AZE | RUS | ENG |

Burda aparıcı da gəncdir, qonaqlar da, kollektiv də - Reportaj

Burda aparıcı da gəncdir, qonaqlar da, kollektiv də - Reportaj
Müasir Azərbaycan Gənci verilişinin çəkilişindən reportaj

Saat 11:50… Bu o deməkdir ki, çəkilişə 10 dəqiqə qalıb, artıq hər kəs studiyaya getməyə hazırlaşır, hamı bir-birini tələsdirir, hər şeyin hazır olub-olmadığını soruşurlar. Heç birində elə də böyük həyəcan hiss etmədim. Amma açıq-aydın görünürdü ki, hər kəs tək öz işinin yox, ümumi işin yaxşı getməsi üçün məsuliyyət hiss edir.

Kollektivin böyük hissəsi studiyaya yollanır, biz də onlarla gedirik. Və çəkiliş başlayır, qonaq menecer, İR mütəxəssisi Xaqani Səfərovdur. O, öz təcrübəsindən danışır. Deyir ki, 8-ci sinfə qədər qiymətləri iki olub, sinifdə qalmaq təhlükəsi varıymış. Amma bir müəllimin sözü ilə fikirləşib ki, belə hara gedirəm? Və oxumağa başlayıb. Çəkilişi bizimlə bir yerdə izləyən verilişin baş redaktoru Arzu Əliyeva dedi ki, onlara belə maraqlı təcrübəsi olan gənclər lazımdır.

Bəzən baxışaraq bir-birimizi başa düşürük

MZ Prodakşındayıq, Azərbaycan Dövlət Televiziyasında yayımlayan MAG (Müasir Azərbaycan Gənci) verilişindən, bu layihəni ərsəyə gətirən komandadan yazacağıq. Qeyd edək ki, MAG Gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçirilən layihədir.
 


Biz getdiyimiz gün iki çəkilişləri var idi, biri bitəndə fasilə verildi, bu zaman bizə də çalışanlarla söhbət etməyə şərait yarandı. Verilişin üzdə olan siması aparıcı olduğu üçün ilk olaraq onun – Nuranə Babayevanın otağına baş çəkdik. Əlində vərəq növbəti çəkilişə hazırlaşırdı. Bizi görüncə bir az ara verdi. Bir ildir ki, MAG-da aparıcılıq edir. Özü də gənc olduğu üçün bu sahədə aparıcılıq onun üçün daha maraqlıdır. Deyir ki, burda aparıcı da gəncdir, qonaqlar da, kollektiv də: "Çalışanların demək olar ki, çoxu gənclərdir. Qonaqlarımız da gənclər olur. Gənclər olmayanda belə, onlara yol göstərəcək təcrübəyə sahib adamlar dəvət edilir”.
Aparıcının efirdə ən çox işi keçən operatorlardır. Nuranə deyir ki, onlarla dil tapıb: "Bəzən baxışaraq bir-birimizi başa düşürük. Çünki canlı efirdə işin yaxşı getməsi üçün bu, önəmlidir”.
 


Gənclərin uğurlarını davamlı izləyirik

Sonra MZ Prodakşının rəhbəri çoxlarının Zulya xanım deyə tanıdığı Üzlüfət Qasımovanın otağına baş çəkirik. Şirniyyata qonaq oluruq. "Şirin yeyib şirin danışaq” – deyib söhbətə keçirik. Üzlüfət xanım 20 ildir ki, televiziyadadır, onun 19 ilini gənclərlə işləyib. Deyir ki, bu işin onun gənc qalmasında da rolu az deyil: "Gənclərlə çalışanda onların sürəti ilə işləməli, həyatında baş verənləri bilməli olursan. Mən də bu işdən dolayı onlarla ayaqlaşmağa çalışıram. Gənclər çox maraqlıdırlar, işimi sevirəm, ona görə də çətinlikləri varsa da, gözümə görünmür”. 

"Neçə nəsil gənci yola salmışam” deyən Üzlüfət xanım bildirdi ki, gənclərlə bağlı etdiyi layihələrin sayı həddindən artıq çox olub. MAG-a gəldikdə isə 2012-ci ilin iyun ayında efirə başlayıb. 6 ildir gündəlik efirdə olsalar da, qonaq qıtlığı yaşamayıblar: "Biz hər gənci də efirdə qonaq etmirik, uğuru, hər hansı bacarığı olmalıdır. Bu cür gənclər olmasa, MAG tükənər, amma əksinə, hər keçən zamanda daha uğurlu gənclər görürük. Biz qonağımız olan gənclərin uğurlarını davamlı izləyirik. Artıq gənclərlə dostlaşmışıq”.
 


İşçilərlə söhbət edəndə demişdilər ki, burda işə gəlib-getməklə bağlı hər hansı rejim yoxdur. Üzlüfət xanım deyir ki, işdə sərt qayda-qanunlara ehtiyac görmür: "Burda hər kəs bir-biriylə dostdur. Bu, işin keyfiyyətinə də təsir göstərir. Ən çətin, gərgin məqamlarda əl-ələ verib vəziyyətdən çıxa bilirlər. İşi çatdırmayanda gecə 11-12-yə qədər ofisdə qalırlar, evdə də çalışırlar. Rejimə ehtiyac yoxdur, çünki hər kəs öz işini bilir. Mənim üçün onların hansı saatda işdə olmalarının fərqi yoxdur, əsas işi təhvil vermələridir”.

İşim çoxdur

MAG açılandan burda olan, verilişin sütunlarından sayılan bir neçə şəxs var ki, onlardan birinin də montaj rejissoru Mətin Qaraquliyev olduğunu deyirlər. Kollektivdəkilərin onunla bağlı ancaq xoş sözlərini eşitsək də, özü "işim çoxdur” deyib müsahibə verməkdən boyun qaçırdı. Bilmədim zarafat etdi, ya işi çox idi. Nədənsə, mənə elə gəlir ki, onun dediyi sözün ciddi, ya zarafatla olduğunu anlamaq üçün gərək bir az fikirləşəsən.
 


İş prosesimiz işdə bitmir

Verilişin baş redaktoru Arzu Əliyeva ilə isə gündəlik efirdən, ağır iş rejimindən danışdıq. Nə də olsa, axırda bütün işə o cavabdeh olur: "Hər il sentyabrda başlayırıq, növbəti ilin iyun ayına qədər davam edir. Dağ çayı kimi bir şeydir, sən onun qarşısını ala bilməzsən. Şəxsi həyatında baş verənlər, əhvalının necə olmasının verilişə aidiyyatı yoxdur. Sən dayanmadan işləyirsən. Çox məsuliyyətlidir. Veriliş canlı deyil, çəkilir sonra efirə gedir. Efir saatında gözüm telefonda qalır ki, nəsə problem olar, gözümüzdən yayınar”.
 


Arzu deyir ki, 9-dan 6-ya rejimi ilə çalışa bilməz: "Elə deyirəm, amma səhər 11-də gəlib gecə 10-a qədər işləmişik. Bəlkə rejimlə işləsək, daha rahat olar. İş prosesimiz işdə bitmir. Gecə 2-3-ə qədər evdə işlə bağlı bir-birimizlə danışırıq, yazışırıq, nə isə həll etməyə çalışırıq. Gündəlik efirdir, "yoxdur” demək şansı yoxdur, olmalıdır, etməliyik”.

Hər dəfə soruşurlar ki, qohumsuz, bacısız?

Arzuyla müsahibənin ardınca prodüser Məlahət Qurbanovanı dəhlizdə söhbətə tuturuq. Çünki eşitdiyimə görə Arzuyla Məlahət arasında şirin qısqanclıq var. Birini tərifləyəndə gərək o birinə də, deyəsən. İndi birindən müsahibə alıb, o birini sonraya saxlamaq olmaz. Ona işi düşənlərdən şokolad, şirniyyat istəyən, alandan sonra da bir yerdə çay içməyə dəvət edən Məlahət MAG-da çox şey öyrəndiyini deyir. Onlardan biri komplekslərdən uzaq durmaq, o biri də komanda ilə işləməkdir: "MAG-a iş mühiti kimi baxmırıq, ailə kimiyik. Hamı bir-birinin işinə kömək edir. Komanda işini öyrəndim, bir nəfərin deyil komandanın uğuru olur. Biz ailəyik, komanda yox”.
 


Arzuyla qısqanclıqlarının səbəblərinə gəlincə, Məlahət bunları dedi: "İkimizin də saçı qıvırcıqdır. Hər dəfə soruşurlar ki, qohumsuz, bacısız? İş məsələsində ən çox Arzuyla mübahisə etsək də, amma ən yaxın adamlardan biridir. Şirin qısqanclıqlar ola bilər”.

Birinci olmazları veririk, sonra olanları

Efirdə o qədər süjetlər görürük, deməli, burda müxbir heyəti də var, bəs onlar hardadır? Öyrəndik ki, rejim sərbəstdir, müxbirlərin çoxu da əməkdaşlıq edirlər, ona görə ofisdə onları tutmaq da bir az çətin məsələdir. Amma "Olar-olmaz” rubrikasını hazırlayan Müşviq Məmmədov montajı olduğu üçün işdə idi. O, ilk olaraq rubrikası haqqında danışdı: "Kişi və qadın arasında tanışlıqdan başlayıb yavaş-yavaş davam edirik. Nələr olar, nələr olmaz? Rubrikada bu suallara cavab veririk. Məsələn, ilk görüşdə necə olar, necə olmaz? Birinci olmazları veririk, sonra olanları”.
 


Müşviq rubrikası ilə yanaşı, başqa süjetlər də hazırlayır. Deyir ki, MAG-da hər kəsin işindən nə isə öyrənməyə çalışır. Bir aydır müxbir kimi işə başlayıb, artıq süjetlərini özü montaj edir: "Olduğum mühitdən maksimum istifadə etməyə və maksimum faydalı olmağa çalşıram. Tək müxbir yox, ətrafda öyrənə biləcəyim digər işləri də öyrənməyə çalışıram”.

"Arada tənbəl olurlar”

6-cı gün ssenarilər tez gəlsin,
Yazmayanlar gələn həftə çəkməsin,
Mən də deyim, Lalə xanım tökməsin
Əsəbini üstümüzə amandı,
Ay uşaqlar mövzu yazın zamandı.

Bu şeiri müxbirlərdən Nemət yazıb. Onun özünü ofisdə görmək qismət olmadı. Amma şeirdə adı keçən, müxbirlərlə işləyən telejurnalist Lalə Ədalətqızı ilə söhbətləşdik. İşin vaxtında təhvil verilməsi ilə bağlı sərt qaydaları olsa da, müxbirlərdən narazı da deyil: "Tam razı olduğumu deyə bilmərəm, amma nə yaxşı ki, MAG-dadırlar. Özünü sübut etmək, vaxtını yaradıcı mühitdə keçirmək istəyən gəncin sağlam ruhlu olduğunu, gələcək üçün faydalı olacağını düşünürəm. Enerjilərindən, çalışqanlıqlarından razıyam. Arada tənbəl olurlar, onu da motivasiya və danlamaqla düzəldirəm”.
 


Müxbirlərlə işləmək Lalə xanım üçün heç də asan deyil, çünki çoxu işi hələ yeni öyrənir: "Çoxu ilə sıfırdan başlayırıq. Həm işi başa salırıq, həm də "süjet çəkin efirə gedəcək” deyirik. Efirdə yayımlanacağı üçün pis çəkmə şansları da olmur. Seminar təşkil edib müəyyən şeyləri öyrətməyə çalışdım. İşə ilk başlayanda gənclərin ipə-sapa yatmayacaqlarını, onları idarə edə bilməyəcəyimi düşünürdüm. 15 nəfər müxbir az deyil. Amma get-gedə onlardan aldığım o yaxşı qarşılıq, öyrətdiyimin əvəzini vermələri onları mənə daha da doğmalaşdırdı. Onları çox istəməyə başlamışam”.

Artıq nahar vaxtı olduğu üçün kollektiv yeməyə gedirdi. Bizimlə söhbət üçün o vaxtdan bir az kəsdilər. Növbəti çəkilişə qədər yemək üçün vaxtları az qalırdı. Ona görə kollektiv uğurlar arzulayıb, ayrılırıq.

Aygün Asimqızı
 










 

 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163