Büdcədən KİV DF-yə ayrılan vəsait artırılmalıdır
Milli Məclis komitələrinin
birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı
deputat Hikmət Məmmədov Azərbaycanda dövlətin kütləvi informasiya vasitələrinə
(KİV) ayırdığı maliyyənin artırılmasını təklif edib. O, informasiya
təhlükəsizliyinin təminatında, KİV-in rolunun böyük olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, məhz bu səbəbdən KİV-ə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac
var. H.Məmmədov bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu
sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır.
Deputatın fikrincə, ayrılan vəsait yetərincə deyil. O, deyib ki, ölkə
mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunaayrılan vəsait artırılmalıdır.
"525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidbildirib ki, Azərbaycanda medianın inkişaf etdirilməsi üçün dövlətdəstəyi
konsepsiyasının hazırlanması, Prezident yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması yazılı mətbuatı xilas edib. Onun sözlərinə görə,
bu, hər yerdə təqdir olunur: "KİV DF-nin ayırdığı maliyyə yardımları qəzetlərin
iqtisadi vəziyyətinə müəyyən dərəcədə köməkdir. Ancaq bu köməyin həcmi daha çox
olmalıdır ki, redaksiyalar üzləşdiyi çətinlikləri aşa bilsin, müxtəlif mövzular
işıqlandırılsın, mətbuat daha uzunömürlü olsun. Bu baxımdan "Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədovun Milli Məclisdə
səsləndirdiyi fikirləri, irəli sürdüyü təklifi dəstəkləyirəm. Hesab edirəm ki,
KİV DF-nin vəsaiti ikiqat artırılarsa, bu, medianın daha da inkişafına xidmət
edər”.
"Bakı xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyevmillət vəkili tərəfindən səsləndirilən təklifin onun da diqqətini cəlb
elədiyini söyləyib. Bildirib ki, H.Məmmədov millət vəkili olmaqla bərabər,
"Yeni Azərbaycan” qəzetinin baş redaktorudur və o, sadəcə media təəssübkeşliyi
baxımından deyil, Azərbaycan mediasının indiki vəziyyətini dəyərləndirərək,
real tələbatdan çıxış edərək, bu cür təşəbbüs irəli sürüb: "Hikmət Məmmədov
Azərbaycan mediasının bugünkü vəziyyətinə yaxından bələd olan adamdır. Ona görə
də belə bir təşəbbüslə çıxış edib. Şərti olaraq indiyə qədər dövlətin çap
mediasına göstərdiyi dəstəyi dövlət dəstəyinin ilkin mərhələsi hesab etsək,
bunun növbəti mərhələsinin başladılmasına ciddi ehtiyac var. 2009-cu ildən
başlayaraq birinci mərhələdə dövlət dəstəyinin əsas məqsədi, hədəfi yeni şəraitdə
çap mediasını ayaqda saxlamaq, onun bünövrəsinin möhkəmliyini təmin etmək,
dövlət qurumları ilə medianın əlaqələrini yaxşılaşdırmaq idisə, ikinci
mərhələdə çap mediasının daha da inkişafına böyük dəstək verilməli, yeni
perspektivlərin açılması əsas hədəf olmalıdır. Dövlət dəstəyinin ikinci
mərhələsinin açılmasına çap mediasının bu gün doğurdan da böyük ehtiyac var.
Fikrimcə, bu mərhələdə elektron medianın da dəstəklənməsinə şans yaranacaq. Bir
sözlə, çap mediasının dövlət dəstəyinə ehtiyacı doğurdan da ciddidir. Ümid
edirəm ki, hörmətli millət vəkilinin irəli sürdüyü təşəbbüs müvafiq dövlət
qurumlarında lazımınca dəyərləndiriləcək”.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf ArifoğluH.Məmmədovun təklifini dəstəklədiyini bildirib və buna görə ona minnətdarlığını
çatdırıb. O, qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda dövlət tərəfindən
həm çap, həm də elektron mediaya maliyyə dəstəyi verilməsinə böyük ehtiyacı
var: "Elektron media bu gün Azərbaycan sərhədlərindən kənarda da mühüm yayım
vasitəsidir. Bu səbəbdən həmin media qurumlarını gücləndirmək gərəkdir. Bizim
düşmənlərimizin xüsusilə rusdilli auditoriya üçün nəzərdə tutulan güclü yayım
imkanları, informasiya resursları var. Onlar rusdilli yayım məkanında çox güclü
işləyirlər. Bu kimi səbəblərdən Azərbaycan mediasının bir qalxınma proqramına
ciddi ehtiyac var. Düzdür, Prezident yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondu yazılı mediaya ciddi dəstək verir. Çap mediası məhz bu dəstək
hesabına bu gün ayaqdadır. Hesab edirəm ki, Azərbaycanda mətbuat orqanlarının,
eləcə də elektron medianın daha da inkişaf etməsinə ciddi ehtiyac var. Bunun
üçün isə mediaya dövlət dəstəyi, maliyyə yardımı daha da artırılmalıdır.
Xüsusən də elektron medianı dövlət dəstəyi proqramına qoşmaq ehtiyacı var. Bu,
informasiya əsrində Azərbaycan üçün ümdə məsələlərdən biridir”.
"Xalq cəbhəsi” qəzetinin baş
redaktoru Elçin Mirzəbəyli də həmkarı H.Məmmədovun təklifini
müsbət qarşılayıb. O, bu barədə qəzetimizə açıqlamasında deyib ki, H.Məmmədov
da baş redaktor olaraq Azərbaycanda medianın durumunu kifayət qədər yaxşı
bilir: "O, Azərbaycanda tanınan mətbuat orqanlarından birinin baş redaktorudur.
Çağdaş reallıqlarda Azərbaycan mediasının, xüsusən də çap medianın qarşılaşdığı
problemlər hər kəsə bəllidir. Bu baxımdan, dövlət Azərbaycan mediasına kifayət
qədər dəstək verir. Vahid konsepsiya əsasında uzun müddətdir ki, mediaya dövlət
dəstəyi həyata keçirilir. Ancaq bugünkü reallıqları, Azərbaycan mediasının
mövcud durumu nəzərə alınmaqla, KİV-ə edilən maliyyə yardımının həcminin
artırılması yaxşı hal olardı. Ona görə də hörmətli millət vəkilinin irəli
sürdüyü təklifi tamamilə dəstəkləyirəm. Hesab edirəm ki, o, reallıqları nəzərə
alaraq belə bir təkliflə çıxış edib”.
"Bizim yol” qəzetinin baş
redaktoru Bahəddin Həziyev də millət vəkili H.Məmmədovun
təklifini müsbət dəyərləndirib: "Hər dəfə büdcə müzakirələrində belə təkliflər
səslənir. Nəticəsi də gözlənilən kimi olmur. Hikmət müəllimin təklifini müsbət
qarşılayıram. Ancaq ümumən götürəndə bu artımın "Bizim Yol” olaraq bizə elə də
bir təsiri olmayacağını düşünürəm. Hər bir halda, təklifin də əleyhinə deyiləm.
Yaxşı təklifdir”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal qeyd
edib ki, bu gün Azərbaycanda ciddi qəbul edilən çap mediası Prezident yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəklədiyi layihələr sayəsində
ayaqda durur: "Doğrudur, ötən iki ildə dövlət büdcəsində bir sıra sahələrə
ayrılan vəsaitlərdə azalmalar olsa da, KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait stabil
saxlanılmışdı. Bunun üçün cənab Prezidentə və parlamentə təşəkkürümüzü
bildiririk. Gələn ilin dövlət büdcəsində
KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılması
məncə, çox zəruridir. Birincisi, nəzərə almaq lazımdır ki, vəsait Fondun adına
ayrılsa da, böyük hissəsi Fond tərəfindən xərclənmir, qəzetlərin hesabına
köçürülür. Fond burada yalnız vasitəçi rolundadır. Həmçinin, Fond il ərzində
bir sıra yerli, regional tədbirlər, yazı müsabiqələri və s. keçirir. Bundan
başqa, son illərdə artan qiymətlər qəzetlərin də maddi vəziyyətinə ciddi
təsirini göstərib. Bu baxımdan, gələn ilin dövlət büdcəsində KİV-in İnkişafına
Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin artırılması media camiəsi tərəfindən
alqışlanacaq bir addım olardı”.
Rufik İSMAYILOV