AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bütün qadınlar Elza Seyidcahan olsa…

Bütün qadınlar Elza Seyidcahan olsa…

Mədəniyyət
16 Mart 2013, 15:03 3238
Qadınları küçədə sükan arxasında görəndə onları baxışlarımla müşahidə etməyi xoşlayıram. Haqlarında bəzən “niyə gedib kartoflarını soymurlar?”, “qadın hara, maşın hara?” kimi fikirlər səslənsə belə. Heç ilk ağlıma da gələn “görəsən, maşını hansı pulla alıb?” və ya “bir külfətin məsrəfini hansı yolla avtomobilə xərcləyir?” fikirləri də olmur. Hər halda indi bu suallar dəbdədir. Əslində 40 min qadın sürücüsü olan və gündən-günə bu sayın artdığı ölkədə bu suala cavab axtarmağı absurd hesab edirəm. Təbii ki, bu qadınların içərisində işgüzar xanımlar, sənət adamları və heç şübhəsiz, evdar xanımlar var. Bu, normal haldır - dünyanın hər yerində normal düşüncə ilə qarşılanacaq bir hal.

Amma bu günlərdə evdar qadınların avtomobil idarə etmək istəyinə çox gülməli, bəlkə də çox bəsit bir yanaşmanın şahidi oldum. Özü də efirdən. “Space” telekanalının “Söz sözü gətirdi” verilişində proqramın qonağı Elza Seyidcahanın dilindən. Elə bilməyin ki, ya Elza Seyidcahanın, ya da bu telekanalın azarkeşiyəm. Və ya dediyim verilişin qonaqlarını hər dəfə məxsusi səbirsizliklə gözləyirəm. Qətiyyən. Təkcə eyniliyi və bəsitliyi ilə digər kanalların “surəti” olmasına görə yox, həm də şit, bayağı və primitiv şouların, “toylar kralları”nın, xüsusən meyxana yarışmalarının az qala “münsif”i olan Kamran Həsənlinin aparıcılığına görə bu kanala baxmıram.
Təsadüfən pultun düyməsini dəyişəndə Elza Seyidcahanın “ekstravaqant” simasını görüb (hər halda özü haqda belə deyir -T.M.) marağımı boğa bilmədim. Bildim ki, ən azı, gülmək üçün nələrsə eşidəcəm. İndi də avtomobil sürməsindən danışırdı. Arqumentləri hətta bağça uşaqlarının gözlərini heyrətdən böyüdəcək qədər qəribə idi. Hərçənd özünün sükan arxasında oturması 3-4 il olar, ya olmaz. Yəni böyük bir təcrübə deyil və hər hansı peşəkarlıqdan danışmaq da gülməli səslənər. Amma yanaşması... “Əgər hansısa savadsız qadın mənim maşın sürməyimi görüb “mən də maşın sürmək istəyirəm, mən də Elza Seyidcahan olmaq istəyirəm”- deyib ərindən küsürsə, bu, gülməlidir” - deyə Elza az qala üsyan edirdi: “Normal evdar qadının əri maşın sürməlidir. Mən kefimdən sürmürəm ki... Əgər mən Elza Seyidcahan olmasaydım, inanın ki, heç maşın sürməzdim. Bütün qadınlar kimi metroya, avtobusa minərdim”. Elza deyirdi ki, avtomobil onun üçün heç də rahatlıq deyil, sadəcə maşın sürməyə məcburdur.

Sən demə, küçədə insanlar arasında rahat gəzə bilmirmiş. Kütlə ona yaxınlaşır, avtoqraf istəyir, qayğılarını söyləyir, üstəlik, ondan problemlərinin həllinə kömək istəyirmişlər. Hələ yolda görünəndə “dvijeniya”nın dayanması... “Avtobuslar dayanır, maşınlar saxlayır, insanlar mənə baxır. Onları narahat etmək istəmirəm. Ona görə maşına minir, şüşələrini qıfıllayıram”. Elza evdar qadınlara “mesaj” da göndərdi: “Mən 80 illik evdar qadınlıq borcumu vermişəm. Adam var 60 il arvad olur, heç kimə - qayınataya, qayınanaya, ərinə baxmır. Adam var, 12 il arvad olur, hamı az qala başına and içir”. Sən demə, Elza 12 illik “arvadlığı” dövründə başına and içilən evdar qadın olub. Sonra həyatı birdən elə qlobal dəyişib ki, gözlərini açınca özünü müğənni, bəstəkar, sükan arxasında sürücü kimi görüb. Lap nağıllardakı kimi möcüzə baş verib həyatında. Vaxtilə ailə qanunlarına tabe olaraq böyüyən, hətta başını pəncərədən çölə çıxarmağa belə cürəti olmayan Elza birdən-birə onu nəinki insanların, hətta heyvanların qarşısına çıxacaq, tənha şam üçün konsert verəcək, “məndə təvazökarlıq hissi yoxdur” deməyə məcbur edəcək qədər qeyri-adi müğənniyə çevirib.

Elza qadınlara məsləhət verdi ki, ona oxşamağa çalışmasınlar. “Onsuz istəsələr də hamı Elza Seyidcahan ola bilməz” dedi.

“İnsan kasıb olmamalıdır” deyən Elzanın sonuncu “uzaqgörən” məsləhətini də dinləyib düşünməyə başladım. Özü də əməlli-başlı. “Bütün qadınlar Elza Seyidcahan olsa...” İnanın, bütün qadınlara yazığım gəldi. Mən qadınlara belə “möcüzəni” arzulamıram, heç arzulamıram. “Evdar, savadsız qadınları” Elzaya çevirəcək, “bəxtlərini üzlərinə güldürəcək” möcüzəni istəmirəm. Bir anlığa təsəvvür edin: bütün qadınlar Elza Seyidcahan olsa...

Təranə Məhərrəmova