• cümə, 29 Mart, 16:18
  • Baku Bakı 14°C

Bülbül adına VII Beynəlxalq müsabiqənin qalibləri konsert veriblər

10.06.18 16:47 1133
Bülbül adına VII Beynəlxalq müsabiqənin qalibləri konsert veriblər
Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi münasibətilə Gəncədə keçirilmiş təntənəli konsert proqramı şəhərin ictimai həyatı üçün əsl mədəniyyət bayramına çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, respublikanın tanınmış mədəniyyət, incəsənət xadimləri və musiqisevərlər iştirak ediblər.
Konsert dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin "Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan peşəkar vokal sənətinin banisi, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qalibləri Mahir Tağızadə, Elnarə Məmmədova, Umid İsrailov (Özbəkistan), Minə Kurtoğlu (Türkiyə), Beynəlxalq münsiflər heyətinin sədri Sergey Leyferkus, Anastasiya Barun (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestri çıxış ediblər.
Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin diplomant və qaliblərinin çıxışından sonra konsert proqramı Azərbaycanın tanınmış musiqiçilərinin, xanəndə və vokalçılarının ifası ilə davam edib.
Konsertdə Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev və Arzu Əliyeva "Qarabağ şikəstəsi”ni ifa ediblər.
Azərbaycanın məşhur vokal ifaçıları Xalq Artisti Azər Zeynalov (tenor) və Əməkdar Artist Anar Şuşalı bəstəkar və xalq mahnılarını ifa ediblər. Vokalçılar Xalq Artisti Siyavuş Kərimi tərəfindən müşayiət olunub.
Xalq Artisti, özünəməxsus ecazkar səsi olan Polad Bülbüloğlunun səhnəsindəki ifası musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Hər bir ifası böyük alqışlarla qarşılanan Polad Bülbüloğlu səhnədən enərək mahnılarını tamaşaçılarla birlikdə ifa edib.
Konsertdən sonra tədbirdə çıxış edən Polad Bülbüloğlu atası Bülbülün yaradıcılığına və xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, 1897-ci ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olan Bülbül (əsl adı Murtuza Məmmədov) 1909-cu ildə ailəsi ilə Gəncəyə köçüb. Bülbül tezliklə bu şəhərdə gənc xanəndə kimi geniş şöhrət qazanıb. Fitri istedadı ilə onu dinləyənləri valeh edən Bülbül gənc yaşlarında şöhrətin zirvəsinə yüksəlib, sonrakı illərdə bənzərsiz ifası ilə Azərbaycan vokal sənətinin əsasını qoyub. Onun müxtəlif illərdə ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər, Azərbaycan bəstəkarlarının operalarında yaratdığı rollar, xüsusən dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu” operasında canlandırdığı baş qəhrəmanın obrazı Bülbülə əbədi şöhrət qazandırıb. Pedaqoq və musiqişünas-alim, ictimai xadim kimi də geniş fəaliyyət göstərən Bülbül SSRİ Xalq Artisti, dövlət mükafatı laureatı, 2 dəfə "Lenin”, 2 dəfə "Qırmızı Əmək Bayrağı”, "Şərəf nişanı”, həmçinin İtaliyanın "Haribaldi” ordenləri və s. medallarla təltif olunub.
Görkəmli sənətkarın yaradıcılığına hələ sağlığında ikən böyük diqqət göstərildiyini deyən Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra atasının mədəni irsi, xüsusən doğma xalqı qarşısındakı xidmətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Bu gün respublikamızda Bülbülün adını daşıyan çoxlu sayda musiqi məktəblərinin, küçə və parkların olduğunu deyən Polad Bülbüloğlu qeyd edib ki, Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin Prezident İlham Əliyevin tapşırığına əsasən daha yüksək səviyyədə keçirilməsi Bülbülün xatirəsinə göstərilən yüksək diqqət və qayğının nümunəsidir.
Polad Bülbüloğlu Gəncədə yüksək səviyyəli konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi üçün ən müasir tələblər səviyyəsində inşa edilən Gəncə Dövlət Filarmoniyasının şəhərin mədəni həyatı üçün əvəzsiz töhfə olduğunu bildirib.
Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi çərçivəsində Gəncədə təşkil olunan konsertdə çıxış etmək üçün 120-dən çox sənətçinin gəldiyini deyən Polad Bülbüloğlu həm Gəncə Dövlət Filarmoniyasında yaradılan şəraiti, həm də təşkilati işləri yüksək qiymətləndirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qaliblərinin konsertinin ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb.
Elmar Vəliyev qeyd edib ki, musiqi və ifaçılıq yaradıcılığı ilə Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş Bülbülün zəngin irsi, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də əziz tutulur və bu diqqət bundan sonra da davam edəcək.
Beləliklə, Gəncənin mədəni həyatı üçün böyük hadisəyə çevrilən möhtəşəm konsert proqramı musiqisevərlər üçün unudulmaz xatirəyə çevrilib.
banner

Oxşar Xəbərlər