• cümə axşamı, 25 aprel, 08:32
  • Baku Bakı 14°C

Bunun hüquqi izahını tapmalıyıq

25.07.13 15:04 1662
Bunun hüquqi izahını tapmalıyıq
Milli Məclisin yaz sessiyasında birinci oxunuşdan keçən “Yaradıcı şəxslər və yaradıcı İttifaqlar haqqında” qanun layihəsi üzərində işlər növbəti sessiyalarda da davam etdiriləcək.
Parlamentin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərovun APA-ya verdiyi məlumata görə, yaradıcı şəxslər və yaradıcılıq qurumlarının fəaliyyətinin artırılması üçün bir sıra məsələlərin müzakirəsi gündəmdədir:
“Bəzi ölkələrin təcrübəsində belə qanunlar mövcuddur. Əsas məsələ yaradıcı şəxslərin hüquqlarını, vəzifələrini müəyyənləşdirmək və yaradıcı şəxs anlayışını qanunvericiliyə gətirməkdir. Yaradıcı şəxs digərlərindən fərqlənir və bu, ictimai hadisədir. Hər kəs yaradıcı deyil. Söhbət bədii yaradıcı şəxsdən gedir. Bədii yaradıcı şəxslərin – yəni şair, yazıçı, bəstəkar, rəssam və s. bunların cəmiyyətdə xüsusi statusu var və bunun hüquqi baxımdan izahını vermək o qədər də asan məsələ deyil. Amma hər halda, mümkündür. Bu məsələdə ikinci mühüm anlayış yaradıcı birliklərin fəaliyyətidir. Birliklərə cəmiyyətin də, Azərbaycan dövlətinin də xüsusi diqqəti var. Amma bununla bağlı ilk müzakirələrdə bir məsələ ortalığa çıxdı ki, bu yaradıcı birliklərlə qeyri-hökumət təşkilatlarının heç bir fərqi yoxdur. Azərbaycanda qeyri-hökumət təşkilatları çoxdur və yaxşı da işləyirlər. Amma məsələn, Azərbaycan Yazıçılar Birliyi Yaşıllar Hərəkatı deyil”.
Nizami Cəfərovun sözlərinə görə, yaradıcı təşkilatların ictimai qurum olması qanun layihəsinin müzakirəsində müxtəlif problemlərin yaranmasına səbəb olur: “Birinci oxunuşda belə bir fikirlər səsləndi ki, əgər qeyri-hökumət təşkilatları haqqında qanun varsa və bu qurumlar qeyri-hökumət təşkilatları sırasına daxildirsə, əlavə qanuna nə ehtiyac var? Mən bu fikri tam təkzib etmək istəmirəm, amma razılaşmıram da. Hər halda, dünya təcrübəsində varsa və biz aydın şəkildə görürüksə ki, yaradıcı təşkilatlar ədəbiyyatımızı, incəsənətimizi yaradan şəxslərin birliyidir, əlbəttə, xüsusi status olmalıdır. İkinci etiraz ondan ibarət oldu ki, qanun qəbul olunarsa, get-gedə çoxlu yaradıcı birliklər yaranacaq. Məsələn, gənclər yeni bir qurumlar yarada bilərlər. Necə ki, ayrıca Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı yaratsınlar. Yaxud hər kəs özünü bədii yaradıcı şəxs elan edə bilər. Xüsusilə bizim xalqımız şeir yazmağa çox meyllidir. Bundan sonra dövlətin işi-gücü ondan ibarət olar ki, yaradıcılıq birliklərini maliyyələşdirsin. Bu məsələdə etiraz edənlər də hardasa haqlıdırlar. Ona görə, müzakirə edib, bunun hüquqi izahını tapmalıyıq”
Nizami Cəfərov əlavə edib ki, qanun layihəsində nəzərdə tutulan “yaradıcı təşkilatların və yaradıcı şəxslərin səlahiyyət məsələsi” ölkə başçısının səlahiyyətinə aid olduğu üçün bu məsələnin ciddi müzakirəsinə ehtiyac var:
“Yaradıcı şəxslərə dövlət tərəfindən təqaüdlər verilir. Yaxud yaradıcı şəxslərə və yaradıcı qurumlara dövlət sifarişi verilir və bir qrup adam bununla məşğul olur. Məsələn, bəzi ölkələrdə bu belə deyil. Sifarişlərlə müxtəlif prodakşnlar məşğul olur. Amma bizdə vəziyyət fərqlidir. Bu səlahiyyətlərin verilməsi icra orqanı, yaxud Mədəniyyət və Turizm Nazirliyi vasitəsi ilə həyata keçirilir. Əsas məsələ bazar iqtisadiyyatına keçmək, prodüser texnologiyaları institutunun müəyyənləşməyi ilə bağlıdır. Tədricən dövlətdən asılılıq azaldılmalıdır. Bu işin praktikası dünyada da belədir. Bizdə ən böyük sənətkarlar da dövlət qayğısı olmadan yaşaya bilmir. Bunun bir səbəbi bizim sənətkarlarımızın yaradıcılığının bazara ağır çıxması ilə bağlıdır. Bir Azərbaycan yazıçısı nə qədər istedadlı olur olsun, onun normal yaşamağı üçün yalnız Azərbaycan bazarı kifayət etmir”.
Komitə sədri dövlət büdcəsindən maliyyələşən yaradıcı təşkilatların mətbu orqanlarında qonorarların artırılmağı məsələsinə münasibət bildirərkən deyib ki, qonorarların süni şəkildə qaldırılmağı mümkün deyil:
“Əlbəttə, hər kəs istəyər ki, məsələn, Yazıçılar Birliyinin nəşrlərində qonorarlar artırılsın. Mən sizə maliyyə işçilərinin sözünü deyirəm: qonorarı çox artırmaq da, həmin insanları stimulsuzlaşdırır. Düşünürəm, bu məsələdə haqlıdırlar. Hər halda, Milli Məclisin Mədəniyyət Komissiyası kimi qonorarın artırılması üçün mübarizə aparsaq da, mən əmin deyiləm ki, bununla ədəbiyyatımız inkişaf edəcək. Qonorara görə təbii ki, çox yazılacaq. Amma keyfiyyətə bu nə dərəcədə təsir edəcək, sözün açığı bu, mürəkkəb məsələdir. Əgər Yazıçılar Birliyinin nəşrlərində qonorar artırılırsa, digər nəşrlərdə də artırılmalıdır. Məsələn, ümumən jurnalistikada, televiziyada qonorarlar da artırılmalıdır. Yəni bu elə bir miqyasdır, mən düşünmürəm ki, bizim maliyyə işçilərimiz buna ürəkdən pul versinlər. Məsələ qaldırıb, qonorarların artırılmasına nail olmaq Milli Məclisin işi o deyil ki. Hətta biz qanun layihəsini qəbul etsək də, orda yazılmayacaq ki, ədəbi orqanlar yüksək maliyyələşdirilməlidir. Yaradıcı təşkilatların Nazirlər Kabinetinə, yaxud dövlət başçısına müraciət edib qonorar fondunun artırılması üçün imkanları var. Bu, Milli Məclisə aid məsələ deyil”.
banner

Oxşar Xəbərlər