Bütün il boyu aktual olan turizm növü
Rusiyanın "Aeroklub” şirkətlər
qrupunun 2017-ci il üçün müəyyən etdiyi işgüzar turizm (MİCE) bazarının
liderləri siyahısında Azərbaycanın adının da yer alması, ölkəmizdə turizm
sektorunun inkişafının göstəricilərindən biri kimi dəyərləndirmək olar. Belə
ki, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən
çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib. Tədqiqatın nəticələrinə görə,
2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan,
Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan
ilk dəfə olaraq lider üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların
sayı 2,5 dəfə artıb. Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında
birbaşa aviareyslər ləğv edildiyindən, rusiyalı iş adamlarının 70 faizi
Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan tranzit yolla Ukraynaya
gedir. Qeyd edək ki, "Aeroklub” şirkətlər qrupu korporativ müştərilər üçün
işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və
Vladivostokda ofisləri var. Hazırda dünyada işgüzar
məqsədlə edilən səfərlərə, müasir turizm mübadiləsinin mühüm tərkib hissəsi
kimi baxıldığını nəzərə alsaq, turizmin bu növünün nə qədər əhəmiyyətli
olduğunu anlaya bilərik. Beynəlxalq əmək bölgüsünün obyektiv
qanunauyğunluqlarına əsaslandığından, bu cür səyahətlər ən perspektivli turizm
növlərindən biri hesab edilir. Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, 2016-cı ildə biznes turizmi məqsədi ilə ölkəmizə gəlmiş
qonaqların ümumi sayı 258 299 nəfər olub. 2017-ci ildə isə Azərbaycanda biznes
turizmin inkişafında mühüm rol oynayan bir sıra tədbirlər keçirilib.
Əvvəlki illərdə olduğu
kimi, Azərbaycanın idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir və bu
il də ölkəmizin bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyini
nəzərə alsaq, işgüzar turizmin inkişafı üçün yeni imkanlar açıldığına əmin
olmaq olar. Məsələn, iyun ayında
Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının
"BMX Racing” növü üzrə dünya çempionatı, mart ayında idman gimnastikası
üzrə Dünya Kuboku, apreldə batut gimnastikası, tamblinq və ikili mini batut
üzrə Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku yarışları işgüzar turizmin inkişafına təkan
verəcək. Həmçinin beynəlxalq mədəni tədbirlərin, forumların, konfransların da
keçirilməsini nəzərə alsaq, ölkəmizdə MİCE turizm - görüş və danışıqlar,
stimulverici tədbirlər, konqres və simpoziumlar, press turlar, sərgilər,
ekskursiyalar üçün optimal şəraitdən danışmaq olar.
Ekspertlər həmçinin MİCE
turizminin inkişafında təkcə turizm infrastrukturunun mükəmməl, xidmətlərin
yüksək səviyyədə olmasını deyil, həmçinin təhlükəsizliyin də rol oynadığını
bildirirlər. Bu mənada ölkəmizdəki stabillik və təhlükəsizlik turizmin bu
növünü təşkil etməyə imkan verir: Bununla belə, ölkəmizin turizm sektorunu
inkişaf etdirmək üçün turizmin digər növləri ilə yanaşı, MİCE turizminin
inkişafı daha perspektivli görünür. Sadəcə, bu sahənin inkişafına dəstək ola
biləcək amillər nəzərə alınmalıdır.
Turizmin qeyri-neft
sektorunda payı
Azərbaycanda son illərdə turizmin inkişaf etdiyini bildirən Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Ülviyyə Mirqasımova qəzetimizə
açıqlamasında xüsusən son iki ildə ölkə turizminin mühüm uğurlar qazandığını bildirdi. Belə ki, görülən işlər, aparılan təbliğat və
dövlətin prioritet sahələrindən birinə çevrilməsi turizmin qeyri-neft
sektorunda payının ilbəil artmasına imkan verir. Artıq dövlət büdcəsinə
daxilolmalarda da turizmin öz payı var: "2017-ci il idman, elmi, texnoloji və
iqtisadi sahələrə öz töhfəsini vermiş bir sıra beynəlxalq tədbirlərin
Azərbaycanda təşkil olunması ilə yadda qaldı. Qeyd olunan tədbirlərdə iştirak
üçün ölkəmizə minlərlə əcnəbi mütəxəssis turist qismində gəlib”. Ü.Mirqasımova
qeyd edir ki, hər il olduğu kimi, ötən il də beynəlxalq sərgilərə böyük diqqət
ayrılıb. Ənənəvi olaraq, hər il aprel ayında baş tutan Azərbaycan Beynəlxalq
Turizm Sərgisinə ötən il 22 ölkədən 272 şirkət və 17 yerli və regional
iştirakçılar cəlb olunub. Həmçinin, xarici şirkətlər və ölkələr arasında maraq
doğuram 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək
Texnologiyalar Sərgi və Konfransı - Bakutel dekabr ayında keçirilib və 20
ölkədən 192 şirkət iştirak edib. Bundan başqa, uğurla baş tutmuş sərgilər
siyahısına Azərbaycan Beynəlxalq Yemək Sənayesi Sərgisini, Xəzər Beynəlxalq
Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisini, Beynəlxalq Xəzər Neft və
Qaz sərgisini, 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisini
və digərlərini göstərmək olar.
Təhlükəsizlik
əsas şərtdir
MİCE turizmini elit turizm kimi dəyərləndirən Azərbaycan
Turizm Assosiasiyasısədrinin müşaviriMüzəffərAğakərimovişgüzar turizmin son illər ölkəmizdə inkişaf
mərhələsində olduğunu deyir: "Bu turizm çərçivəsində ölkəyə gələn şəxsləri dörd
və ya beşulduzlu otellərdə yerləşdirirlər. Əlbəttə, bu, keçirilən tədbirin
miqyasına və məzmununa baxır. Ola bilər ki, qonaqlar üçulduzlu otellərdə də
yerləşdirilsin». M.Ağakərimov turizmin bu növünün inkişafını son illər
ölkəmizdə çoxlu sayda beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqələndirir.
Bakı, Qəbələ, Şəki kimi şəhərlərdə müxtəlif beynəlxalq konfranslar, konqreslər,
simpoziumlar və s. tədbirlər keçirilir: "Arzu edərdik ki, bu tədbirlər digər
regionlarda da tez-tez keçirilsin. Çünki regionlarda bu tədbirlərin keçirilməsi
üçün bütün şərait var. Nabran, Şəmkir, Şamaxı, Tovuz, Quba və s. regionlarda
hər bir şəraitə malik olan otellərimiz fəaliyyət göstərir. Həmin otellərin
səviyyəsi işgüzar turizmi təşkil etməyə tam imkan verir”. Ekspertin fikrincə, konqres
turizmini həyata keçirən şəxslər özləri birbaşa buna səy göstərməlidirlər. O
mənada ki, beynəlxalq miqyaslı tədbirlər təkcə Bakıda deyil, regionlarda da
təşkil olunsun: "Bu, regionlarımızı, gələn xarici qonaqlara təqdim etmək üçün
əlverişli məqamdır. Yəni qonaqlar regionları öz gözləri ilə görə, onun turizm
infrastrukturunu qiymətləndirə bilərlər. Nəticədə digər turistlərin də
Azərbaycana gəlməsinə nail olmaq olar. Xüsusən bu cür turizmi yay mövsümündə
deyil, turistlərin regionda az olduğu vaxtlarda – payız, qış aylarında təşkil
etmək daha məqsədəuyğun olar”. M.Ağakərimov da işgüzar turizmin inkişafında ölkələrin
təhlükəsizlik şəraitinin də rol oynadığını vurğulayır: "Bu baxımdan, Azərbaycan
əlverişli ölkədir. Azərbaycanda sabitlikdir. Ölkəmizə gələn qonaqlar bunu nəinki
təsdiqləyir, həmçinin yüksək dəyərləndirirlər. Bundan əlavə, Azərbaycanın
tarixi abidələri, görməli yerləri, mətbəximiz, xalqımızın qonaqpərvərliyi,
insanların üzügülərliliyi buna imkan verir. Avropa ölkələrində, Asiyada, eləcə
də qonşu ölkələrdə müxtəlif hadisələr baş verir. Azərbaycan isə təhlükəsiz
ölkədir. Bu baxımdan, biz ölkəmizi daha çox təbliğ etməliyik”.
İxtisaslaşma həyata
keçirilməlidir
İşgüzar turizmi Azərbaycan üçün aktual mövzu hesab edən
"MillenniumTourism”
şirkətinin direktoruRuslan Quliyevin sözlərinə
görə, ümumiyyətlə, Azərbaycanda 2000-ci illərin
əvvəllərindən etibarən turizm məsələsi gündəmə gələndə, dövlətin
istiqamətlərindən biri də işgüzar turizmini inkişaf etdirmək olub. Yəni Bakı
şəhərinin bu turizm növü üçün münbit bir bazar olması diqqət çəkib: "Hazırda
işgüzar turizm haqqında danışdıqda idman yarışları, forum və festivalların
təşkili, beynəlxalq konfranslar,
simpoziumlar və s. nəzərdə tutulur. Qəbələ regionunun turizmin bu növünün
inkişafına töhfələri çoxdur”. R.Quliyev hesab edir ki, digər regionlarda da - Gəncə,
Zaqatala, Cənub bölgəsində də bu prioritetlər müəyyən olunmalıdır: "Azərbaycan
hazırda müəyyən turizm assosiasiyalarında təmsil olunur. Ölkəmiz mütəmadi
olaraq ixtisaslaşmış xarici sərgi və tədbirlərdə iştirak edir. Bütün bunlar həm
təcrübə qazanmaq, həm də ölkəmizin tanıdılması istiqamətində atılan
addımlardır”. R.Quliyev hesab edir ki, MİCE turizmini inkişaf etdirmək üçün təkcə
otellərin olması yetərli deyil, həmçinin çarpayı sayının uyğunluğu, konqres
mərkəzləri, konqres və konfransların keçirilməsi üçün MİCE meydançalarının da
mövcud olması şərtdir: "Bu sahələrdə ixtisaslaşma həyata keçirilməlidir. Yəni
söhbət təkcə turistin yerləşdirilməsindən getmir. Orada personalı motivasiya
etmək üçün müəyyən turlar və proqramlar həyata keçirilməlidir. Bu sahədə də iş
aparılmalıdır. MİCE turizminin də özünəməxsus xüsusi bazarı var. Çünki bu,
dünyada aktual turizm növüdür. Yəni mövsümi xarakterli deyil, ilin 12 ayı öz
aktuallığını saxlayan turizmdir”. Artıq Azərbaycanda işgüzar turizm ənənələrinin
yarandığını deyən R.Quliyev, həmçinin ölkəmizdə stabilliyin mövcud olmasının bu
tip tədbirlərin keçirilməsinə şərait yaratdığını deyir: "Stabillik ölkəmizə
gələn qonaqların fikirlərini müsbətə doğru dəyişir. Müxtəlif məqalələrin
yazılması, çıxışların həyata keçirilməsi ölkəmizin sırf MİCE turizm bazarına
çevirib».
Əsas odur ki, Azərbaycan MİCE turizmin bazarının liderləri
siyahısında yer alıb. Siyahıda daha da möhkəmlənmək və irəliləmək üçün bu
sahədəki trendləri təkcə mənimsəmək yox, həm də həyata keçirmək lazımdır.
Təranə Məhərrəmova