Bütün dünya üçün sosial inqilab nümunəsi - Fotolar
Azərbaycanda əhalinin
rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin
etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir.
Ona görə də, əhalinin rifah halının yüksəldilməsi məqsədilə ardıcıl və
məqsədyönlü tədbirlər görülür, iqtisadi və institusional islahatlar həyata
keçirilir. Bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş
yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir,
yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Lakin bununla belə,
Azərbaycan dünyanın bir parçasıdır və beynəlxalq aləmdə baş verən proseslər
bizim ölkədən də yan keçmir. Bu mənada zaman-zaman dünyada baş verən iqtisadi
böhranı və onun bir sıra ölkələrə ciddi təsir göstərməsini qeyd etmək olar.
Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının
qiymətinin kəskin aşağı düşməsi sözsüz ki, az da olsa Azərbaycan
iqtisadiyyatına da öz təsirlərini göstərib. Nəticədə əhalinin müəyyən qrupunun
ödəmə qabiliyyəti zəifləyib, xarici valyuta ilə kredit almış vətəndaşların
banklar qarşısında öhdəlikləri artıb, bu kimi məsələlərə məhkəmə müstəvisində
baxılma halları çoxalıb.
Lakin son dövrdə
respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf
templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər
sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit
borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Bu
yerdə onu da qeyd edək ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından
sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyuta
ilə alınan kreditlərilə bağlı olub. Problemin optimal həlli yollarını tapmaq,
bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan
qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub. Hətta Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş
aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə
müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb.
Fevralın 25-də Prezident
İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı
müşavirədə dövlət başçısı da bu məsələyə toxunaraq bildirib ki, sözügedən
problemin həlli üçün son mərhələdə işçi qrup çox ciddi məşğuldur: "İki aydan
çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil.
Biz bu məsələni həll etməklə, əsas vəzifəni vətəndaşların rifah halının
yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk
növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Deyə bilərəm ki, bir neçə
ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait
yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Yaxın gələcəkdə
bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da
öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki,
buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul
edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni burada xoş niyyətin olması əsas
şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün
ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın
çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm
ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.
Dövlət başçısı İlham Əliyev
bu çıxışından cəmi 3 gün sonra "Azərbaycan Respublikasında fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman
imzalayıb. Beləliklə, ölkə rəhbəri növbəti dəfə əhalinin sosial probleminə
həssas yanaşmaqla, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli ilə
yenidən nümayiş etdirib. Mərkəzi Bankın
baş direktoru Rəşad Orucovun bu Fərmanla bağlı açıqlamasından məlum olduğu
kimi, sözügedən dövlət sənədi dollarla krediti olan 450 min nəfərə şamil
ediləcək.
Bununla yanaşı, 1 ildən artıq müddətdə krediti ödəyə bilməyən 400 min
vətəndaşın borcları restrukturizasiya olunacaq. Əgər hər ailədə ümumilikdə 4
nəfərin yaşadığını nəzərə alsaq, fərmandan yararlanan vətəndaşların sayı 2.5-3
milyon nəfər olacaq. Digər tərəfdən, 1 dollar 0.78 qəpik olanda kredit götürüb
onu 1.05 və ya 1.70-lə ödəmiş vətəndaşlara da dövlət tərəfindən kompensasiya
ödəniləcək. Kompensasiya borc tam ödənilibsə, vətəndaşın özünə, tam
ödənilməyibsə, banklara ödəniləcək və qalan borcdan çıxılacaq. Əgər dollar
krediti sonradan manatla olan müqaviləyə keçirilibsə, fərman bu halda da tətbiq
ediləcək. Ən nəhayət, güzəşt kreditlərini manata keçirən vətəndaşa da şamil
ediləcək.
İqtisadçı
ekspert Vüqar Bayramov da bildirib ki, Prezident İlham Əliyevin imzaladığı
Fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial
məsələlərin həlli deməkdir. Onun sözlərinə görə, nəticə etibarilə vətəndaşların
diqqət mərkəzində olan bu problem öz həllini tapıb. Ekspert deyib ki, həmin
problemin həlli yüz minlərlə insanın bu güzəştdən istifadə etməsinə şərait
yaradacaq. V.Bayramov qeyd edib ki, Fərmana əsasən, xarici valyutada kredit
götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanacaq: "Güzəşt 10 min dollar
həcmində kredit borclarına tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi zamanı
iki dövr - 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət
nəzərdə tutulub. Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq ediləcək. Bu
isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min dollar kredit
götürmüşdüsə, onun krediti manat ifadəsində 7 min 800 manat idi. Devalvasiyadan
sonra həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt
tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılacaq və məbləğ
təxminən devalvasiyadan əvvəlki məbləğ olacaq. 2015-ci il fevralın 21-dən
dekabrın 21-dək olan kreditlərdə isə hər dollara 60 qəpik güzəşt tətbiq
olunacaq. Bu, hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir.
Hər bir vətəndaşa tətbiq edilən güzəştin məbləği 5 min dollar olacaq. Yəni, 10
min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə edəcək. Qalan
məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik
faizi 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da vətəndaşlara
imkan verəcək ki, qalan hissəni 1 faizlik kredit götürməklə 5 il müddətinə
ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya
banklarına ödəyəcək. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr
silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunur. Ümumilikdə,
bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan
verəcək. Həmçinin bu, vətəndaşların sosial təminatının gücləndirilməsi
baxımından ciddi addım kimi qiymətləndirilməlidir”.
Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial
sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz
miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır.
Bununla da Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz
liderliyini nümayiş etdirdi. Bu mənada Prezident İlham Əliyevin qərarları bütün
dünya üçün sosial inqilab nümunəsidir.
Rufik İSMAYILOV