“Buratino” ilə görüş
Uşaqkən nağılları dinləməkdən, onların əsasında çəkilən
cizgi filmlərini, bədii filmləri izləməkdən doymazdıq. Günü bu gün də o vaxtın
filmləri nümayiş olunandan acgözlüklə baxıram, çünki uşaqlığa səyahət həmişə
arzuolunandır, çünki nə var idisə, onda vardı… Nə yaxşı ki, bədii filmlərlə,
cizgi filmləri ilə yanaşı, bu gün teatrlarımızda da vaxtaşırı həmin sevimli
personajları canlı görmək imkanımız olur. Bu dəfəki personajımız bizim
uşaqlığımızın sevimli qəhrəmanı taxta oğlan Buratinodur. Azərbaycanda ilk dəfə
"Buratino”nu Musiqili teatrın (o vaxt Musiqili Komediya Teatrı adlanırdı) nəzdindəki "Uşaq Yaradıcılıq Studiyası”nda gənc
rejissor, mərhum Vaqif İbrahimoğlunun yetirməsi Elməddin Dadaşzadə hazırlayıb.
Ondan sonra Gənc Tamaşaçılar Teatrı, keçən il isə Milli Dram Teatrı "Buratino”ya
müraciət edib. Bu dəfə Elməddin Musiqili Teatrda yenidən bu əsərə quruluş
verib. Karlo ata taxtadan Buratinosunu yonub yaradan kimi, Elməddin də eləcə öz
"Buratino”sunu yaradıb. Premyeradan öncə fürsətdən istifadə edib teatra baş çəkdik
ki, tamaşanın məşqindən, rejissor işindən, aktyor oyunundan hali olaq.
Tamaşanın daxili baxışını izləmək nəsibimiz oldu. Zənnimcə, süjeti bilməyən
olmaz. O səbəbdən süjeti nəql edib vaxt aparmaqdansa, tamaşa haqqında danışmaq
daha yaxşı olar. Rejissor zəngin dekorasiyalı tamaşa hazırlamışdı.
Səhnənin
ortasında fırlanan məkan bir neçə hissəyə bölünmüşdü, gah Karlo atanın evinin
sobası, gah bataqlıq, bah da barbi gəlinciklərinin evini xatırladan çəhrayı rəngli
bər-bəzəkli stol-stullar yığılmışdı. Arxa fon şəhər binalarının şəkli ilə təsvir
olunmuş böyük tablo idisə, səhnənin yuxarısında küçələrdə göstərilən
tamaşaların pərdələri, sirk səhnələrinin dekorları illüziyası yaradılmışdı.
Ara-sıra pambıq kimi dolu topa-topa buludlar qalxıb-enirdi. Rejissorun
yaratdığı bu mənzərə insanı zəngin nağıl dünyasına səyahətə aparırdı. Gənc
rejissor obrazlardan dekorlara, musiqilərdən işıqlara qədər hər bir elementə həssaslıqla
yanaşmışdı. Ələlxüsus da baş rol ifaçısının seçimi uğurlu idi. Buratino rolunun
ifaçısı Zaur Əliyev pantomim hərəkətləri, yüngül plastikası sayəsində taxtadan
hazırlanmış balaca bir oyuncaq oğlanın canlandığına, az qala, böyükləri də
inandıracaqdı. Tamaşa o qədər əlvan idi ki, bəzi anlarda film təəssüratı
yaradırdı. Nahidə Orucovanın qoca tülküsü hiyləgərliyi ilə bir yandan məzəli
anlar yaşadırdısa, digər yandan ikrah hissi oyadırdı. Pyesdən, filmdən fərqli
olaraq, rejissor tamaşaya yeni obrazlar əlavə etmiş, bəzilərini isə ixtisara
salmışdı. Gölməçə səhnəsində Buratinonun suya düşməsi, qurbağaların rəqsi,
geyimi, suyun səsi istənilən effekti yarada bilmişdi.
Lakin bütün bunlarla yanaşı, bəzi iradlarımı da
qeyd etməliyəm. Belə ki, ümumən tamaşa baxımlı, rəngarəng, zəngin dekorasiyalı,
musiqili olsa da, bəzi səhnələrdə ağırlıq hiss olunurdu. Bu, daha çox uşaq
obrazında oynayan bir qədər yaşlı aktyorların oyununda sezilirdi. Belə ki,
bizim yadımızda qalan filmdəki mavi saçlı nazlı-qəmzəli amma çox şirin, uşaq
kimi tələbkar Malvina burada bir qədər qayğılı idi. O məsləhət verəndə də, tərbiyə
edəndə də obraza böyüklər kimi yanaşırdı. Artemon obrazı da (Pyero)
yaddaşımızda hər zaman həyatdan küskün, uğursuz, gözüyaşlı balaca oğlan obrazı
olmasına baxmayaraq, tamaşada daha çox yaşlı bir insanı, enerjisi tükənən
qocanı xatırladırdı. Karabas obrazı isə, əksinə, filmdə qəddar, bol enerjili,
qaşqabaqlı, fırıldaqçı, eyni zamanda yeri gəldikdə qarnını qabağa verib gülən
obraz tamaşada daha mülayim görünürdü, özü də bol enerjisi yox idi, yorğunluq
hiss olunurdu.
Maraqla izlədiyim, uşaqlıq illərinə səyahətə aparan
"Buratino” tamaşasından sonra fürsətdən istifadə edib, səhnə əsərinin quruşçu
rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşzadədən tamaşa haqqında fikirlərini,
məqsədini öyrənmək istədik.
"Gənc vaxtlarımdan, uşaqlıqdan üəyimdə bu əsərə
müraciət etmək arzum var idi. Çünki postsovet məkanında çox sevilən bir film
olmuşdur. Bu əsərin də özəlliyi, sehri ondan irəli gəlir ki, burada toxunulan bir
çox mövzular, təkcə yazıldığı ildə deyil, bütün zamanlarda öz aktuallığını qoruyub
saxlayır. Tamaşada, teatrın orta və gənc nəsil aktyorları
bir araya gəlir. Rollarda Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova,
aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə
Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili,
Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə
Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayev çıxış edir. Tamaşada həm cavan, həm də yaşlı aktyorlarımız rol
alıblar, lakin bəzi yaşlı aktyorlar uzun müddət idi uşaq tamaşalarında oynamırdılar.
Müdriyyətə təklifimi verdikdə hətta suallar doğmuşdu ki, niyə məhz bu
aktyorlar. Cavabında isə bildirdim ki, həmin aktyorları yeni ampluada görmək
istəyirəm. Buna müvəffəq oldum. Əsər povest şəklində yazılıb. Səhnələşdirmədə
bir çox epizodları və personajları (Papa Karlonun dostu Cuzeppo, itlər,
aşbazlar, polislər, Duremar) ixtisar etmişəm. Hətta Arlekin rolunun bütün
ağırlığını Artemona vermişəm. Eyni zamanda, yeni obraz əlavə
etmişəm - qurbağa Bubi, Tartilanın köməkçisidir. Tamaşadan razı qaldım. Onu da
qeyd edim ki, musiqi tərtibatı da özümə məxsusdur. Bu tamaşanın musiqi tərtibatına
iki il əmək sərf etmişəm. Aleksey Rıbnikovun bütün külliyyatını, filmlərə,
cizgi filmlərinə, hətta, sənədli filmlərə yazdığı musiqilərdə olan incə ştrixləri
belə tapıb, partituranı yığdım ki, balaca dostlarımıza hədiyyə kimi ərmağan
edim”.
Nigar Pirimova
Teatrşünas