• cümə, 29 Mart, 20:01
  • Baku Bakı 14°C

Büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaranacaq

18.10.18 13:44 401
Büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaranacaq
Kölgə iqtisadiyyatının aradan qaldırılması Azərbaycanın prioritet məsələlərindəndir. Xüsusən vergi və gömrük sistemində islahatların dərinləşdirilməsi kölgə iqtisadiyyatının həcminin kəskin şəkildə azaldılmasına gətirib çıxaracaq.
Bu barədəAZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev kölgə iqtisadiyyatının aradan qaldırılması, iqtisadiyyatın leqallaşdırılması ilə bağlı tapşırıq və göstərişlər verib. Prezident deyib: "Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır".
"Kölgə iqtisadiyyatının leqallaşdırılması bir tərəfdən büdcəyə daxilolmaların artırılması baxımından vacibdir, bu proses daha çox vəsaitin büdcəyə daxil olmasına imkan verəcək. Digər tərəfdən isə həm əmək müqavilələrinin rəsmiləşdirilməsi, işçilərin hüquqlarının qorunması, bütövlükdə biznesin leqallaşması baxımından əhəmiyyətlidir. Kölgə iqtisadiyyatının minimumlaşdırılması iqtisadi islahatlar üçün prioritet hesab olunur. Mövcud iqtisadi islahatların növbəti dövrdə kölgə iqtisadiyyatının həcminin kəskin azalmasına gətirib çıxaracağı gözlənilir. Bu, həm də iqtisadi islahatların keyfiyyətinin artırılması və fərqli sektorlarda həyata keçirilən islahatların təsirinin genişləndirilməsi baxımından vacibdir", - deyə V.Bayramov qeyd edib.
Ekspert bütövlükdə 2018-ci ilin doqquz ayının yekunlarının Azərbaycanda iqtisadi artımın qorunub saxlanacağından xəbər verdiyini deyib. Bildirib ki, gələn il ölkəmizdə 4 faizə yaxın iqtisadi artım proqnozlaşdırılır. Bu da yüksək iqtisadi artım kimi qiymətləndirilir. O baxımdan doqquz ayın yekunları göstərir ki, gələn il üçün proqnozlaşdırılan iqtisadi artıma nail olmaq mümkün olacaq. Doqquz ayın yekunları həm də növbəti illər üçün iqtisadi artım tempinin qorunub saxlanması üçün iqtisadi zəmin formalaşdırır.
banner

Oxşar Xəbərlər