• cümə axşamı, 18 aprel, 08:40
  • Baku Bakı 12°C

Buhenvaldın ən azyaşlı məhbusu

14.05.15 09:21 1596
Buhenvaldın ən azyaşlı məhbusu
Nə vaxt ki, keçmiş faşist əsir düşərgələrindəki əsirlərin xatirələrini oxuyuram və ya eşidirəm, onda başa düşmürəm: ümumiyyətlə, belə cəhənnəmdə necə yaşamaq olardı?
İ.Kulevaniç, Saratov
“Həyat gözəldir” filmi 1997-ci ildə ekranlara çıxanda dərhal dünya şöhrəti qazandı. Ekran əsərinin rejissoru Roberto Bennininin baş rolda çəkildiyi film bir il sonra Kann kinofestivalının Qran-pri mükafatını qazandı. Elə həmin il film 7 nominasiya üzrə “Oskar” mükafatına təqdim olundu. Roberto Benninı aktyor və “Ən yaxşı tarixi film” rejissoru kimi iki “Oskar” heykəlciyinə layiq görüldü. Filmin musiqisinə görə isə Nikola Povnani “Oskar” qazandı. Rejissor filmdə həyat yoldaşı, Dora rolunu oynayan Nikoletta Braskini ilə çəkildi. “Oskar”ın təqdimolunma mərasimində çıxış edən rejissor dünyaya səslənərək: “Bu film Lev Trotskinin “Vəsiyyət”indən götürülüb. Filmdə “Həyat gözəldir. Qoy gələcək nəsillər onun pisliyindən, zorakılığından, iztirabından xilas olub, həyatdan zövq alsınlar. Qoy müharibə insanların taleyini yarıda qırmasın. Uşaqların yaddaşında müharibə acıları yaşamasın”- deyə danışıb. Öz 5 yaşlı oğlunu nasist əsir düşərgələrində gizlədən yəhudinin taleyindən bəhs edən film dünyanı barışa səsləmək üçün əhəmiyyətli hadisə idi. Süjetə görə, «Bu, oyundur. SS-çilərdən qaçmaqla sızıldamaq, şikayətlənmək, yemək xahiş etmək olmaz. Bununla xal qazanacaq və sənin mükafatın əsil tank olacaq”- deyə əsir uşağına həqiqətləri izah edir. Uşaq ətrafdakı ölümlərə, ağrılara, əzablara baxmayaraq, atasına inanır. Onun üçün oyun və tankı qazanmaq daha maraqlı idi.
Süjetin əsasını Rubin Romeo Salmoninin – italyan yəhudisi və Osvensimin əsirinin tərcümeyi-halı təşkil edir. Filmin ssenarisi Salmoninin “Mən Hitlerə qalib gəldim” əsərinin motivləri əsasında hazırlanıb. Əsərdə müəllif ölüm düşərgəsindəki həyatı təsvir edib. Salmoni 2011-ci ildə vəfat edib.
R.Bennini dünyaya səs salan bu filmə görə öz tarixçəsini uydurulmuş hesab edəndə də şübhə etmirdi ki, belə hadisə həqiqətən baş verib.
Hər kəsə öz qisməti
...Bu, balaca oğlan təkcə yəhudilərin saxlandığı məhəllənin zirzəmisində deyil, həm də ölüm düşərgəsinin barakında yaşamağa məhkum olunub. Sonunda isə ona əzab verənlər əleyhinə məhkəmədə şahidlik etməli olub. O, həmişəlik özünə – heç vaxt ağlamamaq, “yoxsa pis dayılar səni apara bilərlər”- qaydasını təlqin edib.
Yanek Şılyayfştayn 7 mart 1941-ci ildə işğal olunan Polşanın cənub-şərqində yerləşən Sandomir şəhərinin yəhudi məhəlləsində doğulmuşdu. Bir yaşında ikən valideynləri onu ilk dəfə gettoda (yəhudilər üçün ayrılan xüsusi məhəllə) gizlətmək istəmişdilər. Məhəllənin əsirlərini Çensthovaya RASAC silah fabrikinə qul qismində gətirmişdilər. Elə ilk gündən SS-çilər bütün uşaqları iş üçün yararsız kimi yığdılar və körpələri Osvensimə göndərdilər. Yanekin anası onu zirzəmiyə aparmağa nail oldu və körpə orada düz 18 ay qaranlıqda yaşadı. Uşaq yalnız o zaman işıq ucu görürdü ki, valideynləri yemək və şamla onun yanına düşürdülər. Onlar uşağa sükutu öyrətmişdilər. Axı, səs əsgərlərin diqqətini çəkə bilərdi. Həmçinin baraka pişik gətirmişdilər ki, Yaneki dişləyə biləcək siçovulları tutsun. Barakdakı əsirlər işləməyə aparılarkən uşaq tək qalırdı. Onun gözləri qaranlığa alışmışdı. Odur ki, işıq üçün ağlamırdı. Sükuta da öyrəşmişdi - ətrafında səs olmayanda hiss etmirdi.
1943-cü ilin sentyabrında fabrikin personalını polşalılar əvəz etdi. Yəhudiləri isə Buhenvald əsir düşərgəsinə göndərdilər. Buranın darvazaları «Edem das Seine» - “Hər kəsə öz qisməti” kimi nəhs sözlərlə bəzənmişdi. Məhz onda İzrail Şlyayfştayn 2 yaş yarımlıq oğluna «İndi biz maraqlı oyun oynayırıq. Mən sənə axşam üçün 3 dilim qənd söz verirəm. Şərt odur ki, ağlamayacaqsan ki, heç nə baş verməsin». Qənd o zaman çox qıtlıqla tapıldığından qiymətli ərzaq sayılırdı. Yanek çətin ki, atasının təklifi ilə razılaşmayaydı. Atası hava keçməsi üçün deşiklərlə dolu böyük çuval hazırladı və oğlunu onun içinə saldı. Sonra paltarlarla çuvalın üstünü örtərək çiynindəki çantanın içinə qoydu. O, həyatı ilə risk edirdi. Ancaq başqa çıxış yolu yox idi – övladını xilas etməli idi. Ata qəlbinin sevgisi onu gözləyən dəhşətləri üstələyirdi. O, balasını qurtarmaq üçün ölümə belə getməyə hazır idi. Ancaq insanı izləyən bədbəxtlik zolağında bəzən xoşbəxt təsadüflər də olur...
“Buhenvaldın tilsimi”
- Buhenvaldda ailələri ayırdılar – deyə İkinci Dünya müharibəsinin tədqiqatçısı Tadeuş Kominski danışır: «Yanekin anasını başqa əsir düşərgəsinə - Bergen-Belzen düşərgəsinə apardılar. Qocaları və uşaqları isə elə qatardaca güllələdilər. Düşərgənin komendantı ştandartanfürer SS German Pister «Bizə işçilər lazımdır, havayıyeyənlər yox» - deyə elan etdi. İzrail Şlyayfştayn oğlunu gizlicə baraka gətirdi. Onun qarşısında sual dururdu: bundan sonra nə etməli? Uşağı necə qorumalı? İki alman kommunisti uşağı gizlətməyə kömək etdi. Onlar uşağa düşərgədə verilən ərzaq paylarından yarım dilim verdilər. Onun üçün gizlicə yağış suyu gətirirdilər. Əsirlərdən biri onun üçün taxtadan yellənən at oyuncağı yonmuşdu. Uşaq həmişə pıçıltı ilə danışırdı və heç vaxt ağlamırdı. «Pis dayılar gərək səni tapmasınlar» - deyə atası ona izah etmişdi: «Yoxsa onlar səni qəzəbli cadugərə apararlar». Uşaq qorxurdu. Danışmırdı.
Ancaq bu taxta oyuncaq bir gün onu ələ verdi. Mühafizəçilər baraka baxış zamanı oyuncağı tapdılar. 30 yaşlı rottenfürer zirzəmidə axtarış apardı və uşağın gizlənə biləcəyi bütün gizli yerlərə baxdı. Və həqiqətən möcüzə baş verdi – SS-çinin Yanek boyda oğlu var idi və gülümsəməyən bu kiçik oğlan onun xoşuna gəldi. Rottenfürer öz tapıntısı haqqında komendanta məruzə etmədi və uşağın barakda qalmasına da mane olmadı. SS zabiti uşağı “Buhenvaldın tilsimi” adlandırdı. Həmçinin onun üçün uşaq iş paltarı tikdirdi. Balaca əsiri səhər yoxlamalarına çağırdılar ki, bundan sonra «Bütün əsirlər sayıldı»- deyə məruzə etsinlər. Ancaq barakda yüksək çinli SS-çilər görünəndə uşaq yenidən gizlənməyə məcbur olurdu. Çünki Buhenvaldda bütün uşaqlar ölümə məhkum idilər.
1945-ci ilin fevralında Yanek təsadüfən baxımsız qaldı. Oynamaq üçün çölə çıxarkən düşərgə rəisinin müavininin gözünə sataşdı. Həmin an gözlənilən vəhşilik baş verdi: «Balaca yəhudinin yeri hardadırsa, orada yerləşdirilsin». Uşağı qaz kamerasına salmaq üçün tutdular. Ancaq zavallı atası uşaqla bir neçə gün vaxt keçirmək üçün onlara yalvardı. O, bunun əvəzində at minmək həvəskarı olan SS-çilər üçün gözəl yəhərlər hazırlayacağına söz verdi. Yenidən xoşbəxt təsadüf baş verdi: iki gündən sonra nasistləri Şərq cəbhəsinə göndərdilər. İzrail Şlyayfştayn oğlunu düşərgə xəstəxanasında gizlətdiyinə görə tanrısına şükür etdi. Uşaq 1945-ci ilin 11 aprelinə – Buhenvald əsirlərinin qiyam qaldırıb SS mühafizəçilərini əsir götürdüyü günə qədər orada qaldı.
- Bu, sadəcə, möcüzə, görünməyən bəxt idi – deyə, amerikalı tarixçi Ceykop Medelmann hesab edir: “Necə deyərlər, Yanek Şlyayfştayn “köynəkdə doğulmuşdu”. Uşağın sadəcə, SS qatillərinin arasında yaşamaq şansı gətirmişdi. O, ac canavarların dəstəsində sağ qalmışdı. Müharibədən sonra məlum oldu ki, uşağın anası xilas olub – onu Daraudan tapmışdılar. Sağlamlığı bərpa olunandan sonra 1948-ci ildə bütün ailə Amerikaya köçdü. Onların başlarına gələn hadisə Bennininin filmindən – ABŞ-ın dövlət arxivində Yanekin tarixçəsi tapılandan sonra məşhurlaşdı. Mətbuatla ünsiyyətdən həmişə kənar gəzən Buhenvaldın ən az yaşlı məhbusu jurnalistlərə yeganə müsahibəsini verdi. Olub-keçənləri bütünlüklə xatırlamaq isə onun üçün dəhşətli idi.
74 yaşlı Yanek Şlyayştayn indi Nyu-Yorkda yaşayır. O deyir ki, yatanda heç vaxt işığı söndürmür. Çünki qaranlıqdan qorxur. Bu, ona Çenstohova zirzəmisində olduğu günlərdən və barakın qaranlıq künclərindən yadigar qalıb. 1947-ci ildə 6 yaşlı məhbus əsir düşərgəsinin Buhenvald mühafizəçiləri əleyhinə məhkəmə prosesində ən gənc şahidi olub. O, əsirlərlə daha çox amansız rəftar edən dörd SS-çini tanıyıb. Prosesin nəticəsinə uyğun olaraq mühakimə olunanların 22-i asılıb, 11-i edam edilib. Edam cəzası gözləyən Buhenvaldın komendantı German Pister isə həbsxana kamerasında infarktdan ölüb. “Belə çıxır ki, bu dünyada təkcə nağılvari bəxt yox, həmçinin ədalət var” - deyə Yanek həmişə düşünür.
Yaneklə Buhenvaldın müxtəlif baraklarında ən azı 10 yaşına qədər olan 20 uşaq gizlənmişdi. O cümlədən Krakov məhəlləsində doğulan 4 yaşlı Stefan Sveyk 1944-cü ildə Buhenvalda göndərilmişdi. Onu xəstəxananın vərəm şöbəsində gizlətmişdilər. SS-çilər infeksiya qorxusundan oranı axtarmırdılar. Onu tam antisanitar şəraitdə səpkili vərəmli xəstələrin arasından tapdılar. Ancaq uşaq düşərgə azad olunana qədər yoluxmadan yaxa qurtara bildi. Yaneklə bərabər bu uşaqların hamısı həyatın amansızcasına əzdiyi uşaqlar idi. Onlar müharibə uşaqları idi. O zaman dəhşətin böyüklüyünü o qədər dərk etməsələr də, gözlərinin qabağında öldürülən insanların taleyi onlarda qorxu hissi yaratmış, onları ümidsizliyə sürükləmişdi. Bu qorxu, bu ümidsizlik onlara ömürlük yoldaş oldu.
Rusiya mətbuatından
Tərcümə etdi Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər