Qarşıdakı 50 il üçün planlarını quran gənc biznesmen - Biznes
"Pul kölgə kimi bir şeydir, arxasınca
qaçsanız, ömür boyu ona çata bilməyəcəksiniz. Amma işi qurub irəli getsəniz, o
özü sizin ardınızca gələcək. Öz işini professional formada gördükdə, pul istər-istəməz
gəlir. Üç-beş ay gəlməyə bilər, amma əgər sistem uğurludursa, səhvləri
araşdırıb düzəldirsinizsə, mütləq gələcək” – deyir və çalışdığı sahədə də bu
prinsipi tətbiq edir. Bu prinsiplə, illərdir qarşıya qoyduğu planları
reallaşdıran müsahibimiz "New ERA
Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovdur.
- Karyera yolunda atdığınız ilk addımlardan başlayaq.
-
Ekologiya üzrə təhsil almışam, amma özümü turizm, biznes sahəsində gördüyüm
üçün o sahəyə yönəlməyə çalışdım. "Jumeirah Bilgah Beach” otelində ofisiant olaraq
işə başladım. 6 ay sonra qrup rəhbəri çıxdı və onun işlərini görməyə başladım,
9 ayın tamamında isə artıq
qrup rəhbəri kimi təsdiq olundum. Qida-içki departamentinin rəhbərinin dediyinə
görə, mənim kimi az təcrübəli birinin qrup rəhbəri təyin olunması rekord göstərici
idi. Otel Bakıda açılışı olandan sonra işə başlamışdım. Amma açılışdan əvvəl
otel fəaliyyət göstərirdi, məndən əvvəl orda çalışanlar və hətta bir neçə il
digər otellərdə təcrübəsi olanlar vardı ki, onları yox, məni seçdilər. Mənim isə
ilk iş təcrübəm orda idi.
- Sizcə, niyə
daha çox təcrübəliləri deyil, sizi seçdilər?
- Rəhbərlik
hər zaman işçinin gördüyü işin keyfiyyətinə, vaxtında yerinə yetirilməsinə
fikir verir. Düzdür, təcrübə yox idi, ancaq onlar üçün daha vacib olan işin keyfiyyətidir. Hazırda bir çox adam
iş tapmamağına səbəb olaraq hər yerdə təcrübə tələb olunduğunu əsas gətirir. Amma
təcrübəsi olmadığı halda, çox adamı indiyə qədər çalışdığımız yerlərdə işə
götürmüşük. Mən özüm də təcrübəsiz olduğum halda işə qəbul olunmuşdum. Rəhbərlik
tapşırılan işin tam və yüksək səviyyədə icra edilməsini görməlidir. Bir növ
qabiliyyətinizi qısa zamanda onların görmələrinə çalışmalısınız. İşə
başlayandan 4-5 ay sonra rəhbərlik biləndə ki, Elçin filan işin üstündədir,
arxayın olurdular. Otelin əsas restoranında işləyirdim, bəzən eyni anda 200-250
nəfər qonaq gəlirdi, bunu idarə etmək elə də asan deyildi. Bir də işə şəxsi məsələləri
qatmamaq önəmlidir. Evdə kefsizsənsə, bunu işinə sirayət etdirməməlisən. Xəstən,
başqa bir problemin varsa, icazə almaq olar, amma işdə kefsiz, əsəbi olub, bunu
ətrafa ötürmək düzgün deyil. Mənim standart psixologiyam budur: ya işi keyfiyyətli
gör, ya da uzaq dur.
- Maraqlıdır, qısa zamanda işi necə mənimsədiniz?
- Həyatda
nəyəsə nail olmaq üçün öz üzərində çalışmaq və qarşına məqsəd qoymaq vacibdir.
Oteldə vəzifə alanda da bilirdim ki, bir
müddət sonra bu sahədə olmayacağam. Çünki otelin başqa departamentinə keçməyi hədəfləmişdim.
İki-üç ay öncə - qida və içki bölməsində çalışarkən - satış və marketinq
departamentinin rəhbərinə bildirmişdim ki, ora keçəcəyəm. Vəzifəm vardı, gəlirim
də yaxşı idi, amma öz yerimdə olmadığımı bilirdim. Və öz yerimi tapmaq üçün irəli
getməliydim, buna görə də qarşıma çıxan fürsətləri dəyərləndirib pillə-pillə
qalxmalı idim. Öz yerimdə olmadığımı bilsəm də, işimi ən yüksək səviyyədə icra
etməyə çalışırdım.
- İşləyə-işləyə
öyrəndiniz?
- Bəli,
elə də demək olar. İşə başlayandan 6 ay sonra qrup rəhbəri işdən çıxdı, onun
işlərinin icrasını mənə tapşırdılar. Qrup rəhbəri Dmitri adlı bir Rusiya vətəndaşı
idi, Azərbaycanda və eləcə də Rusiyada onlarla oteldə çalışmışdı. Düzdür, mənim
ilk işim idi, ancaq zənnimcə, bacarıqlarım gözlərinə görünüb ki, o yerə təyin
ediblər. Amma o adamın qida və içki sahəsindəki illərini müqayisə edəndə, mənim
təcrübəm az idi. O, iş keyfiyyətini təcrübədən mənimsəmişdi, mən isə
kitablardan oxuyurdum. Ancaq 6 ay oxumaqla, onun keçdiyi təcrübəni keçə bilməzdim.
Qida sahəsində hər bir işi detallarına qədər bilirdi, mən isə oxumaqla sadəcə,
ana sütunu öyrənmişdim. Qrup rəhbəri təyin edilən zaman belə, otel rəhbərliyinə
dedim ki, Dmitrinin bildiyinin onda birini bilmirəm və onun təcrübəsinə sahib
deyiləm. Onu deməsəydim, sonra mənim bilmədiyim şeyləri də tələb edə bilərdilər.
- Bir də rəhbər vəzifəyə təyin olunmaq üçün idarəetmə
bacarığı olmalıdır...
- Məndə
isə bu var idi. Zənnimcə, vəzifəyə təyin olunmağıma səbəb olan əsas üstünlüklərimdən
biri də məhz bu idi. Bilirdim ki, hansı əməkdaş hansı vəzifədə özünü daha yaxşı
doğruldar. Bütün ofisiantlar qrup rəhbərinə tabe olduğu üçün onları yönəltməyi
bacarmaq lazımdır. Mən bunu bildiyim üçün tez bir zamanda irəliləməyi
bacarırdım. Gördülər ki, sistemi qura bilirəm, bütün ofisiantlar mənə qulaq
asır, bir sözlə, bu iş məndə alınır. İdarəetmədə müvəffəqiyyətin
əsas sirri sistemə bağlı insanlar yaratmaqdır, insana bağlı sistemlər yox.
Davamlı inkişafın səbəblərindən biri budur.
- Hansı pillələri
keçdiniz, necə irəliləyirdiniz?
-
Ofisiant olaraq başladım, sonra qrup rəhbəri oldum, ardınca qida və içki
departamentinin menecerinin köməkçisi vəzifəsinə əsas namizəd göstərildim. Bir
müddət sonra bu vəzifədən də artım olacağını bilirdim. Bir il sonra vəzifədə
qalxacaqdım, amma o mərhələni gözləmədim. Keçdim rezervasiya və satış bölməsinə
və orda çalışdım. Sonra "Divan” oteldə daha yüksək vəzifə təklif olundu, təklifi
qəbul etdim. Ən sonda "Selective Hotels Swiss” qrup otelləri şəbəkəsində satış
və marketinq direktoru vəzifəsindən ayrılaraq, şəxsi biznesimə başladım. Qısa
müddətdə otel sahəsində ofisiantdan satış direktoru vəzifəsinə qədər bir yol
keçdim.
- İş vardı və irəli gedirdiniz. Maraqlıdır, bəs öz
işinizi qurmaq fikri necə yarandı?
- Mənim
üçün həyatı planlı şəkildə yaşamaq vacibdir və o plana uyğun həyatımı istiqamətləndirməyə
çalışıram. Qurduğunuz planı isə yazaraq onu məqsədə və ya hədəfə çevirirsiniz.
Biri var qeyd olunmayan yerə atəş açasınız, biri də var ki, artıq hədəf bəllidir
və siz atəşi hara açacağınızı bilirsiniz. Mən hətta bundan sonrakı 50 il üçün də
planımı yazıb, hədəflərimi müəyyən etmişəm. Hər ilə görə öz planım var. Artıq
yeni il gələndə, o illə bağlı planımı aylara bölüb, hər ay hansı işlər görülməlidirsə,
icrasına başlayıram. Oteldə qida bölməsində vəzifəm və gəlirim yaxşı olduğu
halda, satış bölməsinə ona görə keçdim ki, müəyyən müddət sonra işimi qurmaq
planımda var idi. Yəhudilər deyirlər ki, əgər ağıllı insansansa, niyə başqası
üçün işləyirsən? Burda söhbət mənim başqası üçün işləməyimdən getmir, sadəcə,
bu bacarığımı öz işimi qurmaq üçün istifadə edə bilərəm. Hədəf olanda həyat da
maraqlı olur. "Hər gün işə gedib-gəlim, maaşımı alıb yaşayım” psixologiyasını qəbul
edə bilmirəm. Qətiyyən rahat olmaram və belə həyatı istəmərəm də. Ona görə də, hələ
oteldə satış direktoru olanda, öz işimi qurmaq istiqamətində işlərə başladım,
oradakı işimlə yanaşı, öz işimi də idarə edirdim.
- Ölkəyə gələn turistlərin sayı artdıqca, turizm
agentliklərinin də sayı çoxalıb. Sizin agentlik nə ilə fərqlənir?
- İlkin
mərhələ olaraq qurmaq istədiyim iş, xaricdən ölkəyə gələn turistlərin
artırılmasıdır. Turizmlə bağlı başqa sahələr də xidmətimizə daxildir, amma əsas
xaricdən turist cəlb olunmasıdır. Çünki qonağın gəlişi ölkəyə maliyyə axını deməkdir. Təbii ki, xarici turistləri cəlb etmək
də ayrı bir bacarıq tələb edir. Agentliklərin bir çoxunun illərdir ki, turistlərə
təklif etdikləri ölkələr var. Onları bizim ölkəyə də gəlməyə inandırmaq üçün gərək
peşəkar iş görəsən. Turist niyə Avropanın tanınan ölkəsini qoyub, bizi seçməlidir?
Bunu mən onlara təqdim etməliyəm. Quru-quru "bizdə filan şey var, bizə gəlin”
deməklə olmur. Tələb və təklifin düzgün müəyyən olunması biznesin əsas hərəkətverici
qüvvəsidir.
- Bəs gəlir
necədir? Davam etməklə bağlı nə deyir?
- Deyir
ki, davam elə, yaxşı olacaq (gülür).
- Hər il üçün öz planınız olduğunu dediniz.
Qarşıdakı ildə nələr var?
-
Qurduğumuz işi davam və inkişaf etdirmək fikrim var. Amma tək bununla da kifayətlənməyəcəyəm,
turizm və biznes sahəsində digər işlərdə çalışmaq fikrim var.
Aygün
Asimqızı