• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Bütün sevgimi kamançaya vermişəm - Sənət

10.04.15 06:15 2277
Bütün sevgimi kamançaya vermişəm  - Sənət
Pərviz Fərhadov: “Tələbə yalnız müəllimlə üzbəüz oturub, onun əlinə baxıb nəsə öyrənən şəxs demək deyil”
Zaman keçdikcə muğam sənətinə olan maraq artmaqdadır. Bu sahə orta və yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənc nəslin də maraq dairəsindədir. Belə ki, bu gün dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqələrdə bizi məhz gənc ifaçılar təqdim edir. Onlardan biri də “Aypara” muğam qrupudur. Qrupun solisti Aytən Məhərrəmova, bədii rəhbərləri isə kamançada Pərviz Fərhadov, tarda Ədalət Behbudovdur.
“Gənclik qəzeti”-nin qonağı olan Pərviz Fərhadov bizimlə söhbətində “Aypara” muğam qrupunun qazandığı uğurlardan danışdı. Bu qrup 2011-ci Respublika Muğam Müsabiqəsinin qalibi olduqdan sonra beynəlxalq müsabiqələrə ayaq açıb, iştirak etdiyi müsabiqələrdən əliboş dönməyib. 2014-cü ildə 4-cü muğam müsabiqəsinin qalibi olaraq adlarını muğam tarixinə yazdırmağı bacarıblar. 2012-ci ildə isə UNESCO-nun təşkilatçılığı ilə keçirilən “Avrasiya səsləri” 7-ci beynəlxalq festivalında birinci yerə layiq görülüblər. 2014-cü ildə Rusiyanın Çita şəhərində keçirilən Budaşkin Beynəlxalq Festivalından da qalib olaraq geri dönüblər.
- Musiqiyə olan maraq sizdə necə yaranıb?
- Bizim ailəmizdə həvəskar musiqiçilər olub. Belə ki, atam asudə zamanlarını musiqi ilə dəyərləndirir. Qardaşım Qara Qarayev adına 8 saylı musiqi məktəbində təhsil alıb. Qardaşım musiqi məktəbində oxuyanda mən ona baxıb həvəslənirdim. Vəziyyət elə gətirdi ki, ailəmdən gizli şəkildə musiqi hazırlıqlarına getdim. Hazırlığa getdikdən bir ay sonra ailəm xəbər tutdu ki, mən musiqi ixtisası üzrə hazırlaşıram və beləliklə, 1996-cı ildə 8 saylı musiqi məktəbində birinci sinfə daxil oldum. Daha sonra 45 saylı orta məktəbi 2007-ci ildə tərifnamə ilə bitirdim. Sənədlərimi hazırlayıb Azərbaycan Milli Konservatoriyasına verdim və bu arzuma çatdım. Burada muğam dərslərini əməkdar artist Elnur Əhmədovdan, not dərslərini isə Afət Kazımovadan almışam. 2014-cü ildə magistraturaya daxil olmuşam.
- Fəaliyyət göstərdiyiniz “Aypara” muğam qrupu nə zamandan yaranıb?
- “Aypara” muğam qrupu 2009-cu il dekabrın 4-dən Mənsum İbrahimov, Elnur Əhmədov, Elçin Həşimovun rəhbərlik etdiyi “Gəncliyin səsi” adlı layihədə ilk çıxışdan sonra yaranıb. Bu qrup bizə uğur gətirdi. Qrupumuzun albomu işıq üzü gördü. Əslində qrupumuzun adı Aytən Məhərrəmovanın adı ilə bağlıdır. Ayın təni, yəni Aypara.
- Gördüyümüz qədər, qrupun lideri də Aytəndir. Qrupdakı yeganə qadının - Aytənin kaprizlərinə dözmək çətindirmi?
- Elə də çətin deyil, dözürük (gülür). Biz onunla yaxşı yola gedirik. Bəzən sənət barəsində mübahisələrimiz düşür. Yaxşı mənada nəyisə müzakirə edirik. İndi hər şey qaydasındadır.
- Sizin ifanızda Araşın “Bora-bora” mahnısına çəkdirdiyiniz klipi izlədik. Xalq musiqi alətləri ilə həmin mahnının ifası cəmiyyət tərəfindən necə qarşılandı?
- Bu klipin yaranma tarixi bir qədər qəribədir. Belə ki, 2012-ci ildə Ədalət Behbudovla birlikdə “Avrasiya səsləri” 7-ci beynəlxalq muğam festivalında iştirak edib qalib gəlmişik. Bu festivala 21 dövlət qatılmışdı. Fransa, Rusiya, Belarus, türk dövlətləri, Monqolustan və digər ölkələrdən musiqiçilər bu festivala təşrif buyurmuşdu. Orada 3 turda iştirak etməli idik. Düşündük ki, nə etsək, daha cəlbedici olar. Bildiyiniz kimi, dünya musiqiləri muğam janrının üzərində qurulub. Biz də “Kalinka” rus xalq mahnısını “Bayatı-şiraz” muğamı ilə sintez etdik. Eyni zamanda, Araşın “Bora-bora” mahnısına xüsusi bir rəng qatmışdıq. Biz onu muğamla sintez etdik. Bu mahnılar hamının xoşuna gəldi. İlk gündən təşkilatçı Rusiya mədəniyyət naziri səhnəyə çıxaraq bizi təqdim etdi, bizim üçün ustad dərsləri təşkil olundu. Rusiya Mədəniyyət və İncəsənət Universitetində çıxış etdik. Öz xalq, oynaq mahnılarımızı instrumental şəkildə təqdim etdik. Bundan sonra İctimai Televiziya tərəfindən bu mahnıya klip çəkildi. Festivaldan qayıdarkən bu musiqini lentə aldıq, hətta klipin təqdimatını da etdik. Klip xalqımız tərəfindən də çox gözəl qarşılandı. Hətta bu mahnını 2013-cü ildə “Eurovision” mahnı müsabiqəsinin final mərhələsində beynəlxalq arenaya çıxarkən ifa etdik və arxa fonda klipimiz nümayiş olundu.
- Sizcə, ansambl şəklində ifa etmək asandır, yoxsa qrup şəklində?
- Əslində tək çalıb-oxumağa nə var ki? Əsas odur ki, qrupda hər şey dolğun olmalıdır. Üçlükdə ifa etməyin məsuliyyəti çoxdur, ansamblda da məsuliyyət var, ancaq qrup şəklində lap başqadır. Ansamblı idarə etmək sizə asan görünməsin. Tək soloda nə istəsən ifa edə bilərsən.
- Adətən kamança dedikdə gözümüzün qarşısında Habil Əliyev canlanır. Siz onun məktəbindən yararlanmısınızmı?
- Habil Əliyev gözəl ustaddır. Bu gün bütün musiqiçilər Habil Əliyevdən bəhrələnir. Tələbə yalnız müəllimlə üzbəüz oturub, onun əlinə baxıb nəsə öyrənən şəxs demək deyil. Sosial şəbəkə, internet, disklər, lent yazıları - onlardan istifadə edib bəhrələnmək olur. Mən Elnur Əhmədovun tələbəsiyəm. O, bizə hər zaman məsləhət görür ki, bütün ifaçıları dinləyək. Rəhmətlik Ədalət Vəzirova, Fəxrəddin Dadaşova, Şəfiqə Eyvazovaya, Munis Şərifovaya və bir çoxlarına qulaq asıram. Bu sənətdə təkcə bir nəfərlə bəhrələnmək olmur.
- Müasir gənclər daha çox müasir çalğı aləti olan gitaraya meyil göstərir. Gənclərin bu gün kamançaya olan marağı hansı səviyyədədir?
- Tədbirlərdə bizə bəzi insanlar yaxınlaşıb deyirlər ki, 30 yaşımıza qədər muğamı dinləməmişik. İndi isə vəziyyət başqa cürdür. Hazırda muğama, xalq çalğı alətlərinə olan maraq günü-gündən artmaqdadır. 2005-ci ildən muğam müsabiqəsi keçirildikdən sonra gənclərin də muğama və musiqiyə marağı artdı. Düzdür, o zamana qədər də muğam sevilirdi, ancaq maraq indiki səviyyədə deyildi. Doğrudan da bu, gözəl bir sənətdir. İnsan kamançanı əlinə alanda başqa bir aləmə düşür. Gənclərin bu sənətə artıq kifayət qədər marağı var.
- Oğurlamaqda məşhur olan ermənilər iddia edirlər ki, kamança onların alətidir. Bir gənc olaraq sizin buna münasibətiniz necədir?
- Məsələ iddia etməklə deyil. Bu, birmənalı olaraq bizim alətdir. Bu gün bizim elə ustadlarımız var ki, onların qarşısında kimsə söz deyə bilməz. Kamançanın gözəl ifaçıları var ki, hansısa bir ölkəyə gedəndə onu layiqincə təmsil edirlər. 2012-ci ildə biz “Avrasiya səsləri” müsabiqəsində iştirak edəndə orada ermənilərdən də bir nümayəndə var idi. Onlar bizə yaxınlaşıb, mədəniyyətimiz, alətlərimizlə maraqlanırdılar.
- Kimin davamçısı olmaq istəyirsiniz?
- Hər kəsin bir idealı olur. Mənim də ustadım Elnur Əhmədovdur. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində həmkarım Ədalət Behbudovla birinci kursda təhsil alırıq. Düşünürük ki, gələcəkdə doktoranturaya sənədlərimizi verək.
- Kamança sizin üçün nə deməkdir?
- Kamança mənim üçün hər şeydir. Mən bütün sevgimi, arzularımı kamançaya vermişəm. İnsan fikirli olanda kamançanı əlinə alır və hər şeyi unudur. Həm əhval-ruhiyyə yaxşı olur, həm də onda insanları özünə cəlb edən xüsusi bir qüvvə var.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər