AZE | RUS | ENG |

“Burda yıxılmağı da öyrədirlər” - Reportaj

“Burda yıxılmağı da öyrədirlər” - Reportaj
Müştərinin bir səhvi 10 nəfərin köməyi ilə aradan qaldırılır

"At ilə hər zaman sakit və mülayim davranmaq”, "Atı cilovla apararkən yalnız sol tərəfində hərəkət etmək”, "At çaparkən üzəngiyə sərbəst daxil olan ayaqqabılardan və baş ölçüsünə uyğun dəbilqədən istifadə etmək” və s. atla davranış qaydaları ilə elə girişdə qoyulan lövhədə tanış oluruq. Məlumat lövhəsində qadağan olunan bir neçə nüans da qeyd olunmuşdu. Daha çox diqqət çəkəni isə bu oldu: "Atla gəzinti zamanı yüksək səslə gülmək, danışmaq, qışqırmaq qadağandır”.
Atçılıq bir idman növü olsa da, onunla əyləncə kimi də məşğul olanlar az deyil. Bu əyləncəyə maraq göstərən, at çapmaq həvəsində olan, amma hələ də bu istəyini gerçəkləşdirməyənlər də çoxdur. Kimisi atdan qorxur, kimi yıxılmaqdan. Kimi də ümumiyyətlə, bunu bacarmayacağını düşünür. 
Amma maraqlı bir əyləncə növüdür. Hətta bir dəfə atçılığı ifadə edən belə bir cümlə ilə qarşılamışdım: "At çapan zaman insanın dırnağından tutmuş saçına bütün bədəni hərəkətdə olur”.
Elə biz də suallarımıza cavab tapmaq üçün Binə Atçılıq Mərkəzində yerləşən "Elit Horse and Polo Club”a baş çəkdik.
 
Burda birinci qayda atdan qorxmamaqdır
Klubun işçiləri ilə ümumi söhbət edə-edə atlarla tanış olduq. Hazırda klubda müxtəlif cinslərdən olan 36 baş at olduğunu bildirdilər. Klubun işçilərinə "atlarla işləyənlərin günü necə keçir” deyə sual da verdik. Cavabları belə oldu: "Atçılıqda bütün gün maraqlıdır, hər zaman insanın üzündə gülüşə səbəb olan məqamlar yaşanır. Çünki çox adam ilk dəfə öyrənməyə gəlir, bu öyrənmə prosesində həddindən artıq maraqlı məqamlar yaşana bilir. Məsələn, müştəri təcrübəsiz olur, at əlindən çıxıb qaçır. Bəzən müştərinin bir səhvi 10 nəfərin köməyi ilə aradan qaldırılır”.
Ümumi olaraq kluba nəzər saldıqdan sonra təlimçi Asim Süleymanov "Qarqız” adlı atı gətirib onun üstündə bizə prosesləri izah edəcəyini bildirdi. Birinci dəfə ata minənlərə verdiyi məsləhətləri bizim də diqqətimizə çatdırdı: "Burda birinci qayda atdan qorxmamaqdır. Çünki bunun prosesə psixoloji təsiri olur. Atın üstündə həyəcanlanmamaq, özünü bərk saxlamaq lazımdır. Bunları insan özündə tənzimləməlidir, sonra artıq lazım olanları dərs keçib öyrədirik. İlk dəfələr üçün təbii ki sakit atlar ayrılır, çünki öyrənmə mərhələsində belə atlar daha rahatdır”.
 
Ata sol tərəfdən minmək, elə soldan da düşmək lazımdır
A.Süleymanov deyir ki, əslində at çapmaq kənardan göründüyü kimi atın belinə minib getmək demək deyil. Burda məlumatlı olmayanda təhlükəsizliyiniz sual altında qalır: "At ilə mülayim davranmaq önəmlidir. Atı cilovla apararkən sol tərəfi ilə hərəkət edilməlidir. Ümumiyyətlə, ata sol tərəfdən minmək, elə soldan da düşmək lazımdır. Atın arxa tərəfinə keçmək isə olmaz. Çox adam atdan düşəndə bu səhvə yol verir, amma bu, düzgün deyil. Çünki at arxa ayağı ilə sizi vura bilər. Yaxud atdan düşəndə hər iki üzəngidən ayağını çıxarıb sonra düşməlisən. Əks halda at qaça bilər. Dəbilqəni atdan düşəndən sonra çıxarmaq lazımdır. İçkili halda atlara yaxınlaşmaq, onlarla gəzmək olmaz. Atın yanında hərəkət edəndə yaxınlıq məsələsini düzgün götürmək lazımdır. Əks halda, at ayağınızı tapdalaya bilər. Bunları kor-koranə etmək olmaz”.
 
Burda öyrətmək asandır, öyrənmək çətin
Bu təlimatları öyrədəndən sonra ata minməyə icazə verir, yüyəni  öz əlində saxlamaq şərtilə. Elə bu zaman at minməyi öyrənməyin çətin olub-olmadığını soruşduq. A.Süleymanov deyir ki, at minməyi öyrətmək asandır, öyrənmək isə yox: "Öyrənməyin birinci şərti insanın marağına bağlıdır. Çox istəyəndə alınır. Əgər öyrənmək fikrindədirsə, iki-üç dəfəyə rahat öyrənir. Çətinin öhdəsindən də gəlmək lazımdır. 4 ildir ki, bu işlə məşğulam, bir çox insanlarla işləmişəm. Təcrübədə elə adam olub ki, birinci dəfə burda at minib, amma 20 dəqiqə sonra özü rahat idarə edib. Amma öyrənə bilməyənlər də az olmayıb”.
 
Ata soldan mindi, sağdan yıxıldı
Ata minirsənsə, hələ bu öyrənmə prosesidirsə, yıxılmaq halları da qaçılmaz ola bilir. A.Süleymanov deyir ki, yıxılmaq çox zaman insanın özündən asılı olmur: "Atdan yıxılmaq, atı yıxmaq, bunlar hamısı maraqlı məqamlardır. Atdan yıxılanlar az olmur, bu da çox vaxt öz səhvləri ucbatından olur. Yəhərdə boş oturmaq, at qaça-qaça dönəndə özünü atın üstündə boş saxlayanda artıq yıxılma ehtimalı böyük olur. Hətta bir müştəri var idi, ata soldan mindi, sağdan yıxıldı (Gülür). İkinci dəfə də eyni vəziyyət oldu. Atın üstündə dayana bilmədi. Yerdə oturub dedi ki, ay Allah, bu nə idi mənim başıma gəldi? Həmin gün ona xeyli güldük. Özü də buna gülürdü. Biz onu yəhərə normal oturdandan sonra yavaş-yavaş öyrəndi”.
Bəs at sözə baxmasa? Təlimçi deyir ki, atı idarə etmək insandan asılıdır: "Məsələn, siz təcrübəsiz olduğunuz üçün atla müəyyən bir yerə gedə bilərsiniz, amma onu ordan qaytarmaqda çətinlik çəkəcəksiniz. At hara istəsə gedəcək. Amma yüyən təcrübəli adamın əlindədirsə, artıq onun istədiyi yerdə gedəcək. Ona görə atın yüyəninin əldən vermək olmaz”.
 
Xanımların böyük hissəsi maraq üçün gəlir
Düzdür, klubda olarkən uşaqlar görmədik, amma sosial şəbəkə səhifələrində uşaqların da at mindikləri şəkillər yerləşdirilib. A.Süleymanov deyir ki, 6 yaşdan başlayaraq hər kəsə at minməyi öyrədirlər: " 3-6 yaş arası uşaqları balaca ponilərə mindiririk. Amma at çapmağı öyrətməyə 6 yaşdan başlayırıq. Həm aylıq, həm də belə gündəlik öyrənmək üçün dərslərimiz var. Elə adamlar var ki, aylıq ödəniş edirlər, mütəmadi olaraq gəlib öyrənirlər. Elələri də var ki, istədikləri vaxt gəlirlər, nə qədər müddət qalsalar, onun ödənişini edirlər”.
"At minmək üçün gələnlər arasında xanımlar da var, bəylər də” – deyən A.Süleymanov əlavə etdi ki, cinslərə görə at minməyə maraq göstərmə səbəbləri də çox vaxt fərqli olur: "Kişilər adətən at çapmaq, o zövqü yaşamaq üçün gəlirlər. Amma xanımların böyük hissəsi sadəcə maraq üçün gəlir, şəkil çəkdirir və s.”
At minməklə yanaşı, atları yemləmək də zövqlüdür. Təlimçi bildirdi ki, təcrübəsiz olduğun halda ata nə isə verməyə icazə verilmir: "At yemləmək çox adama maraqlı gəlir. Həqiqətən də zövqlüdür, amma bu iş mütləq təlimçinin nəzarətində olmalıdır. Kök, alma verə bilərlər. Yem verəndə diqqətli olmasanız, əks halda əlinizi dişləyə bilər”.
 
Necə yıxılmaq lazım olduğunu da bilməlisən
Bir də öyrənənin təcrübəsini öyrənməyə cəhd göstərdik. Mərkəzə davamlı olaraq at çapmaq üçün gələn Vüsal Əliyev deyir ki, əvvəldən at minmək təcrübəsi olub, lakin təlimçi ilə öyrənəndən sonra bu işin peşəkar yanaşma tələb etdiyinin şahidi olub: "Mən rayon yerində böyümüşəm, uşaq vaxtından at minməyə marağım olub. Rayonda olanda at çapmışam, amma orda kor-koranə at minirdik. Bunu mərkəzə gələndən sonra bildim. Mərkəzə at minməyə gələndən, təlimçilərin öyrətdiklərindən sonra gördüm ki at minməyin də öz qaydaları var. Əvvəl at minməyimlə indiki müqayisə edəndə fərq çoxdur. Məsələn, at çapmaq zamanı yıxılmalar ola bilər. Amma burda yıxılmağı da öyrədirlər. Necə yıxılmaq lazım olduğunu bilməlisən ki, bir hadisə baş verəndə ciddi zədə almayasan”.
Onu deyim ki, atçılıq kənardan göründüyü qədər maraqlıdır, çox zövq verir. Öyrənməyə gəlincə isə, məşqçi dediyi kimi, insanın özündən asılıdır. İstəyən, bacarar.
 
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798