• cümə axşamı, 28 mart, 20:21
  • Baku Bakı 13°C

Bütün addımlar vətəndaşların sağlamlığının mühafizəsinə yönəldilib

21.05.20 14:52 502
Bütün addımlar vətəndaşların sağlamlığının mühafizəsinə yönəldilib
Artıq neçə aydır ki, dünya ölkələri koronavirus adlanan bəla ilə mübarizə aparır. Azərbaycan da "düşmənlə" - COVID-19 pandemiyası ilə döyüşə vaxtında atılıb. Qabaqlayıcı tədbirlər görüldü: karantin rejimi tətbiq olundu, sərhədlər bağlandı, ictimai iaşə müəssisələrinin, şadlıq saraylarının, iri ticarət mərkəzlərin, metropolitenin və s. fəaliyyəti dayandırıldı, rayonlara gediş-gəliş, parklara giriş dayandırıldı. Bir sözlə, insanların sıx toplaşdığı məkanlar fəaliyyət göstərmədilər. Maarifləndirmə tədbirləri çox yüksək səviyyədə aparıldı. Bütün bunlar öz bəhrəsini verdi.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim mamoloq-radioloqu Günel Qəmbərova deyib.
Mütəxəssis bildirib ki, Prezident İlham Əliyev xalqın mənafeyini ön planda tutaraq xəstəliklə mübarizədə vacib addımlar atdı: "Ölkəmizdə 20-dən çox xəstəxananın koronavirusa yoluxan xəstələrin müalicəsinə cəlb edilməsi, modul tipli xəstəxanaların inşa edilməsi, ən əsası da qısa müddət ərzində bir neçə zəruri addımın atılması koronavirusu üstələmək üçün ən önəmli silahımız oldu. Xaricdən gətirilən vətəndaşlarımızın, yoluxma şübhəsi olanların bir müddət karantində saxlanılması üçün ayrılmış məntəqələrdə çox gözəl şərait yaradılıb. Həmin şəxslər dörd-beş ulduzlu otellərdə saxlanılırlar. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılıb. Atılan bütün addımlar vətəndaşların sağlamlığının mühafizəsinə yönəlib. Odur ki, ölkəmizdə xəstəliyə yoluxanların və bu səbəbdən vəfat edənlərin sayı inkişaf etmiş ölkələrlə müqayisədə dəfələrlə azdır. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır.
Bir həkim olaraq karantin rejiminin şərtlərinə tam məsuliyyətlə riayət edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Özünütəcrid bəzi insanların psixologiyasına təsir etdi. Günbəgün artan yoluxma xəbərləri də ciddi narahatlığa səbəb oldu. Bütün bu çətinliklərə baxmayaraq, xəstəliklə mübarizədə əldə edilən üstünlük nəticəsində karantin rejiminin şərtləri yüngülləşdirildi, bəzi məhdudiyyətlər aradan qaldırıldı. Qətiyyətli və lazımi tədbirlərin tətbiqi öz müsbət nəticələrini verdi. Lakin karantin rejiminin şərtlərinin yumşaldılması bəzi vətəndaşların arxayınlaşmasına, verilən tövsiyələrə əməl etməməsinə və nəticədə yoluxma saylarında artıma səbəb olmaqdadır. Ona görə də hər kəsi mübarizəni sonadək aparmağa, bütün qaydalara riayət etməyə səsləyirəm. Elə edək ki, bu pandemiyanın aradan qalxdığı öncül ölkələrdən olaq, həyatımız əvvəlki axarına düşsün".
G.Qəmbərova, COVID-19-la mübarizə aparan həkimlərin fədakarlığının da unudulmadığını, ön cəbhədə gecəsini gündüzünə qatan tibb işçilərinin əziyyətinin hədər olmadığını qeyd edib. O, bildirib ki, indiki yumşalma prosesində vətəndaşların sosial məsuliyyəti pandemiya ilə mübarizədə çox böyük rol oynayacaq: "Vətəndaşları bu məsuliyyəti dərk etməyə və səhiyyə işçilərinin əməyinə qiymət verməyə, dövlətin gördüyü tədbirlərə dəstək olmağa səsləyirəm".
"Həkim olaraq qeyd edim ki, özümün peşə fəaliyyətimi icra etdiyim Tibb Universitetinin Tədris Terapevtik Klinikası, o cümlədən Tədris Cərrahiyyə Klinikasının COVID-19 xəstələrinə qucaq açması həm şərait, həm peşəkar həkim kollektivi, həm də ən müasir radioloji və laboratoriya imkanları baxımından seçilməsi çox təqdirəlayiq oldu. Bu işdə hər bir həkimin az da olsa qatqısı var. Bu gün Tibb Universitetinin bütün professor-müəllim heyəti onlayn mühazirə və seminarlarını davam etdirir, kliniki həkimlər və kiçik tibbi personal dincəlmədən pasiyentlərə xidmət edirlər.
Təbii ki, Tibb Universitetinin müəllimi olaraq gələcəyin həkimləri olan tələbələrin COVID-19-la mübarizəyə könüllü qoşulmaq istədiklərini gördüm. Bu, mənim üçün çox qürurverici məqam oldu.
Bir daha ölkə başçısına bu çətin məqamda qabaqlayıcı addımlar atdığına, vətəndaşların sağlamlığı və sosial təminatının təşkili üçün zəruri işlər gördüyünə görə minnətdaram. Vətəndaşlara isə demək istəyirəm ki, səbirli olaq və birlikdə mübarizə aparaq. Bu mübarizədən biz qalib ayrılacağıq", - deyə G.Qəmbərova bildirib.
banner

Oxşar Xəbərlər