• çərşənbə axşamı, 23 aprel, 16:24
  • Baku Bakı 24°C

Büdcə müzakirələri bitdi

20.11.14 18:26 1049
Büdcə müzakirələri bitdi
Dünən Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr davam etdirildi. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli son illər Azərbaycan elmi mühitində aparılan genişmiqyaslı islahatlardan danışdı. O, bu işlərin müqabilində 2015-ci ilin dövlət büdcəsindən elmə ayrılan vəsaitin yetərli olmadığını vurğuladı.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də müəllimlərin əmək haqlarının azlığına toxundu. Qeyd etdi ki, müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Bu vəsaiti tapmaq isə çətindir. Komitə sədrinin sözlərinə görə, elm sahəsində islahatlar aparmaqla məsələni həll etmək olar. Bunun üçün müəllimlərin, elm adamlarının attestasiyası vacibdir: “Bununla yanaşı, həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun ayrıca maaş sistemi tətbiq edilməlidir”.
Rektor: “Magistrlərə möhlət hüququ verilməlidir”

Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov da elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirdi: ““Elm haqqında” qanun təcili qəbul olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”. Rektor qeyd etdi ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də təhsil məsələlərini diqqətdə saxladı. Onun sözlərinə görə, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var: “Amma burada praktikanı dəyişdirmək olar. Xaricdən Azərbaycana müəllimləri dəvət etmək mümkündür. Bundan təkcə şagird və tələbələr deyil, minlərlə insan bəhrələnə bilər”.
Ə.Hüseynli onu da təklif etdi ki, Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınsın. Komitə sədri vaxtilə Azərbaycanda da mövcud olan “vətənin müdafiəsinə hazıram” normativlərinin bərpa olunmasının vacibliyindən də danışdı: “Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq “vətənin müdafiəsinə hazıram” normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında “vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna töhfə vermiş olacağıq”.
Komitə sədri bununla yanaşı, ölkədəki parklar və kütləvi tədbir yerlərindən də danışdı. Onun fikrincə, bu yerləri təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi üçün formalaşdırmaq lazımdır: “Bunun kiçik bir epizodu Bakı bulvarında var. Bu nümunənin bütün layihələrdə nəzərə alınması vacibdir”.
Əli Hüseynli onu da təklif etdi ki, Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır: “Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiyası da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu, bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Ölkənin bölgələrində məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirilməsinə və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var”.
Oqtay Əsədov deputatları diqqətli olmağa çağırdı

Milli Məclisin sədri Oqtay Əsədov deputatları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırdı. Onun sözlərinə görə, büdcə müzakirələrində 54 deputat çıxış edib: “Mən indiyəcən dünyanın heç yerində büdcədən hamının razı qalmasına rast gəlməmişəm. Büdcədə istər-istəməz, hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir-iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənir. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd hökumətə, ardınca prezidentə göndərilir və razılaşdırılmış, balanslaşdırılmış büdcə layihəsi parlamentə daxil olur. Özünü tərifləmək olmasın, şəxsən mən maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adamları göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırmaqla bağlı təklifi düzgün deyil. Millət vəkilləri də bu məsələdə diqqətli olsunlar”.
Mərkəzi Bank rəhbəri kredit faizlərini aşağı salacaqlarını vəd etdi

Müzakirələrdən sonra deputatların suallarını cavablandıran Mərkəzi Bankın sədri Elman Rüstəmov bank faizləri ilə bağlı tənqidlərə cavab verdi. O qeyd etdi ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə kreditlərin faiz dərəcəsi 14,3 faizdir: “Bunun təxminən dörddə üçü kommersiya, biznes kreditləridir. Kommersiya, biznes kreditlərinin faiz dərəcəsi 10,8 faizdir. Kreditlərin dörddə birini istehlak kreditləri təşkil edir. Bu kreditlər üzrə faiz dərəcəsi 18 faizdir. Lakin istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Bu kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız kreditlər. Təminatlı kreditlər üzrə, məsələn, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8 faizdir. İpoteka və dövlətin xətti ilə verilən digər kreditlərin faiz dərəcəsi isə 4,8 faiz olub. Bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinin faiz dərəcəsi 9-10 faizdir.
Bəzən istehlak kreditləri üzrə faiz dərəcəsi 35 faizə çatır. Bunlar tam təminatsız kreditlərdir. Yəqin ki, bir çox millət vəkilləri, iş adamları kredit kartlarından istifadə edir. Bunlar tam təminatsızdır və faizi yüksək olur. Əhalinin bir çox hissəsi bu kreditlərdən istifadə edir. Bu, dünya praktikasında riskli kredit hesab olunur. Çünki arxasında nə girov, nə də təminat dayanır. Çox sadələşdirilmiş kreditdir. Burada geri qayıtmayan problemli kreditlər 15-18 faizdir. Real mənzərəni nəzərə almaq, kreditlərin maya dəyərinə diqqət etmək gərəkdir. İlk növbədə əmanət kreditlərinin faizinə toxunmaq istəyirəm. Əhalinin əmanətləri üzrə kreditlərin orta faizi təxminən 9,6 faizidir. Bu, olduqca böyük rəqəmdir. Bizim əhali əmanətlərini banklara çox yüksək faizlə verir. 2014-cü ildə bankların əhaliyə ödəyəcəyi faiz gəlirləri yarım milyard manat olacaq. Banklar isə əhalinin əmanətlərindən 420-430 milyon manat qazanacaqlar». E.Rüstəmov dedi ki, bütün bunlara baxmayaraq, kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində ardıcıl tədbirlər görülür. 2003-cü ildən 2014-cü ilə qədər Mərkəzi Bank uçot dərəcəsini15 faizdən 3,25 faizə qədər azaldıb: «Kreditlərin birrəqəmli olması üçün maliyyə naziri ilə müzakirələrimiz davam edir. Xüsusilə kommersiya kreditlərinin birrəqəmli həddə salınması üçün ciddi tədbirlər planlaşdırırıq”.
Təhsil naziri iradlara münasibət bildirdi

Təhsil naziri Mikayıl Cabbarov da deputatların fikirlərinə münasibət bildirdi. O qeyd etdi ki, müəllimlərin dərs yükü həftə ərzində maksimum 36 dərs saatı həddində ola bilər: “Bu da onların öz istəyi ilə müəyyən edilir. Müəllimlərin əmək haqlarına gəlincə, bu göstərici 12 saat üçün minimum 155, maksimum 207 manat həcmindədir”.
M.Cabbarov kənd rayonlarındakı məktəblərdə vakant yerlərlə bağlı məsələyə də toxundu. Onun sözlərinə görə, belə rayonlarda vakant yerlərin sayı 3 faizdən 1 faizə enib: “Bu da onu göstərir ki, hökumətin gənc müəllimləri ucqar ərazilərimizdə işləməyə həvəsləndirmək üçün apardığı işlər müsbət nəticə verir”.
Müəllimlərin sayından danışarkən təhsil naziri qeyd etdi ki, əvvəllər Azərbaycanda 1 müəllimə 8 şagird düşürdü: “Görülən tədbirlər nəticəsində bu göstərici dəyişib. Hazırda Bakıda 1 müəllimə 12 şagird, qalan yerlərdə isə 1 müəllimə 9 şagird düşür. Azərbaycanda 151 min müəllim fəaliyyət göstərir”.
M.Cabbarov onu da bildirdi ki, ali təhsil müəssisələrində müəllim ixtisaslarına qəbul balları qaldırılır, bu da müəllimin nüfuzunun artmasına xidmət edəcək: “Biz eyni zamanda Müdafiə Nazirliyi ilə birlikdə işlər həyata keçiririk. Sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər keçiririk. Müdafiə Sənayesi Nazirliyi ilə birgə aparılan işlərin böyük əhəmiyyəti var. Çalışırıq ki, fənn kabinetlərini məhz Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi vasitələrlə təmin edək. Daha 50 məktəbdə hərbi hazırlıq kabineti həmin vasitələrlə təmin olunacaq”.
Peşə təhsilinə gəlincə, nazir dedi ki, hazırda Dünya Bankı ilə bir layihə ətrafında danışıqlar aparılır: “Ümid edirəm ki, layihənin müsbət həllinə nail olacağıq. Qalın qabıqlı kitabların çap olunmasının əhəmiyyəti haqda deyilənlərlə razılaşmıram. Məsələn, 6-7-ci siniflərin şagirdləri artıq öz dərslərini elektron resursların köməyilə oxuya bilərlər”.
Samir Şərifov təkliflərə baxılacağına söz verdi

Maliyyə naziri Samir Şərifov isə büdcədən elmə ayrılan vəsaiti artırmaq təkliflərinə toxundu: “Elmə ayrılan vəsait 143 milyon manat təşkil edir. Bu bölmədən maliyyələşən təşkilatlara 6 milyon manat büdcədənkənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu, 4 milyon manat çox deməkdir. Lakin büdcədənkənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələrdən büdcə sifarişləri təqdim olunarkən həmin büdcədənkənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində isə xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq, cari il üçün elm bölməsinin büdcədənkənar vəsaitinin həcmi 14,5 milyon manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə, icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat olub. Beləliklə, 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən daxilolmaları azaltmışıq. Bunu baxmayaraq, təklifləri nəzərə alıb elmə ayrılan vəsaitləri artırmaq barədə düşünərik”.
Nazir qeyd etdi ki, ölkənin müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb: ”İpoteka kreditlərinin genişləndirilməsi istiqamətində də hökumətlə Mərkəzi Bank arasında əməkdaşlıq var. Hesab edirəm ki, yaxın vaxtlarda əlavə təkliflər veriləcək. Aqrar sahəyə isə hər zaman xüsusi diqqət yetirilir. Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə 55 milyon manat vəsait nəzərdə tutulub”.
İclasın sonunda Milli Məclisin aparatının və Hesablama Palatasının büdcələri təqdim edildi. Bununla da parlamentdəki büdcə müzakirələri başa çatdı. Deputatların irəli sürdüyü təkliflərin nəzərə alınması üçün hökumətə bu ayın 28-nə kimi vaxt verildi.
İ.QULİYEV
banner

Oxşar Xəbərlər