• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

BUKİNİST KİTAB DÜKANI

30.05.17 13:10 6399
BUKİNİST KİTAB DÜKANI
Sumqayıt şəhərində "kitab ovum" davam edir. Görəsən, bir vaxtlar gənclər şəhəri adlanan Sumqayıtda hansı kitablar oxucuların könlünü fəth edir?! Yenə gözlərim günəş işığına qıyılaraq, kitab dükanı axtarışına çıxdım. Yolüstü gənclərdən, yeniyetmələrdən, orta və yaşlı nəslin nümayəndələrindən hansı müəlliflərin hansı kitablarını oxuduqlarıyla maraqlandım. Qarşıma çıxan ilk müsahibim on bir yaşlı Zümrüd oldu. Zümrüd oxuduğu kitablardan mənə gözündə şövqlə, ürəyində həvəslə danışdı. Bu balaca qız demək olar ki, "Altun" nəşriyyatının uşaqlar üçün nəşr etdiyi "Məktəblinin kitabxanası" seriyasından bütün kitabları oxuyub. Adlarını da, "Kaspi" qəzeti üçün yazacağım reportaj üçün bir-bir sadaladı: "Qoca və dəniz" "Balaca şahzadə", "Al yelkənlər", "Mauqli", "Məişət nağılları", "Tom Soyerin macəraları", "Heraklın on iki qoçaqlığı", "Tap-tapmaca". Oxuduqları başqa kitabların da adını çəkdi: "Məsnəvidən seçmələr", "Məktəbdə əxlaq və davranış qaydaları", "Ailə və cəmiyyətdə əxlaq və davranış qaydaları". Adlarından məlum oldu ki, bu kitablar da "Bərəkət" nəşriyyatının Uşaq Ədəbiyyatı seriyasıdır.
Yoluma davam edirəm. Gözüm yenə dörd olub elə kitab dükanı axtarır. Ara-sıra üstündə "Kitab mağazası" yazılan dükanlar qarşıma çıxsa da, içərisində satılanlar ancaq dəftərxana ləvazimatı və məktəb dərslikləri olurdu. Sakilərdən hansı kitabları oxuduqlarını soruşa-soruşa dükan axtarışındaydım. Bunu deyim ki, sorğumda iştirak edənlərdən çoxu Varis və Elxan Elatlının adını çəkdi. Belə başa düşdüm ki, Bakıdakı "üçlükdən" burada Rövşən Abdullaoğlu əskikdi. Soraqlaya-soraqlaya kitab fədasi Xan Rəsuloğlunun "Bukinist"ini tapdım. Bura artıq iyirmi ildən artıqdır ki, fəaliyyət göstərir. İçəri girməyimlə döşəmədən tavanacan ucalan kitablara baxıb gözüm qamaşdı! Azərbaycan, rus, ingilis dilində, Türkiyə türkcəsində, bəlkə də, minlərlər təzəli, köhnəli kitab var. Ernest Heminquey deyib ki, yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Görəsən, burada olanlardan neçəsi "aysber"di?!
Xan müəllimlə kitablar haqqında xeyli söhbətləşdik. Həm kitablardan, kitbaların qiymətindən, oxuculardan, oxucu zövqündən, oxucu səviyyəsindən danışdıq. Deyəsən, dəyərli kitabların ən ucuz – daha doğrusu ən sərfəli satış yeri elə bu mağazadır. Əlli qəpik, bir-iki manatdan başlayaraq, müxtəlif qiymətlərə satılır. Xan müəllimin dediyinə görə, burada da, ən çox tələbat dərsliklərədir. Lakin dükanın başqalarından fərqləndirən özəlliyi ondan ibarətdir, burada müştəri ehtiyacı olduğu dərslikləri, testləri "ikinci əl" kitab kimi xeyli ucuz qiymətə ala bilər. Məsələn, altı-yeddi manata təzəsi olan testlərin burada "ikinci əl" qiyməti vəziyyətindən asılı olaraq, bir-iki manatdır. Həmçinin də, on-on beş və daha bahalı universitet dərsliklərinin "ikinci əl" qiyməti təxminən beş-yeddi manatdır. Bu, əlbəttə ki, şagird və tələbələr üçün olduqca əverişlidir.
Bundan başqa dükanda kitabları kirayəyə də götürmək olar. Bircə şəxsiyyət vəsiqəsi və ya tələbə bileti qoymaqla satış qiymətinin 10%-i dəyərində pul ödəyib istənilən kitabı götürüb evdə rahatca oxuyub qaytarmaq olar. Əsas odur ki, kitab oxumaq istəyi olsun insanlarda. Bununla yanaşı, kitab barteri xidməti mövcuddur. İnsanlar oxuyub evlərində saxlamaq istəmədikləri kitabları bura gətirib, başqa bir kitabla heç bir qəpik pul ödəmədən dəyişə də bilərlər. Nə gözəl bir fürsətdir bu!
"Bukinist"də olduğum müddətdə müşahidə etdim ki, bura gələn oxucularla Xan Rəsuloğlunun arasında doğmalıq yaranıb. Çoxu ona elə "Xan əmi" deyə müraciət edir. Kitablara gəlincəysə, Elxan Elatlı və Varisin kitabları ən çox soruşulandı. Ənənəvi olmayan düşüncəyə son illərdə meyl artdığından Rama Krişnanın, Fridrix Nitsşenin kitablarını çox alırlar. Bundan başqa, Demet Hayranın "Mutlu olmanın on bir yasası" adlı kitabına da maraq var. Alıcılar özünüinkişaf kitablarını digər kitablardan daha çox bəyənir. Ümumiyyətlə isə, klassik ədəbiyyata əvvəlki qədər üstünlük verilməsə də, onların da öz oxucusu var. Tolstoy, Qoqol, Balzak, Bulqakov, Çexov, Cek London kimi yazıçıların əsərləri burada cild-cilddir. Köhnə nəşrlərisə lap ucuz qiymətə əldə etmək olar. Patrik Züskindin "Parfümer", Bernhard Şlinkin "Qiraətçi" kitabları da dəbdədir.
Gələn alıcılardan birindən kimləri oxuduğunu soruşdum. Şairlərdən Nəriman Həsənzadənin, Fikrət Qocanın, gənclərdən Qismət və Aqşin Yeniseyin adını çəkdi.
Dükanda Xan müəllimlə söhbətləşdiyim bir neçə saat ərzində ən çox alınan kitabların dərsliklər olduğu qənaətinə gəldim. Həm də təzə dərsliklərdənsə, daha çox "ikinci əl" dərsliklərə tələbatın böyük olduğunu başa düşdüm.
Rəflərin birindən Xan müəllim bir kitabı götürüb diqqətimə çatdırdı. Müəllifi Ərşad Əzimzadənin olduğu kitabın adı "Möcüzəsiz möcüzə" idi. Düzgün qidalanmaq və sağlam yaşamaq haqqında oxucuları ilk dəfə məlumatlandıran məhz bu yazıçı olub. 1996-cı ildə yazdığı məşhur "Möcüzəsiz möcüzə” kitabı insanlara Yaradanın bizə bəxş etdiyi nemətləri əlavə əziyyət çəkib bişirmədən, öldürmədən, olduğu kimi qəbul etməyi öyrədir. Alıcılar rəflərdəki müxtəlif kitabları tələsmədən gözdən keçirir, maraqlı görünənləri vərəqləyir, Xan müəllimlə məsləhətləşirlər. Xan Rəsuloğlu oxucuların çoxunu artıq çoxdan tanıdığından nə istədiyini elə bir sözdən tutur, "filan rəfdəki filan kitabı götür" deyir. Bəzən elə burda kitab haqqında ayaqüstü qızğın müzakirələr də gedir. Bəzən söhbətin səmimiyyətindən doğaraq şeir də oxuyurlar. İsti münasibət, doğma ab-hava var bu dükanda...
Hazırladı: Xanım AYDIN
banner

Oxşar Xəbərlər