• cümə axşamı, 25 aprel, 19:21
  • Baku Bakı 21°C

“Bunların heç bayırlığı da yox imiş”

15.03.14 08:28 1823
“Bunların heç bayırlığı da yox imiş”
Qərbin də dəstək verdiyi müxalifət Ukraynada hakimiyyəti ələ aldıqdan sonra prezident Viktor Yanukoviç ölkəni tərk edərək Moskvaya sığınmaq məcburiyyətində qalıb. Buna cavab olaraq Rusiya Krım yarımadasına qoşun yeridib və işğalı rəsmiləşdirmək məqsədilə muxtar respublikada referendum təyin edib. Ölkəni düşdüyü gərgin vəziyyətdən çıxarmaq üçün Ukraynadakı müvəqqəti hökumətin baş naziri Arseni Yatsenyuk ABŞ-da dəstək axtarışına çıxıb. Belə bir vaxtda isə xarici işlər naziri Andrey Deşitsa ölkəsinin tezliklə MDB-ni tərk edəcəyini açıqlayıb. Azərbaycanın da strateji tərəfdaşı sayılan Ukraynada cərəyan edən hadisələr, Krımın işğalı, yarımadadakı referendumun Dağlıq Qarabağ probleminə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, politoloq Elşən Musayev cavablandırır.
- Elşən müəllim, Ukrayna hadisələrini necə qiymətləndirirsiniz?
- Ukraynada baş verən proseslər hələ yenicə vüsət alarkən bildirmişdim ki, beynəlxalq güclər sona qədər taraz bir siyasət nümayiş elətdirə bilməyəcək. Hətta özləri istəsə belə. Niyə? Çünki, ortalıqda dövr edən çox aktual suallar, eyni zamanda nüanslar var. Əvvəla Ukraynada meydanlara xalq deyil, Qərbin maliyyəsi ilə qidalanan təşkilatların nümayəndələri çıxmışdı. Ya da eyni formatda olan təəssübkeşlər. İkincisi, hazırda Ukrayna üçün xarakterik olan siyasi lider defisiti bu ölkədə baş verən, ya da verə biləcək istənilən qarşıdurmanın həllindən çox qeyri-həll imkanlarını özündə ehtiva edir. Yəni vəziyyətin qəlizləşmə ehtimalı onun düzəlmə ehtimalından daha çoxdur. Nəhayət üçüncüsü, Ukraynada böhranı gətirən səbəb “Maydan” və hakimiyyət arasındakı anlaşılmazlıq deyildi. Ta başlandığı gündən etibarən, bu, Avrointeqrasiya ilə Gömrük İttifaqının ortaya çıxardığı zərurət idi. Həm də demək olar ki, bütün post-sovet dövlətlərinin qarşılaşmış olduğu birmənalı məhkumiyyətdən doğan zərurət. Sadəcə baş verən proseslərin fonunda kimsə qurban getməli idi. Həmin qurbanlıq taleyi də Ukraynanın bəxtinə düşmüş oldu. İtirən isə bütün hallarda xalqdır. Nəyin niyə baş verdiyini şirin xəyallarından və ovsunlanmış beynindən savayı heç bir yerdə çözə bilməyəcək xalq. Həm də himayəsiz qalan xalq. Yəqin xatırlayarsınız, ilkin dönəmlərdə Qərb özünə əl qatmışdı və bildirirdi ki, Ukrayna hakimiyyəti növbədənkənar prezident seçkilərinə getməlidir, müxalifətə qarşı loyallaşmaq lazımdır və sair. Hətta söylədiyim konkret nüanslarla bağlı Avropa dövlətləri ilə qeyri-rəsmi razılıq belə əldə olunmuşdu. Gəlin görək, sonuc nə oldu? Hamısı qaçdı. Həm də dabanına tüpürüb qaçdı. Digər tərəfdən isə Rusiya sayı-hesabı olmayan milyardları Yanukoviçin sərəncamına təslim edirdi. Nəticə oldumu? Yenə də olmadı. Bilirsinizmi niyə olmadı? Çünki fövqəldövlətlərin himayə anlayışı öz qüvvəsini yalnız proses nəzarətdən çıxana qədər saxlayır. Elə ki, bir dövlətin ayağı çuxura girdi, onu qaldırmağa deyil, bir az da üzü aşağı batırmağa çalışırlar. Eynən bu gün Ukraynanı batırdıqları kimi.
- Krımın ruslar tərəfindən işğal edilməsinin ardınca yarımadanın referendum yolu ilə Rusiyaya birləşdirilməsi reallaşarsa, bu, Dağlıq Qarabağ probleminin tənzimlənməsinə necə təsir edə bilər?
- Krımda aləm dəyib bir-birinə. Vəziyyət inanılmaz dərəcədə kritikdir. Eyni zamanda, kritik olduğu qədər də kuryoz. Rusiya əraziyə faktiki qoşun yeridib, Amerika və Avropa dövlətləri isə hələ mənəvi dəstək verməklə məşğuldurlar. Bir də ara-sıra lüzumsuz sanksiyalar tətbiq etməklə. Kimə lazımdır sənin mənəvi dəstəyin, boş-boş söz oyunların? Ortalığı qarışdır, aləmi bir-birinə qat, axırda da müdafiə eləyirəm dediyin dövləti apar Rusiyanın caynağına at ki, iş bilmişəm. Əlinə, ovcunda dayan. Nə olar-olar. Yaxşı bəs qırğına verdiyiniz insanların günahı nədir? Əl oyuncağına çevirdiyiniz beynəlxalq hüququn mahiyyəti nədir? Hələ sanki çox əlahiddə bir işin öhdəsindən gəlibmişlər kimi bu estafetin davamına da iddia eləyirlər. Demək olar ki, bütün post-sovet dövlətlərində qərarlaşan səfir və diplomatları çox açıq bir formada siyasi proseslərə sövq elətdirirlər. Niyə? Nəyin müqabilində? Hansı üzlə? Bax bu sualların cavabı kimsəyə məlum deyil. Təbii, özlərindən başqa. Son prezident seçkilərindən sonra Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın qeyri-ənənəvi aktivliyi də elə söylədiyim qəbildəndir. Sadəcə bunlara təlimatın detallı məğzi izah olunmur. “Qarmağı at, təzyiq altında saxla, sonrasına baxarıq” - prinsip budur. Eyni zamanda, Morninqstarın timsalında son zamanlar izləmiş olduğumuz abstrakt və rabitəsiz fəaliyyət də çox güman haqqında danışdığım səbəblər toplusu ilə birbaşa əlaqəlidir. Demək istədiyim budur ki, bütün bu proseslər sistematik xarakterlidir və bəlli qüvvələr tərəfindən öz maraqlarına uyğun yönləndirilir. Referendum və ya hər hansı bir torpaq ilhaqının Qarabağ probleminin həlli məsələsinə təsirinə gəlincə, hesab edirəm ki, elə burda da həmin haqqında danışdığım sistematikanın çalarlarını, izlərini axtarmağa dəyər. Yəni ərazi bütövlüyü ilə bağlı məsələlər hər zaman bu və ya digər şəkildə president xarakteri daşıyıb. Ya da belə deyək, Qərbin də, Rusiyanın da beyinlərində və nəzərlərində tutduqları şakərlərinin tamına əsla yadırğamaq fikirləri olmayıb. Heç bir zaman da hansısa məsələnin ədalətli həllinə tərəfdar çıxmayıblar. Gördüklərimiz isə blefdir. Hətta inandırım sizi, proseslərin gedişatında Ukrayna məsələsi ilə bağlı Azərbaycandan ciddi dəstək almaq üçün məhz Rusiya dövlətinin özü tərəfindən dediyiniz təşəbbüs – yəni Qarabağla bağlı Ermənistanın əleyhinə işləyəcək təkliflər səslənə bilər. Fəqət heç bir halda bu, ciddiyə alınmamalıdır. Niyə? Çünki, Qarabağ münaqişəsi Rusiya üçün Krımdan daha çox strateji əhəmiyyət daşıyan məsələdir. Rusiya üçün eyni adlı məsələdə ilkin prioritet nə yolla olursa olsun, münaqişənin həllini ləngitməkdir.
- Ukraynadakı müvəqqəti hökumətin baş naziri Arseni Yatsenyuk ABŞ-da dəstək axtarışında olduğu bir vaxtda xarici işlər naziri Andrey Deşitsa bəyan edib ki, Ukrayna MDB-ni tərk etməyə hazırlaşır. Sizcə, Ukraynanın bu addımı MDB-nin dağılmasına gətirib çıxara bilərmi?
- Ukrayna heç şübhəsiz, bütün bu olaylardan sonra MDB-nin tərkibində qala bilməz. Hətta deyim ki, istəsə belə qala bilməz. Çünki, belə olan halda Qərbin olan-qalan dəstəyindən də tamamən məhrum olar. Amma eyni zamanda Ukraynanın belə bir addım atacağı halda MDB-nin dağılma perspektivinə də inanmıram. Ona görə inanmıram ki, həmin qurum onsuz da ruhsuz bədən kimi bir şeydir. Hansısa dövlətlərin ümumi söz və qərar birliyi ilə deyil, konkret olaraq Putinin “komanda”sı ilə işləyir.
- Azərbaycan cəmiyyətinin, xüsusən də müxalifətin Ukraynada, Krımda baş verən hadisələrə münasibəti qaneedicidirmi?
- Azərbaycan cəmiyyətini bu gün Krımdan daha çox düşündürən məsələlər var. Bu məsələnin birinci tərəfi. İkinci nüans ondan ibarətdir ki, Ukrayna cəmiyyəti və hakimiyyəti Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanla bağlı heç bir həssas məsələdə xüsusi aktivliyi, ya da fədakarlığı ilə seçilməyib, yadda qalmayıb. Nəhayət üçüncüsü, prosesi izləyən və ağlı başında olan hər kəsə gün kimi aydındır ki, hətta Ukrayna xalqının özü belə bu münaqişədə tərəf deyil. O ki, qala biz olaq. Dava Qərb və onun dəstəkçiləri ilə Rusiya arasında gedir. Belə bir vəziyyətdə isə Azərbaycanın dövlət olaraq ortalığa konkret mövqe qoyması hesab edirəm, maraqlarımıza xidmət eləməz. Müsavat funksionerlərinin Krıma səfər cəhdinə gəlincə, bu, çox məzəli bir olay idi. Elə hər mənada. Görünən budur ki, bizim müxalifətimiz “harada aş - orada baş” prinsipinə hələ də sadiqdirlər. Amma eyni adlı məsələdə şəxsən mənim diqqətimi çəkən məqam Arif Hacılı və Gülağa Aslanlının saxlanılması ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının verdiyi bəyanat oldu. Həmin bir cümləlik bəyanatda deyilirdi ki, Azərbaycan vətəndaşları səs-küy saldıqlarına və ictimai davranış qaydalarına riayət edə bilmədiklərinə görə, öz ölkələrinə deportasiya olunurlar. Biabırçılıqdır. Sözün əsl mənasında. Bu günə qədər biz elə bilirdik ki, Azərbaycan müxalifətinin radikalları özlərini yalnız daxildə apara bilmirlər. Sən demə, bunların heç bayırlığı da yox imiş.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər