• cümə, 19 Aprel, 16:39
  • Baku Bakı 25°C

“Burada hamı həftə sonu üçün işləyir” – Həmyerli

20.05.16 11:44 2449
“Burada hamı həftə sonu üçün işləyir” – Həmyerli
Budapeştdə Buckingham Universitetinin Mərkəzi Avropadakı filialı olan Beynəlxalq Biznes Məktəbində menecment fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirir. 9-cu sinifdən xaricdə təhsil almağı qarşısına məqsəd qoyub və bunun üçün çaba göstərib.
Müsahibimiz Azər İsmayılzadə deyir ki, məqsədi Avropa, yaxud Trans-Atlantik ölkələrində təhsil almaq olub: "Məktəbi qurtaran il əlimdə xaricdə oxumaq üçün lazım olan bütün nəticələr var idi. Lakin viza problemlərinə görə Bakıda qaldım və 2 il yarım istəksizcəsinə Qafqaz Universitetində oxudum. 2014 cü ildə isə arzum gerçəkləşdi və təhsilimi davam etdirmək üçün Macarıstana gəldim. Onu da deyim ki, bakalavr pilləsinin bir ilini Amerikada oxumuşam”.

"Azərbaycanda 50 faiz təhsil verib, 100 faiz nəticə tələb edirlər”
Macarıstana getməmişdən əvvəl sözegedən ölkə haqqında internet və dostları vasitəsilə məlumat alsa da, hava limanından Budapeştə gedəndə yolların kələ-kötür olması onu təəssüfləndirib: "Bizdəki kimi mərmər səkili asfalt və 8 gedişli yolları yoxdur. Amma bir neçə gün Budapeşti gəzdikdən, insanlarla yaxından tanış olduqdan sonra seçimimin düzgün olduğuna əmin oldum. Anladım ki, əsas olan yollar deyil, insanların münasibətidir. Macarıstanda bizdə olan qədər imkan, pul yoxdur, amma insanları müşahidə edəndə, onlarla ünsiyyətdə olanda adama elə gəlir ki, dünyanı bunlar idarə edir. Burada insanlar çox dəqiqdir. Adi sərnişin nəqliyyatı saniyəsinə kimi dəqiq işləyir”.
Macarıstan və Azərbaycan təhsil sistemini də müqayisə edən müsahibimiz aramızda çox böyük fərqin olduğunu bildirdi: "Hər iki ölkənin təhsil sistemini görmüş adam kimi deyə bilərəm ki, arada çox böyük fərq var. Çoxları deyə bilər ki, Qafqaz, ADA kimi universitetlərimiz dünya ilə yarışır. Amma əfsuslar olsun ki, belə deyil. Azərbaycan universitetlərində şagirdə 50 faiz təhsil verib imtahanda 100 faiz nəticə tələb edirlər. İmtahan üzərində qurulan təhsillə isə qabağa getmək çətindir. Xaricdə imtahan ikinci, təcrübə birinci yerdə durur. Burada biz həftədə bir neçə qrup işi, təqdimatlar təhvil veririk. Bakıda isə keçdiyin 8 fənnin hamısından imtahan verirsən, nəticədə əzbərçilik başlayır”.

"Biz həftə sonu üçün işləyirik”
Azər bizdəkindən fərqli olaraq, Budapeştdə gənclərin sosial həyatının olduğunu bildirdi: "Azərbaycanda sosial həyat oğlanlar üçün qəlyanxana, qızlar üçünsə hansısa restorana gedib facebookda harada olması barədə məlumat və şəkil paylaşmaqdır. Azərbaycanda tələbələr istirahət etdiklərini düşünsələr də, ingilislər demiş, bu, "gərəksiz istirahət”dir. Buradan baxanda başa düşürüəm ki, Azərbaycanda tələbələrin 98 faizinin sosial həyatı sıfırdır. Budapeştdə hər bir yaş kateqoriyasına və büdcəyə uyğun əyləncə məkanları mövcuddur. Turizmin inkişaf etməsi də əyləncə məkanlarının rəngarəngliyinə dəlalət edir. Avropanın ən böyük Aqua Parkı Budapeştdədir. İnsanlar hər həftə sonu dünyaca məşhur olan açıq havada hamamlar və termal baseynlərə gedirlər. Gecə həyatına gəldikdə, Budapeşt Avropanın əyləncə mərkəzi sayılır. Latın Amerikası ölkələrindən belə, müxtəlif əyləncəli tədbirlərdə iştirak üçün buraya gəlirlər. Dünyada ən məşhur şənlik sayılan Szeget Festivalı hər il avqustda 1 həftə davam edir və müxtəlif ölkələrdən milyonlarla adam bu şənlikdə iştirak etmək üçün Budapeştə axışır. Dövlət yalnız Szeget Festivalından 1 həftə içərisində milyonlar qazanır. Macarıstanda əyləncə anlayışı və əyləncə mədəniyyəti var. Gəncindən tutmuş, yaşlısına kimi hamı əylənmək üçün bir yol tapır. Macarlar həftə sonlarına böyük önəm verirlər, orta yaşlı və yaşlı insanlar əsasən şəhər kənarı pikniklərə gedirlər. Gənclər isə axşama qədər Dunay çayının sahillərində və ya Margrit adasında olur, axşam da gecə klublarına gedirlər. Burada bir sloqan var: "Biz həftə sonu üçün işləyirik”.

"Bizi Ramil Səfərova görə tanıyırlar”
Macarlar haqda müsahibimiz deyir ki, onların əksəriyyəri sarışın, iri cüssəli, çox dəqiq, karyera qurmağı, sadə geyinməyi sevən, maşını olsa da, daha çox avtobus və tramvaydan istifadə edən və içki içməyi bacarmayan, amma çox içən təsəvvürü bağışlayırlar. Azərbaycan gənclərindən fərqli olaraq, macar gəncləri gülərüzdür, kitab oxumağa üstünlük verirlər.
Qızlarımız arasındakı fərqlərə gəlincə, Macarıstan Argentina, Ukrayna, Venesueladakı kimi dünyada ən gözəl qızlara malik olan ölkələrdən biridir: "Özlərinə çox fikir verirlər, formada olmaq prioritetlər sırasında birincidir, gülərüz və ən əsası, imkanlarından asılı olmayaraq, çox sadədirlər”.
Macarların Azərbaycanı tanıdıqlarını deyən müsahibimizin sözlərinə görə, bəziləri Ramil Səfərov, bəziləri "Avrovizyon”dakı çıxışımıza görə bizi tanıyırlar.

Qaraçılarla bol şəhər
Qeyd edək ki, Macarıstanda macarlardan sonra əhalinin sayına görə ikinci yerdə dörd faizlə qaraçılardır. Azərin dediyinə görə, Budapeşt küçələri qaraçılardan boldur: "Amma dilənçilər Bakıdakı kimi gəlib insanlara yaxınlaşıb pul istəmir. Avropanın hər yerində belədir, dilənçilərin hamısı kənarda durur, istəyən yaxınlaşıb pul verir”.
Azərin sözlərinə görə, macar dili dünyada ən çətin 3 dildən biridir: "Macar dilini çox bilmirəm, sadəcə, tanışlıq zamanı istifadə edilən bəzi sözlər yadımda qalır. İnsanların demək olar, hamısı inglis dilini bildiklərindən macarlarla ünsiyyətə girmək çətin deyil”.
Macarıstanda qiymətlərə gəlincə, Azərbaycandan təxminən 30 faiz ucuzluqdur: "Avropada ucuz paytaxlardan biridir. Bu səbəbdən burada oxumaq və yaşamaq sərfəlidir. Həftəsonu bazarlıq edəndə ayaqqabı mazından tutmuş, pendirə, ətə kimi hər şeyə təxminən 50 avro pul çıxır. Bakıda isə eyni bazarlığa 120-150 manat arasnda pul gedir”.
Azər sonda üzünü Azərbaycan gənclərinə turtaraq, onlara xaricə gedib həm təhsillərini, həm də dünyagörüşlərini artırmağı tövsiyə etdi. Təhsilini başa vurandan sonra vətənə qayıdacağına gəlincə, hələ ki belə bir fikrinin olmadığını dedi: "İndiki planım Dubayda və ya Avropada yaxşı maaşla işləməkdir”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər