AZE | RUS | ENG |

Buraxılış imtahanları yeni modellə həyata keçirilir

Buraxılış imtahanları yeni modellə həyata keçirilir
DİM və ekspertlər valideyn və abituriyentlərin narahatlıqlarına əsas olmadığını deyirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 21-də 29 şəhər və rayonda 11-ci siniflər üçün keçirdiyi sonuncu buraxılış imtahanı orta ümumtəhsil müəssisələrində təhsil alan 22748 şagirdi əhatə edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Dövlət İmtahan Mərkəzinin mətbuata verdiyi məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Xatırladaq ki, aprelin 7-si və 14-də də buraxılış imtahanları keçirilib.

Valideynləri və abituriyentləri təkcə cavabların qiymətləndirilməsinin uzun vaxt aparması deyil, həmçinin qiymətləndirmənin insan faktoru ilə bağlı olması da narahat edir. Belə ki, açıq tipli tapşırıqlara abituriyentin verdiyi cavabların nə dərəcədə obyektiv qiymətləndirilməsi onlarda müəyyən suallar yaradıb. Məsələn, qızının aprelin 7-də buraxılış imtahanında iştirak etdiyini deyən valideyn Murad Əliyev, bu tipli suallara cavabların qiymətləndirilməsi zamanı obyektivliyin 100 faiz qorunacağını nisbi hesab edir: "Məsələ ondadır ki, bu tip sualların konkret cavab variantları yoxdur. Ona görə də qiymətləndirmə birbaşa insan faktorundan asılıdır. Bu zaman qiymətləndirmənin həqiqəti tam əks etdirib-etdirməyəcəyi, istər-istəməz, müəyyən suallar, şübhələr doğurur. Digər məqam isə cavabların çox gec elan olunması ilə bağlıdır”. 
 
Bir neçə mərhələnin nəticəsi
 
Buraxılış imtahanlarının gedişatı, nəticələri və yaranan narahatlıqlar barədə "Kaspi”nin suallarını Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri  Xanlar Xanlarzadəcavablandırdı. Onun bildirdiyinə görə, qurum ümumilikdə 7, 14, 21 aprel tarixlərində bütün ölkə üzrə 11-ci sinifdə təhsil alanlar üçün buraxılış imtahanları keçirib. Bu imtahanlarda 79 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulurdu: "İmtahanların, xüsusilə buraxılış imtahanı kimi kütləvi imtahanların idarə edilməsi özlüyündə mürəkkəb bir prosesdir. İmtahanların keçirilməsi, elmi-metodiki təminat, həmçinin təşkilati işlərə hazırlıq aylar öncədən başlanılır. Ümumilikdə, həm mart ayında 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsinin, həm də aprel ayında 11-ci siniflərin buraxılış imtahanlarının (qəbul imtahanlarının birinci mərhələsi) uğurla həyata keçirildiyini deyə bilərik. İstər təşkilati, istərsə də elmi-metodiki baxımdan görülən işlər müsbət qiymətləndirilib”. DİM rəsmisi qeyd etdi ki, imtahanlarda abituriyentlər tərəfindən törədilən müəyyən qayda pozuntularına da rast gəlinib. Belə ki, hər dəfə imtahandan qabaq maarifləndirmə işləri aparılmasına, iştirakçılar üçün imtahandan öncə yaddaş kitabçaları hazırlanmasına, bütün qaydaların izah edilməsinə baxmayaraq, az da olsa, qayda pozmağa meyilli abituriyentlərə yenə də rast gəlinib: "Qeyd edim ki, bu abituriyentlərin imtahan nəticələri ləğv olunur və onlar qəbul imtahanlarının ikinci mərhələsinə buraxılmırlar. İlboyu görülən işlərlə yanaşı, hər imtahandan öncə də imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahan mərkəzlərinə imtahandan 1 gün öncə təkrar baxış keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. İmtahan günü də şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmək üçün tam zəruri şərait yaradılır”. 

X.Xanlarzadənin sözlərinə görə, bu imtahanlarda tapşırıqların müəyyən bir hissəsi açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlar olub. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər: "Qeyd edək ki, yazı işlərinin markerlər tərəfindən yoxlanılmasına qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və kitabça formasında olan cavab vərəqləri kəsilərək "scan” olunmaq üçün hazırlanır. Daha sonra hər bir yazı işi "scan” edilir və elektron təsvirləri əldə olunur. Bu mərhələdə proqram vasitəsilə şagirdi identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə aparılır. Növbəti mərhələdə isə xüsusi proqram vasitəsi ilə yazı işlərinin tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim olunur. Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir”. 

DİM rəsmisi bildirir ki, imtahan materiallarının emalı kifayət qədər mürəkkəb və uzun müddət tələb edən bir prosesdir: "Məsələn, 9-cu siniflər üçün buraxılış imtahanlarında ümumi yazı işlərinin sayı 3 062 546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda, həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir), ən azı, 6 125 092  yoxlama işi həyata keçirilib. 2 istiqamət üzrə bu imtahanların nəticələri artıq elan olunub və yaxın 1 həftə ərzində digər 2 imtahanın da nəticələri elan olunacaq”. 

11-ci sinif şagirdlərinin imtahan nəticələrinin emalına gəldikdə isə, X.Xanlarzadə hazırda prosesin davam etdiyini bildirir: "Nəticələr əvvəlcədən elan olunduğu kimi, yay qəbul imtahanları keçirilənədək açıqlanacaq. Bir məsələni də xatırladım ki, bu növ sonuncu imtahan hələ keçirilməyib və aprelin 28-də təşkil olunacaq”.

Şagirdlər və valideynlər nəticələr elan olunarkən onlara məxsus səhifədə imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcəklər.
 
İctimai nəzarət olanda...
 
Qeyd edək ki, ölkə başçısının 2016-cı il 16 yanvar tarixli sərəncamı ilə "İctimai iştirakçılıq haqqında” qanun qəbul olunub. Sənədə görə, bir sıra ali məktəblərdə, dövlət təşkilatlarında, nazirliklərdə, eyni zamanda Dövlət İmtahan Mərkəzində İctimai Nəzarət Şurası yaradılıb. Əgər əvvəllər yalnız imtahanlar zamanı bu proses həyata keçirilirdisə, artıq yeni təşəbbüs bütün tədris prosesini əhatə edir. Belə ki, İctimai şuralar təsis olunan qurumlarda şura üzvləri imtahanların gedişatını izləyir, "qaynar xətt”ə nəzarəti təşkil edir, "Açıq qapı”larda, həmçinin şikayətlərin birgə araşdırılmasında iştirak edirlər.

İctimai Şuranın üzvü Etibar Əliyev buraxılış imtahanının gedişatını izləmək üçün DİM-ə dəvət olunduğunu deyir: "Təxminən 25 minə yaxın abituriyentlər və keçmiş məzunlar, şagirdlər sınaq imtahanında iştirak elədi. Biz prosesin necə şəffaf təşkil olunmasının texnoloji baxımdan şahidi olduq. Prosesdə insan faktoru heç bir pillədə görsənmir. Baxmayaraq ki, açıq tipli tapşırıqlarda mətnlərin tərtibi, mətnlərin kriteriyalar üzrə anlaşılması markerlər tərəfindən yoxlanılır. Markerlər böyük zaman kəsiyində təlimlərdən keçirlər. Bir şagirdin mətni anlayıb-anlamamasını və ya nə dərəcədə anlamasını göstərən açıq tipli test tapşırığına onun tərəfindən verilmiş cavabı bir deyil, iki marker yoxlayır. Əgər onların qiymətləndirilməsi arasında kəskin fərq olarsa, üçüncü marker yoxlayır. Bu da zaman baxımından uzun çəkir. Hesab edirəm ki, bunun ayrı yolu da yoxdur”. 

Artıq kurikulumun 11-ci siniflərdə tətbiq olunduğunu deyən təhsil eksperti hesab edir ki, bacarıqların üzə çıxarılması üçün birmənalı olaraq açıq tipli test tapşırıqlarının verilməsi labüddür: "Burada 22-nin 8-ə olan nisbəti abituriyentlərin xeyrinədir. Tapşırığın 8-i açıq tipli test tapşırığıdır. Onların yalnız 3-ü mətnin dərk olunması şərhini əhatə edir. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, burda valideynlərin narahatlığına heç bir əsas yoxdur. Əgər biz məktəbin qarşısına qoyduğumuz yeni tələblərin əldə olunmasını istəyiriksə, bu cür yazmaq, şərh etmək, riyaziyyat bacarıqlarının olması vacibdir. Hesab edirəm ki, DİM-in əsas niyyəti bundan ibarətdir ki, bacarıqlar dəqiq ölçülsün və təhsilin qarşısında qoyulan bir sıra vəzifələrin yerinə yetirilməsi imtahan prosesində öz əksini tapsın». 
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779