• cümə axşamı, 25 aprel, 10:54
  • Baku Bakı 14°C

“Bütün müharibələr bir gün sülhlə qurtarır”

12.02.15 09:05 2537
“Bütün müharibələr bir gün sülhlə qurtarır”
Mərakeşdə Beynəlxalq İslam Gəncləri Assambleyasının 12-ci konfransı başa çatıb. Dünyanın 90 ölkəsindən 700-ə yaxın iştirakçı “Gənclər dəyişən dünyada” mövzusunda keçirilən konfransa qatılıblar.
Konfransa qonaq kimi dəvət almış Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Abbasov “Kaspi”yə müsahibəsində toplantı barədə danışdı.
- Mərakeşdə keçirilən konfransdakı çıxışlar çox maraqla qarşılandı. Konfransın keçirilməsi üçün Mərakeş təsadüfən seçilməmişdi. Çünki İslam dini Şimali Avropaya oradan yayılıb. Mərakeş qədim bir yerdir. İSESKO-nun qərargahı da bu ölkədə yerləşir. Dünyanın hər yerindən, o cümlədən Çindən müsəlmanlar tədbirdə iştirak edirdilər. Konfransda bir çox yeni fikirlər səsləndi. Elmin inkişafı, məişət, təhsil və s-lə bağlı bir sıra maraqlı məruzələr dinlənildi, internet dünyası və s. barədə müzakirələr oldu. Fikirlər səsləndi ki, Qərb və bəzi dairələr islam dəyərlərinə və internetə qarşı ideoloji hücumlara keçirlər. Səudiyyə Ərəbistanından olan məruzəçilər “artıq internet hücumlarının qarşısını almaq olmur”- deyə şikayətləndilər. Yəni dünya dəyişib, texnika inkişaf edir və insanlar da bu dünyaya uyğunlaşmalıdır. Ona görə də çox incə şəkildə “Qurandan çıxış edərək biz həyatı yeniləşdirməliyik”- deyə çağırışlar səsləndi. Yəni Quranda hər şey var, dəyişən dünyada gənclər də dəyişir. “Qurani-Kərim”də bugünkü həyata, çağdaş zaman üçün insanlara yol göstərən ayələrin təfsirini həyata keçirmək lazımdır. “İndiki dövr üçün yeni təfsirlər lazımdır”- deyə çağırışlar oldu. Quranda hər dövr üçün deyilmiş fikirlər var. Orta əsirlərdə məşhur Quran biliciləri, alimlər tərəfindən edilmiş təfsirlər o dövr üçün idi. Tarixdə qalmış yüzilliklər ərzində həyat çox dəyişmiş, elm inkişaf etmişdir. O dövrlərdə elektrik, maşın, təyyarə, kosmosa uçmaq, kompyuter yox idi. Bütün bu yeniliklər islam aləminə də daxil olmuşdur. İndi gənc müsəlman qızları da maşın sürür, kompyuterdən istifadə edirlər. Ona görə də o təfsirlər indiki həyat üçün deyil. Hərçənd islam dünyasında bir çoxları heç nəyin dəyişməsini istəmirlər.
Mən də “İslam dəyərlərinə qarşı hücumlar” mövzusunda çıxış elədim. Avropada bəzi dairələrin İslam dəyərlərinə qarşı hücumlarının olduğu bir vaxtda konfransın çağırılmasını, dünyanın hər yerindən gənclərin bu konfransda yığışmasını yüksək dəyərləndirdiyimi qeyd etdim. “Tarixə nəzər salsaq islam dəyərlərinə qarşı hücumların həmişə olduğunu görərik. Bu hücumlar indi də var. Vətənim Azərbaycan da o ölkələrdən biridir və biz həmişə o hücumları öz üzərimizdə hiss etmişik. Bu hücumlar həm əxlaqi, həm ideoloji, həm mədəni, həm də ən əsası hərbidir. Ermənilər güclü dövlətlərin dəstəyi ilə ölkəmizə hücum edib, 20 faiz torpaqlarımızı işğal ediblər” - deyə bildirdim. Ermənilərin onlarla məscidimizi, qəbiristanlıqları yandırdıqlarını, qədim abidələrimizi yox etdiklərini, ümumilikdə islam dəyərlərini məhv etdiklərini diqqətə çatdırdım. “Avropada müəyyən dairələr müsəlmanları terrorçuluqda təqsirləndirir, amma erməni terroruna göz yumurlar. Ötən əsrin 70-80-ci illərində ermənilər türk diplomatlarını Avropanın paytaxtlarında öldürürdülər. Ermənilər ölkəmdə dəmir yolunda, havada, gəmidə, ictimai nəqliyyatda terror törədib və minlərlə azərbaycanlını qətlə yetiriblər. Avropa o vaxtlar susurdu. İndi isə islamı terrorda təqsirləndirirlər”- deyə səsləndim. Çıxışıma maraqlı reaksiyalar oldu. Ümumiyyətlə, düşünürəm ki, xarici ölkələrə nə məqsədlə getməsindən asılı olmayaraq hər bir azərbaycanlı erməni terroru, erməni vəhşiliyi barəsində gerçəklikləri anlatmalıdır.
- Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ötən il Tehranda keçirilən İslam ölkələrinin nazirlərinin 10-cu iclasında çıxış edərkən qeyd etmişdi ki, müsəlman ölkələrində jurnalistlər birləşə, ortaq mövqe nümayiş etdirə bilərlər. Sizcə onların vahid koordinasiya mərkəzində birləşməsinin hansı effekti ola bilər?
- Bu, çox vaxtında deyilmiş fikirdir. Müsəlman ölkələri jurnalistlərinin vahid koordinasiya mərkəzində birləşməsinə çoxdan ehtiyac var. Avropada çoxlu sayda beynəlxalq jurnalist birlikləri fəaliyyət göstərir. Həmin qurumlar da onları yaradan dairələrin maraqlarına xidmət edirlər. Çox təəssüf doğurur ki, hər hansı bir islam ölkəsində baş verən çoxsaylı, müxtəlif yönlü olaylar haqqında xəbərləri digər müsəlman ölkələrində yuxarıda bəhs etdiyimiz Avropa mənbələrindən alırlar, qəzetlər onlara istinadən məlumatlar verirlər. İslam dünyasında jurnalistlər arasında birlik yoxdur. İraqda, Suriyada və ya Liviyada olan olayları biz BBC, CNN kimi informasiya mənbələrindən əldə edirik. Avropadakı jurnalist təşkilatları islam ölkələrində baş verən bu və ya digər olaylar haqqında bəyanatlar yayırlar və c. Qərb mətbuatının verdiyi məlumatlardan başqa əldə məlumat olmadığından müsəlman ölkələrindəki jurnalistlər onlara istinad etməyə məcbur olurlar. Ancaq cənab Əli Həsənovun fikirləri ilə səsləşən yeni yaratdığımız İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının gələcək fəaliyyətində məqsədimiz çox genişdir. Nizamnaməmiz, proqramımız var. Məqsədimiz islam dövlətləri jurnalistlərini bir araya gətirmək, islam dəyərlərinə qarşı olan hücumlara cavab vermək, sivilizasiyalararası dialoqda iştirak etmək, islam ölkələri arasındakı dini təriqətlər arasındakı anlaşılmazlığa, bəzən ədavət həddinə çatan münasibətlərə qarşı maarifləndirici yazılar vermək, islam ölkələri arasında itmiş əlaqələri bərpa etmək, məqalələr yazmaq və s-dən ibarətdir. Daha sonra çevik jurnalist dəstəsi yaratmaq istəyirik ki, hadisələrin baş verdiyi islam ölkələrinə səfər edib gerçək olayları dünyaya yaysınlar. Həmçinin təşkilatın əvvəlcə Azərbaycan və ingilis, sonra ərəb dillərində öz mətbu orqanı olsun. Artıq təşkilatın saytı yaradılıb, yaxınlarda fəaliyyətə başlayacaq. Koordinasiya mərkəzi də Bakı olacaq. Çünki Bakıdan Orta Asiya, Rusiya, Qərbi Afrika və Şərqə getmək imkanları var. Bu baxımdan bu təşkilatın təşəbbüskarı bizik.
- Qərb mediası bir çox hallarda müsəlmanları terrorçu kimi qələmə verir. Bu cür informasiyaların qarşısının alınması üçün müsəlman dünyası jurnalistlərinin həmrəyliyinə necə nail olmaq olar?
- Biz bu təşkilatı yaratmaqla bu məqsədə nail olmaq istəyirik. Yayda keçirəcəyimiz təsis konfransında islam dövlətləri mediasından üzvlər dəvət edəcək və bu məsələləri müzakirə edəcəyik. İslam sülh dinidir. İnsan öldürmək, müharibə etmək İslamda yoxdur. Baş verən olaylara gəlincə, yəni islam dəyərlərinə qarşı ədəbsizliklər, ayrı-ayrı müsəlman ölkələrinə qarşı hərbi müdaxilə fikrimcə, bunlar Səlib müharibəsinin yeni formada davamıdır.
- Sizcə müsəlman dünyasının jurnalistləri obyektivlik, düzgünlük nümayiş etdirsələr belə hədyanların qarşısını ala bilərlərmi?
- “Tamamilə qarşısını al bilərlər” demək çətindir, ancaq böyük kömək edər. Hər şeydən öncə xalqın düzgün informasiya almasında, maarifləndirilməsində kömək edər. Qərbin müəyyən dairələri islamın içərisinə daxil olaraq öz şəbəkələrini yaradıblar. Onlar islamı içəridən idarə edirlər. Ona görə də düzgün informasiyalar insanlara düşməni tanımaqda kömək edər. Təriqətlərarası müharibələrə tamamilə son qoya bilməsə də, onları azalda bilər.
- Hazırda həm Qərbdə, həm də Şərqdə qan tökülür, insanlar qırılır. Necə bilirsiniz, bir gün bu savaşlara son qoyulacaqmı?
- Bütün müharibələr bir gün sülhlə qurtarır. Amma İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin bir cümləsini xatırlatmaq istərdim. SSRİ dağılandan sonra o, demişdi: «Biz «qırmızı təhlükə» ilə qurtardıq, qaldı «yaşıl təhlükə». İndi «Ərəb baharı», İslam ölkələrində baş verən qırğınlar buna bənzər fikirlərdən qidalanır. Müsəlman dünyası birləşsə, özünə qarşı yönələn neqativ planların qarşısı alına bilər.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər