• cümə axşamı, 28 mart, 22:47
  • Baku Bakı 13°C

“Bundan sonra Milli Şuranın heç bir perspektivi yoxdur”

26.08.13 11:42 1201
“Bundan sonra Milli Şuranın heç bir perspektivi yoxdur”
“Milli Şuranın yeganə əhəmiyyəti Rüstəm İbrahimbəyovun bu quruma rəhbərlik etməsi ilə bağlı idi. Milli Şuranın gücü, potensialı, ona bağlı olan ümidlər də Rüstəm İbrahimbəyovla əlaqəlidir. Bu da Rüstəm İbrahimbəyovun rəsmi Moskvadan hər hansı dəstək alacağına ehtimalı ilə ölçülürdü. Neçə ki, Rüstəm İbrahimbəyov namizədliyini irəli sürməyib, Milli Şuranın heç bir perspektivi yoxdur”.
Bunu APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu bildirib ki, Milli Şuraya daxil olan qüvvələr ziddiyyətli mövqe sərgiləyirlər: “Onların hamısı Rüstəm İbrahimbəyov vasitəsilə birləşmişdi. Əlavə vahid namizəd Cəmil Həsənlidə isə belə bir güc və potensial yoxdur. Artıq Milli Şuranın daxilində bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Hətta bu qurumun fəaliyyətinin dayandırılmasını tələb edən Milli Şura üzvləri də var”.
ADP sədri deyib ki, Cəmil Həsənli AXCP-yə yaxındır və AXCP-yə nə qədər yaxındırsa, o qədər də orada təmsil olunan digər partiyalardan uzaqdır: “Yəni Cəmil Həsənli formal vahid namizəddir. Milli Şuraya daxil olan qüvvələrin sona qədər Cəmil Həsənlini dəstəkləyəcəyinə inanmıram. Cəmil Həsənlinin liderlik xarakteri olmadığından, bu məsuliyyəti öz üzərinə götürməsini də düzgün hesab etmirəm. Oradakı ziddiyyətli qüvvələri birləşdirib, seçkilərə gedəcəklərinə inamım azdır. Belə olan halda ortaya sual çıxır ki, Cəmil Həsənlinin namizədliyi Milli Şuraya nə kimi xeyir gətirə bilər? Cavab da budur ki, bu addımın heç bir dividenti olmayacaq. Bu, çox uğursuz seçimdir və məcburiyyət qarşısında atılan addımdır”.
S. Cəlaloğlunun fikrincə, burada uzağa hesablanan siyasət yoxdur: “Sadəcə olaraq, Milli Şuraya toplanan şəxslər bir-birini qəbul etmədiyindən, Cəmil Həsənlinin seçkidə iştirakından razı oldular. Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi yanlış qərardır və Milli Şuranı düşdüyü iflas vəziyyətindən xilas etməyə uğursuz cəhddir. İsa Qəmbərin namizədliyi müdafiə olunsaydı, Milli Şura daha çox nəaliyyət əldə edərdi, nəinki Cəmil Həsənlinin namizədliyi ilə...”
banner

Oxşar Xəbərlər