Buraxılış imtahanları fənləri üzrə ballar necə hesablanacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci və 9-cu sinif
buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların
hesablanması qaydası haqqında məlumat yayımlayıb.
DİM-dən Trend-ə verilən məlumata görə, 11-ci sinif
buraxılış imtahanı, tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların
yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən
buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus,
gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə
təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik
yoxdur.
İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan
(rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən
30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək
buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə
aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli
tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə
cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus,
gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə
7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilmişdir. İmtahan fənləri
üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
Azərbaycan (rus, gürcü) dili
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik
formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və
yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.
Riyaziyyat
- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq
tipli 8 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan
açıq tipli 4 tapşırıq.
Xarici dil
- Dinləyib-anlamaya dair mətn (publisistik və ya
dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması
tələb olunan açıq tipli 1 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8
tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq
tipli 3 tapşırıq.
Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də
təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal
100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd
olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Ali təhsil müəssisələrinin və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə
iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi
ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan
sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi
bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Cədvəl 1 Tam (11-illik) orta təhsil səviyyəsi üzrə
buraxılış (Ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi və tam
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanı üzrə
imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası
9-cu sinif buraxılış imtahanı
Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı
ilə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin
(attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən
ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə
(buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir.
Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən
30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim
edilir.
Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də
təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal
100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd
olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə
minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli
olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak
etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin
hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək
onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir.
Şagirdlərin 100 ballıq şkalaya uyğun balları
onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan
şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin
modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər
ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə
verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda
(buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər
bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə
nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda
toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Cədvəl 2 Ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə
buraxılış (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul)
imtahanı üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma
qaydası
"Azərbaycan dili” (dövlət dili kimi) imtahanı
Qeyri Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif
şagirdləri "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil
səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində "Azərbaycan dili” (dövlət dili
kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il "Azərbaycan dili” (dövlət
dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn
kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir.
Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə
tapşırıqların strukturu aşağıdakı kimidir:
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik
formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).