AZE | RUS | ENG |


Bunlar mənə röya kimi gəlir

Bunlar mənə röya kimi gəlir
Yavuz Akpinar: “Mən Azərbaycanla İran arasında körpü idim”

Ədəbiyyat araşdırmaçısı Yavuz Akpinar Azərbaycan ədəbiyyatının tədqiqinə hələ gənc yaşlarından başlayıb. M.F.Axundzadədən başlayan tədqiqatları ona ölkəmizin görkəmli şəxsiyyətlərini daha yaxından tanıdıb, ünlü insanlarla qarşılaşdırıb, ən əsası, Azərbaycanı sevdirib. Tədqiqatçı alim araşdırmalarını ölkəmizin görkəmli ədəbiyyatçılarının, şəxsiyyətlərinin yaradıcılığına, fəaliyyətinə, tarixi mətbu orqanlarımızın, o cümlədən "Kaspi”nin tədqiqinə həsr edib. 
Bu günlərdə Bakıda "Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi, problemlər, vəzifələr” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransda iştirak edən professor, Dr. Yavuz Akpinar "Kaspi”nin qonağı oldu.
 
İndi mənə röya kimi gəlir...
- Siz Azərbaycan ədəbiyyatının tədrisi ilə məşğul olmusunuz. Türkdilli ölkələrin ədəbiyyatı içərisində niyə məhz bu bölümü seçdiniz?
- Mən Qarsda doğulmuşam. Əslimiz isə Qarabağdan gəlmədir. Amma ən azı, 7 nəsil Qarsdayıq. Qars sovetlər birliyi respublikaları, o cümlədən Ermənistanla sərhəd olduğundan biz erməni zülmünün nə olduğunu öyrənərək, rusların tikdiyi binaları görərək böyüdük. Həmçinin məhəlləmizdə rus konsulluğu var idi. Polislər o konsulluğun önündə davamlı növbə tutduğundan oradan keçməyə ehtiyat edərdik. Sonradan konsulluq bağlandı. Həmçinin ailə hekayələrimiz də var. Atamgil ermənilərin törətdiyi qətliamdan qurtulmaq üçün qaçıb Gəncəyə gəlmişdilər. Ailəmiz çoxlu insan itirib. Atam çox bilgili və şüurlu insan idi. Bütün ailə üzvləri məhv olduğundan təkcə atam qalmışdı. O, Kazım Qarabəkirin yetimlər üçün məktəbində oxumuşdu. Bizim Doğu Anadolu Qarabəkirə çox borcludur. O, uşaqlara əsgər qiyafətləri tikdirmiş və onları yetişdirmişdi. Həmin uşaqlar şüurlu türk ruhu ilə yetişmişdilər. Atam mənə hələ orta məktəbdə oxuyarkən Ziya Gökalpın kitablarını, türk tarixini oxutdurdu. Hətta, mənim və qardaşlarımın Yavuz, Yıldırım, Atilla adlarını o kitablardan seçmişdi. Bu, atamın türk taleyinə baxışını göstərirdi. Biz həm Qarsda, həm də ailə içində milli ruhda yetişdik. Liseyə gəldiyimiz zaman bizdə rus və ermənilərə fanatik dərəcədə nifrət vardı. Türk dünyasına aid kitablar oxuyunca məndə türkçülük fikirləri inkişaf etdi. Qarsdakı Alpaslan Liseyində oxuyanda «Ya tarixçi, ya da ədəbiyyatçı olacağam», - deyə artıq qərar vermişdim. Biz lisey tələbəsi ikən üç ədəbiyyat dərgisi nəşr etdirdik. Sonra Ərzurum Atatürk Universitetinin Türk dili-ədəbiyyatı bölümündə oxudum. Niyazi adlı müəllimimiz türk teatrı tarixindən dərs deyirdi. O, türklər arasında ilk komediyalar yazan Mirzə Fətəli Axundzadədən bəhs etməyə başladı. Mən ilk teatr əsərləri yazan yazıçı haqqında Türkiyədə axtarışlar etsəm də, heç bir qaynaq tapmadım. O zaman komediyaları Türkiyədə tapmaq mümkün deyildi. 1969-cu ildə universitetdən məzun olunca Azərbaycan ədəbiyyatı üzərində çalışacağıma qərar verdim. Müəllimimin yönləndirməsi, Mirzə Fətəli Axundzadədən bəhs etməsi diqqətimi Azərbaycana yönəltdi. 1970-ci ildə Sovetlər Birliyinə gəldim. O zaman viza almaq və buralara gəlmək çox çətin idi. Ermənistandan dəmir yolu ilə gəlməli oldum. Arpaçayda qatara minib gələndə yolda sərhəd boyunca uzanan tikanlı məftilləri, silahlı əsgərləri, onların çəkmələrinin sərtliyini, məftillərin arxasındakı taranlanmış torpağı görüncə məni qorxu bürüdü. 22-23 yaşım vardı, amma bütün bunlara rəğmən, Azərbaycana gəldim. Bakıya gəlişimin səbəbkarı təsadüfən professor Abbas Zamanovla məktublaşmağım oldu. Onunla görüşüb Azərbaycan ədəbiyyatı üzrə çalışmaq istədiyimi söylədim. Mən o zaman Bakıda qalıb doktorluq işi müdafiə edə biləcəyimi zənn edirdim. İnanırsınızmı, o zaman "Bakıda oxumaq istəyirəm, mənə təqaüd verin” –deyə sizin maarif nazirinin qəbuluna qədər getdim. O, bunun mümkün olmadığını dedi. İndi düşündükcə bunlar mənə röya kimi gəlir. Sonra bir neçə yaşlı adam mənə: «Sən türksən, burada heç bir türkə inam olmaz. Burada qalsan, səni öldürəcəklər. Kitabları al, apar, ancaq burada oxuma. Rus burada türkün oxumasına izn verməz» dedilər. Mən Bakıdan iki bağlama kitabla qayıtdım...
- Bəs sonradan Azərbaycana necə gedib-gəldiniz?
- Abbas Zamanovun dəstəyi ilə Azərbaycana gəlib-getdim və buraları tanıdım. Mənim Bakıda tanıdığım insanların hamısı 70 və ya ondan yuxarı yaş insanlar idi. Bəxtiyar Vahabzadə belə o zaman gənc nəsil sayılırdı. Təsəvvür edin, Yazıçılar Birliyində İmran Qasımov qarşıma çıxdı. Sonra Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə ilə dost oldum. Azərbaycanın ən ünlü alimlərini gördüm. Əlaqələrimiz belə başladı və davam etdi. Sonra Nəbi Xəzrinin şeirlərini yayımladım. Bakıdakı "Dostluq” və "Vətən” cəmiyyətləri, Yazıçılar İttifaqı, universitetdəki müəllimlər mənə çox köməklik edirdi. Onlar məni himayə etməsəydilər Bakıda nə bu qədər geniş çevrə tapa, nə də gəlib-gedə bilərdim. O zaman Türkiyə ilə rabitə yox idi. Beləcə mənim Azərbaycan ədəbiyyatı, Mirzə Fətəli Axundzadə haqqında tədqiqatlarım başladı və doktorluq işi yazdım. Çalışmalarım Azərbaycan ədəbiyyatından türk dünyası ədəbiyyatlarına doğru dəyişməyə başladı və türk dünyası ədəbiyyatını araşdırdım. Biz fakültədə dünyadakı türk ədəbiyyatını tək bir ədəbiyyat olaraq qəbul edirik. Azərbaycan ədəbiyyatı da onun bir şöbəsidir. Türk dilini də tək bir dil olaraq qəbul edir və Göytürk kitabələrindən başlayırıq. Füzulini oxuyarkən müəllimlər onun qəzəllərini latın əlifbası ilə deyil, ərəb əlifbası ilə oxutdururdular. Nəsimini oxuduğumuz zaman müəllim bizə əlyazmasından oxudurdu. Bu, çətin idi, ancaq bizim yaxşı yetişməyimizə səbəb oldu. Ancaq Azərbaycanda maraqlanıram, ərəb əlifbası oxutmurlar. Elə isə bundan 70 il sonra böyüyən uşaqlar Nəsimini, Füzulini, "Füyuzat” və ya "Molla Nəsrəddin” jurnallarını, «Əkinçi», "Şərqi-Rus” və ya "Həyat” qəzetlərini necə oxuyacaqlar? Məncə, universitetlərin tarix və ya ədəbiyyat bölümlərində ərəb əlifbasına yer vermək lazımdır. Bizim 4 illik filoloji fakültədə dünyadakı türklərin ədəbiyyatı var. Amma burada hələ Azərbaycan ədəbiyyatı şöbəsində türkcə türklərin, özbəklərin, tatarların ədəbiyyatı oxudulmur. Məncə, bu, yanlışdır. Türkmənlərdə Nəsimi yoxdur, ancaq özbək və türkmən ədəbiyyatından Nəsimini, Füzulini çıxara bilməzsiniz. Onlar bunu oxuyurlar. O zaman siz niyə bu qapıları qapadırsınız? Və ya Əhməd Yəsəvi, Yunis Əmrəyə niyə qapıları qapadırsınız? Bunlar bizim müştərək ədəbi şəxsiyyətlərimizdir, onları bərabər oxumaq lazımdır. Təbii ki, bu, türk dünyasının bir-birini sevməsinə, bir-biri ilə əlaqə qurmasına xidmət edir. Mən 70-ci illərdə Bakıya gələndə burada yalnız Nazim Hikmətdən danışıldığını gördüm. Ancaq bizim qoca ədəbiyyatımız təkcə Nazim Hikmətlə təmsil olunmur, başqa şəxsiyyətlər də var. Onları da oxumaq lazımdır.
- Siz Azərbaycan ədəbiyyatını tədris edən zaman tələbələr tərəfindən ədəbiyyatımıza maraq çox idimi?
- Maraq çox idi, bu gün də var. Səmimi olaraq deyirəm ki, Azərbaycanın bir filoloji fakültəsinə getsəniz tələbənin yüzdə on və ya on beşi türk ədəbiyyatına maraq duyursa, bizdəki tələbələrin yarısından çoxu Azərbaycan ədəbiyyatına maraq duyur. Sovetlər birliyi dağılmazdan əvvəl turançılıq, türkçülük dediyimiz zaman faş edilmiş şovinizm kimi bir məqsəd vardı. İndi belə bir qorxu yoxdur. Türk dünyasından dövlət başçıları bəhs edir. Türkiyədə qapılar artıq açılıb. 1990-cı illərdən sonra Türkiyədə türk dünyası ədəbiyyatı, dili, tarixi haqqında yayımlanan əsərlər bütün türk dünyasından çoxdur. Məsələn, Azərbaycanda hələ özbək, qazax, tatar ədəbiyyatına maraq yoxdur. Məsələn, burda təkcə Oljas Süleymanovu tanıyırlar. Ancaq Türkiyədə «Qazaxıstan ədəbiyyatını öyrənəcəyəm» - deyib o ölkəyə gedən gənc nəsil var. Bir dili yaşadığı yerdə öyrənmək onun gələcəkdə yaxşı bir alim olmasına da imkan yaradır. Bu gün Türkiyədə çuvaşca, yakudca, rusca bilən gənc tarixçilər tapa bilərsiniz. Biz əvvəllər rusca bilməzdik. Amma indi belə bir nəsil yetişdi və bu, gələcəkdə türkolojinin səviyyəsinin yüksəlməsində böyük rol oynayacaq. Bu gün Türkiyədə Azərbaycan ədəbiyyatı və dili üzrə doktorluq işi üzrə çalışan 50-ə yaxın insan var. Biz 1990-cı illərdə heç azəri türkcəsini anlaya bilmirdik.
 
"Yenidən Azərbaycan ədəbiyyatına dönəcəyəm”
- İsmayıl Qaspiralı ilə bağlı araşdırmalara necə maraq göstərdiniz?
- 1990-cı illərdən sonra Qaspıralını araşdırmağa başladım. 15 ildən artıqdır ki, Qaspıralı üzərində çalışıram. Çünki onun haqqında Türkiyədə araşdırma etmək mümkün deyildi. Nə Türkiyədə, nə də Bakıda «Tərcüman» qəzetinin arxivi var idi. Sovetlər birliyi dağılandan sonra Rusiyadan «Tərcüman» qəzetinin mikrofilmlərini və rəqəmsal nüsxələrini almaq mümkün oldu. Qaspıralının külliyatını nəşr etməyi qərara aldım. "Madam ki, zamanında türk dünyasının həyatında böyük rol oynayıb, niyə bu şəxsiyyətin əsərləri ortada yoxdur?”- deyə düşündüm. Öncə roman və hekayələrini nəşr etdirdim. Sonra da xronoloji olaraq «Tərcüman»da olan yazıların hamısını ərəb əlifbasından latın əlifbasına çevirdim. Təxminən 10 cildlik nəşrin növbəsi çatdı. Təəssüf ki, bu arada Azərbaycan ədəbiyyatından geridə qaldım. Qaspıralı ilə bağlı işim tamamlanan kimi yenidən Azərbaycan ədəbiyyatına dönəcəyəm. Həmçinin Məmməd Əmin Rəsulzadənin arxivinin bir hissəsini ailəsi mənə etibar etdi. Rəsulzadə haqqında da bəzi çalışmalarım oldu. "İran türkləri” və "Qafqaz türkləri”ni kitab halına gətirib yayımlayan bizik.
1998-ci ildə İranda keçirilən Azərbaycan simpoziumunda Rəsulzadənin əlyazmalarının siyahısını təqdim etdim. Sonradan bu, Sabir Rüstəmxanlı tərəfindən Azərbaycanda yayımlandı. Daha sonra Rəsulzadənin 1923-cü ildə Türkiyəyə gəldiyi zaman nəşr etdirdiyi «Qafqaziyyə» dərgisininın dərc olunan 95 sayını latın əlifbasına çevirdik. Bu günlərdə Avropa-Azərbaycan Cəmiyyəti onu çap etdirəcək. Hər halda, bu, bizim Bakıdakı Mühacirət Ədəbiyyatı Beynəlxalq elmi konfransına ən önəmli töhfəmiz olacaq. Çoxu ərəb əlifbası bilmədiyi üçün o mətnlərdən istifadə etməyi bacarmır. Bu, Türkiyə və Azərbaycan, Türkiyə-İran münasibətləri üçün çox ciddi qaynaqdır. Ancaq indiyədək heç bir tarixçi bundan istifadə etməyib.
- Yenidən Azərbaycan ədəbiyyatına dönüncə kimlərin yaradıcılığını araşdırmaq fikrindəsiniz?
- Artıq Rəsulzadənin əlyazmalarının bir hissəsini yayımlamaq lazımdır. Çünki onun Azərbaycan tarixi haqda 100 səhifədən çox makinada yığılmış 3 ayrı nüsxəsi var. Bu, ömrünün sonunda yazdığı əsərdir. Buradakı dostların diqqətindən qaçan bir isim də var – Cəlal Ünsüzadənin Türkiyədəki fəaliyyəti. Cəlal və Səid Ünsüzadə qardaşları «Ziyayi-Qafqaziyyə»ni çıxarıblar. Onlar çar zülmündən Türkiyəyə qaçmaq məcburiyyətində qalıblar. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurular-qurulmaz Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu orduya müşavir kimi göndərilir. Onların yanında Cəlal Ünsüzadə də var. Həmçinin Əli bəy Hüseynzadənin arxivi haqqında da çalışmalarım oldu. Onun arxivindən olan materialları da yayımlamağımız lazımdır. Mən Cəlal Ünsüzadənin şeirinin əlyazmasını Əli bəy Hüseynzadənin arxivində gördüm və onun üzərinə diqqəti yönəltdim. Osmanlı qəzetlərində onun şeirləri və məqalələri ilə tanış oldum. Arxivlərdə işləyib Ünsüzadə haqqında materiallar əldə etdim. Yaxın vaxtlarda çap etdirəcəyim materiallar Cəlal Ünsüzadənin fəaliyyəti ilə bağlı olacaq. Bakıda Cəlal bəyin nəvəsi gəlib mənimlə görüşdü. Çox sevindim. Çünki Türkiyədə Ünsüzadə ailəsindən heç kimi tapa bilməmişdim.
 
Cənubla Şimal arasında körpü
- Azərbaycan mühacir ədəbiyyatı siyahısında isimlər çoxdurmu?
- Çoxdur... Böyük Vətən müharibəsindən sonra ikinci mühacirət dövründə almanlara əsir düşüb geri dönməyən qrup da var. Ən azı, fəaliyyət göstərən 20-30 nəfər var. Rəsulzadə ilə bərabər Mirzəbalanın da fəaliyyəti araşdırıldı. Mühacirət ədəbiyyatı Türkiyədə bir çox ədəbiyyatçılar tərəfindən araşdırılır. Həmçinin Azərbaycanda da bu sahəyə diqqət var. Təbii ki, AMEA-da mühacirət ədəbiyyatı ilə bağlı şöbənin açılması bu istiqamətdə araşdırmaları daha da genişləndirəcək. İsa Həbibbəyli onlara böyük dəstək verir. Həmçinin onlara maddi dəstək verilsə, mühacirətdəki ədəbiyyatın hamısının orijinalını əski kitabçalardan təmin etmək mümkündür.
- Şəxsi fondlarda sizin azərbaycanlı yazarlara və alimlərə ünvanladığınız iki mindən çox məktubun mühafizə edilməsi ilə bağlı internetdə bir xəbərə rast gəldim. Həmin məktubları əsasən kimlərə ünvanlamısız?
- İnanmıram ki, məktubların sayı iki min olsun, ancaq var. Ən çox məktub yazdığım Abbas Zamanov olub. Onun da məndə məktubları var. Hətta, Ədəbiyyat arxivinin müdiri Marif Teymur bir neçə dəfə "onları gətir arxivdə saxlayaq”- dedi. Mən fakültədən təqaüdə çıxandan sonra iki bağlama məktubu hara qoydumsa, sonra tapa bilmədim, yoxsa hamısını gətirəcəkdim. Həmçinin Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə yazdığım məktublar var idi. Bəxtiyarın da, Nəbi Xəzrinin də şeirlərini ilk dəfə Türkiyədə mən yayımlamışam. Təbii ki, bir çoxları ilə məktub vasitəsilə əlaqə saxlamışam. Həmçinin Cənubi Azərbaycanla əlaqələrim var. Şəhriyarın «Heydərbabaya salam» şeirini ilk dəfə Türkiyədə mən çap etdirdim. 70-80-ci illərdə Bakıdan Təbrizə məktub yazmaq çətin idi. Məktubu göndərsən də gedib çatmazdı. Ancaq Türkiyə ilə İran çox açıq olub. Hətta, bu gün belə iki dövlət arasında viza yoxdur. Cavad Heyət, Söhrab Tahir, Həmid Nitqi ilə əlaqələrim vardı. Onların şeirlərini də Türkiyədə ilk dəfə mən çap etdirmişəm. Abbas Zamanov Səməd bəy Behrənginin qardaşı Həsən bəyə yazdığı məktubu mənə göndərirdi, mənsə Ərzurumdan Təbrizə göndərirdim. Mən həmin illərdə bilavasitə Azərbaycanla İran arasında körpü idim. Ən böyük xidmətim isə İbrahim Bozyellə birlikdə «Qardaş ədədiyyatlar» dərgisini nəşr etdirmək oldu. Bu, həvəskar bir dərgi idi, ancaq çox böyük iş gördü. Demək olar ki, Türkiyədəki bütün ədəbiyyatçıları qardaş ölkələrin ədəbiyyatı ilə mən təmin edərdim. Biz sovet nəşriyyatını ələyərək həmin dərgidə çap etdirdik. Bu dərgiyə Türkiyədə böyük bir maraq gördük. Mən bu dərgini özbəklərə, İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara göndərirdim. Sovetlər Birliyi dağılandan sonra dərginin əhəmiyyəti daha da artdı. Dərginin cəmi 48 sayı nəşr olundu. Bu, dərgi yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatını da Türkiyədə tanıtmaqda böyük rol oynadı.
 
«Kaspi»yə yeni baxış
- «Kaspi» qəzetinin tarixini araşdırmaq qərarına necə gəldiniz?
- Türk dünyası barədə uşaqlara dərs keçərkən təbii ki, ilk növbədə modernləşmə öyrədirik. Bu işin başında İsmayıl Qaspralı var. Bu dərslərin qaynağı təbii ki, qəzetlərdir. Ona görə mən türk dünyasının qəzetlərini toplamağa başladım və Bakıya gəldim. «Əkinçi» nəşr edilmişdi. Daha sonra latın əlifbası ilə çıxdı. Buna rəğmən universitetdə «Əkinçi»dən bir mətn oxutdurduğum zaman nə latın, nə də kiril əlifbası ilə deyil, orijinaldan oxutdururdum. Çünki orijinal mətndə filologiyanın bütün problemləri gözümüzün önünə çıxır. Beləcə, «Tərcüman» qəzetinə və Qaspralıya müraciət etdim. Hazırda «Tərcüman» qəzetinin tam kolleksiyası dünyada təkcə məndə var. Mən bunu rəqəmsal olaraq bir neçə kitabxanadan toplamışam. Azərbaycanın modernləşməsi haqqında fikirlər bizə Hüseyn Kara ilə gəldi. Azərbaycanın modernləşməsi, Axundzadə, Mirzə Kazım bəy, Zərdabi haqqında bizə ilk bilgi verən Hüseyn bəy Karanın yazdıqları oldu. Mən Bakıya gəldikdən sonra «Həyat», «Şərqi-Rus», «Ziya», «Ziyayi- Qafqaziyyə» qəzetlərinin arxivini aldım. Təbii ki, «Kaspi» hamısından daha uzunömürlü və rus dilində olduğu üçün türk dünyasına ünvanlanan bilən bir qəzet idi. Yəni, «Kaspi»ni bir çərkəz müsəlman da, gürcü müsəlman da oxuyurdu. Ancaq heç bir zaman «Əkinçi»nin belə bir şansı olmadı. Zərdabi çox istəyərdi ki, onu oxusunlar. Hətta «Əkinçi» qəzetində Zərdabiyə İstanbuldan yazılan məktub var. Həmçinin Məhəmmədağa Şaxtaxtlı peşəkar bir adam idi və bu işləri çox gözəl bilirdi. O, «Şərqi-Rus» qəzetini açmışdı. «Şərqi-Rus» bütün Qafqaza, Krıma, hətta türkmənlərə, qazaxlara, qırğızlara, tatarlara qədər gedir. Amma sizinkilər bu, "Azərbaycan qəzetidir” deyirlər. Siz niyə bunu kiçildirsiniz? Məhəmməd ağa öz bacarığını göstərmiş və qəzeti Rusiya müsəlmanlarına ünvanlamışdı. Məsələn, Qaspıralı «Tərcüman» qəzetini Baxçasaray kimi kiçik bir yerdə çıxarıb və siz onu Bakıda, Daşkənddə oxuyursunuz. Bu, böyük uğurdur. Olmaya, «Tərcüman»a Krım qəzeti deyəcəksiniz? Gerçəyi görmək lazımdır. Bu, bütün Rusiya müsəlmanlarının qəzetidir. Niyə bunları yalnız Azərbaycan içində görürsünüz və qarşılıqlı ədəbi əlaqələr gözünüzdən qaçır? Mənim diqqət yetirdiyim məsələ modernləşmə olunca təbii ki, diqqətimdə «Kaspi» durdu. Təəssüf ki, rus dilində bilmədiyim üçün mən azəri qaynaqları ilə yazılan nüsxələrdən istifadə etmək məcburiyyətində qaldım. Ona görə bir tələbəmə rus dilində bu mövzuda doktorluq işi vermək istədim. Çağdaş «Kaspi»nin təsisçisi Sona Vəliyeva ilə əlaqələrimiz də belə yarandı. «Kaspi»nin rəqəmsal arxivinin Almaniyada satıldığını eşidincə Sona xanıma məlumat verdim. Onlar maraq göstərdilər və arxiv alınıb Azərbaycana gətirildi. Hazırda həmin rəqəmsal nüsxələr «Kaspi»nin elektron səhifəsində yerləşdirilib. Tədqiqatçı Səmayə Mollayeva «Kaspi»ni zamanında dəyərləndirib və tədqiqatlar aparıb. Ancaq «Kaspi»ni Rusiya müsəlmanlarının qəzeti olaraq qiymətləndirmək lazımdır. «Kaspi» Azərbaycana sığmayan qəzetdir. «Kaspi» yeni ziyalıların oxuya biləcəyi qəzetə çevrilmişdi. Burda modernləşmənin bütün problemləri var. Yəni, bu qəzetin səhifələrində Qərb mədəniyyəti, ruslarla münasibətlər, kapitalizm münasibətləri, günümüzdəki Azərbaycana işıq tutacaq təcrübələr var. Bu baxımdan, «Kaspi»ni incələmək, ona yeni gözlə baxmaq lazımdır. Təəssüf ki, Azərbaycanda «Kaspi» ilə bağlı belə bir tədqiqat yoxdur. Ancaq mən Türkiyədə bu tədqiqatı həyata keçirmək istəyirəm. Düzdür, rus dilində bilmirəm, ancaq «Kaspi»nin önəmini anlayacaq qədər qaynaqlardan bilgim var. İnsan keçmişini öyrənirsə, gələcəyini də qura bilir. Ona görə keçmişimizi söymədən, keçmişdə edilən səhvlərdən dərs alaraq, günümüzdəki problemləri daha asan və ağıllı şəkildə həll etmək yoluna çatmalıyıq.
 
Qəzet həmişəlik qalacaq
- Ədəbiyyat söz sənətidir. Hər kəs bu sənətin xiridarı ola bilərmi?
- Ola bilməz. Necə ki, bir kostyum tikdirmək istədiyiniz zaman yaxşı bir dərzi axtarırsınız, eləcə yaxşı bir romançı da, ədəbiyyatçı da var. Ancaq sıradan şairlər də çoxdur. Dünyanın hər yerində belədir, yəni bir ələnmə var. Ədəbiyyata gəlirsiniz, 18 yaşında şeir yazırsınız, bacarıqlı olsanız, bu, davam edir, olmasanız yarıda qırılır. Ancaq təbii ki, bunlara bir qapı açmaq lazımdır. Əgər bir qəzet və ya dərgi gənclərə bu imkanı verirsə, onun da qabiliyyəti varsa, daha irəli gedə bilər. Bacarıqsız insanı haraya qədər himayə etmək olar? Bugünkü gənclik əslində çox şanslıdır. Pulsuz qəzet çıxarmaq – internet qəzeti buraxmaq şansları var. Texnoloji imkanlar hər şeyi imkanlaşdırıb, yetər ki, gənclik həvəsli olsun.
- Bəs texnologiyanın inkişafı fonunda qəzetlərin bir gün sıradan çıxması təhlükəsini söyləyənlər haqlıdırlarmı?
- Məncə, bu söhbətlər mənasızdır. Təyyarələr çıxdı, biz qatarla, avtobusla harasa getməkdən vaz keçdikmi? Zamanın yoxdursa, məsələn, İstanbula təyyarə ilə gedirsən. Əgər gəzmək və ya ətrafı görmək istəyirsənsə avtomobili seçirsən. Bu, ehtiyaca görə müəyyənləşir. İnternet qəzetlərini ənənəvi çap məhsulları ilə müqayisə etmək mümkün deyil. Onların hər birinin öz yeri var. Təbii ki, çap məhsulunu hər zaman oxumaq mümkündür. Çox güvəndiyiniz elektron qaynaqlar bir problem üzündən dərhal itə bilər, heç bir zaman da onu geri qaytara bilməzsiniz. Amma qəzet həmişəlik qalacaq.
- 135 yaşlı «Kaspi»nin çağdaş nəşrinə, bu işə çiyin verənlərə sözünüz…
- Azərbaycan 25 ildir ki, xaricə açılıb və 70 il ərzində gözlənilməyən inkişafı göstərib. Bilgi harda varsa, almaq lazımdır. Türk dünyasının heç bir yerində bu qədər rahat qəzet çap olunmur. Azərbaycandakı bu sərbəstlik və şərait də «Kaspi»nin keçmişdən gələn problemləri çözməsinə imkan verır. «Kaspi» qəzetinin bu kontekstdə hərəkət etdiyini düşünürəm. Mən bu qəzetin elektron səhifələrini Türkiyədən izləyirəm. İstərdim ki, «Kaspi» qəzeti həmişə öz tarixi üzərində çalışsın, oradakı fikir münaqişələrini görə bilim. Bu qəzet öz keçmiş ənənəsi ilə əlaqə qurduqda daha da inkişaf edəcək. Mən buna inanıram...
Təranə Məhərrəmova
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008