• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Burada ailə mühiti var - Gənclər təşkilatında bir gün

02.02.18 11:30 2829
Burada ailə mühiti var - Gənclər təşkilatında bir gün
"Bu gün ofisdə çox gənc görməyəcəksiniz. Çünki tələbələrin imtahan vaxtlarıdır. Amma imtahanını verib gələnlər də var. Bizdə hər gün ofisə gəlmək məcburiyyəti onsuz da yoxdur, amma onlar dərslərdən, imtahanlardan vaxt edən kimi özləri qaçıb gəlirlər”. Bu sözləri məni qarşılayan Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova dedi.

Təbii ki semestr sonu tələbənin gözü imtahandan başqa nələrisə çətin görsün, ona görə onların hazırda ofisdə olmamaları da başadüşüləndir. İmtahanı verib gələnlərin pozitivliyi də öz yerində. Bunu elə ofisə daxil olarkən ordakı ab-havadan hiss etmək olurdu. Düzdür, iş başındaydılar, nəyisə müzakirə edirdilər, amma hiss olunurdu ki, kefləri yaxşıdır. Belə başa düşmək olar ki, imtahanı yaxşı veriblər. İlk olaraq bu barədə söhbətlərini dinlədik, məlum oldu ki, düz təxmin etmişik.

Qeyd edək ki, hazırda "Gənclər təşkilatında bir gün” rubrikası üçün Gənclər üçün Təhsil Mərkəzinin (GTM) ofisindəyik. İşlə bağlı müzakirələri davam etdiyi üçün onlarla söhbəti bir az gözlədik. Yaxınlarda reallaşdırılması planlaşdırılan "QHT məktəbi” layihəsinin hazırlıqları ilə bağlı söhbət aparırdılar. Artıq yekun hazırlıqlar getdiyi üçün hər kəs öz öhdəliyinə düşən işlərdən nələri gördüyü haqda məlumat verdi, nələri etməli olduqlarını planlaşdırdılar. Sonra birliyin rəhbəri öz otağına getdi və otaqda qız-qıza qaldıq, başladıq söhbətə...


"Özümü inkişaf etdirdim, çoxlu dostlar qazandım”

Birliyin ən tələbkarı, hətta yeri gələndə birliyin rəhbərinə qarşı da iş tələbkarlığı cəhətdən qəddar olan xanım - təşkilatın baş katibi Gülnarla həmsöhbət olduq. O deyir ki, işin keyfiyyətli olması üçün tələbkarlıq göstərir, amma işçilərlə münasibətdə xoş ünsiyyəti qoruyub saxlayır: "Bizdə baş katib, könüllü deyə ayrılmış münasibət yoxdur, hamımız dostuq, zarafat edirik, bir yerdə əylənməyə gedirik, çay süfrəsi arxasında otururuq”.

İlk olaraq birliyə könüllü kimi gələn Gülnar xanım bildirdi ki, gənclər təşkilatında çalışmaq ona özünü təkmilləşdirmək cəhətdən kömək olub: "Könüllü kimi iki il çalışdıqdan sonra baş katib seçildim. Bura gəldiyimə çox şadam. Çünki ictimai sferada çox böyük uğurlar qazanmağa kömək oldu. Təcrübəm artdı, özümü inkişaf etdirdim, çoxlu dost qazandım. Əvvəllər insanlar qarşısında çıxış etməklə bağlı kompleksim vardı, onu aradan qaldırdım, dil biliklərimi inkişaf etdirdim”.


"Gecəyə qədər işləyirəm”

Nə isə iş tapşırsan, "bu dəqiqə hazır olacaq” deyən, heç kimə "yox” deməyən 20 yaşlı Rəna Süleymanlı isə birliyin baş koordinatorudur. Çox pozitiv bir xanım olan Rəna deyir ki, tələbəlik həyatı dərslə bitməməlidir və o da yorulmaq bilmədən öz inkişafı üçün əlindən gələni edir: "2016-cı ildə könüllü kimi burda fəaliyyətə başlamışam. Bütün layihələrdə iştirak edirdim, müəyyən aksiyalar vardı ki, onlara qoşulurdum, kömək edirdim. Ona görə təşkilatda tez irəli getməyi bacardım. İndi bəzən gecəyə qədər işləyirəm. Tələbəlik illərində universitetdən kənar da fəaliyyət olmalıdır. Nə qədər çox işləsəm də, yorulmuram, çünki özümü inkişaf etdirirəm”.

Birlikdə çalışanların çoxu xanımlardır. Hamısı da Dillər Universitetinin tələbələri idi. Deyirlər ki, hamısı xanım olsa da, yaxşı yola gedə bilirlər. Universitetdə yaxşı münasibətləri olduğumdan üçün burda da onu davam etdirirlər.


Həm birliyin işini görür, həm də öyrənir

Növbəti həmsöhbətimiz birliyin beynəlxalq layihələr üzrə koordinatoru Leyla Əliyevadır. Öyrəndik ki, tərcümə məsələləri ilə bağlı hamı ona üz tutur, o da gecə saatlarında olsa belə, mütləq edir. Leyla da burda çalışmağın onun üçün müsbət tərəflərinin çox olduğunu deyir. Əvvəllər sadəcə layihələrdə iştirak edən Leylada sonradan burda daimi çalışmaq istəyi yaranır: "Əvvəl bütün layihələrində iştirak edirdim, maraqlı gəlirdi. Kollektivi görəndən sonra artıq bura ilə əlaqələrimi daha davamlı etmək istədim. Dərslərimiz çox olanda həftə sonları gəlib bütün işlərimizi görürük”.

Tərcümə məsələlərinə gəlincə, deyir ki, nə qədər çox iş görsə, özünü bir o qədər təkmilləşdirmiş olur. Yəni, həm birliyin işini görür, həm də öyrənir.


"Gənclərin çılğınlığına mən də qoşuluram”

Sakit, səssiz, hər detalı yazacaq qədər dəqiq biri. Bu, birliyin könüllülərinin rəhbəri Fatimə Vəliyevadır. O, hazırda magistratura təhsili almaqla yanaşı, həm də birlikdə fəaliyyət göstərir. Könüllülərin məsuliyyətli olduqlarını, işləməyə, öyrənməyə həvəs göstərdiklərini deyən Fatimə bildirdi ki, gənclərin çox yaxşı ideyaları olur: "Bəzən çox yaxşı ideyalar verirlər, biz də onları nəzərə alırıq. Biz çox vaxt gəncləri dəvət etmirik, özləri qoşulmaq üçün müraciət edirlər. Bəzən bir layihə bitməmiş növbəti layihənin nə vaxt olacağını soruşurlar”.

Sakitliyinə gəlincə, Fatimə bildirdi ki, bu, onun işinə, gənclərlə ünsiyyətinə mane olacaq dərəcədə deyil: "Sakitlik deyəndə "başını aşağı salıb işini görən adam” demək istəyiblər, yəqin ki. Amma gənclərin çılğınlığına müəyyən mənada mən də qoşuluram. O cəhətdən sakit deyiləm”.


"Bizə müsbət enerji verir, gülürük”

Birliyin güləyən əməkdaşı isə qeydiyyat şöbəsində çalışan Nərgiz Qurbanovadır. Həm də "yaşıl göz” kimi çağırılan Nərgiz deyir ki, gülməyi, pozitivliyi elə birlikdə öyrənib: "Öz yaşıdlarımla əlaqədə olmaq, çalışmaq mənə xoşdur. Bu iş bizə müsbət enerji verir. Burada təşkilatdan çox, bir ailə mühiti var. Əslində, burdakı ab-hava xoş olduğu üçün qalmaq istədim. Get-gedə universitetdən çox, birlikdə fəaliyyət göstərdim. Burda mən özgüvən öyrənmişəm. Əvvəl universitetdə aktiv deyildim, amma burda öyrəndiklərim sayəsində orada da aktiv olmağa başlamışam”.
"Həftənin hər günü işim var”

Keçirikbirliyin rəhbəri Fəxrəddin Həsənzadəilə söhbətə. Onu deyim ki, birliyin əməkdaşlarına rəhbərlə bağlı çox sual ünvanlasam da, neqativ nəsə demədilər. F.Həsənzadə deyir ki, o gənclər üçün uyğun bir şərait yaratmağa çalışır ki, rahat olsunlar, işlərini məcbur olduqları üçün yox, sevərək görsünlər. Birlik rəhbəri gənclər təşkilatlarının gənclərin ideyalarına, yeni fikirlərinə ehtiyacı olduğunu dedi.

F.Həsənzadə bildirdi ki, hazırda birliyin regional olaraq da geniş fəaliyyəti var: "Hazırda 6 regionda - Ağcabədi, Quba, Şirvan, Mingəçevir, Gəncə və Bakıda ofisimiz var. Yaxınlarda isə Ucarda da açılması gözlənilir. Bu ofis formal bir nümayəndəlik deyil, rəsmi olaraq hüquqi ünvan var, ofis şəraitində iş gedir. Gündəlik işə gələndə hər gün regional ofislərlə əlaqə saxlayırıq. Hər həftə hər regionda minimum bir görüş olmalıdır. Demək ki, həftənin hər günü işim var. Görüşlər, tədbirlər, mətbuatla əlaqələr və s. iş çoxdur”.


"Qrant alandan-alana iş görən təşkilatlardan deyilik”

Təşkilatın əsas ideologiyasının maarifçiliyin gənclər arasında təbliği olduğunu deyən F.Həsənzadə bildirdi ki, müxtəlif istiqamətli layihələr il ərzində təşkil olunur. Elə layihələr var ki, bir dəfə, eləsi də var ki, hər il mütəmadi olaraq keçirilir. Müsahibimiz deyir ki, gənclərin cəlb olunması cəhətdən heç vaxt problem yaşamırlar. Əksinə, gənclər özləri layihələrdə çalışmaq üçün müraciət edirlər: "Media mən”, "Qızlar seminariyası” layihələrimiz hələ başlamayıb, amma artıq nə vaxt başlayacağını xeyli adam soruşub. Biz qrant alandan-alana iş görən təşkilatlardan deyilik. Ötən il bizim tədbir və layihələrimizin sayı 87 oldu. Onlardan 12-13-ü qrantla olubsa, qalanları öz təşəbbüsümüzlə reallaşıb. Davamlı iş olduqca və bu işlər doğru şəkildə icra olunursa, gənclər də qoşulmağa maraq göstərirlər”.

F.Həsənzadə sonda əlavə etdi ki, özü də 10 il əvvəl könüllü kimi başlayıb. Onun fikrimcə, özünü göstərdikcə bu sahədə irəliləyiş qazanmaq mümkündür: "2007-2008-ci illərdə mən bu təşkilatın könüllüsü olaraq fəaliyyət göstərmişəm. Könüllü kimi gəlib, özünü göstərib, pillə-pillə irəliləyib təşkilat rəhbəri olmağın mümkünlüyünün nümunəsini öz təcrübəmdən deyə bilərəm. Bizim birlikdə iki dəfə və hər dəfə iki illik rəhbər seçilmək imkanı var. May ayında artıq rəhbər seçilməyimin 4 ili tamam olacaq, ondan sonra artıq başqa gənclər özlərini burada sınaya bilərlər”.

Söhbətdən sonra yenə bir otağa yığışıb işlərini görməyə başlayırlar. Onlara "işiniz avand olsun” deyib, sağollaşırıq.

Aygün Asimqızı





banner

Oxşar Xəbərlər