• şənbə, 20 Aprel, 14:19
  • Baku Bakı 23°C

Bursa - 12 ay ərzində turizm xidməti göstərən əhəmiyyətli mərkəz

13.12.13 10:04 2200
Bursa - 12 ay ərzində turizm xidməti göstərən əhəmiyyətli mərkəz
Xarici ölkələrdən Bursa şəhərinə sağlamlıq turizmi ilə bağlı gələnlərin sırasında Azərbaycan vətəndaşlarının da adı var. Hətta Bursa Sağlamlıq Turizm Assosiasiyasının 2013-cü il üçün açıqladığı statistikaya görə, Bursaya sağlamlıq turizmi məqsədi ilə gələnlərin siyahısında Azərbaycan vətəndaşları ilk yerdədir. Bursada bunu “Bir millət-iki dövlət” olaraq mədəniyyət və dil bərabərliyi ilə izah edirlər.
Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkil etdiyi infotur çərçivəsində Bursada olarkən “Kaspi”nin suallarını Bursa valisi Münir Karaloglu cavablandırdı. O, Bursanı Türkiyənin ən önəmli şəhərlərindən biri adlandırdı.
12 ay ərzində xidmət
- Cənab vali, Bursanı görməyənlər üçün şəhərinizi necə tanıdardınız?
- Bursa İstanbuldan sonra Türkiyənin ikinci böyük şəhəridir. Hansı istiqamətdən baxırsınız-baxın, dördüncü şəhəri sayılmır. Turizm potensialından yanaşanda çox ciddi üstünlükləri olan şəhərdir. Yəni Bursa sadəcə, sağlamlıq və termal, mədəniyyət və təbiət turizmi ilə tanınmır. Bunların cəminə 12 ay ərzində hər kəsin üz tuta biləcəyi mərkəzlərdən biridir. 12 ay müddətində hər kəsin üz tuta biləcəyi turizm bölgəsidir. Türkiyədə çox önəmli mərkəzlər var. Məsələn, yay, qış turizm yerləri. Amma Bursa universaldır. Burada çox önəmli qış turizmi mövcuddur. Gözəl təbiət turizmi inkişaf edib. Bursanın təbii gözəllikləri turistləri cəlb edir. Bursa həm də önəmli tarixi şəhərdir. Türk tarixi üçün çox böyük əhəmiyyət daşıyır. Osmanlının bəylikdən dövlətə, dövlətdən imperatorluğa keçdiyi yerdir Bursa. Yüz ildən çox Osmanlıya paytaxtlıq edib. 6 padşahın məzarlığı Bursaya əmanətdir. Onların türbələri Bursadadır. Bursada Osmanlının ilk dönəminə aid çox əhəmiyyətli mədəni varlıqlar var. Tarixi xanlar və çarşılar bölgəsində 40 tarixi xan birliyi və çarşımız var. Həmin çarşılarda alış-veriş edilir. Bu çarşıların hamısı bir-birinin içərisindədir və bir-birlərinə keçid vardır. Bu, dünyanın ən böyük çarşılarından biridir. Bunların hamısı Osmanlıdan qalan tarixi çarşılar, Osmanlıdan bugünə qədər özəlliklərini davam etdirən yerlərdir. Bursa tarixi İpək yolunun üzərində - mərkəzidir. Xoca xan İpək yolu üzərində ipək ticarəti qurub. Bursa Çindən və Hindistandan gələn malların başqa ölkələrlə dəyişdirildiyi mərkəzdir. Bursa həm də çox önəmli termal şəhəridir. Ta Roma, Bizans dövründən bu günə qədər termal önəmliyini qoruyub saxlayıb. Artıq məqsədimiz termalın önəmini daha da önə çıxarmaqdır. Beşulduzlu otellərdə termal sularımız var. Bu üzdən Bursa həm də sağlamlıq turizm mərkəzidir. Buradakı termal otellər çox yaxşıdır, suları çox keyfiyyətlidir. Bu istiqamətdə Türkiyə başqa ölkələrlə müqayisədə üstünlük sahibidir.
Özəl sektorlarda yüksək keyfiyyətli sağlamlıq turizmi üzrə ixtisaslaşmış xəstəxanalarımız xidmət göstərir. Bu baxımdan Bursa 12 ay ərzində turizmin xidmət göstərdiyi əhəmiyyətli bir mərkəzdir. Azərbaycan bizim üçün çox böyük ölkədir. Rəhmətlik Heydər Əliyevin dediyi «Bir millət -iki dövlətik» sözlərinə rəğmən azərbaycanlılar burada, bizimkilər Azərbaycanda qəriblik hiss etməzlər. Yəni biz bir-birimizə yad deyilik. Biz Azərbaycanla turizm əlaqələrimizi saxlaya bilirik. Bunlar birtərəfli yox, ikitərəfli əlaqələrdir. Sonuncu dəfə 2006-cı ildə Bakıda olmuşam. İndi isə şəhərin çox dəyişdiyini söyləyirlər. Bu baxımdan maraqlanıram və yenidən gəlmək istəyirəm. Bakıdan Bursaya, Bursadan Bakıya baxılmasa, qarşılıqlı əlaqələr qurula bilməz. Bu gün Türkiyədən 30 milyon insan xarici ölkələrə səyahət edir. Bu insanların arasında Azərbaycana gedən çoxlu insan var. Eyni zamanda, Azərbaycandan da bura gəlirlər. Bu qarşılıqlı münasibətlər davam edəcək. Son dövrlər Azərbaycanın iqtisadi vəziyyəti inkişaf edib. Biz buna sevinirik. İnsanların sosial vəziyyəti yaxşılaşıb. Buna görə də insanlar mütləq xarici səyahətlərə çıxacaqlar. Onlar turizm xidmətləri üçün Türkiyəni, Bursanı seçəcəkləri təqdirdə biz də şad olarıq.
Önəmli mərkəz
- Tarixi şəhər, turizm şəhəri olmaqdan əlavə, Bursanın daha hansı özəllikləri var?
- Bursa çox önəmli sənaye şəhəridir. Türkiyənin tədris və təhsil mərkəzidir. Hazırda Bursanın təkbaşına xarici ticarət ixracatı 25 milyard dollar dəyərindədir. Bursa Türkiyənin İstanbuldan sonra ən çox ixracat edən şəhəridir. Bursa həmçinin Türkiyənin avtomobil istehsalı mərkəzidir. Türkiyədə istehsal olunan hər iki avtomobildən biri Bursada istehsal edilir. Türkiyədən ixrac edilən avtomobillərin 55 faizi Bursada istehsal edilir. Bursa həm də önəmli texniki avadanlıqların istehsal mərkəzidir. Türkiyədə ilk dəfə yerli tramvay Bursada istehsal olunub. Bursa çox mühüm toxuculuq mərkəzidir. Xüsusən əl toxuculuğunda, ipəkçilikdə mühüm mərkəz hesab olunur. Türkiyə üzrə uşaq qidası istehsalının 80 faizi Bursanın payına düşür. Dünyaya körpə və uşaq paltarları buradan satılır. Dondurulmuş qidanın 45 faizi bu şəhərdə istehsal olunur. Türkiyədə istehsal olunan meyvə suyunun 25, qara əncirin 90 faizi Bursa mənşəlidir. İngiltərə kraliçası Yelizaveta Bursaya gəldikdə həmin ənciri çox xoşlayıb. Həmçinin bu məhsullar xaricə də ixrac edilir. Bursa şaftalısı, gilası çox məşhurdur. Keçmişdə Bursa önəmli ipək mərkəzi olub. Təəssüf ki, bu gün bu istehsal bir qədər zəifləyib və bunu canlandırmağa çalışırıq. Bursa həm də su şəhəridir. Burada kranlardan gələn sular da içilir. Şəhərimiz həm qaynaq, həm mineral, həm də termal sular baxımından önəmli yer sayılır. Məsələn, İznik təkbaşına önəmli bir mərkəzdir. Bu şəhər xristian dünyası üçün də çox önəmlidir.
- Bursadakı təhsil ocaqlarının fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Xaricdən tələbələr çoxmu gəlir?
- Bizdə xaricdən gələnlər çoxdur, o cümlədən Azərbaycandan da gələnlər var. Bursada 3 universitet fəaliyyət göstərir. Onlardan 2-i dövlət, 1-i isə özəl universitetdir. Uludağ Universitetinin 40 illik tarixi var, orada 54 min tələbə təhsil alır. Bursa Texnik Universiteti və Orhanqazi Universitetləri isə nisbətən yeni qurulub. Orhanqazi Universiteti özəl olduğundan orada daha çox əcnəbi tələbələr təhsil alır. Bunlar hamısı çox yüksək səviyyəli təhsil ocaqlarıdır.
- Sənaye şəhəri olaraq Bursada ekoloji çirklənmə ilə bağlı problem varmı?
- Desək ki, sənaye şəhərində sənayenin heç bir zərəri yoxdur, doğru olmaz. Sənaye olduğu yerdə bunun hər hansı ziyanının olmaması mümkün deyil. Son illər bu zərərin qarşısının alınması üçün çoxlu sərmayələr yatırılır. Bununla belə, yenə problemlər qalmaqdadır. Düşünürəm ki, zamanla problemlər həll olunacaq.
Əlaqələrimiz davam edir
- Azərbaycanın Gəncə şəhəri ilə Bursa qardaşlaşıb. Qardaşlıq əlaqələri hər iki şəhərə nə verir?
- Bu şəhərlər arasında qardaşlıq əlaqələrinin olması, münasibətlərin genişlənməsinə, bir-birlərini daha yaxından tanımasına, iş birliyi ilə bağlı yolların aranmasına, imkan yaradır. Həmçinin Bursadakı Yıldırım Bələdiyyəsi də Abşeron Bələdiyyəsi ilə qardaşlaşıb. Təkcə rayonlarımızın deyil, bələdiyyələrimizin də qardaşlıq əlaqəsi yaranıb. Bu cür əlaqələrimiz davam edir. Bizim burda Heydər Əliyev adına Azərbaycan parkımız var.
- Azərbaycanla Bursa arasında çarter reyslərinin olmasına ehtiyac var. Çünki xüsusən sağlamlıq turizmi ilə bağlı Bursaya gəlmək istəyənlər çoxdur.
- Bu, birbaşa sizə bağlıdır. Ümumilikdə çarter uçuşlarını tur operatorları özləri reallaşdırırlar. Əgər siz çox sayda azərbaycanlını Bursaya, çox saylı bursalını Azərbaycana apara bilirsinizsə, onda bunu həll etmək olar. Keçən il Yaxın Şərqlə çarter reysləri həyata keçirildi. Əgər tələb artarsa, Bakı ilə Bursa arasında da çarter reysləri hər zaman ola bilər. Bizim hava limanımız buna hazırdır. Önəmli olan sizin təyyarəyə sərnişin toplamağınızdır. Buradakı tur operatorları ilə də əlaqələr yarada bilsəniz, məncə bu, işə dəstək olar. Türk Hava Yollarının da sağlamlıq turizmi mərkəzinə ciddi dəstəyi ola bilər. Xüsusən sağlamlıq turizmi düzənləyəcəyi təqdirdə biz bunu rentabel olaraq dəyərləndiririk. Belə bir işbirliyi çox yaxşı olar.
Təranə Məhərrəmova
Bakı-Bursa

banner

Oxşar Xəbərlər