycanlılardan ibarət idi. Müxtəlif alətləri bir araya toplayıb, onları bir nöqtəyə vurmağı vadar etmək çox çətin məsələdir. Məşq etdiyimiz günlər axşamları səsyazmalara gedirdik. Sami Yusuf çox səliqəli, sadə biridir, işinin peşəkarıdır. Özündən yaşca kiçik insanlara belə "zəhmət olmasa” deyə müraciət edirdi. Konsertdə qarşımızda not vardı və ona uyğun şəkildə ifa edirdik. Orada elə ifaçılar olmalı idi ki, həm notu bilsin, həm də yaxşı ifası olsun. 
 
- Yəni qeyd edirsiniz ki, orada notu bilməyən heç bir iştirakçı yox idi?
 
- Hər kəsin qarşısında not var idi və orada qeyd olunduğu kimi ifa edirdik. Bizim elə musiqiçilərimiz var ki, gözəl musiqiçidir, ancaq kifayət qədər not savadı yoxdur. Bəzən musiqiçi pedaqoji fəaliyyət göstərmir, yalnız ifa ilə məşğul olur deyə, zaman-zaman notları yadırğayır, unudur. Məsələn, el şənliklərində iştirak edir deyə, ona notları bilmək o qədər də lazım olmur. 
 

 
- "Nəsimi” kompozisiyasından öncə paylaşılan "Şirvanşah palace” kompozisiyasında kamançanın ifası qabarıq şəkildə təqdim olunur. Bu kompozisiya da milli musiqi alətlərinin müşayiəti ilə yüksək səviyyədə ifa olunsa da, "Nəsimi” qədər gündəmi zəbt edə bilmədi. Siz bunu nə ilə əlaqələndirirsiniz?  
 
- "Nəsimi” kompozisiyasında musiqi alətlərinin ifası ilə bərabər, xor, eyni zamanda "Sığmazam” qəzəlindən beytlər də səsləndirilmişdi. Bundan başqa, bu il "Nəsimi ili”dir və hesab edirəm ki, ona görə "Nəsimi” kompozisiyası daha çox dinlənildi və müzakirə mövzusuna çevrildi. Digər tərəfdən isə, yəqin ki, bu kompozisiya tamaşaçıların zövqünü tutmağı bacarıb. Bəlkə də tamaşaçılar elə "Sığmazam” qəzəlinin timsalında belə bir kompozisiyanı gözləyirdilər. 
 
- Bu sizin dünyaca məşhur ulduzları ilk müşayiətiniz deyil. 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsində xalq artisti Emin Ağalarovu da müşayiət etmişdiniz. Necə bir hissdir?
 
- Nəinki burada, dünyanın bir çox ölkələrində tanınmış sənət adamlarını kamançada müşayiət etmişəm. 2012-ci ildə mənə belə bir təklif gəldikdə, məmnuniyyətlə qəbul etdim. Müsabiqədən sonra Emin Ağalarovla birlikdə elə "Azərbaycan” mahnısını onun Bakıda Yaşıl Teatrda  keçirilən konsert proqramında ifa etdik. Belə ki, konsertin açılışı "Azərbaycan” mahnısı ilə həyata keçdi. Hətta Emin Ağalarov yarızarafat deyirdi ki, konsert səninlə açılır, çünki mahnı birinci kamança ilə başlayırdı. Təbii ki, məşhur insanlarla işləmək gözəldir. 
 
- Kamança ilə ilk tanışlığınız nə vaxt olub?
 
- Atam əməkdar artist, dosent, professor, ADMİU-nun müəllimi Mirnazim Əsədullayev, anam musiqi kollecinin kamança müəllimi Dilarə xanım Əsədullayevadır. Qardaşım Elnur Əsədullayev kanon ifaçısıdır. Mən gözümü açandan evdə kamançanı görmüşəm, kamança ilə böyümüşəm. Həyat yoldaşım Leyla Zöhrabova da musiqiçidir. O, Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kamança ilə ilk tanışlığım 6 yaşımda olub. Anamın kamançasını icazəsiz götürdüm və başladım simi ilə oynamağa. O an kamançanın simi əlimi kəsdi. Anam əlimin kəsildiyini gördü və bildi ki, onun kamançasına toxunmuşam. 9 yaşımda anam məni kamança dərslərinə yazdırdı. Birinci sinifdə artıq üçüncü sinfin proqramını öyrənirdim. İstər məktəbdə, istər Asəf Zeynallı adına musiqi kollecində keçirilən müsabiqələrdə yer tutmağa başladım. Dərslərimlə bərabər, kamança ilə məşğul olurdum, üstəlik, məni evdən kamança çalmağa məcbur edirdilər.
 

 
- İnsanı bir şeyə çox məcbur etdikdə, içində ona qarşı əks hisslər oyanır. Bəs sizdə necə?
 
- Uşaq vaxtı yaşıdlarım çöldə oyun oynayanda, məni evdə kamança çalmağa vadar edirdilər. Anam deyirdi ki, hər gün kamançaya yalnız 1-2 saat vaxt sərf edirsən. Əgər gün ərzində 5-6 saat kamançaya vaxt sərf etsən, heç kim sənin qarşında dayana bilməz. Mən isə çox az zaman kamança ilə məşğul olurdum. Asəf Zeynallı adına musiqi kollecinə qəbul oldum. İkinci kursda oxuyanda kamançanı daha çox sevməyə başladım. Atam mənə Kanadadan ev üçün maqnitofon almışdı. O illər hər evdə maqnitofon yox idi. Evimizdə kaseti olan Alim Qasımovun, Hacıbaba Hüseynovun, Ağaxan Abdullayevin, Arif Babayevin ifalarını dinləyib, kamançada ifa edirdim. O kasetləri dinləyib, müşayiət etməyi öyrənirdim. Asəf Zeynallıda oxuyaraq, həm də festivallarda, müsabiqələrdə yer tuturdum. Müsabiqələrdə qalib olduqca, bu mənə böyük stimul verirdi.
 
- Festivallarda qalib olmanızda, ümumiyyətlə kamança ifaçısı kimi tanınmanızda valideynlərinizin nə qədər rolu olub?
 
- Mənim tanınmağımda valideynlərimin heç bir rolu olmasa da, adları hər zaman üstümdə olub. Valideynlərim heç zaman imtahanlarda müəllimlərimdən mənə görə nəsə xahiş etməyiblər. İştirak etdiyim müsabiqələrə atam gəlməyib. Anam arxa cərgədə oturub, gizlincə məni dinləyib.  Müsabiqələrdə münsiflərin xəbəri olmayıb ki, mən Mirnazim Əsədullayevin oğluyam. 
 
- Müsabiqədə iştirak edəndə gözünüz qapıda qalırdımı ki, atanız yanınızda deyil?
 
- Atam məni evdən xeyir-duası ilə yola salırdı. Ancaq heç zaman müsabiqələrdə gəlib yanımda durmurdu ki, ona görə mənə yer versinlər. Atam hər zaman deyirdi ki, çalış, həyatda bütün uğurları özünə görə qazan, mənə görə yox. Sabah mən həyatda olmayanda, sərbəst hərəkət edə biləsən deyə. 
 
- Kamançanın həyatınızdakı rolu nədən ibarətdir?
 
- Kamança mənim ən yaxın sirdaşımdır. Atam müsahibələrində deyir ki, kamança olmasaydı, mənim uşaqlarım böyüməzdi. İndi də mən o sözü deyirəm. İnsanlar məni kamançaya görə tanıyır. Kamança vasitəsi ilə tanındım, xarici səfərlərə getdim, fəxri ada layiq görüldüm. Bütün bu uğurlarımı kamançaya borcluyam. Mənim tanınmağıma gəlincə isə, bu işdə həm kamançanın, həm də saçımdakı ağ xalın müstəsna rolu var. Bəzən insanlar heç adımı da bilmir, hansısa bir tədbirə dəvət edəndə deyirlər ki, "saçında ağ xalı olan kamança ifaçısını dəvət edin”. Saçımdakı bu ağ xalı Allah-təalanın mənə bəxş etdiyi ən gözəl nemət kimi qəbul edirəm. Bu gün kamança ifaçıları çoxdur. Deyəndə ki saçında ağ xalı olan, bilirəm ki, məni deyirlər.
 
- Kamança YUNESKO-nun qeyri-maddi, mənəvi irs siyahısına daxil oldu. Sizcə, dünyada kamançanın təbliğatı yetərincədirmi?
 
- Dövlətimiz xalq musiqisinə hər zaman dəyər verib. Tar, kamança, xanəndə Azərbaycan muğamının triosu və simvoludur. Kamança 2011-ci ildə YUNESKO-nun siyahısına daxil olduqda, Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycana məxsus olan kamança nəsildən-nəslə necə ötürülür” mövzusunda film çəkilirdi. O filmin əsas hissəsi bizim evdə çəkildi. Belə ki, filmdə atam, anam, mən və hətta 2 yaşlı oğlum da əlində kamança filmə çəkildi. Mənim sənətşünaslıq üzrə fəlsəfə doktorluğu işim "Kamançanın muğam sənətinin inkişafında rolu və əhəmiyyəti” ilə bağlı idi. Kamançanın tarixini araşdırdıqda gördüm ki, bizim kamançamız VIII əsrə gedib çıxır. Məsələn, Məhsəti Gəncəvi kamança ifa edib. Şeyx Səfinin, Şah İsmayılın dövründə yaranan miniatür əsərlərdə kamançanı açıq-aydın hiss görürük. Hüseyn Əvvad, Heydər Kamançayi, Mirzə Məhəmməd Kamançayi gözəl kamança ustaları olub. Dövrümüzdə İsmayıl Talışinski, Qılman Salahov, Hafiz Mirzəliyev, Fərhad Dadaşov, Elman Bədəlov, Tələt Bakıxanov, Mütəllim Novruzov, Ədalət Vəzirov, müasirlərimizdən rəhmətlik Habil Əliyev, Fəxrəddin Dadaşov, Mirnazim Əsədullayev, Ağacəbrayıl Abbasəliyev və başqalarının adını çəkə bilərik. Habil Əliyev həm də kamançanı ilk dəfə solo alət kimi ifa etməyə başlayıb. 
 
- Sizcə, Habil Əliyev kamançanı tək ifa etdiyi üçünmü məşhur olub? Demək olar ki, biz onu triolarda çox nadir hallarda görmüşük.
 
- O, trio şəklində qastrollara çox gedib, sadəcə, bu, mətbuatda o qədər də işıqlandırılmayıb. Habil müəllimin üslubu, ürəyi bir başqa idi. Ola bilər ki, sən solo ifa edərsən, ancaq o bəyənilməsin. Habil müəllimə isə belə deyildi. Sanki Tanrı Habil Əliyevə xüsusi bir istedad və ürək vermişdi. Elə ailələr var ki, Habil Əliyevə görə övladlarını kamançaya yazdırıblar. O, kamançanı həm solo, həm də gözəl şəkildə tamaşaçılara sevdirməyi bacardı. Habil Əliyev ifa edəndə, insanların qəlbinə toxunur, onları düşündürürdü. Mən onun evində olmuşam və mənim xətrimi çox istəyirdi.
 
- Trioda kamançanın rolu və əsas funksiyası nədən ibarətdir?
 
- Trioda əsas ön planda xanəndə olur. İfaya ilk olaraq tar başlayır. Tar xanəndəni müşayiət edir, kamança isə həm xanəndəni, həm də tarı müşayiət edir. Kamança müşayiətdə dayanmır. Xanəndə oxuyur, ona dəm verir, tar tək ifa olunanda ona dəm verir. Tar hərdən kök verib dayanır, xanəndə oxuyub ona cavab verir, kamança isə dayanmır. Tar mizrabı vurur, kamança isə dəmi tutub gedir. Ümumiyyətlə, tar alətlərin şahıdır. Ancaq trioda kamançanın rolu böyükdür. 
 
- Trio ayrılmaz üçlükdür və burada ifaçıların bir-birini tanıması da vacib nüansdır.
 
- Bu üçlükdə qrup üzvləri bir-birini tanımalıdır. Təsəvvür edin ki, işə yeni gəlmisiniz və o komandaya uyğunlaşmalısınız. Trio da elədir. Xanəndənin bir duyumu var, tarzənin bir. Trio şəklində ifa edəndə bilirəm ki, mənimlə birlikdə ifa edənlərin potensialı nədir. Peşəkar insanla işləmək daha rahatdır. Xanəndə bilməlidir ki, arxasında güclü bir ordu var və rahat olmalıdır. Amma ifaçı da var, deyir ki, əsas mən görünüm, o birilər görünməsə də olar. Bu, yanlış fikirdir. Sən sərkərdəsən və döyüşə gedirsənsə, arxanda mütləq güclü ordu olmalıdır. Çünki ancaq güclü ordu ilə sən qalib gələ bilərsən. Yoxsa "mən əla döyüşürəm” deyib özünü önə atsan, məğlub olarsan.
 
Xəyalə Rəis