• şənbə, 20 Aprel, 00:47
  • Baku Bakı 15°C

Burada aktyorlar cansız kuklaları dilə gətirir - Fotolar

19.01.15 09:36 3236
Burada aktyorlar cansız kuklaları dilə gətirir - Fotolar
Uşaqlıqdan bəri dilimiz yalnız bu mahnıya öyrəşib: “Ay uzun saç, qara göz, ağıllı kuklam mənim”. Bir çox mütəxəssislər həyatı teatra, insanları isə oradakı kuklalara bənzədirlər. Biz də bu dəfə yolumuzu uşaqlara sevinc bəxş edən Abdulla Şaiq adına Dövlət Kukla Teatrından saldıq. Gördük ki, teatrda səhnə arxasında baş verən hadisələr doğurdan da sehirli bir aləmi xatırladır. Sanki tamaşa pərdə açıldıqdan sonra deyil, kulis arxasında gedir. Əslində tamaşaya hazırlıq prosesinin özü bir səhnədir. Tamaşaçısız səhnə... Biz də o səhnəni müəyyən qədər sizə göstərməyə çalışacağıq.
Teatra getdiyimiz gün teatrın yaradıcı heyəti Azərbaycanın xalq nağılı olan “Sehirli üzük” tamaşasına hazırlaşırdılar. Əvvəlcə tamaşada rol alan kuklalar səhnəyə gətirildi. Daha sonra işıqçı səhnənin işıqlandırılmasına hazırlaşarkən aktyorlar səhnə paltarlarını geyinib səhnəyə gəldilər. Rejissorundan tutmuş, işıqçısına qədər hər kəs canfəşanlıqla tamaşaya hazırlaşırdı. Hətta hazırlıq prosesi o qədər həvəslə, maraqla keçirdi ki, bəzən reportajda olduğumuzu unudur, səhnənin tək tamaşaçısı olaraq tamaşanı izləyirdik.
“Lalala-lülülü” ilə iş bitmir
Əvvəlcə tamaşanın baş rolunu oynayan aktyorlarından İqbal Əliyevə yaxınlaşdıq. İqbal həm quruluşçu rəssam, həm də aktyorudur. O, bu tamaşada nağılçını, çəkməli pişiyi, yad planetli rolunu ifa edir. Sənətinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, xüsusilə Kukla Teatrında çalışmaq digər teatrlara nisbətən çox çətindir: “Kukla Teatrı digərlərindən çox fərqlənir. Hətta mənim bu teatr haqqında dediyim sözlərə görə, digər teatrın aktyorları inciyib də. Amma həqiqət belədir. Canlı çıxıb hansısa rolu oynamaq bir o qədər də çətin deyil. Kukla Teatrında isə istər plastik, istərsə də texniki baxımdan aktyor öz oynadığını kuklaya ötürməyi bacarmalıdır. Kuklanı götürüb “lalala-lülülü” oynatmaqla iş bitmir. O obrazı kuklada canlandırmaq lazımdır. Biz səhnədə iki funksiyanı yerinə yetiririk; həm özümüz oynayır, həm də kuklaya həyat veririk”. Kuklalarla işləməyin özəlliyindən danışan gənc aktyor deyir ki, kuklanın xarakterini öyrənmək çox vacibdir: “Bizdə güzgülü zal var ki, burada tamaşadan əvvəl aktyor kuklanı götürür, güzgünün qabağında oynayır. Mən gənc aktyorlara məsləhət görərdim ki, kuklanın xarakterlərini öyrənsinlər, məşq etsinlər. Kuklanın küsməyi var, sevinməyi var. Hamı düşünür ki, nə var ki, orada. Amma kuklanı canlandırmağı hər kəs bacarmır”.
“Mən”imizdən imtina edirik
İqbalın tərəfdaşı Cəmilə Allahverdiyeva tamaşada kəpənək və zalımın qızı rolunu oynayır. Cəmilə deyir ki, Kukla Teatrında aktyor olmaqla digər teatrın aktyoru olmağın fərqi çoxdur: “Kukla Teatrında işləmək həm məsuliyyətli, həm də çətindir. Mən teatrın keçmiş baş rejissoru rəhmətlik Rəhman Əlizadənin tələbəsiyəm. Onun tamaşalarında iştirak edərək bu həddə çatmışam. Kukla teatrı aktyorunun yaxşı səs diapazonu olmalıdır. Çünki Kukla Teatrının aktyoru maneələrlə danışır. Bəzən canlı plan olmur, üzlük və əlində kukla ilə oynayır. Səs o qədər yaxşı olmalıdır ki, zala gedib çatsın. Bizim teatrın aktyorları başqa teatrlarda işləyə bilər. Amma başqa teatrdan hamı gəlib burada işləyə bilməz. Rəhman Əlizadə deyirdi ki, Kukla Teatrının aktyoru bir növ öz “mən”indən imtina edir. Özünü qurban verir. Bu, həqiqətən belədir”.
Tamaşanın şahı
Tamaşanı kənardan izlədikdən sonra pərdələr açılana qədər teatrın daxilində hansı hadisələrin baş verdiyini canlı olaraq görmək istədik və kulisə yollandıq. Kulis bizə səhnədən də maraqlı göründü. Hərə öz hayında idi. Hər kəs çalışırdı ki, tamaşanın maraqlı alınması üçün əlindən gələni etsin. Burada tamaşanın şahı rejissor idi. Aktyorlar işi bitdikdən sonra digər səhnəyə qədər paltarını dəyişir, kimi kənardan kuklaların səslərini canlandırır, kimisi də işini bitirdikdən sonra kənarda əyləşib rolunun çatmasını gözləyirdi.
Belə aktyorlardan biri də Cavid İbrahimovdur. Cavid tamaşada it obrazını canlandırır. O deyir ki, kuklalar vasitəsilə tamaşaçı ilə ünsiyyətə girmək həm insana zövq verir, həm də olduqca məsuliyyətli işdir: “Başqa teatrlarda aktyor səhnəyə canlı çıxır, tamaşaçı ilə ünsiyyət qurur. Biz isə kuklalarla oynayırıq. Sən özün keçirdiyin hiss, həyəcanı kuklaya ötürürsən və kuklanı canlandırırsan. Bu gözlə göründüyü kimi asan iş deyil”.
“Kukla aktyorun ifasıdır”
Aktyorlarla söhbətləşdikdən sonra tamaşanı başdan sona qədər izləyən və öz göstərişlərini verən teatrın baş rejissoru Qurban Məsimova yaxınlaşdıq. Qurban müəllim deyir ki, bu teatr digər teatrlarla müqayisə edilməyəcək dərəcədə fərqlidir. Onun sözlərinə görə, aktyor oynadığı obrazı sevmirsə, ona inanmırsa, heç bir zaman uşağı da inandıra bilməyəcək. Teatrda əsas cəhət səhnədə göstərilənin sehrinə inandıran səmimiyyətdir: “Bu teatr digərlərindən çox fərqlidir. Çünki burada görünən kukla, görünməyən isə aktyordur. O, öz rolunu kuklanın vasitəsilə ifadə edir. Mən deyərdim ki, Kukla Teatrında işləmək Dram Teatrında işləməkdən daha qəlizdir. Dram teatrında aktyor öz oyununu nümayiş etdirir, amma burada isə aktyor özü oynayır, sanki sonra öz oyununu söndürür, kuklaya ötürür. Kukla Teatrında ən vacib fərqlərdən biri aktyorun plastik düşüncəsidir. Plastik düşüncəyə malik aktyor kuklanı da çox gözəl idarə edir. Aktyorun özünün plastikası gözəl olduqda, onun kuklası da plastik olur. Real həyatda onun bədəninin plastikası necədirsə, idarə etdiyi kukla da elə olur. Sanki kukla aktyorun ifadəsidir”.
“Nağıllar aləminə obraz gətirdik”
Baş rejissor teatrdakı son yeniliklər haqqında da bizi məlumatlandırdı. O deyir ki, teatrda uşaqlar üçün yeni qəhrəmanlar yaranmalıdır: “ Mən Kukla Teatrına yeni gəldiyim ərəfələrdə iki ölkədə festivalda olduq. Hindistanın Nyu-Dehli şəhərində keçirilən İşhara beynəlxalq kukla teatrları festivalında iştirak etdik. Səfərdə məhz bu festival üçün hazırladığımız "Çanta trio &..”tamaşasını nümayiş etdirdik. Ayrı-ayrı kukla teatrı üslubları ilə zəngin olan bu səhnə əsəri üç dəfə göstərildi. Tamaşalar Nyu-Dehlidə “Habitat Centre”də və Daryana ştatının Qurqaon şəhərində təqdim edildi və böyük rəğbətlə qarşılandı. Sonra Kurqan beynəlxalq teatr festivalına getdik. Burada da iki tamaşa oynadıq. Çox yaxşı qəbul olundu. Hətta münsiflər heyətinin sədri dedi ki, sizin aktyorlar maska oyununu çox gözəl oynayırlar. Aktyor üzünə maska keçirir, bədəni daha ifadəli olmalıdır ki, obrazı təhkim edə bilsin. Orada demişdilər ki, azərbaycanlı aktyorlar bu rolu çox gözəl oynayırlar. Sonra biz “Tıq-tıq və Tak-tak”ın nağılını tamaşaya qoyduq və nağıllar aləminə yeni obraz gətirdik. Bu obrazın adı “Tak-tak”dır. İndi “Taktak” “Tıqtıq”dan da məşhurdur. Yeni yaranmış obrazı saxlamaq lazımdır. Biz artıq oyunlarımızda müasir texnologiyalardan istifadə edirik. Yəni div artıq planşetlərə baxır, internetdən istifadə edir. Çünki artıq uşaqlar texnologiyanın nailiyyətlərindən elə istifadə edir ki, böyüklər aciz qalır”.
Səhnənin görnməyən tərəfi
Rejissorla söhbətimizdən sonra yenidən kulisə nəzər yetirdik. Səhnə arxasındakı gərginlik hələ də davam edirdi. Bu səfərimizdən bizə aydın oldu ki, əslində yarımca saatlıq nümayiş edilən bir tamaşa uzun bir əziyyət hesabına ərsəyə gəlirmiş. Bir tamaşanın hazırlanması üçün öncə əsər götürülməli, rejissor ona öz yozumunu verməli, daha sonra rəssam rejissorun fikirlərinə görə eskizləri çəkməli, həmin eskizlərin əsnasında dərzilər və heykəltəraşlar işləməli və kuklanı hazır vəziyyətə salmalıdırlar. Daha sonra rejissor hazırlanmış kuklalara uyğun aktyorları seçməli, ondan sonra səhnənin dekorasiyaları hazırlanmalı və tamaşa uzunmüddətli məşqlərdən sonra ərsəyə gəlməlidir. Yəni uşaqların 40 dəqiqəlik əyləncəsi üçün teatr böyük bir əmək sərf etməli olur. Odur ki, övladlarınız üçün yaradılmış bu istirahəti qaçırmayın. Həmişə istirahətdə...
Aygün Əziz

banner

Oxşar Xəbərlər