Bukinistlər niyə azalıb?
Bukinist fransız (bouquiniste)
sözü olub, köhnə, ikinci əl, bəzən də nadir kitablar satan adama deyilir. Bəzi
naşirlər isə bu sözün ingilis (book-kitab) mənşəli olduğunu iddia edirlər. Belə
ki, bukinistlər qiymətli və nadir əlyazmalar, kitab mübadiləsi edən könüllü
biblioqraf, bibliomanlardır.
Azərbaycanda bukinist
fəaliyyətinin yaranması təqribən iyirminci əsrin əvvəllərinə təsadüf edir. Sovet
dövründə onların fəaliyyəti daha geniş olub. Son dövrlər isə müxtəlif
səbəblərdən şəhərin küçələrində bukinistlər azalıb. Məsələn, əvvəllər metronun
Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin yaxınlığında, Sabir bağının
ətrafında, Nizami kinoteatrının arxasında, İçərişəhər metrosunun yaxınlığında
bukinistlər fəaliyyət göstərib. Bu gün isə bukinist mağazalarının və küçə
satışlarının fəaliyyətinə az rast gəlinir. Səbəb nədir?"Bukinistlər niyə azalıb?”- deyə "Müzakirə”mizdə aydınlaşdırmağa
çalışdıq.
Şəxsi kitabxanların itib-batmaması
üçün
«Altun» kitab evinin direktoru Rafiq İsmayılov bildirir ki, bukinist
mağazaları və ya küçədə kitab satışı bütün dünyada mövcuddur: "Kitab
mağazalarında bukinist şöbələri olur. Ora ya alıcılar evlərindəki köhnə, nadir
kitabları gətirir və ya kitab mağazasının sahibi kitabı gətirib ucuz qiymətə satışa
qoyur. Vaxtilə çıxmış kitabları bəzən kitabxanalarda da tapmaq olmur. Müasir
kitablar onları əvəz eləmir”. R.İsmayılov özü də bukinistlərə dəfələrlə
müraciət etdiyini deyir: "Nizami” kinoteatrının arxasında bukinist mağazası vardı.
Biz istədiyimiz kitabları tapmaq üçün orada saatlarla vaxt keçirirdik.
Tapılmayan kitabları bəzən bukinistlərdən
tapmaq olur. Ancaq ayrılıqda bukinist mağazasının özünü nə qədər doğruldacağını deyə bilmərəm. Çünki orada qiymətlər adətən aşağı olur. Yalnız elə
ola bilər ki, çox ucuz qiymətə və ya kimsə xaricə köçüb gedərkən ev
kitabxanasını havayı olaraq bukinist mağazasına versin. Şəxsi kitabxanların da
itib batmaması üçün bukunistlərin fəaliyyət göstərməsi pis olmazdı”.
Onları bir küçəyə yığmaq...
"Bukinistlərin azalmasının çox
səbəbləri var”-deyən yazıçı Mirmehti
Ağaoğlu hesab edir ki, əsas səbəblərdən biri bukinistlərin əvvəl yerləşdiyi
məkanların təmir edilməsi, təmirdən sonra o binaların başqa məqsədlərlə
istifadə edilməsi, köhnə təyinatının unudulması olub: "Məsələn, qabaqlar Nizami
Kinoteatrının binasında bukinist mağazası yerləşirdi. Mənim bildiyimə görə ora
hələ sovet dövründən fəaliyyət göstərirmiş. Əlisa Nicat mənə ordan dəfələrlə
kitab aldığını danışıb. Sahibi də yəhudi imiş. Nizami Kino Mərkəzi təmir
olunandan sonra isə o bukinist yerinə qayıtmadı. Onlarla bu cür halın adını
çəkmək olar. Bununla da oxucularla bukinistlər arasında əlaqə qırıldı. Təzədən
onların ünvanını tapmaq, onlarla ünsiyyətə girmək çətinləşdi. Bukinistlər də
Bakının küçələrinə dağıldılar. Halbuki bukinistlərin adi kitabxanalardan fərqi
ondadır ki, onlarda tapılmayan kitablar, əvvəlki illərdə nəşr olunmuş nadir
əsərlər, əlyazmalar olur. Ona görə bukinistlərin yaşaması vacibdir. Biz Sovet
dövründə nəşr olunmuş kitabları adi kitabxanalardan tapa bilmərik, hardan
taparıq? Ancaq bukinistlərdən. Bukinistlər də dağılırsa, onda bu kitab
rabitəsinin dağılmasına gətirib çıxarar”. Yazıçının sözlərinə görə, İstanbulda
bukinistlərin xüsusi məhəlləsi var: "Özü də bizdəki bukinistlərdən fərqli
olaraq orda bukinistlər əntiq əşyalar da satırlar. Bizim əntiq əşya
satanlarımız isə təəssüf ki, nadir hallarda kitab da satırlar. Bildiyim qədər
hətta Türkiyədə onların hər il festivalları da keçirilir. Bukinsitlərin olması
kobud şəkildə götürsək, həm də təkrar istehsal deməkdir: əhalinin az gəlirli
hissəsi, məsələn, tələbələr mağazada baha qiymətə olan kitabı gedib bukinistdən
ikinci əl qiymətinə, daha ucuz ala bilirlər. Və ya evində artıq kitabları olan
bir adam onları zibilliyə atmaq yerinə aparıb bukinistə təqdim edir, beləliklə
kitab itmir, məhv olmur, uzun illər yaşayır. Buna görə düşünürəm ki,
bukinistlərin yaşaması ilə bağlı nəsə bir iş görmək, onları bir küçəyə, bir
məhəlləyə yığmaq yaxşı olardı”.
Gələcəyin dahilərinin
xətrinə...
Gənc şair Aqşin Yenisey bukinistlərin
fəaliyyəti ilə bağlı Ankara nümunəsini önə çəkir: "Ankarada bir küçə var;
başdan-başa kitab piştaxtaları düzülüb, xeyli alıcı kütləsi də var. Ancaq
buradakı kitabların hamısı pirat yolla çap olunan kitablardır. Orijinalını
40-50 lirəyə (17-18 manat) ala biləcəyin kitabın pirat nəşrini burada 10 lirəyə
almaq mümkündür. Açıq bazardır, hamı bu küçənin piratların məskəni olduğunu
bilsə də, heç kim dəyib dolaşmır bu bazara. Yəqin ona görə ki, hər kəs
cəmiyyətin, xüsusilə maddi sıxıntı içində yaşayan aşağı təbəqənin, tələbələrin
oxumasını istəyir. Bundan başqa siz Ankaranın hər yerində heç bir vergi
ödəmədən ikinci əl kitabları səkiyə, yerə düzüb satan səyyar kitab satıcıları
ilə qarşılaşa bilərsiniz. Bizim buradakı evin həndəvərində üç belə satıcı ilə
şəxsən tanışam. Ankarada kitab qədər azad olan ikinci bir nəsnə yoxdur deyə
bilərəm”. A.Yenisey bizdə də artıq kitab oxuyanların sayının artmağa başladığını
deyir: "Bunu sosial şəbəkələrdə yazılan statuslardan görmək olur. Bizim bəzi
özünü düşünənlər bəzən sıravi oxucuların kitablardan sitatlar gətirməsini
özlərinin intellektual imicinə təhlükə kimi görür və sitatbazlığı aşağılamağa,
özlərinin ucaldıqları zirvənin yolunu azdırmağa çalışırlar. Bu çox eqosit
düşüncədir və cəmiyyət həyatı üçün ziyanlıdır. İnsanlar kitablardan əldə
etdikləri fikirləri nə qədər çox paylaşsalar cəmiyyət bir o qədər sürətlə
aydınlanacaq. Bukinistlərə, pirat kitablara gəlincə, onlara toxunmaq olmaz,
çünki Azərbaycanda ağıllı adamlar həmişə kasıb olurlar. Ən azı, tələbələrin,
həmişə maddi sıxıntı içində yaşayan adamların, istedadı olsa da, heç vaxt
universitet oxuya bilməyəcəyi ümidsizliyi ilə özünü müstəqil şəkildə
yetişdirmək istəyən gələcəyin dahilərinin xətrinə”.
Kitablar nə qədər çox
yayılarsa...
Yazar Ülviyyə Heydərova hesab edir
ki, bizdə nəinki bukinistlərin, elə kitab dükanlarının da sayı azdır. Ona görə
də kitablar baha qiymətədir: "Kitabı sevən, təbii ki, bukinistlərə biganə qala
bilmir. Elə mən də şəhərin mərkəzi küçələrində gəzəndə gözüm həmişə bukinistləri
axtarır. Bilmirəm, nədəndi? Yəqin köhnə kitabları vərəqləməyi sevirəm, ona
görədi. Bəzən həmin kitab səhifələrində maraqlı qeydlər olur. Ona görə də
bukinistlər heç özləri də bilmədən yazıçıya ideya verir. Amma bizdə vəziyyət
necədi? Təəssüf ki, bukinistlər kitab bazarında azlığa çevrilir. İndi daha çox
sosial media üzərindən ikinci əl kitabları satılır. Köhnə kitablar elə bil
küçələrdən virtual aləmə köçüblər. Özümüz də bilirik ki, virtual elə virtual
olaraq qalır. Bu baxımdan şəhərin bukinist mədəniyyətinin xatirələrə köçməsinə
təəssüflənirəm. Bu günlərdə İçərişəhərdə, Qız qalasının yanında məşhur Elman
dayının kitab dükanının yanından ötürdüm. Baxdım ki, təmir olunur. Ümid edirəm
həmin kitab dükanı hər hansı bir iaşə obyekti olmayacaq, orada satılan kitablar
yeni piştaxtalara qayıdacaq. Məndən olsa, həmin mağazaya elə «Elman dayının
kitabları» adını qoyardım. Bu həm Elman dayının xatirəsini yaşadardı, həm də
İçərişəhərə gələn turistlər üçün də maraqlı olardı. Təsəvvür edin, İçərişəhərdə
turistləri gəzdirən bələdçi Elman dayının kitab sevgisindən danışır. Görün,
necə maraqlı mənzərə olar?” Yazarı hesab edir ki, ümumiyətlə, şəhərimizdə
bukinist mədəniyyətini yaşatmalıyıq. Lap dərinə getsək, kitab sevgisini
yaymalıyıq. "Bunun üçün kampaniyalar təşkil olunmalıdır. Aksiyalar keçirilməlidir.
Bu baxımdan bukinistlər kitabın ən böyük təbliğatçıları sayılırlar. Təkrar
səslənsə də deyim ki, kitablar nə qədər çox yayılarsa, insanlar da bir o qədər
işıqlığa çıxar. Axı insan işıqlıqda hər şeyi görür”.
Köhnə kitabların satışı
normal olsa...
Yazar Cavid Zeynallı bukinistlərə
hər zaman ehtiyac olduğunu deyir: "Bu, bir mədəniyyətdir. İnanmiram ki,
bukinistlər nə vaxtsa ümumiyyətlə sıradan çıxsın. Köhnə kitab satanların sayı
əvvəllər daha çox idi. İndi təəssüf ki, satışın aşağı olması səbəbindən onların
sayı azalıb. Kitab mağazası saxlamaq, özü də şəhərin mərkəzində saxlamaq çox
çətindir. Bir neçə il əvvəl 28 may metrosunun həndəvərində iki bukinist var
idi. İndi onlar dönüb masajxana olublar. Bu yaxınlarda mənə elmi işimlə
əlaqədar 10-12 köhnə kitab lazım idi. Bakıdakı bukinistlərin sayının daha da
azaldığının fərqinə onda vardım. Barmaqla sayıla biləcək məkanlar qalıb. Bunun
səbəbi əlbəttə, iqtisadi məsələdir. Başqa problem görmürəm. Əgər köhnə
kitabların satışı normal olsa, bu işin peşəkarları yaxşı pul qazana bilsələr,
deməli, yeni bukinistlər açılacaq”.
Media internet resusrlarına
ehtiyac
Yazar Emin Pirinin
fikrincə, bukinistlərin istər kitab təbliğində, istərsə də daha sərfəli formada
kitab əldə etməkdə olan rolunu qeyd etməmək haqsızlıq olar: "Azalmaları üzücü
olsa da müasir dövrdə qorxulu nöqtə də demək olmaz. Dünyada "second hand” (ikinci
əl) geyim maşın bazarları mövcud olduğu kimi bu kimi kitab mağazalarının
artması bu məsələni sığortalaya bilər. Eyni zamanda, bukinist rolunu internet
dünyası da görə bilir. Hər kəsin hansısa kitabı axtarması əvəzinə bir nüsxənin
mövcudluğu internetlə bukinistin vaxtilə əvəzolunmaz işini görə bilər. Təbliği
barədə söylədiyimiz kimi rolu danılmaz olsa da belə məsələdə hər hansı dövlət
layihəsi və s. gözləmək də absurddur. Əvəzində dediyim kimi kitab mağazalarının
və bukinist işini görə bilən media internet resusrlarına ehtiyac var. Xüsusi
həvəskarı olan, kolleksioner və s. şəxslər üçünsə "second hand” formasında
genişlənmiş kitab mağazalarının yaranmasını arzulardım.
Təranə Məhərrəmova