• cümə, 29 Mart, 05:18
  • Baku Bakı 7°C

Bütün janrlarda yazmaq mümkündür?

03.12.18 15:00 1427
Bütün janrlarda yazmaq mümkündür?
İncəsənətin müxtəlif sahələrinin fərqli janrları var. Rəssamlıqda, musiqidə olduğu kimi, ədəbiyyatda da müxtəlif ədəbi janrlar var. Hər janrın da tanınan müəllifləri... Amma çox az sayda yazıçı və şairlər var ki, onlar ədəbi janrların hamısında ustalıqla yaza bilirlər. Klassik ədəbiyyatda da belədir, çağdaş ədəbiyyatda da. Dünya ədəbiyyatında da belədir, milli ədəbiyyatda da. Cəhdlər çox olsa da, ədəbiyyatın bütün janrlarında yazmağın uğurları o qədər də böyük deyil. Hərçənd, fikrə münasibət də birmənalı deyil. Bunu istedaddan asılı hesab edənlər də var, mümkünsüz sayanlar da. "Müzakirə”mizdə mövzu ilə bağlı maraqlı fikirlər üzə çıxdı.
Necə yazmaq daha önəmlidir
Professor Bədirxan Əhmədovun fikrincə, bir yazıçı, yaxud şairin bütün janrlarda yazması faktını araşdırmaq gərəkdir: "Olsun ki, bu, nəzəri cəhətdən mümkündür, ancaq bütün janrlarda eyni dərəcədə uğur qazanmaq bir qədər mübahisəli ola bilər. Məncə, yazıçının, yaxud şairin hansı janrda yazması əsas şərtlərdən olmamalı, necə yazması önəmli olmalıdır. Sənətkar üçün forma, janr yalnız vasitə rolu oynayır, öz fikirlərini, ideyalarını ifadə etmək üçün sənətkar hər hansı bir janra, formaya müraciət edə bilər və uğur da qazana bilər. Məsələ bundadır ki, Azərbaycan ədəbiyyatında bunun müəyyən nümunələrinə də rast gəlmək mümkündür”. Ədəbiyyatşünas alim hesab edir ki, Azərbaycan ədəbiyyatında çoxjanrlılıq, çoxformalılıq son yüz əlli ildə aktuallıq qazanıb: "Ona qədər Azərbaycan şairləri daha çox bir formada yazırdılar. M.F.Axundzadə həm dramaturgiya, həm nəsr, həm tənqid, həm də siyasi pamflet formalarında əsərlər yazmışdır. Cəlil Məmmədquluzadə dramaturgiya (komediya, tragikomediya), nəsr (povest, hekayə), felyeton, şeir və s. yazmışdır. M.F.Axundzadə, C.Məmmədquluzadə yazdıqları janrların hamısında eyni dərəcədə uğur qazanıb. Ancaq M.F.Axundzadə də, C.Məmmədquluzadə də şeirlər yazsalar da, uğur qazana bilməyiblər. C.Cabbarlı nəsr, dramaturgiya, poeziya sahəsində fəaliyyət göstərmişdir. Üstəlik, bu ədəbi növlərin bir çox janrlarına müraciət etmiş və uğur qazanmışdır. Hətta satirik şeirlər də yazmışdır. Ancaq bu janrların hamısında eyni dərəcədə uğur qazandığını da söyləmək olmaz. Çağdaş yazarlarımızdan Firuz Mustafa dramaturgiya, nəsr ədəbi növlərində yazır. Dramaturgiyanın ondan çox (!) janrında eyni dərəcədə uğur qazanıb. Dramaturq bu janrların əksəriyyətini ilk dəfə olaraq Azərbaycan ədəbiyyatına gətirib. Hekayə və romanlarında da uğurludur”. B.Əhmədov hesab edir ki, ümumiyyətlə, ədəbiyyatın bütün janrlarında yazıb yaradanlar olmadığı kimi, bu janrların hamısında da eyni dərəcədə uğur qazananların olması çətindir: "Bununla belə, hər hansı bir şairin, yaxud yazıçının bütün janrlarda yazıb yaratması istisnası yoxdur. Düşünürəm ki, olsa belə, eyni uğuru qazana bilməz”.
İncə məsələ
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, yaradıcılıq vergisi çox incə məsələdir, onunla həddən artıq ehtiyatla davranmaq lazımdır, yoxsa küsə, yox olub gedə bilər: "Yaradıcılığın da başlıca tələblərindən biri özünü daha çox qabil saydığın sahəni müəyyənləşdirmək, o sahəni həyatının məqsədinə və mənasına çevirmək, bacarığını cilalamaq, kamilləşdirməkdir. Bütün janrlarda yaratmaq cəhdi insanın mənəvi enerjisini parçalayır, nəticədə get-gedə, necə deyərlər, Əli aşından da olur, Vəli aşından da. Əlbəttə, tarixdə bir neçə sahədə sanballı əsərlər yaradanlar olub, amma bu cür adamlar Allahın seçilmişləridir, yəni dahilərdir, belə bir xoşbəxtlik hamının payına düşmür. Hətta o dahilər belə, öz yaradıcılıq sahələrində eyni səviyyəyə qalxa bilməyiblər, mütləq tərəzinin bir gözü ağır gəlib”. Yazıçı indi bütün janrlarda "məşğul olmağın" ümumi bəlaya çevrildiyinə təəssüfünü bildirir: "Buna görə də, ortaya yüksək səviyyəli sənət əsərləri nadir hallarda çıxır”.
İstedaddan asılı məsələ
Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, şairin və ya yazıçının ədəbiyyatın bütün janrlarında yazması mümkün deyil. Belə ki, ədəbiyyat sahəsi çox genişdir. Heç poeziyanın da bütün növlərində yazmaq mümkün deyil: "O cümlədən, dramaturgiyanın, nəsrin müxtəlif janrları var. Bunların hamısında yazmaq mümkün deyil. Ancaq bu, istedada bağlı məsələdir. Bir də ki, qələm adamının dövrünə, zamanına münasibətinə bağlıdır. Bir çox ədəbiyyat adamları var ki, çox geniş janrları əhatə ediblər. Yəni pyes də, nəsr də yazıblar. O cümlədən, publisistika, ədəbiyyatşünaslıqla da məşğul olublar. Ədəbiyyatda bu cür nümunələr çoxdur. Nə qədər ki, iş qabiliyyəti, söz demək ustalığı artıqdırsa, o qədər geniş janrları əhatə edəcəklər”. Yazıçının fikrincə, elə qələm adamları da var ki, çox istedadlı olsalar da, yalnız bir janrda yazırlar: "Bu, hər kəsin baxışına, marağına bağlıdır. Bu baxımdan, bu suala cavab vermək çox çətindir. Ədəbiyyat tarixində bir çox nümunələr var: bütün janrları əhatə ediblər. Həm pyes, həm nəsr, həm poeziya, həm dramaturgiya ilə məşğul olan adamlar çoxdur. Ancaq dramaturgiyanın, şeir və nəsrin bütün növlərində yazmağı təsəvvür etmək mümkün deyil”.
Yaradıcı adamın imkanlarından asılı
Yazıçı Kamran Nəzirli hesab edir ki, ədəbi janrların hamısında yaza bilmək yaradıcı adamın imkanlarından asılıdır. Belə ki, dünya ədəbiyyatında, elə bizim ədəbiyyatda da elə istedad və zəka sahibləri olub ki, qələmlərini demək olar ki, bütün ədəbi janrlarda sınayıblar, hətta uğur da qazanıblar: "Misallar çəkə bilərəm, ingilis ədəbiyyatında Con Qolsuorsi... Bu yazıçının istedadının və potensialının hüdudları sonsuz olub - roman, hekayə, esse, məqalə, tənqid, təhlil, şeir, pyes, pamflet, tərcümə... Hətta mənim bildiyimə görə, o, həm də gözəl musiqiçi idi, mahnı da bəstələyib, ssenari də yazıb və s. Müasirləri Conu "bəxti gətirən varlı yazıçı” adlandırırdılar, çünki o, imkanlı idi, digər sənət adamları kimi pul və başqa şeylər sarıdan korluq çəkmirdi. O, azad və rahat şəkildə ürəyi istədiyi işlə məşğul ola bilirdi. Lakin bunu da qeyd edək ki, hər cür sosial rahatlığı Conu hər şeyə xor baxan adam, yaxud zəif yazıçı etmədi. Əksinə, bu rahatlıq onu ədəbi aləmdə daha güclü yazıçı kimi tanıtdırdı. Onun yaradıcılığının böyük bir mərhələsi naturalizmlə və tənqidi realizmlə bağlı idi. O, həyatın ən incə çalarlarını, ziddiyyətlərini, ailələrin, insanların ölməz xarakterlərini və həyat tərzlərini bədii sözün gücü ilə ortaya qoydu və şöhrət qazandı”. K.Nəzirli bildirir ki, 1932-ci ildə yazıçıya dünya şöhrəti gətirən "Forsaytlar Sülaləsi” (1922) trilogiyasına görə, Nobel mükafatı verilib, o, bu əsərdə özünün də mənsub olduğu zümrənin - burjuaziyanın əxlaq və psixologiyasını qələmə alıb: "Bu, çox gözəl əsərdir. Onun başqa janrlarda yazdığı əsərləri də oxumuşam və bir çoxunu tərcümə etmişəm. Deyim ki, Con Qolsuorsi çox məhsuldar olub: 20 roman, 27 pyes, 3 şeirlər toplusu, 173 novella, 5 esselər toplusu, 700-dən çox məktub, çoxlu oçerk və resenziya və s. Onun istedadına vurğunam... Ya da elə götürək Amerika yazıçısı Ayzek Əzimovu - dünyanın bir nömrəli məhsuldar yazıçısını... Onun da yaradıcılığı zəngin janrlarla doludur - fantastik hekayə, romandan tutmuş, şeir, məqalə, esse, pritça, tərcümə”. Yazıçı hesab edir ki, bizdə də belə istedadlı və geniş potensiala malik zəka sahibləri olub və var: "Yadıma düşənlərin adlarını da çəkə bilərəm - Mirzə Fətəli Axundov, Abbasqulu Bakıxanov, Mirzə Cəlil, Hüseyn Cavid, Böyükağa Qasımzadə, Qasım Qasımzadə, Mirzə İbrahimov... Lap müasirləri götürək: Elçin, Anar, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Seyran Səxavət. Yəni bu şəxsiyyətlər, dərin zəka sahiblərinə heç nəyi qadağan edə bilməzsən ki! Tutalım, "sən hekayə yazma, şeir yaz” deyə bilməzsən. Onların potensialı, istedadlarının üfüqləri adətən çox geniş olur və çox vaxt bu adamlar bütün janrlarda uğurlu əsərlər yaradırlar. Buna pis baxmaq lazım deyil”. Bütün ədəbi janrlarda yazan qələm sahiblərinin uğur qazanmasına gəlincə, yazıçı deyir ki, o uğurun dərəcəsini bilmirəm və onun hansı meyarlara görə ölçüldüyünü də dəqiq deyə bilmərəm: "Çünki bu qiymətləndirmənin özü də nisbi, yaxud şərtidir. Tutaq ki, (əgər mən hazırlıqlı oxucuyamsa!) mən deyə bilərəm ki, Harold Pinterin şeirləri və pyesləri xoşuma gəlir, amma hekayələri yox, yaxud bir başqası bunun əksini deyə bilər. Bax belə”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər