• cümə, 19 Aprel, 18:52
  • Baku Bakı 24°C

Bufetlərdə yemək qadağası

24.07.13 10:40 1809
Bufetlərdə yemək qadağası
Sentyabr ayından təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulacaq. Qidalanma üzrə dövlət standartına əməl etməyən təhsil müəssisələri isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən cəzalandırılacaq. SMPDK sədri Ramiz Həsənovun jurnalistlərə verdiyi açıqlamaya görə, qidalanma işi ilə məşğul olacaq şirkətlər artıq standartın üzərində işləyirlər: “Biz başa düşürük ki, bunu qəbul etmək çətindir, ancaq biz buna getməli idik. Biz öz tərəfimizdən məsələyə ciddi şəkildə nəzarət edəcəyik”.
Uşaq həkimlərinin rəyinə ehtiyac var
Qeyd edək ki, hələ ötən ilin sonlarında ölkə Prezidenti İlham Əliyev orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı SMPDK-yə xüsusi göstəriş vermişdi. Həmi göstərişdən sonra işə keçən komitə artıq təhsil müəssisələrində qida standartı qaydalarını hazırlayıb. Dövlət standartı təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir.
Xatırladaq ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır. Kütləvi zəhərlənmələrdən əlavə, ayrı-ayrı şagirdlərin də bufetlərdən aldığı məhsula görə zəhərlənməsi halları baş verir ki, bunlar mətbuatın gündəminə çıxmır.
Qida üzrə mütəxəssis Cavad Heydərov bizimlə söhbətində təhsil müəssisələrinin bufetlərində dövlət standartlarının tətbiqinin təqdirəlayiq olduğunu bildirdi: “Bu standartlar əslində çoxdan hazırlanmalı idi. Çünki orta və ali məktəblərdə təhsil alan uşaqlar, gənclər bizim genefondumuzdur. Genefondumuzu bu gün qorumalıyıq, sağlam olmasına çalışmalıyıq ki, sabah da onlar bizi qoruyub sağlamlığımızın qeydinə qalsınlar”.
C.Heydərovun sözlərinə görə, dövlət standartlarının tətbiq edilməsi ilə iş bitməyəcək: “Dövlət standartlarına nə dərəcədə əməl edilməsini daim nəzarətdə saxlamaq lazımdır. Əks halda, qəbul edilən standartların heç bir önəmi olmayacaq. İnkişaf etmiş ölkələrdə sözügedən sahə xüsusi nəzarət altındadır. Ümumiyyətlə, qida bazarına xüsusi nəzarət var, təhsil müəssisələrində isə bu nəzarət ikiqat güclüdür. İnkişaf etmiş ölkələrdə, hətta bəzi MDB ölkələrində də uşaqların qida menyusu hazırlanarkən qida üzrə mütəxəssislərin və uşaq həkimlərinin rəyi nəzərə alınır. Çünki elə qidalar var ki, uşaqların həmin qidaları qəbul etməsi müxtəlif xroniki xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Vaxtı keçmiş, təhlükəli mallar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, orta məktəblərdəki bufetlərin təxminən 60 faizi ayrı-ayrı biznes qurumlarına icarəyə verilir: “Bizdə olan məlumatlara görə, məktəb direktorları bufetlərdən gələn pula şərikdirlər. Onlar da şərikli biznesi inkişaf etdirmək, qazanc əldə etmək üçün məktəbin bufetində nə gəldi, necə gəldi, satılmasına razılıq verirlər. Burada istisna olunmur ki, vaxtı keçmiş, təhlükəli mallar da satılır”.
Bufetlərdəki məhsulların əksəriyyətinin mənşəyini bildirən sənədlərin olmadığını deyən müsahibimiz, üstəlik, ərzaqların saxlanma şəraitinə də əməl olunmadığını bildirdi. Dedi ki, saxlanma şəraitinə əməl olunmadıqda, zəhərlənmə hallarının baş verməsi qaçılmazdır.
Qeyd edək ki, orta məktəblərdə bufetlərin ərzaqla təminatını “Məktəbli şirkəti” həyata keçirir. Ərzaqların təhlükəsizliyini isə müvafiq dövlət oqrqanları gerçəkləşdirir. Gigiyena və Epidemologiya Mərkəzi bu işi aparır. Ötən tədris ilində apardıqları monitorinqin nəticələrini öyrənmək üçün Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlasaq da, monitorinqin nəticələrini vermədilər.
Hansı qidalar ziyandır?
Onu da deyək ki, bufetlərdə cipsi, Coca-Cola, eyni yağda qızardılmış peraşkilərə şagirdlər tərəfindən daha çox maraq var. Valideynləri də narahat edən məhz budur. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Qaynar xətt”inə şikayətlər daxil olur. Valideynlər bufetlərdən aldıqları ərzağa görə övlarlarının səhhətində fəsadlar yaranmasından, eyni zamanda bufetlərdə uşaq orqanizmi üçün təqdir olunmayan ərzaq məhsullarının satılmasından şikayətlənirlər.
Onu da xatırladaq ki, İngiltərədə cipsi satışına qadağa qoyulub. Qadağaya səbəb insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsullarının siyahısında cipsinin birinci yer tutmasıdır. Hazırlanma texnologiyasına görə cipsinin tərkibində çoxlu sayda konserogen maddələr yaranır ki, bu da xərçəngin yaranmasına səbəb ola bilər. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.
Avropa həkimlərinin apardığı araşdırmaya görə, Coca-Cola da insan orqanizmi, xüsusilə də azyaşlılar üçün ziyandır. Bir stəkan Coca-Cola qanda şəkərin yüksəlməsinə, yüksək miqdarda insulin partlamasına səbəb olur, hətta bəzən halsızlıq yaradır.
Bildiyimiz kimi, bəzən orta məktəblərin bufetlərində eyni yağda dəfələrlə peraşki qızardılır. Hətta köhnə yağın üzərinə təzəsi əlavə edilməklə bir neçə gün də istifadə olunur. Dünya tibb alimlərinin araşdırmasına görə isə, belə yağda qızardılan peraşkilər xərçəng xəstəliyini qaçılmaz edir.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər