• şənbə, 20 Aprel, 08:04
  • Baku Bakı 14°C

Bütün tələblərə əməl edilməsi ən qısa müddətdə müsbət nəticələr verə bilər

17.06.20 15:22 659
Bütün tələblərə əməl edilməsi ən qısa müddətdə müsbət nəticələr verə bilər
Karantin rejimi dövründə, xüsusən son günlərdə bəzi vətəndaşlarımızın ölkəmizdə "COVID-19” virusuna qarşı mübarizə tədbirlərinə qarşı mənfi reaksiyaları müşahidə edilməkdədir. Bu, əsasən karantin rejiminə məhəl qoymamaq və ya pozmaq, sosial şəbəkələrdə və ictimai yerlərdə narazılıq ifadə etmək, rejimin pozulmasına çağırışlar etmək və hətta görülən tədbirlər barədə yanlış hüquqi qiymətləndirmə verməklə ifadə olunur.
BunuAZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva deyib.
L.Nağıyeva bildirib ki, respublikamızda virusla mübarizə istiqamətində görülən bütün tədbirlər "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununa və ən əsası Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq qaydada həyata keçirilir. Vətəndaşlarımızın bəziləri sərbəst hərəkət hüquqlarının pozulmasından narazıdır. Həqiqətən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Lakin hüquq və azadlıqlarımız məhdudiyyətsiz deyil. Konstitusiyanın digər müddəalarına əsasən, hüquqlarımız müəyyən səbəblərə görə məhdudlaşdırıla bilər.
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, hüquq və azadlıqlar yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Əsas Qanunun 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır və hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hər kəs bilməlidir ki, Konstitusiyamıza əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipindən biri odur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir və hüquqlardan sui-istifadəyə yol verilmir.
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsində birbaşa göstərilir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
Bu kontekstdə aktual olan bir neçə məqamı xüsusi vurğulayan L.Nağıyeva diqqətə çatdırıb ki, bizim sərbəst hərəkət etmək hüququmuz başqalarının hüquq və azadlıqları ilə məhdudlaşdırıla bilər. Hər birimiz cəmiyyət və digər şəxslər qarşısında hüquq və azadlıqlarımızdan bilavasitə irəli gələn vəzifələr daşıyırıq və başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalıyıq. Yuxarıda qeyd olunanlardan belə nəticə yaranır ki, vətəndaşların sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması, Azərbaycanın qanunları və Konstitusiyasına müvafiqdir.
Bəs, karantin rejimi çərçivəsində, leyhinə sərbəst hərəkətə məhdudiyyətlər qoyulmuş bu hüquq və azadlıqlar hansılardır? "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsindən də göründüyü kimi, bütün məhdudiyyətlər əhalinin konstitusion hüquqları olan sağlamlığın və həyatın qorunması üçün tətbiq edilir.
Bilmək və qəbul etmək lazımdır ki, hüquqlarla yanaşı bizim, həmçinin vəzifələrimiz və öhdəliklərimiz də var. Azadlıq hüququmuzun təmin olunmasını tələb edərkən digər şəxslərin yaşamaq hüququnu (Konstitusiyanın 27-ci maddəsi), təhlükəsiz yaşamaq hüququnu (maddə 31), sağlamlığın qorunması hüququnu (maddə 41) pozmamalıyıq və həmin hüquqlara hörmətlə yanaşmalıyıq. Pandemiya şəraitində sərbəst hərəkət etmək azadlığı vətəndaşların sağlam və təhlükəsiz yaşamaq hüquqlarını pozur.
L.Nağıyeva deyib ki, biz hamımız "COVID-19” virusunun potensial daşıyıcılarıyıq və sanitariya-gigiyena və ya karantin rejimini pozmaqla, fərdi qoruyucu vasitələrdən istifadə etməməklə, tibbi maskalar taxmamaqla virusu yaymış ola bilərik. Bilmək vacibdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər isə ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"Cəmiyyətdə virusun olmadığının və buna dair vəziyyətin şişirdilməsinin bir çox tərəfdarları var və "mən koronavirusa inanmıram” kimi ifadələr eşidilir. Əlbəttə ki, biz fikirlərimizi və sözlərimizi ifadə etməkdə azadıq, lakin qüvvədə olan sanitariya-gigiyena və karantin rejimlərinə əməl etmək hər birimizin borcudur. "Mən bu virusa inanmıram” kimi mövqeyimizi ifadə edərkən biz hər bir halda məsuliyyətli olmalıyıq, virusun mövcudluğunu bilən və ona inanan insanların mövqeyinə və hamının sağlam və təhlükəsiz yaşamaq hüququna hörmətlə yanaşmalıyıq və buna görə qoruyucu maskalar taxmalı, məsafəni saxlamalı və müvafiq gigiyena tədbirlərini mütləq olaraq həyata keçirməliyik.
Pandemiya bəlasından daha az itkilərlə çıxmaq, bu kütləvi virusdan tez bir zamanda qurtulmaq üçün cəmiyyətin bütün üzvlərinin birləşməsi, həmrəy və məsuliyyətli olması çox vacibdir. Yalnız karantin rejiminə dair bütün tələblərə əməl etmək ən qısa müddətdə müsbət nəticələr verə bilər və tezliklə vətəndaşlarımız ölkəmizin daxilində sərbəst hərəkət edə, ölkəmizin ərazisindən kənara gedə və maneəsiz qayıda bilərlər. Bu virusun mövcudluğuna və əhalinin həyatı və sağlamlığı üçün təhlükəli olduğuna inanmamağa hər hansı bir səbəb yoxdur. Dövlətimizin başçısı və Azərbaycan hökuməti iqtisadi baxımdan mənfi nəticələrə rəğmən virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görürsə, bu o deməkdir ki, bu virus həqiqətən də təhlükəlidir və baş verənlərə ciddi və məsuliyyətli yanaşmaq lazımdır”, - deyə L.Nağıyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər