• cümə axşamı, 18 aprel, 07:15
  • Baku Bakı 12°C

Burda hamı rəqs edir - Reportaj

18.04.16 13:02 6921
Burda hamı rəqs edir - Reportaj
Rəqs insanı rahatlaşdıran, yüngülləşdirən və onu bütün stresslərdən çıxaran ən yaxşı vasitələrdən biridir. İnsan rəqs etdiyi zaman, sözün əsl mənasında, başqa bir dünyaya düşür və unudulmaz anlar yaşayır. Bunu rəqsi dərindən dərk edənlər daha yaxşı bilir. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə rəqs haqda bilgilər çox azdır. Belə ki, əslində, rəqs toylarda şahidi olduğumuz “şıdırğı” hərəkətlərdən ibarət deyil.
Biz də qəzetimizin bu sayına reportaj hazırlamaq üçün gənclərə klassik, milli və müasir rəqsin mahiyyətini başa salan, onlara bu sənətin sirlərini öyrədən Bakı Xoreoqrafiya Akademiyasına yollandıq. Bizi orada Akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə qarşıladı.
Ə.Babazadə bizi Akademiya ilə yaxından tanış etdi. Təhsil ocağının tarixindən bəhs edən müsahibimiz söylədi ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılaraq fəaliyyətə başlayıb. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanla təsdiq olunmuş Nizamnaməsinə əsasən, Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramları və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.
Müşahidəçi olduğumuz tədris ocağında gördük ki, baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi və digər ixtisas və ixtisaslaşmalar üzrə tədris aparılır. Akademiyanın klassik rəqs bölməsində Azərbaycanın görkəmli balet ustaları, xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, əməkdar mədəniyyət işçiləri Mayra Almaszadə, Lyudmila Qutlyanskaya, əməkdar müəllim Pulumb Aqalıu, milli rəqs bölməsində xalq artistləri Yusif Qasımov, Rüfət Xəlilzadə, əməkdar artistlər Səbinə Qasımova, Eteri Cəfərova, Sənan Hüseynli və başqaları pedaqoji fəaliyyətə cəlb olunublar.
Peşəkar müəllimlərin toplaşdığı Akademiyada dərs prosesini də izlədik. İlk olaraq Rimma İsgəndərovanın dərsinə qonaq olduq. 8 və 9-cu sinif şagirdlərinin klassik rəqs ilə məşğul olduğu bu dərsdə xarici qonaqla rastlaşdıq. Belə ki, litvalı xoreoqraf Petras Skirmantas şagirdlərə müasir klassik rəqsdən bəhs edərək onu əyani şəkildə göstərirdi. Müəllimin göstərişlərini diqqətlə izləyən şagirdlər verilən tapşırığın öhdəsindən məharətlə gəlirdilər. Yaşlarının az olmasına baxmayaraq, onların rəqsi bizə su üzərində qu quşunun hərəkətlərini xatırladırdı. Konsertmeyster Cəmilə Rəsulovanın ifasında şagirdlər əcnəbi xoreoqrafın hərəkətlərini təkrarlayırdılar.
Dərs prosesi bitdikdən sonra öyrəndik ki, Petras Skirmantas bir həftə ərzində şagirdlərə hər gün ustad dərsləri keçəcək. Onun Xoreoqrafiya Akademiyasına gəlişinin əsas məqsədi isə həm buradakı şagirdlərin dünyagörüşünü artırmaq, həm də xoreoqraf sənətində son dönəmlər yaranan yeniliklərdən onları xəbərdar etməkdən ibarətdir.
Xaricdən gələn qonaqlarımız dərs prosesi bitdikdən sonra Akademiyanın müəllimləri ilə açıq dərs keçirdi. O, peşəkar komanda heyətinin toplaşdığı təhsil ocağının müəllim heyəti ilə öz biliklərini bölüşürdü. Video lentlər üzərindən fikirlərini əsaslandıran xoreoqraf bizim şagirdlərin də kifayət qədər istedadlı olduğunu qeyd etdi.
Daha sonra xalq artisti Yusif Qasımovun “Milli rəqs” dərsinə qonaq olduq. Burada klassik şöbədə 3-cü kurs da təhsil alan oğlanlar Tofiq Quliyevin, Cahangir Cahangirovun musiqiləri əsnasında ritmlə hərəkət edirdilər. Uşaqlara milli rəqsin sirlərini izah edən Yusif müəllimin sözlərinə görə, Akademiyanın şagirdlərinin milli rəqsə böyük maraqları var. Onlar hərəkətləri tez mənimsəyir və öhdəsindən gəlməyi bacarırlar. Rəddasları qarmonda Məmmədov Vahid, nağarada Məmmədov Ələkbər müşayiət edirdi.
Görüşlər bitirdikdən sonra Akademiyanın kostyum otağına da baş çəkdik. 30 ildir ki, burada çalışan Akademiyanın kostyumeri Fəridə Mikayılzadə uşaqların geyimlərini səliqə ilə asılqanlardan asıb, onların təmizliyinə nəzarət edirdi. İşini sevərək görən Fəridə xanım burada çalışdığı üçün məmnun olduğunu dilə gətirdi.
Övladlarını Akademiyaya yazdırmaq istəyən valideynlərin də istəyini nəzərə alaraq təhsil ocağının sözçüsünə bir neçə sualla müraciət etdik. Əbülfəz Babazadə bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyası unikal təhsil müəssisələrindən biridir: “Bizim təhsil ocağımızda 9-cu sinfə qədər ümumi orta təhsil, daha sonra isə 3 il ərzində orta-ixtisas təhsili verilir. 5-ci sinfə qədər ümumtəhsil fənləri ilə yanaşı burada gimnastika, ritmika və elementar rəqs elementləri keçirilir. 5-ci sinifdən sonra xoreoqrafiya dərslərinə önəm verilir. Gələn ildən etibarən bu akademiyada milli şöbə artıq 5-ci sinifdən fəaliyyət göstərəcək. İndiyə kimi 5-ci sinifdən sonra klassik bölmə fəaliyyət göstərsə də, milli bölməyə yalnız 8-ci sinifdən sonra başlanılırdı. Akademiyada həm rus, həm də Azərbaycan bölmələri fəaliyyət göstərir. Akademiyada rəqslə bərabər həyata keçirilən ümumtəhsil proqramları digər məktəblərdəki kimidir. Doqquzuncu sinfə qədər Təhsil Nazirliyinin göstərişi ilə bütün fənlər burada tədris olunur. 9-cu sinifdə isə bu məktəbin buraxılış imtahanı baş verir. 9-cu sinifdən sonra şagirdlər attestat alaraq kurslarda oxumağa başlayırlar. Birinci kurs 10, ikinci kurs 11, üçüncü kurs isə 12-ci sinif deməkdir. Bu məktəbdə 12 illik təhsil hökm sürməkdədir. Akademiyanı bitirənlər ansambl artisti olmaqla milli şöbəyə, balet artisti olmaqla isə klassik şöbəyə bölünür. Əvvəllər 9-cu sinfi bitirən şagirdlər bir imtahan verərək akademiyanın kursunda oxumaq hüququ əldə edirdilər. Gələn ildən etibarən isə 9-cu sinfi bitirən şagirdlər hamı kimi imtahan verməlidirlər. Məqsədimiz ondan ibarətdir ki, 9-cu sinifdən istedadlı uşaqlar imtahan verərək bura daxil ola bilsinlər”.
Övladlarının bu Akademiyada təhsil almasını istəyən valideynlər üçün aydın olsun ki, Akadmiyaya istənilən şagird müraciət edə, onların hamısı buraya istədiyi an qəbul oluna bilməzlər. Belə ki, burada təhsil almaq istəyən şagirdlər ilk olaraq məntiqdən imtahan verməlidir. Burada onların dünyagörüşü, ritm qabiliyyəti yoxlanılır. Uşaqların xarici görünüşünə diqqət olunmalı, fiziki cəhətdən uşaqların görünüşü də səhnəyə, rəqsə yaraşmalıdır.
Müsahibimizin sözlərinə görə, Akademiyanın rektoru əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev akademiyaya rektor təyin olunandan bəri təhsil ocağında quruculuq işləri aparılır. Hazırda Akademiyanın bir hissəsində təmir gedir. Korpusun bir hissəsi isə artıq təmir olunub.
Rəqsin ölkəmizdə tarixin müəyyən zaman kəsiyində kölgədə qaldığını deyən Əbülfəz Babazadə bildirdi ki, onların əsas istəyi bütün stereotipləri sındırmaq, lazımi səviyyədə bu sənəti xalqımıza qəbul etdirməkdir: “Professor Timuçin Əfəndiyev qarşımıza belə bir məqsəd qoyub ki, daim xoreoqrafiya sənətini təbliğ edək, onun akademik əsaslarını möhkəmləndirək, respublikamız üçün yüksək ixtisaslı rəqqas və balet artistləri, xoreoqrafiya və səhnə tənqidçiləri, balet və rəqs pedaqoqları yetişdirək. Rəqs insanı çox tərbiyə edir. Rəqs universal və sintetik sənət növüdür. Onun vahid tərkib hissəsini təşkil edən musiqi, görüntü və hərəkət insanları hərtərəfli inkişaf etdirərək bizim bugünkü multikultural cəmiyyətimizdə özünəməxsus ünsiyyət vasitəsi kimi çıxış edir”.
Xoreoqrafiya Akademiyasının əsas problemi isə oğlan şagirdlərinin az olmasındadır. Bu da təəssüflər olsun ki, daha çox bizim milli mentalitetimizdən irəli gəlir. Əbülfəz müəllim deyir ki, onlar valideynlər və uşaqlar arasında təbliğat aparmağa çalışırlar. Akademiyanın oğlanları çox az sayda baletə üstünlük verirlər. Onlar daha çox xalq rəqslərinə getməyi üstün tuturlar. Klassik bölmədə qızlarla oğlanların nisbəti gözəçarpacaq qədər kəskindir.
Hazırda akademiyanın bir yaşı olduğunu qeyd edən Əbülfəz müəllim qarşıda böyük layihələrin planlaşdırıldığını deyir. Belə ki, Akademiyanın şagirdləri Azərbaycanda ilk dəfə olaraq milli və klassik rəqs üzrə müsabiqəyə hazırlaşırlar. Bu müsabiqə mayın 16-dan 20-nə kimi baş tutacaq. “Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə birinci beynəlxalq müsabiqə”-yə altı ölkədən şagirdlər qatılacaq. Müsabiqənin məqsədi xoreoqrafiya sənətini inkişaf etdirib, məşhurlaşdırmaq və Azərbaycan xoreoqrafiya sənətini dünyada təbliğ etməkdən ibarətdir.
Akademiya ilə tanış olduqdan sonra suallarımızı cavablandıran və bizə ətraflı məlumat verən Əbülfəz Babazadəyə minnətarlığımızı bildirdik.
Qonağı olduğumuz Bakı Xoreoqrafiya Akadmiyasından ayrıldıqdan sonra əmin olduq ki, Azərbaycan xoreoqrafiyası və ümumilikdə rəqs sənəti əmin əllərdədir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər