• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

“Bundan sonra hansı axmaq sənin dalınca gedər, İsa Qəmbər?”

14.05.15 06:20 985
“Bundan sonra hansı axmaq sənin dalınca gedər, İsa Qəmbər?”
Müsavat Partiyası daxilində gərginlik yenə pik həddə çatıb. Bu dəfə hədəf nə sıravi üzvlər, nə də funksionerlərdir. Heç yeni başqan Arif Hacılı da deyil. Bu dəfə daş ən yüksəyə - İsa Qəmbərə atılıb. Belə ki, hazırda mühacir həyatı yaşayan müsavatçı Elbəyi Həsənli fikirlərini Facebook profilində paylaşaraq sabiq başqanın haqqında ən sərt ifadələr yazıb. A.Hacılını da unutmayan E.Həsənli onların Müsavat Partiyasını nə günə qoyduqlarını hər kəsin diqqətinə çatdırıb və İ.Qəmbərin buna görə üzr istəməli olduğunu bildirib. E.Həsənlinin ciddi təzyiqlərə məruz qaldığı üçün sonradan silməyə məcbur olduğu statusundan bir hissəni təqdim edirik: “Nə qədər ki, Arif Hacılı İsa Qəmbərin dalınca gedirdi hər şey əla idi. Elə ki, İsa Qəmbər Arif Hacılının dalınca sürünməyə başladı, Azərbaycanın siyasi səhnəsində rəzalətə start verildi. Hazırda Azərbaycan xalqı son dərəcə iyrənc olan bu mənzərəni seyr etməkdədir. Müsavat Partiyası Arif Hacılı kimi bir səviyyəsizin inhisarına keçib. O da, özü kimiləri başına yığaraq on illərlə Müsavat Partiyasında can qoymuş şəxsləri son dərəcə şərəfsiz üsullarla təşkilatdan kənara atır.
Etiraz edəndə isə deyirlər ki, Müsavat Partiyasına qarşı total təbliğat gedir. Təbii ki, yalan danışırlar. İnsanlar Müsavat Partiyasına yox, məhz sizlərin murdarlığına etiraz edir.
İsa Qəmbər də 20-30, hətta 40 il çiyin-çiyinə getdiyi şəxsləri xəyanətdə suçlayır. Bu qədər insana, xüsusən dostlarına satqın deyən özü-özünü lider kimi bitirib. Bundan sonra hansı axmaq sənin dalınca gedər, cənab İsa Qəmbər? İllərlə həbsdə yatan müsavatçılar var ki, bir dəfə qapısını açmamısan. Problem ondadır ki, sən öz missiyanı unutmusan”.
E.Həsənli İ.Qəmbərin şərəfsizin yanında dayandığını qeyd edib: “Bizim kənddə alçağın yanında dayanana kişi demirlər. Və sən Arif Hacılı kimi bir şərəfsizin yanında yer almısan. Ona görə də Müsavat Partiyasının xarabalıqlarında indi bayquşlar ulayır. Müsavat Partiyasının başqanı erməni olsaydı belə, bu təşkilata bu qədər pislik etməzdi. Mən əminəm, vaxt gələcək müsavatçılar Arif Hacılını divara dirəyəcəklər, bu əməllərinə görə onun üzünə tüpürəcəklər. Siz Müsavat Partiyasına, Məmmədəmin kişiyə, üçrəngli bayrağa xəyanət etmisiniz. Tarix sizləri lənətləyəcək. Arif Hacılı partiyanı ailəsinin oyuncağına çevirmək üçün müsavatçılara divan tutdu. Siz isə "İsa Qəmbərsiz Müsavat belə olar" fikrini aşılamaq üçün bu rəzalətə rəvac verdiniz. Bilirəm, məni də xain elan edəcəksiniz. Olsun. Amma bir də Rafiq İsmayılın açıqlamasına nəzər sal. Axı o, sənin də müəllimin olub. O, birmənalı şəkildə dedi ki, sizlər, yəni Arif Hacılı (əminəm ki, elə sizi də nəzərdə tutaraq) bəyan etdi ki, Müsavat Partiyasını dərəyə çevirdiniz. Mən sizin yerinizə olsaydım, özümü asardım”.
Müsavatçı İ.Qəmbərin ləyaqətli insanlara, dostlara şər atdığına görə üzr istəməli olduğunu da bildirib: “Satqın adlandırdığınız dostlarınızdan, müsavatçılardan və Azərbaycan xalqından üzr istəyin. Vicdan əzabından bir dəfəlik qurtulun. Mən sizi ucalığa səsləyirəm”.
Yuxarıda da qeyd etdiyimiz kimi, müəllif sonradan statusu silməyə məcbur olub və növbəti statusunda bunun səbəblərini açıqlayıb: “Son stausumla bağlı mənə dost olan, yaxın olan hər kəs təzyiq və qınaqlarla üzləşib. Bunun fərqindəyəm. Hətta həyatımda müstəsna rol oynamış Rauf Arifoğlu da iki dəfə zəng edərək, məni qınadığını bildirib və statusu silməmi istəyib. Rauf bəy mənə deyir ki, mən də Arif Hacılının və İsa Qəmbərin yanındayam, Müsavatın indiki rəhbərliyinin legitimliyini qəbul edirəm. Belə çıxır ki, sənin yazdıqların mənə də, minlərlə başqa müsavatçılara da aiddir. Belədirsə, işimizi bilək, belə deyilsə, sil o statusu“, deyir, Rauf bəy.
Sosial şəbəkədə də mənim yazdıqlarıma görə Rauf Arifoğlunun üzərinə yeriyirlər. Parabeyinlər onu suçlayırlar, hətta iddia edirlər ki, məhz onun istəyi ilə mən nələrsə yazıram”.
Müəllif xəstə təxəyyüllü birinin Müsavat Partiyasında cahiliyyə dövründən qalmış bədəvi qaydalar tətbiq etdiyindən gileylənib: “Vurğun Əyyubu Müsavat Partiyasının hansısa təşkilatının hansısa özəyində iclas çağırıb partiyadan kənara atırlar. Bu adam partiyada ikinci şəxs olub. Vurğun Əyyubla üz-üzə gəlsək heç bir-birimizə salam vermərik. Yəni, onunla münasibətimiz xoş deyil. Amma mən heç vaxt onun partiyadan çıxarılmasına səs verməzdim. Onu məhz təhqir etmək üçün, aşağılamaq üçün belə bir addım atıblar. Həmin oyunda iştirak edən şəxsləri mən nəinki müsavatçı, heç insan saymıram. Mən Müsavat Partiyasında belə əndrabadi oyunlara rəvac verənlərə sonsuz nifrətimi bildirirəm. Bəli, birnəfəsə yazdığım son statusumda İsa Qəmbərlə bağlı bəzi ifadələr yerində deyil. Gərək belə olmayaydı. Amma nəzərə alın ki, bizim də əsəblərimiz dəmirdən deyil. İstənilən halda, işin bu yerə gəlməsinə təəssüf edirəm. Gərək mən Müsavatın müasir funksionerlərinin səviyyəsinə enməyəydim. Durumu nəzərə alaraq, məlum statusu silirəm. Kimlərin qəlbinə dəymişəmsə, üzr istəyirəm. Dostları yersiz hücumlardan qorumaq üçün öz nüfuzumu zərbə altına qoyduğumun da fərqindəyəm”.
Son cümlələrdən müəllifin özünün və Rauf Arifoğlu başda olmaqla, digər dostlarının çətin duruma düşdüyü açıq aydın görünür. Qeyd edək ki, belə gedişatdan və təzyiqlərdən sonra R.Arifoğlu özünü yazı yazmağa məcbur hiss edib və bununla məsələni yoluna qoya biləcəyini düşünüb. Amma yazının elə ilk cümlələrindən nala-mıxa vurulduğu dərhal görünür və onun iki tərəfdən birini seçmək çətinliyi yaşadığı hiss olunur. Çünki özü demişkən, biri dostudur, digəri lideri. Amma R.Arifoğlunun artıq korlanmağın pik həddinə çatmış, dalana dirənmiş münasibəti bu cür yazılarla düzəldə biləcəyi böyük şübhə doğurur. Liderin sonradan yazılan üzrü qəbul edəcəyi də inandırıcı deyil. Deməli, E.Həsənli özü demişkən, artıq onun da “işi” bitib. Yəni, Müsavatdan qovulacaq növbəti isim bəllidir.
H.Əsgər
banner

Oxşar Xəbərlər