Büllur səslər sorağında
Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət
Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən
"Muğam Televiziya Müsabiqəsi - 2019” yarışmasının bir ayı arxada qaldı. Ötən
müddətdə yaşananlar bütün təfərrüatı ilə göstərdi ki, sayca 7-ci müsabiqədə
iştirak edən gənclərimiz də Azərbaycan Böyük Muğam Evinin səlahiyyətli sakinləri
kimi, gələcəkdə klassik musiqimizin keşiyində dayanmaq iddiasındadırlar. Bu
yarışma ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gənc istedadlara
misilsiz qayğısının mahiyyətindən, muğam sənətinin daha uğurlu perspektivə
hesablanmasından soraq verir.
Üç ay
davam edəcək bu müsabiqə də, şübhə yoxdur ki, muğamın dünya miqyaslı uğurlarına
xidmətin bariz nümunəsi, bütövlükdə incəsənətimizə, musiqi və mədəniyyətimizə
göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc
ifaçıların səsləndirdikləri klassik muğam nümunələri onların böyük səhnəyə
doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici
qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Ölkəmizin
bir sıra regionlarını təmsil edən gənc ifaçıların Bakı yarışması bir çox
xarakterik cizgiləri ilə yaddaşlarda qalacaq. Hələ bərkdən-boşdan çıxmamış,
bulaq suyu kimi saf, zərif, kövrək, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin,
texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları, səhnəqrafiya prinsiplərini
tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, qiymətlidirlər. Kollec
və konservatoriya auditoriyalarında professional muğam bilicilərindən,
ustadlardan öyrəndiklərini minlərin, milyonların qarşısında özlərinin və bizim
hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin
ecazkarlığını qat-qat artırır, ülviləşdirir. Səhnə arxasında intizarla növbəsini
gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və
tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla
izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi
bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir – kaş ki, ifaçı hansısa
misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və
... uğurlu sonluq. Sonra münsiflər heyəti üzvlərinin – Xalq artistləri Əlibaba
Məmmədovun, Arif Babayevin, Səkinə İsmayılovanın, Mələkxanım Əyyubovanın, Mənsum
İbrahimovun, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun və layihənin icraçısı,
Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sanballı qeyd və iradları, tövsiyə və
tapşırıqları. İfaçılara layiq olduqları qiymətlər verilir. Hamı da razı qalır –
tamaşaçılar da, ifaçılar da. Çünki ustadlardan heç birinin çıxışında hər hansı
qərəz hissi, biganəlik meyli duyulmur. Hədəf birdir – gənclər səhvlərini başa
düşsünlər, səslərinin cilalanmasına, qəzəllərin dərindən öyrənilməsinə
çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar. Münsiflər heyəti üzvlərinin
qətiyyəti, prinsipial mövqeyi, eyni zamanda humanist davranışı, musiqiçilərin ifaçıları
son dərəcə bacarıqla müşayiəti, aparıcılar – Emil Şahzadə və Nurlana Cəfərovanın
səriştəliliyi, salonda əyləşən söz-sənət xiridarlarının həssas münasibəti
müsabiqəni bir kompleks halına gətirir, bütövləşdirir.
Hər bir
yarışmadan əvvəl Azərbaycan muğam korifeylərindən birinin ifasının
video-yazısının nümayişi, ölkəmizin həyatında baş verən ən mühüm yeniliklər barədə
xəbərlərin çatdırılması Azərbaycan televiziyasının yaradıcı heyətinin və
texniki personalının gərgin əməyinin, ciddi axtarışlarının effektivliyindən xəbər
verir. Son vaxtlar Azərbaycan Teleradiosunda həyata keçirilən uğurlu islahatlar
özünü muğam müsabiqəsi yarışmalarının təqdimində də əyani göstərir və bu yolda
həmkarlarıma yeni-yeni uğurlar arzulayıram.
Müsabiqə
davam edir. Kimin qalib gələcəyi barədə indidən qəti fikir söyləmək, proqnoz
vermək əlbəttə ki, çətindir və bunu zaman göstərəcək. Amma subyektiv düşüncələrimə
əsasən, Türkanənin, Vəlişin, İlahənin, Sumanın, Muradın, Faiqin, Rəvanın və digərlərinin
uğurlu ifaları onu deməyə əsas verir ki, böyük səhnəyə iddialı olan istedadlı gənclərimizin
qarşısında həmişə muğamatımızın, bütövlükdə incəsənətimizin hamilərinin və
ustad sənətkarlarımızın alovlandırdığı gur, yaşıl işıq yanır.
Uğur
olsun!
Akif Cabbarlı