• cümə, 19 Aprel, 10:06
  • Baku Bakı 13°C

Büdcədən təhsilə ayrılan vəsaitin artırılması gözlənilir

06.11.13 10:09 1310
Büdcədən təhsilə ayrılan vəsaitin artırılması gözlənilir
Bu gün Azərbaycan Milli Məclisinin 6 komitəsi - Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət siyasəti, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, həmçinin İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
«APA-Economics»in məlumatına görə, iclasda 2014-cü ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsinin layihələri müzakirə olunub.
İclasda çıxış edən millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, son illər Azərbaycanda qeyri-neft sektoru neft sektoruna nisbətən xeyli artıb. Onun sözlərinə görə, Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsi Avropanın tətbiq etdiyi meyarların səviyyəsindədir: «Gələn ilki dövlət büdcəsinin gəlirləri 20 mlrd. manatdan artıq nəzərdə tutulub. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 31,2% olacaq».
Ş.Hacıyev qeyd edib ki, Dövlət Neft Fondundan büdcəyə transfertlər 2 mlrd. manat azaldılıb: «Bu yaxşı göstəricidir. Bu azalma büdcə gəlirlərinə təsir etməyəcək. Fondun valyuta ehtiyatları 40 mlrd. dollara çatacaq. Gələn il büdcə daxilolmalarının böyük hissəsini – 7,102 mlrd. manatı vergi daxilolmaları təşkil edəcək ki, bunun da 4,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşür. Göründüyü kimi, Azərbaycan dövlət büdcəsinin neftdən asılılığı azalacaq».
Millət vəkili bildirib ki, gələn il büdcə xərclərinin isə əvvəlki səviyyədə – ÜDM-in 34,8% həddində saxlanılması nəzərdə tutulub: «Büdcə kəsiri bir qədər yüksək götürülüb və 1,678 mlrd. manat olması nəzərdə tutulur ki, bu da o qədər böyük göstərici deyil. Bütün bunlar göstərir ki, gələn il üçün nəzərdə tutulan büdcə olduqca realdır və bunu yerinə yetirmək mümkündür».
Ş.Hacıyev əlavə edib ki, gələn ilin dövlət büdcəsində təhsil xərcləri 12%, səhiyyə xərcləri 14%, mədəniyyət və elm sahəsinə ayrılan xərclər 15% artırılacaq: «2013-cü ildə təhsil sahəsinə xərclər 1,475 mlrd. manat təşkil edirdisə, gələn ilin büdcəsində bu rəqəm 1,653 mlrd. manata qədər artırılacaq ki, bu da gələn il təhsilin səviyyəsinin artırılmasına imkan verəcək».
banner

Oxşar Xəbərlər